Məhkəmə qərarları › İş №2(107)-447/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-447/2020

04.02.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-447/2020 04.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X2 iclas katibliyi İddiaçı və cavabdeh “«Cavabdeh” Açıq Səhmdar Cəmiyyətinin X1 iştirakı ilə İddiaçı cavabdeh “«Cavabdeh” Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın ləğv edilməsi və debitor borcun silinməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(054)-498/2019 nömrəli qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” MMC tərəfindən onun barəsində tərtib edilmiş xx xxxxxxxx 2018-ci il tarixli MXD-10268 nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 1098 (bir min doxsan səkkiz) manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(054)-498/2019 nömrəli (hakim K.Süleymanov) qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı barəsində “xxxx” MMC tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2018-ci il tarixli MXD-10268 nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 1098 (bir min doxsan səkkiz) manat debitor borcun silinməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki,o, ünvan 1 ünvanında yerləşən kitab mağazasında işləyir. Həmin mağazanın yerləşdiyi binaya 2012-ci ildə 15 mm diametri olan boru ilə su xətti çəkilmiş və sayğac quraşdırılmışdır. 2015-ci ildə Oğuz şəhərində yeni su xəttləri çəkilən zaman həmin binaya 20 mm diametri olan boru ilə su xətti çəkilmiş və yeni sayğac quraşdırılmışdır. Bu zaman əvvəlki su xəttinin bağlanıb-bağlanmaması barədə onun məlumatı olmamış və həmin su xəttindən sonralar heç vaxt istifadə etməmişdir. xx xxxxxxxx 2018-ci il tarixdə Cavabdeh ASC-nin “xxxx” MMC-nin əməkdaşları tərəfindən onun barəsində özünün iştirakı və məlumatı olmadan akt tərtib edilmişdir. xx xxxxxx 2018ci il tarixdə sudan istifadə haqqını ödəmək istəyən zaman öz adına 1098 (bir min doxsan səkkiz) manat borc olduğunu görmüşdür. Bundan sonra xx xxxxxx 2018-ci il tarixli MXD- 10268 nömrəli inventar aktı və “Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatı” ona təqdim edilmişdir. Həmin akt onun iştirakı olmadan tərtib edildiyi halda, aktda guya onun həmin akta imza etməkdən imtina etdiyi qeyd edilmişdir. Akta əlavə edilmiş hesabatda isə onun sudan istifadəyə görə 1098 (bir min doxsan səkkiz) manat borcu olduğu qeyd edilmişdir. Halbuki, onun sudan istifadəyə görə heç vaxt borcu olmamışdır və hazırda da yoxdur. O, borcun silinməsi barədə Cavabdeh ASC-nə və “xxxx” MMC-nə müraciət etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və həmin tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməkə yanaşı göstərdi ki, onunla “xxxx” MMC arasında sudan istifadəyə dair bağlanmış xx.xx.2015-ci il tarixli 670115 nömrəli müqavilədə qeyd edilmiş ********** VÖEN nömrəsi oğlu Asif Abramova aiddir. onun işlədiyi otel-mağaza sahibkarlıq obyekti kimi oğlu Asif Abramovun adına qeydə alınmışdır. Onun öz adına hər hansı VÖEN nömrəsi yoxdur və o, sahibkar kimi vergi orqanında qeydə alınmamışdır. Cavabdeh təşkilat tərəfindən onun adına 1098 manat debitor borc əsassız olaraq işlənmişdir. O, su sayğacına heç bir müdaxilə etməmiş, su xəttindən sayğacdan kənar istifadə etməmişdir. Onun işlədiyi binanın su xəttinə və həmin xəttə qoşulmuş sayğaca nəzarətçi tərəfindən ən geci ayda bir dəfə baxış keçirilir, su sərfiyyatı barədə bildiriş tərtib edilərək istifadəçiyə təqdim edilir. O, istifadə etdiyi suyun dəyərini sayğac üzrə sərfiyyat göstəricilərinə uyğun olaraq vaxtlı-vaxtında və tam şəkildə ödəmişdir. Onun sudan istifadəyə görə borcu yoxdur. xx xxxxxx 2018-ci il tarixli MXD-10268 nömrəli inventar aktında onun gündə 5 (beş) saat ərzində binanın həyətində olan gül kollarını suladığı qeyd edilmişdir. xx xxxxxx 2018-ci il tarixli MXD-10268 nömrəli inventar aktı əsasında heç bir qanuni əsas olmadan onun hesabına 1098 manat miqdarında debitor borcu daxil edilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən onun barəsində tərtib edilmiş xx xxxxxxxx 2018-ci il tarixli MXD-10268 nömrəli akt ləğv edilməli və həmin akt əsasında hesablanmış 1098 manat debitor borc silinməlidir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(054)-498/2019 nömrəli qətnaməsi çıxarılarkən maddi və prossesual hüquq normaları pozulduğundan qətnamə ləğv edilməli və İddiaçı tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iddiaçının işlədiyi binaya 2012-ci ildə podratçı tərəfindən qayğac quraşdırılmışdır. Qış mövsümündə isə sayğacın donmaması üçün yeri dəyişdirilərək içəriyə keçirilmişdir. 2015-ci ildə yeni su xəttləri çəkilən zaman həmin binada olan əvvəlki su xətti ləğv edilmişdir. Sonradan isə “xxxx” MMC-nin əməkdaşları tərəfindən 2018-ci ilin noyabr ayında su xəttinə baxış keçirilərkən su xəttinin əvvəlki su sayğacının yeri olmuş calaq yerindən sudan sayğacdan kənar istifadə halı aşkar edilmiş və bununla bağlı xx xxxxxx 2018-ci il tarixli MXD-10268 nömrəli inventar aktı tərtib edilmişdir. Həmin akt əsasında “X4”na uyğun olaraq, həmin Qaydaların 4 nömrəli əlavəsində olan göstəricidə nəzərdə tutulduğu kimi 1 (bir) il üçün gündəlik su sərfiyyatı və bu sərfiyyatın dəyəri olaraq 1098 manat debitor borc hesablanmışdır. İddiaçının adına işlənmiş debitor borc əhali qrupu üçün deyil, kommersiyayönlü təşkilatlar üzrə sahibkar kimi hesablanmışdır. İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 670115 nömrəli sudan istifadə müqaviləsində qeyd edilmiş ********** VÖEN nömrəsinin iddiaçının özünə deyil, onun oğlu Asif Abramova aid olduğu barədə müqaviləni bağlayan müəssisə olaraq onların məlumatı olmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “«Cavabdeh” Açıq Səhmdar Cəmiyyətinin X3 apelyasiya şikayətini müdafiə edərək, sonda birinci instnsiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, onun həyətində cəmi 3-4 ədəd gül kolu var. Həmin gül kollarını da vedrə ilə sulayır. O, heç bir su xəttinə müdaxilə etməmiş, buna ehtiyacı da yoxdur. Ona görə də Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(054)- 498/2019 nömrəli qətnaməsinin “xxxx” MMC tərəfindən onun barəsində tərtib edilmiş xx xxxxxxxx 2018-ci il tarixli MXD-10268 nömrəli aktın ləğv edilməsi” hissəsi ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 saylı qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Oğuz şəhərində yerləşən otelmağazanın su təchizatı ilə bağlı iddiaçı ilə “xxxx” MMC arasında xx.xx.2015-ci il tarixli 670115 nömrəli sudan istifadə müqaviləsi bağlanmışdır. Həmin müqaviləni cavabdeh təşkilatın səlahiyyətli nümayəndəsi və iddiaçı imzalamışlar. Müqavilədə abonentin VÖENnömrəsi sətrində qeyd edilmiş ********** VÖEN nömrəsi iddiaçının özünə deyil, onun oğlu Asif Abramova aid olmuşdur. xx xxxxxx 2018-ci il tarixdə “xxxx” MMC-nin əməkdaşları tərəfindən su xəttinə baxış keçirilərkən su xəttinin əvvəlki su sayğacının yeri olmuş calaq yerindən sudan sayğacdan kənar istifadə halı aşkar edilmiş və bununla bağlı xx xxxxxx 2018-ci il tarixli MXD-10268 nömrəli inventar aktı tərtib edilmişdir. Həmin akt əsasında sayğacdan kənar su sərfiyyatının dəyəri olaraq 1098 manat debitor borc hesablanmışdır. İddiaçının adına işlənmiş debitor borc əhali qrupu üçün deyil, kommersiyayönlü təşkilatlar üzrə sahibkar kimi hesablanmışdır. Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində təsbit edilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Mülki prosessual qanunvericiliyin istinad olunan müddəasının mənasından göründüyü kimi iki halda məhkəmədə mülki işə başlamaq mümkündür-pozulmuş hüququn bərpası üçün və ya qanunla qorunan hüququn yaxud mənafenin təsdiqi üçün. Hazırkı iş isə özünün xarakteri etibarilə pozulmuş hüququn bərpasına dair mübahisəyə aiddir. Belə ki, iddiaçı mübahisələndirilən aktın tərtib edilməsi nəticəsində hüquqlarının pozulduğunu güman edir. Ona görə də, aktın qanuniliyi və əsaslılığı yoxlanılmadan öncə ümumiyyətlə, həmin aktın mübahisələndirilməsinin mümkünlüyünün yol verilən olması aydınlaşdırılmalıdır. Mübahisələndirilmənin mümkünlüyü isə tərtib edilmiş aktın iddiaçının hər hansı güman edilən hüququnun pozuntusu nəticəsini yaradıb-yaratmamasının müəyyən olunmasından asılıdır. Kollegiya hesab edir ki, cavabdeh tərəfindən tərtib edilmiş “xxxx” MMC tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2018-ci il tarixli MXD-10268 nömrəli akt özlüyündə iddiaçının hər hansı hüququna müdaxilə təşkil etmir. Belə ki, həmin akt iddiaçının yaşadığı evə keçirilmiş baxış nəticəsində aşkar edilən hallara dair cavabdehin əməkdaşlarının mövqeyini əks etdirir. Beləliklə, mübahisələndirilən aktın tərtib edilməsi nəticəsində iddiaçı hər hansı hüquqi məsuliyyətə cəlb olunmamışdır, orada yalnız cavabdehin əməkdaşlarının aşkar etdikləri halların təsviri və bununla bağlı təklifləri əks olunmuşdur. Özü də həmin təkliflər iddiaçıya ünvanlanmamışdır. Sözügedən təklifləri cavabdehin əməkdaşları qərar qəbul etmək səlahiyyətinə malik olan tabelik üzrə öz rəhbər şəxslərinə və ya orqanlarına ünvanlamışlar. Həmin təkliflər əsasında iddiaçıya münasibətdə hər hansı hüquqi məsuliyyət yaradan qərar, o cümlədən dəymiş ziyanın ödənilməsi ilə bağlı qərar qəbul edilərək hesablanmış ziyanın ödənilməsi tələb olunduqda artıq həmin andan etibarən iddiaçının hüquqlarının güman edilən pozuntusundan söz edilə bilər. Müvafiq olaraq iddiaçı da məhz həmin hüquqi məsuliyyət yaradan qərarı mübahisələndirməlidir. Çünki aktın tərtib edilməsi və cavabdeh tərəfindən həmin aktın məlumatları nəzərə alınmaqla iddiaçının barəsində hüquqi məsuliyyət yaradan qərarın qəbul edilməsi iki ayrı mərhələdirlər. Aktın tərtib edilməsinə baxmayaraq məsuliyyət doğuran qərar qəbul edilməyə də bilər. Şəxsin hüquqi vəziyyətinin strukturunu bir-biri ilə qarşılıqlı əlaqədə olan şəxsin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz edilə bilər. Yalnız elə hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun və s. Bu mənada, kollegiya hesab edir ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş “xx xxxxxxxx 2018-ci il tarixli MXD-10268 nömrəli akt özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün deyildir. Belə olan halda isə aktın özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. İddiaçı yalnız akta əsaslanmaqla onun barəsində qəbul edilmiş hüquqi məsuliyyət doğuran qərarı mübahisələndirə və həmin icraatın gedişində aktın əsassızlığına dair dəlillərini təqdim edə bilər. Bununla belə, hətta borcun akta əsasən hesablandığı təsdiq olunsa belə, iddiaçının tələbi aktın ləğvinə yox, məhz əsassız və qanunsuz hesablandığını güman etdiyi borcun onun hesabından silinməsinə yönəlməlidir. Çünki bu halda, aktın özünün mübahisələndirilməsi iddiaçının hüquqi marağına uyğun deyildir. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Şəxsin hüquqi müdafiəsinin məhkəmə vasitəsinə isə müvafiq hüquqi marağının müəyyən olunması halında ehtiyac yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsləyə münasibət bildirərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apelyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apelyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apelyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Apelyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apelyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu bu qərarında belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göstərilən müddəaların mənasından göründüyü kimi iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən əsaslı olduğundan qismən təmin edilməli, ərizəçinin tələbinə məhkəmədə baxılmalı olmadığından Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(054)-498/2019 nömrəli qətnaməsinin “xxxx” MMC tərəfindən onun barəsində tərtib edilmiş xx xxxxxxxx 2018-ci il tarixli MXD- 10268 nömrəli aktın ləğv edilməsi” hissəsi ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 261-262, 263-264, 391, 400-404 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı Qərara aldı: Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(054)-498/2019 nömrəli qətnaməsinin “xxxx” MMC tərəfindən onun barəsində tərtib edilmiş xx xxxxxxxx 2018-ci il tarixli MXD-10268 nömrəli aktın ləğv edilməsi” hissəsi ləğv edilsin. İddiaçı cavabdeh “«Cavabdeh” Açıq Səhmdar Cəmiyyətinə qarşı ““xxxx” MMC tərəfindən onun barəsində tərtib edilmiş xx xxxxxxxx 2018-ci il tarixli MXD-10268 nömrəli aktın ləğv edilməsi» tələbinə dаir hissəsi üzrə icraata xitam verilsin. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar