Məhkəmə qərarları › İş №2(107)-468/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-468/2021

10.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-468/2021 10.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “akt əsasında hesablanmış borcun hesabından silinməsi tələbinə dair” mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1341/2020 nömrəli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hacıyev) xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1341/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxx 2018-ci il tarixli, R-107390 nömrəli akt əsasında **********00146 saylı abonent kod hesabında qeydə alınmış 695.20 manat (altı yüz doxsan beş manat iyirmi qəpik) borcun X2 hesabından silinməsi və “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2018-ci il tarixli, R- 107390 nömrəli akt əsasında yazılmış 462.34 manat borcun hesabından silinməsi və sayğac quraşdırıldıqdan sonra ödədiyi 70 manatdan tutulmuş 50 manatın da onun kart hesabına qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxx 2018-ci il tarixli, R-107390 nömrəli akt əsasında **********00146 saylı abonent kod hesabında qeydə alınmış 695.20 manat (altı yüz doxsan beş manat iyirmi qəpik) borcun mərhum atası X2 hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-in 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Şəki rayonu Şorsu kəndində yerləşən fərdi yaşayış evi atasına məxsusdur. Atası vəfat etmişdir və o, atasının vərəsəsidir. İşlətdikləri enerjiyə görə həmişə vaxtlı-vaxtında ödəniş etmişdir. xx xxxx 2018-ci il tarixdə cavabdehin əməkdaşları elektrik sayğacına baxış keçirmişlər. Baxış keçirilərkən guya ona məxsus elektrik sayğacından kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Bu səbəbdən ona 695.20 manat dəyərində cərimə yazılmış və bu barədə akt tərtib edilmişdir. Cavabdeh təşkilatın nümayəndələri heç bir borcu olmadığı halda borcunun olduğunu bildirərək, evinə gələn elektrik enerjisini şəbəkədən ayırmağa çalışmışlar. Ancaq onların qeyd etdikləri borcun haradan və necə yaranması nə ona, nə də ki, özlərinə məlumdur. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərini pozmuşlar. Bununla da istehlakçı kimi onlara nasazlığın aradan qaldırılmasında köməklik göstərilməsi əvəzinə, elektrik enerjisindən istifadə qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. Həmin akt tərtib edilərkən iki nəfər hal şahidi iştirak etməmişdir. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır. Göründüyü kimi, cavabdeh təşkilatın nümayəndələri qarşılarına qoyulmuş planı doldurmaq üçün onun evdə olmamasından istifadə etmişlər. Bundan başqa, həmin aktı məişət abonenti kimi o, imzalamamışdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda ayrıca qeyd aparılmalıdır. Lakin cavabdeh təşkilatın nümayəndəsi həmin aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşlar. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirmişdir. Əlavə olaraq göstərmişdir ki, abunə kodu onun atası X2 adınadır. Atası xx xxxxxx 2009-cu il tarixdə vəfat etmişdir. Mirası faktiki olaraq qəbul etməklə həmin ünvandakı evdə ailəsi ilə birlikdə yaşayır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh «xxxx» ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh “xxxx” ASC xx xxxxxxxx 2020-ci il tarixdə birinci instansiya məhkəməsinə etiraz ərizəsi göndərərək göstərmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Şəki rayonu Şorsu kəndində yaşadığı fərdi yaşayış evi Şəki EŞ-nin enerji satış bazasında X2 adına **********00146 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. Bu səbəbdən iddia qaldırmaq hüququ X3 aiddir. xx xxxx 2018-ci il tarixdə «xxxx» ASC-nin əməkdaşları İ.Bağırov və S.Xəlilov tərəfindən Şəki rayonu Şorsu kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmiş və istehlakçının sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci bəndinin tələbinə uyğun olaraq xx xxxx 2018-ci il tarixli, “Akt R” seriyalı, 107390 saylı akt tərtib olunmuşdur. Həmin akta əsasən Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən xx xxxx 2018-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 6 ay üçün 0.xx xxxxxxx 6320 kvt/s, dəyəri 695.20 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. «xxxx» ASC-nin əməkdaşları tərəfindən müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, abonenti faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Əlavə olaraq göstərir ki, abunə kodu iddiaçının mərhum anası X2 adınadır. Bütün bunları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1341/2020 nömrəli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxsin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması hallarına yol verildiyindən xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1341/2020 nömrəli qətnamə qanunsuz və əsassız olduğu üçün ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, işə baxılan zaman iddiaçının iddia qaldırmaq hüququnun olmaması nəzərə alınmamışdır. İddiaçının Şəki rayonu Şorsu kəndində yaşadığı fərdi yaşayış evi Şəki EŞ-nin enerji satış bazasında X2 adına **********00146 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. Qeyd olunduğu kimi, xx xxxx 2018-ci il tarixli, R-107390 saylı akt tərtib olunan sayğac da Şəki EŞ-nin enerji satış bazasında X2 adına qeydiyyatdadır. Bu səbəbdən də iddia qaldırmaq hüququ X3 aiddir. İddiaçı iddia qaldırmaq hüququnun olmadığı nəzərə alınmalı və iddia təmin edilməməli idi. İddiaçı vərəsəlik qəbul etdikdən sonra və yaxud da enerji kodunu öz adına keçirdikdən sonra iddia qaldırmaq hüququ var. Elektrik enerjisindən istifadə ilə bağlı fiziki və hüquqi şəxslər arasında mövcud olan münasibətlər zamanı yaranan mübahisələrə məhkəmə qaydasında baxılması nəzərdə tutulmuş və bu münasibətlərin mövcud olub-olmamasını yoxlamaqla, məhkəmə icraatının başlaması zamanı ilk olaraq iddia qaldırmış şəxsin bu münasibətlərdə hüquqa malik olması müəyyən edilməlidir. Bundan başqa, məhkəmə tərəfindən işə baxılan zaman iddiaçının pozuntu aşkar edildikdən əvvəl və sonrakı sərfiyyatı nəzərə alınmamışdır. Halbuki, abonentin “Abunə haqqında” məlumatına nəzər saldıqda xx.xx.2018-ci il tarixə qədər 183 gün üçün sərfiyyatının toplamda 871 kvt/s olduğu, lakin aşkar edilmiş qüsur bərpa edilkdən sonrakı 179 gün üçün artaraq xx.xx.2019-cu il tarixə 1551 kvt/s olduğu görünür. Abonentin “Abunə haqqında” məlumatından açıq-aşkar görünür ki, sayğacın pozuntu aşkar olunan dövrdəki sərfiyyatı ilə sonrakı dövrdəki sərfiyyatı arasında fərq (680 kvt/s) olduqca böyükdür. Bu da onu deməyə əsas verir ki, abonent kənar xətdən istifadə edərək sayğacın aylıq sərfıyyatını aşağı salmışdır. Göstərilənləri nəzərə alaraq hesab edirlər ki, əsas məsələ qüsurun sayğacda olub-olmaması deyil, qüsurun sayğacın işinin pozulmasına səbəb olub-olmamasıdır. Hazırkı işə baxacaq məhkəmə cavabdehin əməkdaşları tərəfindən keçirilmiş yoxlamadan əvvəlki və sonrakı dövrlərdə iddiaçının elektrik enerjisindən istifadəsi nəticəsində sərfıyyatını müqayisə edərək, bu sərfıyyatın artıb-artmamasını müəyyən etməli, nəticədə isə aktın əsaslı olub-olmadığı sualına cavab verilməlidir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasının xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnаməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə cavabdeh «xxxx» ASC-yə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxsin izahat və çıxışını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, cavabdeh «xxxx» ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1341/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materialında olan Abunə haqqında məlumatdan görünür ki, X1 EŞ-nin enerji satış bazasında **********00146 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İş materialına olan xx xxxx 2018-ci il tarixli, R-107390 nömrəli aktdan görünür ki, X3 məxsus olan elektrik təsərrüfatında istehlakçının sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. İş materialında olan Şimal-Qərb RETSİ-nin Akt Komissiyasının sədri R.M.Əfəndiyev tərəfindən təsdiq edilmiş xx xxxx 2018-ci il tarixli “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər”ə dair icra qərəqindən görünür ki, itirilmiş enerjinin bərpası məqsədilə iddiaçıya sayğacdan keçən yükə uyğun 6 ay üçün 0.xx xxxxxxx 6320 kvt.s, dəyəri 695.20 manat itirilmiş enerji hesabatı aparılmışdır. Kənar xətt ləğv edilmişdir. İş materialında olan Vİ-ЖГ seriyalı, 340315 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1979-cu il təvəllüdlü İddiaçı atası X4r. İş materialında olan AZ-İ seriyalı, 382207 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxxx 2009-cu il tarixdə vəfat etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı akt əsasında hesablanmış borcun hesabından silinməsi tələbinə dair iddiasını təmin etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na xx xxxxxx 2010-cu il tarixli, 3 nömrəli Qərarla edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 7.9-cu bəndinə görə, məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğacla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.16-cı bəndinə əsasən, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində eletrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. İşdən görünür ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən xx xxxx 2018-ci il tarixdə iddiaçıya məxsus Şəki rayonu Şorsu kəndində yerləşən yaşayış evində elektrik enerjisindən istifadə qaydalarına əməl edilməsi vəziyyətini yoxlamaq üçün baxış keçirilmiş, həmin ünvanda istehlakçının quraşdırılmış sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etməsinin aşkar olunması və bununla “Elektrik enerjisindən istifadə qaydalarının pozulması barədə” R-107390 nömrəli akt tərtib edilmişdir. Aktda baxış keçirilməsində məişət abonentinin nümayəndəsi kimi “E.Məhərrəmov” adlı şəxsin iştirakı göstərilsə də, lakin həmin şəxsə imza etdirilməmiş, yaxud onun imza etməkdən imtina etməsi, habelə aktın surətinin ona təqdim olunması barədə qeydlər yazılmamışdır. Hazırkı iş üzrə iddiaçı onların ailəsində “E.Məhərrəmov” adlı şəxsin olmadığını bildirir. Digər tərəfdən, aktı tərtib edən cavabdeh təşkilatın əməkdaşları həmin aktda göstərilən məlumatın doğruluğunu əlavə heç bir sübutla möhkəmləndirməmişdir (məsələn, baxış zamanı sayğacdan kənar xətdən istifadəni əyani surətdə təsdiqləyən fotoşəkillər çəkilməmiş, baxışda iştiraka hal şahidləri, yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin nümayəndəsi cəlb edilməmiş və s.). Qeyd edilən hallar tərtib olunmuş aktın mötəbərliyini şübhə altına alır və iddiaçı da həmin aktda göstərilən pozuntunun baş verməsini qəbul etmir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, abonentin “Abunə haqqında” məlumatına nəzər saldıqda xx.xx.2018-ci il tarixə qədər 183 gün üçün sərfiyyatının toplamda 871 kvt/s olduğu, lakin aşkar edilmiş qüsur bərpa edilkdən sonrakı 179 gün üçün isə artaraq xx.xx.2019-cu il tarixə 1551 kvt/s olduğu görünür. Bu məlumatdan açıq-aşkar görünür ki, abonent kənar xətdən istifadə edərək sayğacın aylıq sərfıyyatını aşağı salmışdır. Qeyd edilən müqayisədə cavabdeh təşkilat aktın tərtib olunduğu tarixdən əvvəlki və sonrakı təxminən 6 ayı götürmüş və həmin dövrlərdə enerji sərfiyyatındakı fərq 680 kvt/s müəyyən olunduğu halda, cavabdeh tərəfindən itirilmiş enerjinin bərpası adı ilə abonentin üzərinə x xxx 6320 kvt/s sərfiyyat hesablanmışdır ki, bu da mümkün sərfiyyatdan 9 dəfə çox olmaqla enerji itkisinin süni şəkildə və məqsədyönlü olaraq dəfələrlə şişirdildiyini göstərir. Digər tərəfdən, cavabdeh təşkilat abonent tərəfindən sayğacdan kənar xətdən istifadə edilməsi faktını təsdiqləyən mötəbər sübutlar təqdim edə bilmədiyindən, onun istinad etdiyi xx xxxx 2018-ci il tarixli akt isə mötəbər sübut standartlarına cavab vermədiyindən, cavabdehin “abonentin kənar xətdən istifadə edərək sayğacın aylıq sərfıyyatını aşağı salması” barədə arqumenti əsassızdır. Apellyasiya şikayətində cavabdeh həmçinin iddia edir ki, ona qarşı iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur, ona görə ki, abonent kodu onun adına deyil. Məhkəmə kollegiyası cavabdehin bu mülahizəsini də əsassız hesab edir. Belə ki, iddiaçının Şəki rayonu Şorsu kəndində yaşadığı fərdi yaşayış evi Şəki EŞ-nin enerji satış bazasında X2 adına **********00146 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. Davud Məhərrəmov iddiaçının atası olmaqla xx xxxxxx 2009-cu il tarixdə vəfat etmişdir. İddiaçı mərhum atasının həm əmlakının vərəsəsi, həm də prosessual hüquqi varisidir. Əslində cavabdeh təşkilatın əməkdaşlarının 2009-cu ildə vəfat etmiş şəxsin adına 2018-ci ildə akt tərtib etməsi və həmin mərhumun üzərinə borc hesablaması qeyri-qanunidir. Bu hal cavabdeh təşkilatın məişət abonentləri ilə vaxtlı-vaxtında müqavilələr bağlamamasına və ya həmin müqavilələrin müddətini vaxtaşırı uzatmamasına dəlalət edir ki, nəticədə elektrik enerjisindən istifadə ilə bağlı hüquq münasibətlərinin vəfat etmiş abonentlərlə də davam etdirilməsi baş verir. İddiaçı isə mərhum abonentin hüquqi varisi olduğundan sonuncunun hüquq və vəzifələri iddiaçıya keçmişdir. Digər tərəfdən, cavabdeh təşkilatın tələb etdiyi borcu ödəmək məsuliyyəti iddiaçının üzərinə düşdüyündən, sonuncu isə həmin borcla razılaşmadığından onun hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququ vardır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh “xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxx 2018-ci il tarixli, R-107390 nömrəli akt əsasında **********00146 saylı abonent kod hesabına 695.20 manat məbləğində borcun əsassız daxil edilməsi və bu borcun hesabdan silinməli olması qənaətinə gəlməkdə haqlı olmuş, işin faktiki halları və tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur, ona görə də məhkəmənin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iş üzrə iddianın qiyməti iki min manatdan az olduğundan bu iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1341/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1341/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar