Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-467/2021 08.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Əsədli Mahir Abdulla oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi, Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ondan irəli gələn hüquqi nəticələrin edilməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(075)- 1433/2020 saylı qətnaməsindən iddiaçıların nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(075)-1433/2020 saylı qətnaməsi (hаkim Pərviz Hacıyev) ilə İddiaçı1 və İddiaçı2 ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi, Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və Cavabdeh1 qarşı Cavabdeh1 ilə bağlanmış 20 dekabr 2005-ci il tarixli torpağın alqısatqısına dair müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilədən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilmişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 20 dekabr 2005-ci il tarixli torpağın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilədən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Sonradan Azərbaycan Respublikasının MPM-nin 54-cü maddəsinin tələbinə əsasən iddiaçıların razılıqları ilə Cavabdeh2 əsl cavabdeh Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi ilə əvəz edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində tələblərini onunla əsaslandırmışlar ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli qərarı ilə mərhum X14ya və onlara 8.26 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə aid JN:343 (Kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı tərtib edilmişdir. X14 05 sentyabr 1999-cu il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra onlar mirası qəbul etməklə yanaşı mərhum anaları və özlərinə məxsus torpaqdan istifadə etmişlər. Onlar analarından miras qalan əmlakı qəbul etmək üçün Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə müraciət etmişlər. Notariat ofisi 17 avqust 2020-ci tarixli məktubuna əsasən DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsindən mərhum analarının adına hər hansı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış və ya daşınmaz əmlakın yüklülüyü barədə arayış verilməsini xahiş etmişdir. Eyni zamanda onlar da 14 avqust 2020-ci il tarixdə DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək analarının və onların adına qeydə alınan torpaq sahəsi ilə bağlı zəruri məlumatların verilməsini xahiş etmişlər. DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi 17 avqust 2020-ci il tarixli cavab məktubunda həmin torpaq sahəsinin satıldığını və başqa mülkiyyətçinin adına qeydə alındığını bildirmişdir. Bundan sonra Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə sorğu verilmiş, sözügedən əmlakın alqı-satqısına dair 20 dekabr 2005-ci il tarixli müqavilənin təsdiqlənmiş surəti təqdim edilmişdir. Müqaviləyə nəzər yetirəndə məlum olmuşdur ki, müqavilə saxta tərtib edilmişdir. Belə ki, anaları X8 01 dekabr 1999-cu il tarixdə vəfat etmişdir. 6 il əvvəl ölmüş şəxsin 2005-ci ildə ümumi birgə mülkiyyətdə olan torpaq sahəsini Qəbələ rayonundan olan tanımadıqları Cavabdeh1 satması qeyrimümkündür. Həmçinin müqavilələrdəki imzalar da onlara məxsus deyil və onlar həmin torpaq sahəsini hər hansı şəxsə satmaq barədə heç bir sənəd imzalamamışlar. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclаsındа iddiaçılar İddiaçı1, İddiaçı2 və onların etibarnamə üzrə nümayəndələri (vəkilləri) Vəkil ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiklərini bildirmiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçıların nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin həmin qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Belə ki, məhkəmə tələbi rədd edərkən Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddətin keçməsinə istinad etsə də, iddiaçıların həmin əqddən (müqavilə) nə zaman məlumatlarının olması halını araşdırmamışdır. İş materiallarına nəzər yetirəndə görünür ki, sözügedən əmlakın alqı-satqısına dair 20.12.2005-ci il tarixli müqavilənin təsdiqlənmiş surəti Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivindən təqdim edilmişdir. Bundan əlavə iddiaçıların anaları X8 01.12.1999-cu il tarixdə öldüyü halda 6 il sonra onun 2005-ci ildə ümumi birgə mülkiyyətdə olan torpaq sahəsini Qəbələ rayonundan olan tanımadığı şəxsə satması əqdin əhəmiyyətsizliyini bir daha təsdiq edir. Lakin məhkəmə bu hala hüquqi qiymət verməmişdir. Məhkəmə X4 vəfatından 21 il sonra iddiaçıların mirasını qəbul etmək qərarına gəlməsini, keçən müddət ərzində isə torpaq sahəsinin onların sahibliyində və istifadəsində olduğunu iddia etdiklərini, iddiaçıların anaları vəfat etdikdən sonra mirası faktiki olaraq qəbul etdiklərini, torpaq sahəsinin başqa şəxsə satıldığını bildiklərini qeyd edərək 1 il ərzində deyil, 15 ilə yaxın müddət keçəndən sonra əqdin etibarsızlığını mübahisələndirmələrini əsas gətirərək 1 illik kəsici müddəti tətbiq etmişdir. Göründüyü kimi məhkəmə qanunvericiliyin bir sıra tələblərinə istinad etsə də, onları tam təfsir etməmiş və sonda düzgün olmayan nəticəyə gəmişdir. Ona görə də, Şəki Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tаrixli, 2(075)-1433/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabadeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi X3 oğlu apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tаrixli, 2(075)-1433/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər tərəflər təkrarən məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(075)- 1433/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmadır. İş materiallarına əlavə edilmiş JN-343 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 59 nömrəli qərarına əsasən Şəki rayonu M.Əsədov adına qəsəbə sakinləri X9, İddiaçı2 və X2 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 8.26 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş 20 dekabr 2005-ci il tarixli, 4Ə-2/504 reyestr nömrəli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, «satıcılar» X9, İddiaçı2 və X13 onlara məxsus 8.26 ha torpaq sahəsini «alıcı» Cavabdeh1 həmin dövrün nominalı üzrə ******* (səkkiz milyon iki yüz) manata satmışlar. İş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 09 oktyabr 2020-ci il tarixli, **********36 nömrəli məktubdan görünür ki, Ləğv edilmiş DTXK tərəfindən X6, İddiaçı2 və X7 adlarına Şəki rayonu Turan qəsəbəsində 8.26 ha əkin torpaq sahəsinə JN-343, KOD 40401027 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Sözügedən torpaq sahəsi satılmış, hazırda digər mülkiyyətçinin adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Şəki şəhər İHB-nin Turan qəsəbə üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 dekabr 1999-cu il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 05 sentyabr 1999-cu il tarixdə vəfat etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 59 nömrəli qərarı ilə Şəki rayonu M.Əsədov adına qəsəbə sakinləri X9, İddiaçı2 və X2 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 8.26 hektar torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə dair JN-343 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Mülkiyyətçilərdən X9, İddiaçı2 və X13 20 dekabr 2005-ci il tarixdə onlara məxsus torpaq sahəsini 18 hektarını Cavabdeh1 satmışlar. İddiaçılar İddiaçı1 və İddiaçı2 Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 27 yanvar 2005-ci il tarixli, 4Ə-1/34 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinin, Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 20 dekabr 2005-ci il tarixli, 4Ə-2/504 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilədən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiy-yətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsi üzrə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddənin mənasına görə, alqı-satqı müqaviləsi hər zaman konsensual xarakterlidir və tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəldikləri andan alqı-satqı müqaviləsi bağlanmış hesab edilir. Həmçinin, alqı-satqı müqavilənin etibarsızlığı dedikdə onun qanunun tələblərinə uyğun olmadan tərtib edilməsi və bağlanması başa düşülür və yalnız bu halda alqı-satqı müqaviləsi müəyyən hüquqi nəticə doğurmaya bilər. Mülki Məcəllənin 337.1, 340.2, 404.1, 404.2-ci maddələrinin mənasına görə, alqısatqı müqaviləsi o, vaxt etibarsız sayıla bilər ki, həmin müqavilənin etibarlılığı şərtləri, yəni müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması mülki iş materialları ilə təsdiq edilsin və ya alqı-satqı müqaviləsi yalan əqd olmaqla başqa əqdi pərdələmək məqsədi ilə bağlanmış olsun. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İşdən görünür ki, iddiaçılar mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmasından 15 ildən sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan bir illik kəsici müddəti ötürmüşlər. Həmin maddənin mənasına görə, həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan maddədə nəzərdə tutulan müddət iddia müddəti deyil, əslində kəsici müddətdir. Yəni, həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Ona görə də, Mülki Məcəllənin 354.2-ci maddəsi mülki mübahisəyə tətbiq edilərkən, yalnız iki hal aydınlaşdırılmalıdır: birincisi, maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi; ikincisi, həmin gündən hesablandıqda əqdi hansı müddətdə mübahisələndirib. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, «satıcılar» X9, İddiaçı2 və X13 (iddiaçılar) onlara məxsus 8.26 ha torpaq sahəsini 20 dekabr 2005-ci il tarixdə «alıcı» Cavabdeh1 həmin dövrün nominalı üzrə ******* (səkkiz milyon iki yüz) manata satmışlar, həmin torpaq sahəsi sonuncuya təhvil verilib. Məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqaviləsinin etibarsızlığı barədə tələbə baxılarkən Mülki Məcəllənin 354.2-ci maddəsində təsbit edilmiş kəsici müddətlərlə bağlı imperativ göstəriş nəzərə alınmalıdır. Belə ki, sözügedən müqavilənin etibarsız olması ehtimalında, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddətin keçməsi iddiaçının həmin əqdin etibarsız hesab edilməsi barədə tələbinin təmin olunmasını istisna edir. Göründüyü kimi, iddia müddətindən fərqli olaraq, Mülki Məcəllənin 354.2-ci maddədəki 1 illik müddət kəsici xarakter daşıdığından mübahisə tərəfinin onun tətbiqi barədə ərizə verməsinə ehtiyac yoxdur, başqa sözlə, məhkəmə öz təşəbbüsü ilə həmin müddəti tətbiq etməlidir. Mübahisə predmeti olan torpaq sahəsi ailə başçısı X11 və onun ailə üzvlərinə (iddiaçılara) verilmiş, sonuncu 05 sentyabr 1999-cu il tarixdə vəfat etmişdir. İş materillarından müəyyən olunur ki, iddiaçılar sözü gedən torpaq sahəsi satıldıqdan sonra ondan heç vaxt istifdə etməmişlər. X1 vəfatından 21 il sonra iddiaçılar onun mirasını qəbul etmək qərarına gəldiklərini və keçən müddət ərzində isə torpaq sahəsinin onların sahibliyində və istifadəsində olduğunu iddia etmişlər. İddiaçılar bəyan edirlər ki, anaları vəfat etdikdən sonra mirası faktiki olaraq qəbul edərək həm öz mülkiyyətində olan, həm də qəbul etdikləri miras torpaqdan istifadə etmişlər. Başqa sözlə, mirası faktiki olaraq qəbul etdikləri halda torpaq sahəsinin başqa şəxsə satıldığını bilmişlər (və ya bilməli idilər) ki, onların hazırkı iş üzrə mübahisə predmeti olan əmlakları özgəninkiləşdirilmiş və başqalarının (Cavabdeh1) mülkiyyətinə keçmişdir. Buna baxmayaraq onlar qanunla müəyyən olunmuş 1 il ərzində deyil, 15 ilə yaxın müddət keçəndən sonra (14 sentyabr 2020-ci il tarixdə) əmlakın satılması ilə bağlı əqdin etibarsızlığını mübahisələndirməyə başlamışlar. Artıq qeyd edildiyi kimi, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddətin keçməsi iddiaçılar J.Yunusova və İddiaçı2 tərəfindən onların əmlakları barəsində bağlanmış əqdin etibarsızlığının mübahisələndirilmələrini və bununla bağlı irəli sürdükləri tələb əsaslı olsa belə, həmin tələbin təmin olunmasını istisna edir. Qanunda nəzərdə tutulmuş kəsici müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən isə məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Göründüyü kimi, qаnunverici məhkəmənin üzərinə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırıb, onlаrdаn istifаdə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirаzlаrının əsаsı kimi istinаd etdikləri hаllаrı məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, apellyasiya qaydasında işə baxılarkən iddiaçı, məhkəmə kollegiyasına heç bir əsaslı sübut növü təqdim etməmiş və apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiqini tapmamışdır. Apellyasiya şikayətinin dəlilləri ancaq mülahizələrdən ibarət olmuşdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əəsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(075)-1433/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmadır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçıların nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(075)-1433/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-467/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-467/2021
08.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver