Məhkəmə qərarları › İş №2(107)-441/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-441/2023

06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-441/2023 06.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Babayev Mehrac Soltan oğlu və Quliyev Cahangir Mirzağa oğluna qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: subroqasiya qaydasında pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Mehdiyev Elçin Məhəmməd oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, cavabdeh Babayev Mehrac Soltan oğlunun iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Babayev Mehrac Soltan oğlu və Quliyev Cahangir Mirzağa oğluna qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(037)-36/2023 nömrəli qətnaməsindən cavabdeh Babayev Mehrac Soltan oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. 13 iyun 2022-ci il tarixdə saat 09:30- da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi- Balaxanı yolunda ikinci cavabdehə məxsus olan “Daimler Chrysler” yük markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi birinci cavabdeh tərəfindən idarə edilərkən yolnəqliyyat hadisəsi törədilmiş, nəticədə "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalanmış, hadisə zamanı Yediyarov Kənan Aydın oğlu tərəfindən idarə edilmiş “BMW- 528 minik” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə və “Azsamand minik”markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. 11 oktyabr 2021-ci il tarixli sığorta şəhadətnaməsinə əsasən “BMW528 minik” markalı **- VD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçı tərəfindən 11 oktyabr 2021-ci il tarixdən 11 oktyabr 2022-ci il tarixədək əmlak sığortası qaydasında sığortalanmışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) Babayev Mehrac Soltan oğlu (bundan sonra birinci cavabdeh) və Quliyev Cahangir Mirzağa oğluna (bundan sonra ikinci cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən müştərək qaydada 17261,62 manat sığorta ödənişi, 141,79 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı – cəmi 17403,81 manat pulun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçının nümayəndəsi ərizə göndərərək məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara almışdır.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 13 iyun 2022-ci il tarixdə saat 09:30- da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Balaxanı yolunda ikinci cavabdehə məxsus olan “Daimler Chrysler” yük markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi birinci cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalanmış, hadisə zamanı Yediyarov Kənan Aydın oğlu tərəfindən idarə edilmiş “BMW-528 minik” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə və “Azsamand minik”markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün iddiaçı tərəfindən 22005 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılmış və birinci cavabdehin “Daimler Chrysler” yük markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi məlum olmuşdur. Bununla bağlı Azərbaycan Respublikası DİN Binəqədi DYPYİ tərəfindən birinci cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü və 327.2-ci maddələrinə əsasən inzibati tənbeh verilməsi haqqında qərar qəbul edilmişdir. 11 oktyabr 2021-ci il tarixli sığorta şəhadətnaməsinə əsasən “BMW528 minik” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçı tərəfindən 11 oktyabr 2021-ci il tarixdən 11 oktyabr 2022-ci il tarixədək əmlak sığortası qaydasında sığortalanmışdır. Birinci cavabdeh avtomobili sürücülük hüququ olmadan idarə etmiş və baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmişdir. “Daimler Chrysleryük” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ikinci cavabdehə məxsusdur və avtomobilin icazə verilmiş maksimal kütləsi 4600 kq təşkil edir. AD 181656 saylı sürücülük vəsiqəsinə əsasən birinci cavabdehin “B” kateqoriyalı sürücülük vəsiqəsi vardır və “Yol hərəkəti haqqında Qanun”un 34-cü maddəsinin İV bəndinin 3-cü yarımbəndinə əsasən birinci cavandehin hadisə zamanı “Daimler Chrysler-yük” markalı **- BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Belə ki, “Yol hərəkəti haqqında Qanun” un 34-cü maddəsinin İV bəndinin 3-cü yarımbəndinə əsasən “B” kateqoriyalı sürücülük vəsiqəsi icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı isə sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri idarə etmək üçün verilir. 13 iyul 2022-ci il tarixli, müstəqil ekspert Səfərov Rəşad Şahin oğlunun rəyindən müəyyən olunur ki, “BMW-528 minik” markalı 99- VD-083 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə hadisə nəticəsində dəymiş zərər 22005 manat məbləğində müəyyən edilmişdir. 12 avqust 2022-ci il tarixdə dəymiş zərərə görə iddiaçı tərəfindən 22005 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. "xxxx" ASC-nin PXA112158 saylı sığorta aktının surətindən müəyyən olunur ki, ödənilməli sığorta məbləğinin 4743.48 manat məbləğində olan hissəsi "xxxx" ASC tərəfindən iddiaçıya ödənilməlidir. Həmin məbləğ 22 sentyabr 2022-ci il tarixdə iddiaçının hesabına daxil olmuşdur. 06 iyul 2022-ci il tarixli, BS-C-22/3008 saylı qiymətləndirmədə iştirak məktubuna əsasən birinci cavabdeh “BMW-528 minik” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsində iştirak etmək üçün iddiaçının ofisinə dəvət edilmiş və həmin məktub 20 iyul 2022-ci il tarixdə sonuncuya təqdim edilmişdir. Birinci cavabdeh iddiaçının ofisinə dəvət edilmiş və ona icbari sığorta qaydasında mütənasiblik qaydasında ödəniləcək məbləğ çıxıldıqdan sonra qalıq məbləğin ondan tutulacağı barədə məlumat verilmişdir. 20 sentyabr 2022-ci il tarixli geriyə tələb məktubundan müəyyən olunur ki, 17261.62 manat məbləğində sığorta ödənişinin müştərək qaydada geriyə ödənilməsi cavabdehlərdən tələb edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində “BMW-528 minik” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərər məbləği 22005 manat məbləğində, “Azsamand” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği isə 1190 manat məbləğində müəyyən edilmişdir. Mütənasiblik qaydasında “BMW-528 minik” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərə görə dəymiş zərərin (22005 manat) 94,87 %-i, yəni 4743.48 manat məbləğində pul, “Azsamand” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə dəymiş zərər məbləğinin (1190 manat) 5,13 %-i, yəni 265.52 manat məbləğində pul ödənilməlidir. Qeyd olunan qaydada hesablanmış və iddiaçıya ödənilməli olan 4743.48 manat məbləğində pul “Daimler Chrysler” yük markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən ödənilmişdir. İddiaçı dəymiş ziyanın aradan qaldırılması üçün ödədiyi 22005 manat məbləğində sığorta ödənişindən "xxxx" ASC tərəfindən mütənasiblik qaydasında ödənilmiş 4743,48 manat məbləği çıxıldıqdan sonra qalan 17261,62 manat məbləğində sığorta ödənişini cavabdehlərdən müştərək qaydada tələb etmək hüququna malikdir. Bundan başqa, iddianın qaldırılması ilə bağlı 141,79 manat məbləğində dövlət rüsumunun və 0,4 manat xidmət haqqı da cavabdehlərdən müştərək qaydada tutulmalıdır. İddiaçı cavabdehlərdən müştərək qaydada 17261,62 manat sığorta ödənişi, 141,79 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı – cəmi 17403,81 manat pulun tutularaq hesabına ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

5. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını qərara almışdır.

6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, 08 dekabr 2011-ci il tarixli nəqliyyat vəsiqəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Daimler Chrysler” yük markalı, 99-BF147 dövlət qeydiyyat nişanlı avtomobil ikinci cavabdehə məxsusdur. 27 may 2016-cı il tarixli AD 181656 nömrəli sürücülük vəsiqəsinə əsasən birinci cavabdehin “B” kateqoriyalı sürücülük vəsiqəsi vardır. 11 oktyabr 2021-ci il tarixli sığorta şəhadətnaməsi üzrə “BMW528 minik” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən 11 oktyabr 2021-ci il tarixdən 11 oktyabr 2022-ci il tarixədək əmlak sığortası qaydasında sığortalanmışdır. 14 may 2022-ci il tarixdə ikinci cavabdeh “Daimler Chrysler” yük markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilini birinci cavabdehə nəqliyyat vasitəsini idarə etmək üçün 14 may 2023-cü il tarixədək etibar etmişdir. Bakı şəhəri DYPİ-nin 14 iyun 2022-ci il tarixli, TP №5076914 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı əsasında birinci cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat cərimə edilmişdir. PXA112158 və PXA112159 nömrəli sığorta aktlarına əsasən “BMW-528” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə sığorta ödənişinin məbləği 4743,48 manat, “Azsamand” markalı, 90-UZ746 dövlət qeydiyyat nişanlı avtomobilə görə sığorta ödənişinin məbləği isə 1190 manat müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 01 iyul 2022ci il tarixli qərarı əsasında birinci cavabdeh barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. 06 iyul 2022-ci il tarixli, BS-C-22/3008 saylı məktubuna əsasən birinci cavabdeh “BMW-528 minik” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsində iştirak etmək üçün “Bakı Sığorta" ASC-nin ofisinə dəvət edilmiş və həmin məktub 20 iyul 2022-ci il tarixdə sonuncuya təqdim edilmişdir. 22 sentyabr 2022-ci il tarixdə "xxxx" ASC tərəfindən iddiaçının hesabına 4743,48 manat sığorta ödənişi məbləği köçürülmüşdür. 10 avqust 2022-ci il tarixli, 1465/22 nömrəli sığorta aktına əsasən “BMW-528” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə sığorta ödənişinin məbləği 22005 manat müəyyən edilmişdir. 12 avqust 2022-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən 22.005 manat məbləği sığorta ödənişi 10 avqust 2022-ci il tarixli 1465/22 saylı sığorta aktına əsasən Yediyarov Kənan Aydın oğlunun hesabına ödənilmişdir. 20 sentyabr 2022-ci il tarixli BS-S-22/4427 nömrəli geriyə tələb məktubu ilə cavabdehlərdən müştərək qaydada 17261.62 manat məbləğində sığorta ödənişinin geriyə ödənilməsi tələb edilmişdir. 27 sentyabr 2022-ci il tarixdə iddiaçı məhkəməyə müraciət etmək üçün 141,79 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödəmişdir. İddiaçı cavabdehlərdən müştərək qaydada 17261,62 manat sığorta ödənişi, 141,79 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı – cəmi 17403,81 manat pulun tutularaq hesabına ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər.

7. İkinci cavabdeh özünə məxsus yük avtomobilini həmin kateqoriya üzrə idarəetmə hüququ olmayan birinci cavabdehə verdiyinə və birinci cavabdeh həmin avtomobillə qəza törətdiyinə görə birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, birinci cavabdehin 13 iyun 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinin onun təqsiri üzündən baş vermiş olması faktı sübuta yetirildiyinə görə yol-nəqliyyat hadisəsi nəticəsində “BMW-528” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 17261,62 manat sığorta məbləği cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

8. İsmayıllı Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(037)-36/2023 nömrəli qətnaməsi ilə (hakim İlqar Hüseynov) iddia təmin olunmuş, cavabdehlər Babayev Mehrac Soltan oğlu və Quliyev Cahangir Mirzağa oğlundan müştərək qaydada 17261,62 manat sığorta ödənişi, 141,79 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı – cəmi 17403 (on yeddi min dörd yüz üç) manat 81 (səksən bir) qəpik tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsini qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 883, 903, 936, 1096, 1097 və 1108-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

10. İşdə olan 08 dekabr 2011-ci il tarixli nəqliyyat vəsiqəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, “Daimler Chrysler” yük markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil Quliyev Cahangir Mirzəağa oğluna məxsusdur.

11. İşdə olan 27 may 2016-cı il tarixli AD 181656 nömrəli sürücülük vəsiqəsinin surətindən müəyyən edilir ki, Babayev Mehrac Soltan oğlunun “B” kateqoriyalı sürücülük vəsiqəsi vardır.

12. İşdə olan 11 oktyabr 2021-ci il tarixli sığorta şəhadətnaməsinin surətindən müəyyən edilir ki, “BMW-528 minik” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən 11 oktyabr 2021-ci il tarixdən 11 oktyabr 2022-ci il tarixədək əmlak sığortası qaydasında sığortalanmışdır.

13. İşdə olan 14 may 2022-ci il tarixli, 032895 nömrəli etibarnamənin surətindən müəyyən edilir ki, Quliyev Cahangir Mirzağa oğlu “Daimler Chrysler” yük markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilini Babayev Mehrac Soltan oğluna nəqliyyat vastəsini idarə etmək üçün 14 may 2023-cü il tarixədək etibar etmişdir.

14. İşdə olan Bakı şəhəri DYPİ-nin 14 iyun 2022-ci il tarixli, TP №5076914 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən müəyyən edilir ki, Babayev Mehrac Soltan oğlu İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat cərimə edilmişdir.

15. İşdə olan PXA112158 və PXA112159 nömrəli sığorta aktlarının surətlərindən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən sığortalanmış “Daimler Chrysler” yük markalı, **- BF-*** dövlət qeydiyyat nişanlı avtomobil “BMW-528” markalı **-VD-*** və “Azsamand” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur, nəticədə “BMW-528” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə sığorta ödənişinin məbləği 4743,48 manat, “Azsamand” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə sığorta ödənişinin məbləği isə 256.52 manat müəyyən edilmişdir.

16. İşdə olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 01 iyul 2022-ci il tarixli qərarının surətindən müəyyən edilir ki, Babayev Mehrac Soltan oğlu barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

17. İşdə olan 06 iyul 2022-ci il tarixli, BS-C-22/3008 saylı məktubun surətindən müəyyən edilir ki, Babayev Mehrac Soltan oğlu “BMW-528 minik” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsində iştirak etmək üçün “Bakı Sığorta" ASC-nin ofisinə dəvət edilmiş və həmin məktub 20 iyul 2022-ci il tarixdə sonuncuya təqdim edilmişdir.

18. İşdə olan 22 sentyabr 2022-ci il tarixli qəbzin surətindən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına 4743,48 manat sığorta ödənişi məbləği köçürülmüşdür

19. İşdə olan 10 avqust 2022-ci il tarixli, 1465/22 nömrəli sığorta aktının surətindən müəyyən edilir ki, “Mercedes Sprinter Daimler” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək sığortalı “BMW-528” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur, nəticədə “BMW-528” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə sığorta ödənişinin məbləği 22005 manat müəyyən edilmişdir.

20. İşdə olan 12 avqust 2022-ci il tarixli ödəniş tapşırığının surətindən müəyyən edilir ki, “Bakı Sığorta" ASC tərəfindən 22005 manat məbləği sığorta ödənişi 10 avqust 2022-ci il tarixli 1465/22 saylı sığorta aktına əsasən Yediyarov Kənan Aydın oğlunun hesabına ödənilmişdir.

21. İşdə olan 20 sentyabr 2022-ci il tarixli BS-S-22/4427 nömrəli geriyə tələb məktubunun surətindən müəyyən edilir ki, cavabdehlərdən müştərək qaydada 17261.62 manat məbləğində sığorta ödənişinin geriyə ödənilməsi tələb edilmişdir.

22. İşdə olan 27 sentyabr 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinin surətindən müəyyən edilir ki, “Bakı Sığorta" ASC məhkəməyə müraciət etmək üçün 141,79 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödəmişdir.

23. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Babayev Mehrac Soltan oğlu аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

24. Cavabdeh Babayev Mehrac Soltan oğlu apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə zərərin vurulması ilə bağlı düzgün nəticəyə gəlməmişdir. İddianı təmin edərkən dəymiş zərərə və ümumiyyətlə məbləğə münasibət bildirməmişdir. İddiaçının şişirdərək məhkəməyə təqdim etdiyi qiymətə inanmış və bu şişirdilmiş qiyməti qəbul etmişdir. Məhkəmə nəzərə almamışdır ki, həmin məbləğ fantastik məbləğdir. Ümumiyyətlə məhkəmə bütün faktiki halları aydınlaşdırmamışdır. Buna ilk olaraq onu məhkəməyə dəvət etməməsi ilə nail olmuşdur. Məhkəmə onu dəvət etsəydi, bütün faktiki hallar onun iştirakıyla aydınlaşa bilərdi. Onun sürücülük hüququ olmadan avtomaşın idarə etməyi barədə bildirilənlərin heç bir əsası yoxdur. O, törətdiyi əmələ görə inzibati tənbeh olunmuşdur. Yəni Azərbaycan Respublikası CM-nin 327.2-ci maddəsi ilə tənbeh olunmuşdur. Bundan başqa digər heç bir maddə ilə tənbeh edilməmişdir. Digər məsələ məhkəmə ekspertiza təyin etməmişdir. Çünki məhkəmə işi düzgün araşdırmaq üçün öz təşəbbüsü ilə ekspertiza təyin etməli idi. Bunu da etməmişdir. Ümumiyyətlə iş üzrə əsaslı nəticəyə gəlinməmişdir. Məbləğlə ümumiyyətlə razı deyil. Çünki bu məbləğ iddiaçının özü tərəfindən təyin edilmişdir. Mübahisə yaradan məbləğdir. Ona görə də bu sübut sayıla bilməzdi. İşdə məbləğin hansı əsasla hesablanması göstərilməmişdir. Qiymətin aşılanması, yəni avtomaşının köhnəlməsi nəzərə alınmamışdır.

25. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-36/2023 nömrəli xx.xx.2023cü il tarixli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında cavabdeh Babayev Mehrac Soltan oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

28. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi və Quliyev Cahangir Mirzağa oğlu işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı aydın olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.2-ci maddəsinə əsasən delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindənhüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: Maddə 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; Maddə 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; Maddə 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Maddə 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; Maddə 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. Maddə 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda. Maddə 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə. Maddə 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

32. İsmayıllı Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(037)-36/2023 nömrəli qətnaməsindən cavabdeh Babayev Mehrac Soltan oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun apellyasiya şikayətinə münasibətdə yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən cavabdeh Babayev Mehrac Soltan oğluna aid hissədə hansı halları əsas götürdüyünü əsaslandırdığından həmin hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

34. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və ya müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Tərəflər arasında yaranmış münasibətlər sığorta müqaviləsi üzrə, hazırki mübahisə isə subroqasiya hüququ üzrə yaranmışdır. Subroqasiya qaydasında verilən iddia tələbinin maddi hüquqi əsasını “İcbari sığortalar haqqında” Qanunun sığorta münasibətlərində subroqasiya hüququnun yaranması əsaslarını tənzimləyən 25-ci maddəsi (bu qərarın 21 - 30-cu paraqrafları) təşkil edir. İddia ərizəsindən görünür ki, iddiaçı "xxxx" ASC subroqasiya tələbinin faktiki əsası kimi cavabdeh Babayev Mehrac Soltan oğlunun avtomobili hüququ olmadan idarə etməsinə istinad edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə görə, icbari sığorta şəhadətnaməsində göstərilən əşya, hüququ olmayan şəxs tərəfindən istismar edildikdə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sığortalının və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar isə istisnadır. Oxşar qayda Mülki Məcəllənin ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyəti nəzərdə tutan 1108.2-ci maddəsində göstərilmişdir. Həmin normaya görə, yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Beləliklə, adı çəkilən Qanunun 25.1.3-cü maddəsindəki şərtləri MM-in 1108.2-ci maddəsinin şərtləri ilə eyni kontekstdə qiymətləndirdikdə bu nəticə hasil olur ki, subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqa zidd) olmalıdır. 27 may 2016-cı il tarixli AD 181656 nömrəli sürücülük vəsiqəsinə əsasən cavabdeh Babayev Mehrac Soltan oğlunun “B” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Göründüyü kimi, cavabdeh Babayev Mehrac Soltan oğlu yük avtomobilini həmin kateqoriya üzrə idarəetmə hüququ olmadan sürmüşdür.

35. Məhkəmə kollegiyası apellyatorun ekspertiza təyin edilməsi barədə apellyasiya şikayətində göstərdiyi arqumentlərinə əsasən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və əldə edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 28 iyul 2023-cü il tarixli 9/3686 nömrəli rəyində göstərilmişdir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan «Baku Bus» tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “BMW 528” markalı, ** VD *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 17482.0 manat müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyində avtomobilə dəymiş zərərin hesablanması üçün qüsur aktındakı məlumatlara əsaslanılmış, aşınmalın müəyyən edilməsi üçün isə “mərkəz tərəfindən işlənib hazırlanmış metodikaya” əsaslanılmaqla 3% (2-6%) aşınma nəzərə alınmışdır ki, həmin metodikanın əsaslılığı və göstərilən aşınma faizlərinin necə müəyyən edilməsi ekspert rəyindən görünmür. Məhkəmə kollegiyası ekspert rəyində hesabalanan məbləğin nəyə əsasən hesablandığı, rəyin tədqiqi hissəsi aydın və əsaslı olmadığından ekspert rəyini sübut kimi qəbul etmir və avtomobilə dəymiş zərərin iddia tələbində göstərilən həcmdə təmin edilməli olduğunu qənaətinə gəlir.

36. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

37. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən cavabdeh Babayev Mehrac Soltan oğluna aid hissədə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh Babayev Mehrac Soltan oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(037)-36/2023 nömrəli qətnaməsi cavabdeh Babayev Mehrac Soltan oğluna aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh Babayev Mehrac Soltan oğlu tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(037)-36/2023 nömrəli qətnaməsi cavabdeh Babayev Mehrac Soltan oğluna aid hissədə dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar