Məhkəmə qərarları › İş №2(107)-457/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-457/2021

23.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-457/2021 23.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X2 iclas katibliyi, Cavabdeh nümayəndəsi Ömərov Ramil Şaiq oğlunun iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “cərimə borcunun və 93 manat qaz sayğacına görə ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(046)-1004/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh İB-nin X4 İstismar idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş akta əsasən ona hesablanmış 486 manat cərimənin və 93 manat qaz sayğacına görə ödənilmiş məbləğin geri qaytarılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(046)-1004/2020 nömrəli (hakim İ.Fəttahov) qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı barəsində Cavabdeh İBnin X4 İstismar idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş akt əsasında abonent koduna vurulmuş itirilmiş qazın bərpası üçün hesablanmış 486 manat məbləğində borcun silinməsi və iddiaçı tərəfindən ödənilmiş 93 manat pulun Cavabdeh İB-dən tutularaq İddiaçı qaytarılması, qətnamənin icrası cavabdehin hüquqi ünvanının olduğu yer üzrə Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və idianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 saylı evdə yaşayır. Cavabdeh İB-nin əməkdaşları evinə quraşdırılmış qaz sayğacını aparmış və bu barədə akt tərtib etmişlər. Evindən çıxarılmış sayğac dövlət yoxlanılmasına göndərilmiş, sayğaca kənar müdaxilə olduğu aşkar edilmişdir. Buna görə də 486 manat məbləğində cərimə edilmiş və 93 manat yeni sayğacın dəyəri hesablanmışdır. Halbuki, sayğaca heç bir müdaxilə etməmişdir. Yeni sayğacın dəyəri tərəfindən ödənilmişdir. Buna görə də iddia tələbinin təmin olunmasını barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(046)-1004/2020 nömrəli qətnaməsi çıxarılarkən maddi və prossesual hüquq normaları pozulduğundan qətnamə ləğv edilməli və İddiaçı tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Qeyd etmək lazımdır ki, məhkəmə prosesi zamanı tədqiq edilmiş sübutlar yalnız Cavabdeh İB-nin nümayəndəsi tərəfindən təqdim edilmişdir. Həmin sübutlar yetərincə iddianın rədd olunmasına əsas versə də, demək olar ki, onların heç biri tamamilə nəzərə alınmamış, qətnamə çıxarılarkən sayğacın iddiaçı tərəfindən sıradan çıxarılmasının cavabdeh tərəfindən təsdiq edilməməsi əsas götürülmüşdür. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Ömərov Ramil Şaiq oğlu apellyasiya şikayətini müdafiə edərək, sonda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(046)- 1004/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğacın çıxış plasmas borusunun deşildiyi aşkar edildiyindən qaz sayğacı yararsız hesab edilərək çıxarılmış, yeni qaz sayğacı ilə əvəz edilmişdir. Cavabdeh Ağsu RQİİ Göyçay Xidmət Sahəsinin xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, abonent İddiaçı 486 manat dəyərində itirilmiş qazın həcmi hesablanmış, həmçinin 93 manat sayğacın dəyəri tərəfindən ödənilməli olduğu bildirilmişdir. İddiaçı həmin borcu 5 (beş) gün müddət ərzində ödəməsi xəbərdarlıq edilmiş, əks təqdirdə evinə təbii qazın verilişinin dayandırılacağı bildirilmişdir. xx.xx.2019-ci il tarixdə 46 manat və xx.xx.2019-cu il tarixdə 47 manat olmaqla cəmi 93 manat qaz sayğacının dəyəri Cavabdeh İB-nin Ağsu RQİİ-nin hesabına ödənilmişdir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalı, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (“Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7 -ci bəndləri). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir(“Qazdan istifadə Qaydaları”nın 4.8 və 4.9 -cu bəndləri). “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının xx xxxx 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda qaz sayğacının quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməsi, sayğacların üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməsi fiziki şəxs olan istehlakçıların sayğaclarına münasibətdə qaz paylayıcısının vəzifəsi olduğu, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığı, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması qaz paylayıcısının həyata keçirdiyi dəqiq və aydın şəkildə göstərilmişdir. Qaz sayğacının zədələnməsi istehlakçının təqsiri üzündən baş verdikdə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilə bilər. Lakin məhkəmə kollegiyasının iclasında cavabdeh tərəfindən iddiaçının qaz sayğacına qanunsuz müdaxilə etməsi və məhz bu qanunsuz müdaxilə nəticəsində iddiaçının cavabdehə maddi ziyan vurmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, cavabdeh tərəf öz etirazının əsaslarını yalnız formal mülahizələrlə əsaslandırmağa çalışmışdır. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının qazdan istifadəsi üçün quraşdırılmış sayğac istehlakçının nəzarətindən kənarda quraşdırılmışdır. Kənarda quraşdırılmış sayğaca görə məsuliyyəti isə qaz paylayıcısı olan cavabdeh daşıdığından həmin sayğaca müdaxilə edilməsinə görə iddiaçı barədə mülki hüquq məsuliyyətinin yaranmasına görə akt tərtib edilməsi əsaslı hesab edilə bilməz. Eyni zamanda işin hallarından göründüyü kimi baxış zamanı sayğacın “plastmas qapağının deşilməsi” müəyyən edilsə də, həmin tamlığın pozulmasının məhz iddiaçının səhvi və ya qəsdi nəticəsində baş verməsi sübut olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində qaz sərfiyyatına görə iddia edilən məbləğ abonentdən tələb edilə bilməz. Məhkəmə kollegiyası tədqiq etdiyi sübutlara əsasən, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən etməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus olan sayğaca edilmiş kənar müdaxilənin məhz iddiaçının özü tərəfindən törədilməsi barədə cavabdehin dəlilləri ilə razılaşa bilmədiyindən və iddiaçı tərəfə ziyan dəyməsi, bununla bağlı zərərin həddinin müəyyən edilməli olması barədə də apellyasiya şikayətinin dəlilləri ilə razılaşa bilmir. Çünki, ikinci hal birinci halla bağlıdır. Başqa sözlə, əgər iddiaçı sayğaca müdaxilə edilməsində təqsirli deyilsə, buna görə zərəri də ödəməli deyil. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 404-1-ci maadəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 393, 404 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(046)-1004/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar