Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-446/2022 05.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “təbii qazdan istifadəyə, sayğacın dəyişdirilməsinə görə qanunsuz hesablanmış borcun ləğvi” tələbinə dair (Açar sözlər: qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “təbii qazdan istifadəyə, sayğacın dəyişdirilməsinə görə qanunsuz hesablanmış borcun ləğvi” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(014)- 2157/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh İstehsalat Birliy tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları 1.İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş;
2. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 26 aprel 2021-ci il tarixli ******* saylı aktın surətindən məlum olur ki, İddiaçı yaşayış sahəsinin qaz təsərrüfatına baxış keçirilərkən istehlakçının istifadəsində olan sayğacın hesablama mexanizminin qapağının alt hissəsinin deşici alətlə deşilmişdir, tələb isə itirilmiş qazın dəyərinin hesablanması, sayğacın dəyərinin abonent tərəfindən ödənilməsidir. 3.Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında 10 mart 2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan G-4 markalı ******* nömrəli sayğac dövlət yolamasına göndərilməsi üçün çıxarılmış, əvəzinə G-4 markalı 40087917 nömrəli sayğac quraşdırılmışdır.
4. İddiaçı adına olan abonentin saldosundan görünür ki, İddiaçı 2021-ci ilə görə qalıq və aktlar üzrə 509.80 manat borcu vardır. .
Birinci instansiya məhkəməsində icraat
5.İddiaçı Cavabdeh İB-ə qarşı təbii qazdan istifadəyə, sayğacın dəyişdirilməsinə görə qanunsuz hesablanmış borcun ləğvi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 6 . İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən fəridi yaşayış evində yaşayır. Cavabdeh orqanın X6 Sahəsi ilə aralarında bağlanmış təbii qazla təmin edilməsi, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında (əhali üçün) müqaviləyə əsasən istehlakçı kimi cavabdeh orqan tərəfindən təbii qazla təmin edilmiş, yaşadığı ünvanda təbii qazdan istifadə edir və yaşadığı həyətdən çöldə, yəni küçədə quraşdırılmış sayğaca əsasən sərf etdiyi təbii qaza görə bildirişdə göstərilən ödənişlərini heç bir zaman gecikdirməmişdir. Cavabdeh İB-nin əməkdaşları yaşayış evi üçün küçədə quraşdırılmış qaz sayğacına baxış keçirmişlər. Baxış zamanı sayğac açılaraq növbədənkənar dövlət yoxlamasından keçirilməsi üçün əməkdaşlar tərəfindən götürülmüşdür. Bundan sonra təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmiş və 216 manat toplandığı bildirilmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı akt, həmçinin onun abonent koduna hesablanmış 216 manat borc qanunsuzdur. Cavabdeh orqan Cavabdeh İB-nin əməkdaşları onlara verilmiş hüquqlarından sui-istifadə edərək qeyd edilən qanunsuz hərəkətləri ilə bəzi qanunvericilik aktlarının tələblərini, eləcə də istehlakçı kimi onun qanunla qorunan hüquqlarını kobudcasına pozmuşlar ki, bu da yol verilməzdir. Cavabdeh orqanın istehlakçı kimi ona qarşı qanunsuz hərəktləri ilə əlaqədar aralarında yaranmış mübahisənin məhkəmədən kənar həlli mümkün olmadığından hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və hesab edir ki, iddia tələbi ilə məhkəmə qaydasında həll edilməlidir. Odur ki, Cavabdeh İB-nin Zaqatala RQİİ-nin Ağdaş XS əməkdaşları tərəfindən ərtib edilmiş ******* saylı aktın əsasında qanunsuz hesablanaraq onun abonent koduna vurulmuş 216 manat borcun ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilir.
7. Ağdaş Rayon Məhkəməsinin (hakim F.Nəsibov) 10 dekabr 2021-ci il tarixli, 2(014)- 2157/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh İB-in X4 İstismar İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akta əsasən əsassız hesablanaraq İddiaçı **********00240 saylı abonent koduna vurulmuş itirilmiş qazın dəyəri 216 manat (iki yüz on altı manat) borcun silinməsi, Cavabdeh İB-dən 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Ağdaş XS-nin təbii qaz abonenti kimi **********00240 kodu altında qeydiyyatda olan iddiaçının yaşayış sahəsinə qoyulmuş qaz sayğacı həyətindən kənarda küçədə quraşdırılmışdır. Həmçinin sayğac hər hansı kənar müdaxilədən qorunmaq üçün müvafiq örtüklə örtülməmişdir. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf aktlarda və iddiaçıya ünvanladığı məktublarda qaz sayğacına şəxsən qaz abonenti tərəfindən müdaxilə edilməsini göstərsə də, həmin faktı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Lakin buna baxmayaraq itirilmiş qazın dəyəri iddiaçıdan tələb edilir. Bütün bunlar cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. Odur ki, belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, əsassız hesablanaraq iddiaçının yaşadığı ünvanın abonet koduna vurulmuş itirilmiş qazın dəyərinə görə iddiaçının silinməsini tələb etdiyi 216 manat borc silinməlidir. İddiaçının ödəməkdən azad edildiyi 20 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə keçirilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarına, Mülki Məcəlləsinin 560.2, 560.3-cü maddələrinə, MPM-in 14.2, 114, 124-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri 10.Qətnamədən narazı qalan cavabdeh ı tərəf apellyasiya şikayəti vermişdir
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 10.12.2021-ci il tarixli, 2(014)- 2157/2021 saylı qətnaməsinin çıxarılmasında maddi və prossesual hüquq normaları pozulduğundan aşağıdakı əsaslara görə mübahisəli qətnamə ləğv edilməli və İddiaçı iddia tələbi rədd edilməlidir. Məhkəmə Kollegiyasının nəzərinə çatdırır ki, birinci instansiya məhkəməsi hazırkı mübahisə üzrə formal mülahizələr əsasında nəticəyə gəlmiş, işin faktiki hallarını araşdırmamış və iş üzrə maddi sübutlara hüquqi qiymət verməmişdir. Bu və digər aşağıdakı göstərilən səbəblərə görə apellyasiya şikayəti verilən 10.12.2021-ci il tarixli 2(014)-2157/2021 saylı qətnamə tam şəkildə mübahisələndirilir. Məhkəmə araşdırması zamanı iddiaçının ünvanından açılmış G-4 markalı ******* nömrəli qaz sayğacının yararsız hala düşməsi işin mübahisəsi halıdır və tərəflərin izahatları ilə təsdiq edilir. Sözügedən qüsurun mövcudluğu onun standartlara uyğun işləməməsinə dəlalət edir və bu fakt eyni zamanda lobaratoriya rəyi ilə təsdiq edilmişdir. Belə bir vəziyyətdə həmin sayğacdan keçən təbii qazın həcmini istehlakçının həmin sayğaca cavabdeh olub olmamasından asılı olmayaraq qeydə almaması şəksizdir. Dolayısı ilə uçotsuz təbii qazdan istifadə edilməsi təsdiq edilir. Mülki işin faktiki halı ondan ibarətdir ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindənİddiaçı istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 10.03.2021-cu il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə 40087917 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən Metrologiya Departamentinin 26.04.2021-ci il tarixli 29/1710-01697-1 saylı aktında göstərilmişdir ki, sayğacın plasmas qapağının alt hissəsi deşici alətlə deşilib (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 26.04.2021-cu il tarixli ******* saylı akt tərtib etmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin 26.04.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 2160 m (və ya 216 manat) həcmində müəyyən edilmişdir. Məhkəmə Kollegiyasının nəzərinə çatdırıram ki, mübahisəli qaz sayğacı şəbəkədən açılanadək istehlak edilmiş qaz sərfi ilə qüsur aradan qaldırıldıqdan sonrakı qeydə alınmış qaz sərfini müqaisə etdiyimiz zaman onlar arasında kəskin fərqin olduğu müşahidə edilir və bu da həmin ünvanda qanunsuz qazdan istifadə edilməsini sübut etməkdədir. Bundan əlavə bildirirəm ki, mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinə əsasən, qaz sayğacının zədələnməsi dedikdə onun hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s. başa düşülür. Abonentin və ya onunla razılıq əsasında digər şəxsin müdaxiləsi olmadan sayğacda baş vermiş həmin zədələnmələrə görə abonent heç bir məsuliyyət daşımır və zədələnmiş sayğacın dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilir. Lakin sayğacın zədələnməsi ona müdaxilə nəticəsində baş vermişsə, bu zaman təqsirli hərəkətin törədilməsi faktı mövcud olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bənidnə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər (onların nümayəndəsi) bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı teleqaram, Cavabdeh nümayəndəsi isə elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. 14.Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Maddə 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın; 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalı, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (“Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7 -ci bəndləri). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir(“Qazdan istifadə Qaydaları”nın 4.8 və 4.9 -cu bəndləri). “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayətindən görünür ki, apellyator nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 18.Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur.
19. Ona görə də kollegiya Yevlax Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(039)-1671/2021 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçı tərəfin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(014)- 2157/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 22 Belə ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçının yaşayış sahəsinə qoyulmuş qaz sayğacı evdən kənarda quraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh daşıyır, sayğacın plasmas qapağının alt hissəsi deşici alətlə deşilməsinin aşkar olunması iddiaçının təqsirli hərəkətləri nəticəsində baş verməmiş, eyni zamanda Cavabdeh nümayəndəsi iddiaçının təqsirli hərəkətləri nəticəsində , sayğacın plasmas qapağının alt hissəsi deşici alətlə deşilməsi barədə heç bir mötəbər sübut təqdim etməmişdir. Sayğacın plasmas qapağının alt hissəsi deşici alətlə deşilməsi istehlakçının təqsirli hərəkətləri nəticəsində baş verdiyi müəyyən edilmədiyi halda, kifayət qədər əsas olmadan itirilmiş qazın bərpası üçün hesablanmış maddi ziyanın iddiaçıdan tutulması qərara alınmışdır
23. Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda qaz sayğacının quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməsi, sayğacların üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməsi fiziki şəxs olan istehlakçıların sayğaclarına münasibətdə qaz paylayıcısının vəzifəsi olduğu, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığı, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması qaz paylayıcısının həyata keçirdiyi dəqiq və aydın şəkildə göstərilmişdir. Qaz sayğacının zədələnməsi istehlakçının təqsiri üzündən baş verdikdə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilə bilər. Lakin məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən cavabdehin qaz sayğacına qanunsuz müdaxilə etməsi və məhz bu qanunsuz müdaxilə nəticəsində cavabdehin iddiaçıya maddi ziyan vurmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, iddiaçı tərəf öz etirazının əsaslarını yalnız formal mülahizələrlə əsaslandırmağa çalışmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus olan sayğaca edilmiş kənar müdaxilənin məhz iddiaçının özü tərəfindən törədilməsi barədə cavabdehin dəlilləri ilə razılaşa bilmədiyindən və cavabdeh tərəfə ziyan dəyməsi, bununla bağlı zərərin həddinin müəyyən edilməli olması barədə də apellyasiya şikayətinin dəlilləri ilə razılaşa bilmir. Çünki, ikinci hal birinci halla bağlıdır. Başqa sözlə, əgər iddiaçı sayğaca müdaxilə edilməsində təqsirli deyilsə, buna görə zərəri də ödəməli deyil.
25. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz.
26. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(014)- 2157/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
27. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
28. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(014)-2157/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Ayaz Mahmudov