Məhkəmə qərarları › İş №2(107)-447/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-447/2022

21.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-447/2022 21.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: qanunsuz tikilinin sökülməsi, maddi prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, ekspertiza məsələləri ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə1 Gülüstan oğlunun və vəkili Vəkil iştirakları ilə, Ağdaş Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(014)-371/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-ci məhəllə də onun istifadəsində olan həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yaxınlığında Cavabdeh tərəfindən ara məsafə divarına bitişik qanunsuz olaraq quraqlığın və tualetin cavabdehin öz hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Ağdaş rayon, X2 240 nömrəli, 04 iyul 2006-cı il tarixli qərarı ilə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin müddəalarına, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpağın alqı-satqı qaydaları” nın 9-cu bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyun 2000-ci il tarixli 106 nömrəli qərarına və Ağdaş bələdiyyəsi üzvlərinin ümumi iclasının 29 iyun 2006-cı il tarixli 06 nömrəli protokol qərarına uyğun olaraq ərizəsi nəzərə alınaraq şəhərin 42-ci məhəlləsində, Bakı-Qazax avtomobil yolunun şimalındakı boş və istifadəsiz 16.7m x 30.0m = 500.0 kv.metr ölçüdə (2 saylı əlavə yer) torpaq sahəsi ev tikintisi üçün onun adına ayrılmışdır. Həmin torpaq sahəsi iyun 2006-cı ildə bələdiyyə üzvlərinin və mütəxəssislərin iştirakı ilə qeyd edilən ərazidə naturada ayrılaraq ona tanıdılmış və təhvil verilmişdir və ona torpağın sxematik planına akt, rəy tələblərinə əməl etməklə Ağdaş RİHB-nın Tikinti və Memarlıq şöbəsi ilə rəsmi razılaşdırıldıqdan sonra tikinti işinə başlanılması tapşırılmışdır. Bundan sonra o həmin 0.05 hektar həyətyanı torpaq sahəsində qanunvericiliyin tələblərinəuyğun olaraq fərdi yaşayış evi tikdirmişdir və özü ailəsi ilə müəyyən səbəblərdən qeydiyyatda olduğu yuxarıda qeyd etdiyi ünvanda yaşadığından öz doğma bacısı oğlu X1 ailəsi ilə həmin evə köçürmüşdür. Ona ayrılmış torpaq sahəsi ilə qonşuluqda yaşayan Cavabdeh notariat ofisində rəsmiləşdirilmiş razılığı olmadan qonşuluq münasibətlərinə zidd, qanunsuz olaraq, eləcə də “tikinti norma qaydalarının bir sıra normalarını pozmaqla quraqlı və tualet inşa edərək istifadə edir. Bunun nəticəsində, yəni cavabdehin həmin quraqlığın altından istifadə etməsi, günün çox vaxtını həmin quraqlıqda keçirmələri, daima səs-küy salmaları nəticəsində onlar həyətlərində rahat yaşaya bilmirlər ki, bütün bunlar da istifadəçi kimi, onların qanunla qorunan hüquqlarını pozur. Cavabdehin qonşu kimi onlara qarşı etdiyi belə qanunsuz və özbaşına hərəkətlərinə son qoyulması və dözülməz vəziyyətin aradan qaldırılması xahişi və tələbi ilə dəfələrlə ona müraciət etməklərinə baxmayaraq, cavabdeh həmin ərazidə tikdirdiyi quraqlığı və tualeti sökməmiş və hazırda sökmək fikri də yoxdur. Rayon İcra Hakimiyyətinə etdikləri müraciət əsasında nümayəndələr həyətə baxış keçirmiş, cavabdeh tərəfindən qonşu kimi onlara qarşı etdiyi qanunsuz hərəkətləri və tikilinin qanunsuz tikili olması öz təsdiqini tapmışdır. Ağdaş Rayon İcra Hakimiyyətin başçısı aparatının memarlıq və Tikinti şöbəsinin mütəxəssisləri tərəfindən cavabdehə edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh həmin tikilini könüllü olaraq sökmədiyinə və qanunsuz hərəkətlərini bu gün də davam etdirdiyinə görə ona mübahisənin həlli məqsədi ilə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Cavabdeh ona qarşı özbaşına, qanunsuz, eləcə də qonşuluğa zidd hərəkətlərini bu gün də davam etdirməkdədir. Bütün bunlar da istifadəçi kimi qanunla qorunan hüquqlarını pozur. Cavabdehin özbaşına qanunsuz hərəkətləri ucbatından dözülməz şəraitdə yaşayırıq. Ona gör də ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tаrixli, 2(014)-371/2021 saylı, qətnaməsi (N.Əliyev) ilə iddianın təmin edilməsi, ünvan 1-ci məhəllədə iddiaçının istifadəsində olan həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yaxınılığında Cavabdeh tərəfindən ara məsafəsi gözlənilmədən qanunsuz olaraq inşa etdiyi quraqlıq (talvar) və tualetin cavabdehin öz hesabına sökülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatın dəyəri 50 (əlli) manat ekspertiza xərcinin Cavabdeh alınıb Dövlət xəzinədarlığı Agentliyinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı: Məhkəmə Ekspertizası MƏRKƏZİ, benefisiarın hesabı AZ34CTRE********************, VÖEN ********** hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Ağdaş rayonu X2 04 iyul 2006-cı il tarixli 240 saylı qərarına əsasən Ağdaş şəhəri Nizami küçəsi 3/3 saylı evin sakini İddiaçı ərizəsi nəzərə alınaraq şəhərin 42-ci məhəlləsində, Bakı-Qazax avtomaşın yolunun şimalındakı boş, istifadəsiz 16.7 m x 30.0 m= 500.0 kv metr ölçüdə (2 saylı əlavə yer) torpaq sahəsi ev tikintisi üçün onun adına ayrılması, vətəndaş İddiaçı müvafiq vergi qanunvericiliyinə, torpağın sxematik planına, akt, rəy tələblərinə əməl etməklə fəaliyyət göstərilməsi qərara alınmışdır. Ağdaş Bələdiyyəsi tərəfindən verilmiş akta əsasən torpaq sahəsi şəhərin 42-ci məhəlləsində, Bakı-Qazax avtomaşın yolunun şimalında boş, istifadəsiz ərazidədir. İddiaçı həmin yerdəki 16.7 m x 30.0 m ölçüdə (2 saylı əlavə yer) torpaq sahəsinin ev tikintisi üçün ayrılması məqsədəuyğun hesab edilir. Torpaqdan istifadə edərkən qonşu torpaq mülkiyyətçilərinin mənafeyi nəzərə alınmaqla ekologiya və ətraf mühitin mühafizəsi təmin olunmalıdır. Vətəndaş İddiaçı torpağın sxematik planına, akt, rəy tələblərinə əməl etməklə Ağdaş RİH Başıçısının Tikinti və Memarlıq şöbəsi ilə rəsmi razılaşdırıldıqdan sonra tikinti işinə başlanılmalıdır. 24.04.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli ******* seriyalı, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın surətindən məlum olur ki, Ağdaş şəhər, Azadlıq küçəsi, dalan 2, ev 25-də yerləşən 0.05 hektar torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/1660 saylı, 16 avqust 2021-ci il tarixli ekspert rəyinə əsasən Ağdaş rayonunun, Azadlıq küçəsi 42-ci məhəllə də həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yaxınlığında Cavabdeh tərəfindən tikilən quraqlıq və tualet ara məsafəsi gözlənilmədən inşa edilmiş və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1 maddəsinin tələbləri pozulmuşdur. Ağdaş Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş 03 sentyabr 2021-ci il tarixli 1114 saylı məktuba əsasən müraciətlə əlaqədar 03 sentyabr 2021-ci il tarixdə nümayəndələri tərəfindən hər iki həyətyanı sahədə araşdırılma aparılmışdır. Müşahidələrdə şikayətçi X1 irəli sürdüyü faktlar öz təsdiqini tapmışdır. Belə ki, vətəndaş F.Ə.Hüseynovun yaşayış mənzilinin ən yaxın pəncərələri ilə ayaqyolunun arasındakı məsafə 11.50m olmuşdur. Bu da ki, Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları (Az.DTN2.6-1) 4.20 bəndinin pozulması deməkdir. Bu normaya əsasən ara məsafə minimum 15 metr nəzərdə tutulmalıdır. Eyni zamanda vətəndaş Cavabdeh məxsus ayaqyolu tikilisindən insan ifrazat məhsullarının vətəndaş F.Ə.Hüseynovun həyətyanı sahəsinə sızmaları müşahidə olunmuşdur. Bu da ki, ətrafa kəskin iy-qoxu yaymaqla yanaşı sakinlər arasında infeksion yoluxucu bağırsaq xəstəliklərinin başvermə təhlükəsi doğurur. Bütün bunları nəzərə alaraq tərəflərindən ayaqyolunun sökülərək Dövlət Tikinti Normativlərinin uyğun məsafəyə köçürülməsi qərarı verilmişdir. Hər hansı bir normativə uyğun olmayan tikililərin sökülməsi məhkəmə orqanları tərəfindən həyata keçirilir. Beləliklə məhkəmədə aydın olmuşdur ki, Cavabdeh tərəfindən ünvan 1 saylı evin ərazisində olan tikililərin inşası şəhərsalma və tikinti norma və qaydalarının tələbləri pozulmaqla aparılmış, cavabdehin torpaq sahəsində quraqlıq (talvar) və tualet Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsi ilə, habelə Azərbaycan Respublikası Dövlət tikinti normalarının (AZ.DTN 2.6-1) 4.20-ci bəndi ilə müəyyən edilmiş ara məsafəsi gözələnilmədən ucaldılmışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçının qonşuluğunda ünvan 1-ci məhəllədə onun istifadəsində olan həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yaxınılığında Cavabdeh tərəfindən ara məsafəsi gözlənilmədən qanunsuz olaraq inşa edilmiş quraqlıq (talvar) və tualet cavabdehin öz hesabına sökülməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 nömrəli qərarının 4.1, 4.2-ci bəndləri, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4,69.5,69.5.1. bəndləri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 25.10.2001-ci il tarixli 2718 nömrəli şəhadətnamə əsasında qeydə alınmış “Dövlət şəhərsalma norma və qaydaları”nın 4.7, 4.12, 4.14-cü bəndləri, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1, 9.1, 9.2, 57.2, 57.2.1, 57.2.4, 57.2.5-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4, 170.2, 172.2, 180, 180.2, 180.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-371/2021 saylı 16.09.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi üzrə ünvan 1 ünvanda iddiaçının istifadəsində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yaxınlığında ara məsafəsi gözlənilmədən qanunsuz inşa etdiyi quraqlıq (talvar) və tualetin öz vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilmişdir. Ekspert xərci də cavabdehin üzərinə qoyulmuşdur. O, qətnamə ilə razılaşmır. Qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Ona görə də o, məhkəmə kollegiyasından Ağdaş Rayon Məhkəməsinin 2(014)-371/2021 saylı 16.09.2021-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tаrixli, 2(014)-371/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə1 Gülstan oğlu və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tаrixli, 2(014)-371/2021 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Həmin Məcəllənin 172.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4,69.5,69.5.1. bəndlərində göstərilir. 69.4. bəndi –ara məsafəsi divarın hündürlüynə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonunaqədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhəddinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5. bəndi ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir. 69.5.1. divar hündürlüyünün 0.6 hissəsi. 69.5.2-1. bu məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə -divar hündürlüyünün 0.3 hissəsi. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.-cü maddəsində şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi və istiqamətləri müəyyənləşdirilir: 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Həmin məcəllənin 9.1-ci maddəsinə görə Yanğından, təbii və ya texnogen xarakterli təhlükəli təsirlərdən müdafiə ilə bağlı tələblərə uyğunluğu baxımından tikinti ərazisinin və tikinti obyektinin təhlükəsizliyi təmin edilməlidir. 9.2.-ci maddisinə görə bu Məcəllədə və digər normativ hüquqi aktlarda müəyyən edilmiş tələblər əsasında şəhərsalma və tikintiyə dair normativ sənədlərdə tikinti ərazilərinin və obyektlərinin yanğından, təbii və ya texnogen xarakterli təhlükəli təsirlərdən mühafizəsi ilə bağlı təhlükəsizlik tədbirləri nəzərdə tutulmalıdır. Tikinti obyektinə dair tələblər irəli sürülməklə aşağıdakılar müəyyənləşdirilmişdir. 57.2. Tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir: 57.2.1 yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır; 57.2.2. sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasma.xidmət.etməlidir; 57.2.4. səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir; 57.2.5. istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs . fyasiyası Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4 və 69.5.1-ci maddələrinin tələbinə görə ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir və ara məsafəsi divar hündürlüyünün 0,6 hissəsi qədər olmalıdır. Həmin Məcəllənin 69.7.1, 69.7.3 və 69.7.4-cü maddələrinə əsasən mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması, layihəçilərin təklifi nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında obyektlərin tikintisinin yanaşı sərhəddəki ortaq divar və ya iki paralel divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü və yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərindən biridir. Həmin Məcəllənin 70.1-ci maddəsinin tələbinə görə tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4-cü maddəsində müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Bu halda qonşu sərhəddəki tikintidə layihə ilə nəzərdə tutulmayan boşluq olmamalıdır. Tərəflərdən biri bu qaydalara zidd olaraq, insolyasiya və təbii işıqlandırma şəraiti yaratmaq məqsədilə pəncərə boşluqları və ya digər boşluqlar aça bilməz. Həmin Məcəllənin 72.1-ci maddəsinə görə qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, apellyator apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tаrixli, 2(014)-371/2021 saylı qətnaməsinin ləğv olunaraq, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilmiş hissəsi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tаrixli, 2(014)-371/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Ağdaş rayon, X2 240 nömrəli, 04 iyul 2006-cı il tarixli qərarı ilə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin müddəalarına, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpağın alqı-satqı qaydaları”nın 9-cu bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyun 2000-ci il tarixli 106 nömrəli qərarına və Ağdaş bələdiyyəsi üzvlərinin ümumi iclasının 29 iyun 2006-cı il tarixli 06 nömrəli protokol qərarına uyğun olaraq ərizəsi nəzərə alınaraq şəhərin 42-ci məhəlləsində, Bakı-Qazax avtomobil yolunun şimalındakı boş və istifadəsiz 16.7m x 30.0m = 500.0 kv.metr ölçüdə (2 saylı əlavə yer) torpaq sahəsi ev tikintisi üçün iddiaçının adına ayrılmışdır. Həmin torpaq sahəsi iyun 2006cı ildə bələdiyyə üzvlərinin və mütəxəssislərin iştirakı ilə qeyd edilən ərazidə naturada ayrılaraq ona tanıdılmış və təhvil verilmişdir və ona torpağın sxematik planına akt, rəy tələblərinə əməl etməklə Ağdaş RİHB-nın Tikinti və Memarlıq şöbəsi ilə rəsmi razılaşdırıldıqdan sonra tikinti işinə başlanılması tapşırılmışdır. 24.04.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli ******* seriyalı, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın surətindən məlum olur ki, Ağdaş şəhər, Azadlıq küçəsi, dalan 2, ev 25-də yerləşən 0.05 hektar torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyator apellyasiya şikayətinin dəlillərində maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyini qeyd edərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə təyin etdiyi ekspert rəyinə əsaslanaraq iddia tələbini təmin etmişdir. Lakin kollegiya həmin ekspert rəyinə tənqidi yanaşaraq, hesab edir ki, həmin rəy mötəbər sübut kimi qəbul edilə bilməz. Həmçinin kollegiya qeyd edir ki, ekpert rəyi sübut növlərindən biri olsa da, məhkəmə üçün məcburi xarakter daşımır. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibət bildirərək qeyd edir ki, hazırki mübahisənin obyektiv həll edilməsi üçün məhkəmə kollegiyası tərəfindən mübahisəli əraziyə yerli baxış keçirilmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən tikilən tikililər iddiaçının iddia ərizəsində qeyd etdiyi nəticələri doğurmur. Yəni iddiaçının divarında nəmlik və ətrafa hər hansı narahatçılıq verəcək hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağdaş Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş 28 mart 2022-ci il tarixli tarixli 474 saylı cavab məktubundan da görünür ki, aparılmış araşdırmaların nəticəsində Ağdaş şəhəri, Azadlıq küçəsi, 42-ci məhəllə sakini Cavabdeh həyətyanı torpaq sahəsində, istifadədə olan ayaqyolu tikilişi müassir təlabata cavab verən qaydada döşəmə və divarlar naşı materiallarla ( kafel, metlax) işlənilmiş su təchizatı ilə təmin olunmuş tikilinin kanalizasiya xətti bilavasitə mərkəzləşdirilmiş kanalizasiya sistemi ilə əlaqələndirilmiş şəkildə hal-hazırda istifadədədir. Ətraf mühitə sanitar- epidemioloji təhlükəsi yoxdur, o cümlədən hər hansı bir mənfi təsirləri (iy-qoxu və s.) aşkar olunmamışdır. Eyni zamanda cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, tədqiqat nəticəsində Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin qonşusu İddiaçı tərəfdə inşa etdiyi daş hasar və sanitar qovşağının divarları həmin qonşu ilə ortaq divarlar deyildir. Cavabdeh mülkiyyətində olan Ağdaş şəhəri, 2-ci dalan 25 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin 9 kv.metr hissəsi qonşu İddiaçı tərəfdə qalmaqla onun istifadəsindədir. Göründüyü kimi cavabdeh tərəfin vermiş olduğu apellyasiya şikayətinin dəlilləri işin faktiki halllarına uyğun olmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Bundan sonra məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, mülki işin materiallarında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağdaş Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş iki arayış (rəy) mövcuddur. Məhkəmə kollegiyası kollegiya tərəfindən verilmiş sorğuya cavab olaraq göndərilmiş 28 mart 2022-ci il tarixli 474 saylı cavab məktubunu daha mötəbər sübut kimi qəbul edir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən sübut kimi qiymətləndirilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağdaş Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin adından verilmiş arayış möhürlənməmiş, kim tərəfindən yazılması qeyri-müəyyəndir. Ancaq məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağdaş Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş 28 mart 2022-ci il tarixli tarixli 474 saylı cavab məktubundan da görünür ki, həmin arayış Mərkəzin direktoru tərəfindən imzalanmaqla Mərkəzin möhürü ilə təsdiq edilmişdir. Ona görə də Məhkəmə kollegiyası kollegiya tərəfindən verilmiş sorğuya cavab olaraq göndərilmiş 28 mart 2022-ci il tarixli 474 saylı cavab məktubunu daha mötəbər sübut kimi qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda kollegiya iddia tələbinin Cavabdeh tərəfindən ara məsafə divarına bitişik qanunsuz olaraq (altıaçığın) quraqlığın sökülməsi hissəsinə də münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilə bilməz. Yuxarıda qeyd edilən mütəxəssis rəyindən müəyyən edilir ki, tədqiqat nəticəsində Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin qonşusu İddiaçı tərəfdə inşa etdiyi daş hasar qonşu ilə ortaq divarlar deyildir. Cavabdeh mülkiyyətində olan Ağdaş şəhəri, 2-ci dalan 25 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin 9 kv.metr hissəsi qonşu İddiaçı tərəfdə qalmaqla onun istifadəsindədir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq tam təmin etmişdir. Ona görə də, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tаrixli, 2(014)-371/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tаrixli, 2(014)-371/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlii) manat İddiaçı tutularaq Dövlət büdcəsinə-AZ.MEM.VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar