Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-499/2024 09.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “cavabdehin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində məhv olmuş atının dəyərinin ödənilməsi tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: ziyanın ödənilməsi, preyudisiallıq) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində məhv olmuş atının dəyərinin ödənilməsi tələbi”nə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(024)-633/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçı məhkəməyə müraciət edərək cavabdeh-Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində məhv olmuş atının dəyəri olan 2500 (iki min beş yüz) manat və iddia qaldırmaq üçün ödədiyi 45 (qırx beş) manat dövlət rüsumunun, cəmi 2545 (iki min beş yüz qırx beş) manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırki iddiaçı və bundan əvvəl Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi ilə əlaqədar icraatda olmuş inzibati xəta haqqında iş üzrə işin əsil təfərrüatlarını, real mənzərəsini və ümumiyyətlə, işin həqiqi faktiki hallarını və məsələnin əsil mahiyyətini açıqlayaraq bildirir ki, 02 noyabr 2022-ci il tarixdə səhər saat 9:30-da Qazmalar kəndinin sakini Cavabdeh zəng edərək atınının onun maşınını vurduğunu demişdir. O, həyat yoldaşı ilə birlikdə hadisə yerinə gəlmiş, hadisə yerinə-Yevlax-Zaqatala-Gürcüstan yolunun 82-ci km-nə çatanda görmüşdür ki, Afərin idarə etdiyi avtomobil yolun qırağında - çınqıl hissəsində dayanmışdır və onun atı ondan 15-20 metr aralıda asfalt yolun qırağında-çınqıl hissəyə keçən yerdə yıxılmışdır. At hələ sağ idi, sol qıçı sınmış, onu görüb ayağa durmaq istəmiş, ancaq dura bilməmiş və başını yerə qoyaraq ölmüşdür. Atın başqa nahiyyələrində hər hansı bir xəsarət olmamışdır. Onlar gəlib çatanadək artıq orada Afərin qonşuları Sabir, Sabirin qardaşı Novruz, kəndin digər sakinləri və məktəbli uşaqlar olmuşdur. Afər özü zəng edərək yol polisini çağırmışdır. Hadisə yerinə YPX-nin 2(iki) əməkdaşı gəlmişdir. Onlar hadisə yerində heç bir sənəd tərtib etməmiş, ərazinin, avtomobilin və ölmüş atın yerləşmə yerinin şəklini çəkməmiş, protokol və ya akt yazmamışlar. Afər onlardan biri ilə kənara çəkilib söhbət etmiş, sonra yol polisləri onu şəxsiyyət vəsiqəsi gətirmək üçün evə göndərmişlər. O, həyat yoldaşı ilə evə qayıtmış, şəxsiyyət vəsiqəsini götürüb hadisə yerinə qayıtmaq istərkən həmin polislər öz maşınlarında Afərlə birlikdə onlara gəlmiş və ona özləri ilə birlikdə Şəki postuna gedəcəklərini bildirmişlər. Onlar Şəki postuna gəlmiş, orada polislər ona çalışıb Afərlə haqq-hesabı burda çürütməsini və işin məhkəməyə getməməsini, əgər məhkəməyə getsə, agır olacağını demişlər. Şəki postunda onlardan izahat almışdır. O, axşam atı həyətin darvazasının qabağındakı elektrik dirəyinə (şalbana) bağladığını, səhər duranda atın olmadığını, kəndir acılaraq getdiyi barədə izahat yazmışdır. Təxminən saat 09 radələrində Afər zəng etmiş və o həyat yoldaşı ilə birgə hadisə yerinə getmişlər. Hadisə yerində gördüklərimi isə artıq yuxarıda bildirmişdir. Şəki postunda izahat verdikdən sonra polislər ona kəndə qayıtmaq üçün 2 (iki) manat yol pulu vermişlər. Afər isə orada qalmışdır. Sonra həyat yoldaşının məsləhəti ilə gedib hadisə yerində atın yıxılıb qaldığı yerin hər iki istiqamətdən şəkillərini çəkmişdir. Afər maşınını sürüb Oncallı yolundakı dayanacağa aparmış, atı isə yolun çınqıl hissəsindən sürüyüb çökəyə salmışlar. Onun atının vurulma yerinin fotoşəkillərini çəkmişdir. Həmin şəkillərdən də gördüyü kimi, at YPX-nin inspektoru polis sıravisi X1 xəyalən tərtib etdiyi YNH-nin sxemində göstərildiyi kimi yolun sağ hərəkət hissəsinin ortasında yox, hərəkət hissəsinin tam kənarında - sarı xəttdən də çınqıl hissəyə keçən yerdə vurulmuşdur. Bu, mülahizə-arqument yox, ortada olan təkzibolunmaz faktdır, atın vurulduğu yerdə qan gölməçəsi əmələ gəlmişdir. Hadisə baş verən zaman hadisə yerində Afərin yol polisi ilə kənara çəkilib söhbət etməsi də, Şəki postunda polislərin ona “tövsiyyəsi” də, izahatlar verdikdən sonra Afərin postda dayanması da qeyri-ixtiyari olaraq onda şübhələr yaratmışdır ki, axı, eyni istiqamətdə Qıpçaq kəndindən Qazmalar istiqamətində gələn atın arxadan vurulması təccüb doğurur. Sonradan öyrənmişdir ki, həmin polislər Şəki rayonunun Dəhnə kəndindən imişlər və Afərin anası da Dəhnə kəndindəndir. Hadisədən yarım ay sonra o Qax rayon Məhkəməsinə çağırılmış və məhkəmənin 18 noyabr 2022-ci il tarixli, 3(024)-484/2022 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən)manat məbləğində cərimə edilmişdir.
3. Xülasə, məhkəmədə atın maşınla vurulub öldürülməsi nəticəsində ona dəymiş maddi ziyanı da tələb etməmişdir. Afərin də maşınına ziyan dəyib deyə o özünə dəyən ziyandan keçdim, baxmayaraq ki, ona daha çox ziyan dəymişdir. At arabası atsız qalmış, o təsərrüfat işlərini onunla görmüşdür. İndi atın daşqası (qoşqusu) atsız qalıb. Atı o Gürcüstandan 2500(iki min beş yüz) manata almışdır. Baxmayaraq ki, bu hadisəyə görə o bir dəfə inzibati qaydada cəzalandırılmışdır, bu dəfə də məhkəmə ona dəymiş ziyanı nəzərə almadan, tərəflərin vəziyyətini nəzərə alaraq barışması üçün heç bir tədbir görmədən Afərin əsassız iddiasını təmin edərək onu 2-ci dəfə maşına dəymiş ziyanı ödəməklə cəzalandırmışdır. O, May ayının 11-də Şəki postuna gedərək onun barəsində tərtib olunmuş sənədlərin surətlərini istəmişdir. Orada bildirmişlər ki, hadisə barədə bütün sənədlər Qax rayon Məhkəməsinə göndərilmişdir. Həmin gün Qax rayon Məhkəməsinə gələrək lazımi sənədlərin surətlərinin verilməsini xahiş etmişdir. Onların ilkin izahatları və hadisə yerinin müayinə protokolu da daxil olmaqla 10 (ədəd) ədəd sənədlərin verilməsini xahiş etmişdir. Lakin onların yol polisinə verdiyimiz ilkin izahatlarımı və hadisə yerinin müayinəsi protokolunun surətləri verilməmişdir. Amma əldə olunmuş sənədlərin tədqiqi belə şəksiz-şübhəsiz bu qənaətə gəlməyə əsas verir ki, baş vermiş yol nəqliyyat hadisəsinin təqsirkarı məhz sürücü- hazırki Cavabdeh olmuşdur. Günəşli, açıq-aydın hava şəraitində at, eşşək, insan və ya digər avtomobil yolun ortasında durmuş olsa belə, hərəkətdə olan avtomobil onu vura bilməzdi, vurmamalı idi.
4. Digər tərəfdən, YPX əməkdaşları gələndə hadisə yerində onlarla adamlar olub, necə olub ki, heç bir nəfər belə həmin sxemə hal şahidi olmağa razılaşmayıb? Ən qəbahəti də odur ki, heç o sxemi tərtib edən inspektor L.C.İbrahimov özü belə bu sxemə inanmayıb, imza etməyib. O, sxemi də elə tərtib edib ki, güya avtomobil atı qabaq bamperin ortası ilə vurub. Halbuki, onun təqdim etdiyi (məhkəmədən aldığı) fotoşəkillərdən göründüyü kimi, avtomobilin kapotunun emblemi belə öz yerindədir. Emblem öz yerində salamat olduğu halda 130 №-li zərər aktında emblem də göstərilib. Əgər avtomobil atı qabaq bamperin ortası ilə (sxemdə göstərildiyi kimi) vurmuş olsaydı, 300 kiloqramlıq at avtomobilin içinə düşərdi, avtomobilin ya qabaq aynası, ya kapotu, ya matoru qalmazdı, elə sürücünün-Afərin özünün sağ qalması sual altında olardı. Digər tərəfdən, necə olur ki, YNH-nin sxemi olur, amma YNH-nin müayinə protokolu olmur? Avtomobilə dəymiş zərər aktı var, amma avtomobilin özünün müayinə aktı yoxdur. Daha sonra, YPX-nin inspektoru sxemdə avtomobilin hadisədən sonrakı vəziyyətini də göstərir. Amma tək sürücününhadisənin səbəbkarı “iddiaçı”Afərin imzaladığı, heç özünün də imzalamadığı bu sxemdə atın hadisədən sonrakı vəziyyətini göstərmir. Halbuki, at yolun ortasında yox, yolun kənarında öz yolu ilə, eyni istiqamətdə getdiyi vəziyyətdə vurulmuşdur. Avtomobil özünün sağ tərəfi ilə atın sol qıçındaan vuraraq yıxmış və bu zaman avtomobilin qabaq aynasının sağ tərəfinin sınması ağla batandır, lakin qabaq aynanın sol tərəfindəki, sürücü sükanının bilavasitə qabağındakı sınma əks tərəfdəki sınma ilə heç bir əlaqəsi olmayan, tamamilə başqa mənşəli sınmadır. Belə qabaq aynası-şüşəsi olan avtomobili ən təcrübəli sürücülər belə idarə etməyə cürət etməzlər. Bəs Cavabdeh nə güc keçib ki, belə avtomobillə magistral yola çıxıb? Bu işin müəmmalı hallarından biri də budur ki, bu beynəlxalq əhəmiyyətli magistral yoldan gün ərzində yüzlərlə avtomobil keçir. Necə olub ki, ovuc boyda kiçik bir kəndin atını oradan keçən yüzlərlə maşından heç biri vurmur, məhz həmin kəndin maşını vurur?!Məhkəmə qətnamədə
5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə istinad edərək göstərir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Bu işdə isə yol-nəqliyyat hadisəsini bilavasitə törətmiş Cavabdeh hərəkətinə hüquqi qiymət verilməmişdir. Ona görə də, o Qax rayon Məhkəməsinin sözügedən qətnaməsindən narazı qaldığı üçün ondan apellyasiya şikayəti vermişdir. 10 iyul 2023-cü il tarixində və təxirə salınmaqla 16 avqust 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclaslarında ona izah olunmuşdur ki, o Qax rayon məhkəməsinin qətnaməsindən əvvəl onun inzibati qaydada cərimə olunması haqqındakı inzibati xəta haqında iş üzrə 18 noyabr 2022-ci il tarixli qərarı mübahisələndirməli idi. Çünki işin bu mərhələyə çatmasına səbəb məhz həmin qərar olmuşdur. Bu qərar isə yol-nəqliyyat hadisəsi barədə saxtalaşdırılmış protokol və yolnəqliyyat hadisəsinin sxemi əsasında verilmişdir.Yol-nəqliyyat hadisəsinin hallarının həqiqətən də saxtalaşdırılmasını sübut edən faktlar da göz qabağındadır və onları bu iddia ərizəsinə əlavə edir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2023cü il tarixli, 2(107)-814/2023 nömrəli qətnaməsi bir daha sübut edir ki, yol-nəqliyyat hadisəsinin baş verməsinin təqsirkarı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətanı törətmiş şəxs kimi o yox, yol-nəqliyyat hadisəsini törətmişsürücü Cavabdeh olmuşdur.
6. Belə ki, Şəki Apellyasiya Məhkəməsi özünün qətnaməsinin ilk səhifəsindəcə birmənalı şəkildə göstərir ki, araşdırdığı mülki iş yol-nəqliyyat hadisəsi və atın vurulmasına dair mülki işdir. Bu o deməkdir ki, hadisənin baş vermə səbəbi “iddiaçı”- hazırki Cavabdeh dediyi kimi -“yolun hərəkət hissəsinə sahibsiz at çıxmış və onun avtomobili ilə toqquşmuşdur. O, maşını qəzadan qaçırmaq istəsə də, məsafə yaxın olduğundan qəzadan qaça bilməmişdir” (Qax rayon məhkəməsinin qətnaməsi, səhifə-1, sonuncu abzas, səhifə-2, 1-ci abzas)-kimi uydurma yox, yəni Allah-təalanın verdiyi instinktlə təhlükədən qaçmalı olan süursuz heyvan yox, qabaq aynası sürücü önündən ovxalanmış olan nəqliyyat vasitəsini idarə edən sürücü Cavabdeh qəsd və ya ehtiyatsızlıq formasında etdiyi hərəkət, törətdiyi yol-nəqliyyat hadisəsi olmuşdur.
7. Şəki Apellyasiya Məhkəməsi Qax rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(024)-40/2023 nömrəli qətnaməsini mübahisələndirilən - iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlasa da, öz qətnaməsinin əsaslandırıcı hissəsində qeyd etmişdir ki, cavabdeh (yəni o) apellyasiya şikayətində baş vermiş hadisəni və həmin hadisə ilə bağlı edilmiş bütün hərəkətləri təfərrüatlı izah etməklə birlikdə, şikayətin məzmunundan görünür ki, hazırda mübahisə etdiyi qətnamədən narazılığı ona da zərər dəymiş olmasına rəğmən, iddiaçının ondan tələb etdiyi zərərin əvəzinin ödənilməsinin qismən də olsa təmin edilmiş olması yönündədir Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində ona həm real zərər vurulmuş, həm də əldən çıxmış fayda olmuşdur. Belə ki, onun atı məhv olmuşdur və o birilə yaxındır ki, at daşqasından (qoşqusundan) istifadə edə bilməmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində məhv olmuş atımın dəyəri olan 2500.0 (iki min beş yüz) manat və iddia qaldırmaq üçün ödədiyi 45.0 (qırx beş) manat dövlət rüsumunun, cəmi 2545.0 (iki min beş yüz qırx beş) manat məbləğində pulun ondan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 02 noyabr 2022-ci il tarixdə Cavabdeh Yevlax- Zaqatala-Gürcüstan yolunda idarə etdiyi “Mercedes-Benz minik” markalı avtomobillə ona məxsus atı vurmuş, hadisə nəticəsində at ölmüşdür. Həmin hadisəyə görə o inzibati məsuliyyətə cəlb edilmiş və Cavabdeh dəymiş ziyana görə Qax rayon Məhkəməsinin qətnaməsinə əsasən ona 1710 manat maddi ziyan kəsilmişdir. Lakin qeyd edir ki, iddiaçıya ziyan dəydiyi kimi ona da ziyan dəmişdir. Həmin at Qarabağ cinsinə məxsusdur və bazar dəyəri 2500 manat təşkil edir. O, Afərlə barışmaq istəsə də Afər barışmamışdır. Ona görə də, hazırda cavabdehdən atın ölməsinə görə ona dəyən maddi ziyanı tələb edir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərmişdir ki, iddiaçının göstərdiklərini əsassız hesab edir. Belə ki, iddiaçıya məxsus at avtomagistralda onun idarə etdiyi avtomobilin qarşısına çıxmış və atı vurmuşdur. İddiaçı atı özbaşına buraxdığı üçün inzibati məsuliyyətə cəlb olunmuş, daha sonra isə Qax rayon Məhkəməsinin qərarı ilə ona dəyən maddi ziyanın ödənilməsi qərara alınmışdır. Həmin vaxtı iddiaçıdan maddi ziyan tələb etmək fikri olmamış, lakin iddiaçı ona qarşı saymazlıq etdiyi üçün ziyan tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı ona dəymiş ziyanı ödəmir. İddianı qəbul etmir, rədd edilməsini xahiş etmişdir.
10. Qax Rayon Məhkəməsinin (hakim M.Qarayev) 14 noyabr 2023-cü il tarixli, 2(024)-633/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı “cavabdeh-Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində məhv olmuş atının dəyəri olan 2500 (iki min beş yüz) manat və iddia qaldırmaq üçün ödədiyi 45 (qırx beş) manat dövlət rüsumunun, cəmi 2545 (iki min beş yüz qırx beş) manat məbləğində pulun ondan alınaraq ona ödənilməsi tələbi”nə dair iddiasının əsassız olduğundan rədd edilməsi, İddiaçı ödədiyi 45 manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 09 radələrində iddiaçı X6 məxsus at X11 yolunun 82-ci km-də Cavabdeh etibarnamə ilə idarə etdiyi “Mercedes Benz minik” markalı **-LS-*** dövlət nömrə nişanlı avtomobilin qarşısına çıxmış və nəticədə avtomobil atı vurmuşdur. Hadisə nəticəsində iddiaçıya məxsus at ölmüş, Cavabdeh idarə etdiyi “Mercedes Benz minik” markalı **-LS-*** dövlət nömrə nişanlı avtomaşına 1160 manat ehtiyyat hissələri və 550 manat xidmət xərci olmaqla, ümumilikdə 1710 manat ziyan dəymişdir. X5 hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin əlamətləri olduğu üçün barəsində inzibati tənbeh vermə haqqında protokol tərtib edilərək baxılması üçün Qax rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin 3(024)-484/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qax rayon Məhkəməsinin 2(024)-40/2023 saylı xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı dəymiş ziyana görə 1710 manat və dövlət rüsumu olaraq ödənilmiş 39 manat məbləğində pul alınıb iddiaçı Cavabdeh verilməsi qət edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsisinin surətindən görünür ki, Qax rayon Məhkəməsinin 2(024)- 40/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
12. Məhkəmə iddia ilə bağlı qeyd etmişdir ki, hər bir şəxs iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Sübutetmə yükü üzərinə düşən İddiaçı tərəfindən Cavabdeh ona necə və hansı məbləğdə ziyan vurması ilə bağlı məhkəməyə kifayət qədər heç bir əsaslı və mötəbər sübut təqdim edilməmişdir. Əksinə məhkəmə iclasında mümkün və mötəbər sübutlarla müəyyən edilmişdir ki, iddiaçının atının ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsinin baş verməsinə görə Cavabdeh yox, İddiaçı təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmuşdur. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia tələbi sübuta yetirilməmişdir.
13. Məhkəmə hesab etmişdir ki, iddiaçının məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 45 (qırx beş) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 26, 60-cı maddələrinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6cı maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008- ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 217.4, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
16. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, mübahisələndirilən bu halda Konstitusiyanın normasının tələbləri kobudcasına pozulmuşdur.
17. Belə ki, 1-cisi, icraatına “cavabdehin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində məhv olmuş atının dəyərinin onun tərəfindən ona ödənilməsi tələbinə dair” iddianı qəbul etmiş Qax rayon məhkəməsinin qətnaməsinin əsaslandırma hissəsində “İddiaçı tərəfindən Cavabdeh ona necə və hansı məbləğdə ziyan vurması ilə bağlı məhkəməyə kifayət qədər heç bir əsaslı və mötəbər sübut edilməmişdir. Əksinə, məhkəmə iclasında mümkün və mötəbər sübutlarla müəyyən edilmişdir ki, iddiaçının atının ölməsinə səbəb olan yolnəqliyyat hadisəsinin baş verməsinə görə Cavabdeh yox, İddiaçı təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi sübuta yetirilməmişdir...”-kimi mövqe ortaya qoyması həmin qətnamənin təsviri hissəsinə və iş materiallarına daban-dabana ziddir. Əvvəla, o, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaya görə cərimə olunmuşdur. Yəni, atı nəzarətsiz buraxmışdır ki, at da magistral yola çıxmışdır. Lakin yol-nəqliyyat hadisəsini o, törətməmişdir ki! Şəki Apellyasiya Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(107)- 814/2023 nömrəli qətnaməsində də “açar sözlər”-kimi yol-nəqliyyat hadisəsi və atın vurlması göstərilir. Orada onun törətdiyi inzibati xəta göstərilmir. O, bu inzibati xətaya görə cəzalandırılmışdır və üstəlik də əsassız olaraq avtomabilə dəymiş ziyanı ödəməli olmuşdur və burada onun məsuliyyəti bitmişdir.
18. Bəs, yol-nəqliyyat hadisəsini bilavasitə törətmiş Cavabdeh məsuliyyəti hanı?!
19. Ölkə ərazisində istər daxili, istərsə də magistral yollarda həmişə mal-qara olur. Yollarda iribuynuzlu mal sürüsü, qoyun sürüsü gedir, bütün sürücülər mal-qaranı gözləyirlər, yanlayıb keçirlər. Yəni, mal- qaranı vurub öldürmürlər. Mal-qaranın yolda olması o demək deyildir ki, sürücülər onları vurub keçməlidirlər və bu zaman haqlı olacaqlar. Yol-nəqliyyat hadisəsinin subyekti nəqliyyat vasitəsinin sürücüsüdür, inzibati xəta törətmiş şəxs deyildir. 2-cisi, məhkəmə qətnamənin həmin əsaslandırma hissəsində (qətnamə, 6-cı səhifə, sonuncu və 7-ci səhifə, 1-ci sətir) işin halını təhrif edərək qeyd edir ki, “...İddiaçı... ona və hansı məbləğdə ziyan vurulması ilə bağlı məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim etməmişdir.”
20. Halbuki, məhkəmə özü Zaqatala rayon Əliabad qəsəbə həftəlik mal bazarının müdiriyyətinə sorğu vermiş və bu sorğuya cavab olaraq, atın qiymətinin 2000-2200 manat arasında dəyişməsi barədə arayış almışdır (iş materialları, səhifə-42). Həmin arayışın surətini bu şikayətə də əlavə edir.
21. 3-cüsü, Qax rayon Məhkəməsi Şəki Apellyasiya Məhkəməsinin yuxarıda sözügedən qətnaməsindəki zərərin ödənilməsi barədəki mövqeyinə də məhəl qoymamışdır. Qətnamədə Məhkəmə Kollegiyası qeyd edir ki, (səhifə-7, 2-ci abzas) hadisə nəticəsində qarşılıqlı olaraq hər iki tərəfə zərər dəydiyi hallarda hər iki tərəfin özünə dəymiş zəruri tələb etmək hüququ vardır. Bir tərəfin bu hüququndan istifadə etməməsi digər tərəfin öz hüququndan istifadə etməklə irəli sürdüyü tələbin təmin edilmməəsi üçüm əsas ola bilməz.
22. Həmin qətnamənin 25-ci bəndində qeyd edilir ki, (səhifə-7, 3-4- cü abzaslar) cavabdeh apellyasiya şikayətində həmçinin hadisə nəticəsində özünə dəymiş zərərin nələrdən ibarət olmasını əsaslandırır ki, həmin məsələ ilə bağlı kollegiya qeyd edir ki, yuxarıda da göstərildiyi kimi, cavabdeh özünə dəymiş zərərin tələb edilməsi ilə bağlı qarşılıqlı iddia qaldırmadığından hazırki iş üzrə hadisə nəticəsində cavabdehə dəyən zərər barədə araşdırma aparılmamışdır.
23. Çünki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
24. Lakin işin yuxarıda göstərilən hallarından, iş materiallarından, orada olan fotoşəkillərdən göründüyü kimi, açıq-aydın hava şəraitində, o boyda geniş yolda yolun kənarı ilə eyni istiqamətdə gedən atın arxadan avtomobillə vurulması ancaq sürücününhazırki Cavabdeh təqsiri üzündən ola bilərdi.
25. Onun yanında (sürücünün) 9-cu sinifdə oxuyan oğlu da olub. Bəlkə də maşını bu uşaq sürüb qəza törədib. Digər hər hansı bir şahid də yoxdur. Hələ olan şahid-sürücü Cavabdeh yanında olan oğlu belə bu işdə dindirilməyib.
26. Məhkəmə qətnamə qəbul edərkən yalnız onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola əsaslanıb və səhv qənaətə gəlib ki, sən demə, magistral yolda baş verən yol-nəqliyyat hadisəsinin günahkarı həmin yolda maşın sürən sürücü yox, evində olan at sahibi imiş.
27. Baxın, işdə olan sağ yuxarı küncündə “41” yazılmış fotoşəkildən göründüyü kimi, avtomobilin qabaq şüşəsinin sürücünün sükanı önündən sınması (daha doğrusu, ovxalanması), yuxarıda da göstərdiyi kimi, avtomobilin atla toqquşmasından əmələ gəlmiş sağ tərəfdəki ovxalanma ilə heç bir əlaqəsi olmayan ovxalanmadır. Sürücü önündəki ovxalanmanın mərkəzi açıq-aydın sübut edir ki, bu ovxalanma mərkəzi küt alətlə zərbənin təsirindən əmələ gəlmişdir və sağ tərəfdəki ovxalanma ilə heç bir əlaqəsi yoxdur, orya at dəyməmişdir.
28. Digər tərəfdən, sağ küncündə “ 40” yazılmış fotoşəkildən göründüyü kimi, avtomobilin sürücü tərəfdən dal qapısının üzərindəki zərbə izləri də atla toqquşmadan əmələ gəlməmişdir.
29. Bəs, bu avtomabil harada bu zərbələrə məruz qalıb, hardan qaçırmış, hansı surətlə hərəkət edirmiş ki, idarə etməni itirib yolun kənarı ilə eyni istiqamətdə gedən atı arxadan vurub öldürmüşdür? Bütün bu hallar məhkəmə tərəfindən aydınlaşdırılmamış qalmışdır.
30. İşin müəmmalı hallarından biri də odur ki, bir qayda olaraq, yol-nəqliyyat hadisəsi baş verərkən avtomatik olaraq məhkəmə avto-texniki ekspertizası təyin olunur, amma bu işdə ekspertiza da təyin olunmayıb. Baxmayaraq ki, o, Şəki Apellyasiya Məhkəməsində icraat zamanı bu barədə vəsatət qaldırmışdır.
31. Mübahisələndirilən bu halda isə, yol-nəqliyyat hadisəsinin protokolu tərtib olunmamış, yol-nəqliyyat hadisəsinin hadisənin baş verdiyi yerdə yox, Şəki postunda tərtib olunmuş saxta sxemi və bir də sürücü- Cavabdeh yalan izahatı əsas götürülərək əsassız və qanunsuz qətnamə çıxarılmışdır. Ümumiyyətlə, yol-nəqliyyat hadisəsinin baş verdiyi yerdə heç bir sənəd tərtib olunmamış, heç bir müayinə aparılmamışdır, atın vurulma yerinin şəkilləri çəkilməmişdir. Yəni, Şəki postunda xəyalən tərtib olunmuş sənədlər onun barəsində inzibati xəta haqqında protokolun əsasına qoyula bilməzdi.
32. İşin hallarından göründüyü kimi, bu işdə bir yanda inzibati xəta haqqında işdən, o biri yanda da yol-nəqliyyat hadisəsi haqqında işdən söhbət gedir. Bu işlər biri digərini şərtləndirirsə də, mahiyyətcə tamamilə başqa-başqa işlərdir.
33. Belə ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətmiş şəxsin, yəni atı nəzarətsiz buraxıb evində oturan onun həm də magistral yolda yol-nəqliyyat hadisəsi törətməyi məsələsi hansı sağlam düşüncəyə, sağlam məntiqə sığan işdir?! Bunların hər ikisini o, törətmişdirsə, onda daha “tərəflər”, “iddiaçı-cavabdeh”, “açar sözlər: yol-nəqliyyat hadisəsi, atın vurulması” -kimi məsələlər nə deeməkdir?.
34. Belə isə, daha məhkəmələr nəyə imiş, YPX-nin əməkdaşı bir parça kağız yazardı ki, get bu məbləği bütün bu hadisələrin səbəbkarı olan avtomobil sahibi Cavabdeh ödə, vəssalam. Yox, əgər belə deyildisə, onda məhkəmə Cavabdeh soruşardı ki, ay cavabdeh, sən səs siqnalından istifadə etməmisən, tormozdan (əyləcdən) istifadə etməmisən, o boyda geniş və boş yolda maşını maneədən (atdan) qaçırmağa cəhd göstərməmisən və guya yolun sağ hərəkət hissəsinin düz ortasında və guya maşının qabaq bamperinin ortası ilə atı vurmusan, baxmayaraq ki, kapotun üstündəki emblem belə yerindədir. Axı, hadisələrin təbii axarı şəraitində belə bir qəfil hadisənin baş verməsi zamanı istənilən şəxs stress vəziyyətinə düşür.
35. Bəs, sən nə əcəb stress vəziyyətinə düşməmisən? Sən hardan bilibsən ki, vurub yıxdırdığın at sənin həmkəndlin X8 atıdır, maşını saxlayıb dərhal ona zəng eləmisən? Sən onun telefon nömrəsini necə əldə eləmisə? Axı, o, sənə telefon nömrəsi verməmişdir. Hadisənin Qax rayon ərazisində baş verməsinə baxmayaraq, sən Qax rayon YPX-nə yox, Şəki postuna zəng vurub ananın həmkəndliləri (Dəhnə kəndindən olan) YPX-nin əməkdaşlarını çağırmısan? Məhkəmə bütün bu halları araşdırmaq əvəzinə, əsassız olaraq göstərir ki, o, iddia tələbini əsaslandırmaq üçün heç bir sübut təqdim etməmişdir.
36. Axı, istinad etdiyi bu qanunda da deyilir ki, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Baxın, özünü qanan məktəb uşağından belə soruşsan ki, yol- nəqliyyat hadisəsini kim törədir? Uşaq birnəfəsə cavab verəcəkdir ki, əlbəttə, nəqliyyat vasitəsini idarə edən şofer (sürücü) törədir. Yəni, bu hamıya bəlli olan şeydir, ona görə də, bunun heç sübuta ehtiyacı yoxdur.
37. Göründüyü kimi, məhkəmə araşdırması qeyri-obyektiv və birtərəfli aparılmış, işin həqiqi faktiki halları araşdırılmamış iş üçün mühüm əhəmiyyəti olan hallar nəzərə alınmamış, yalnız inzibati qaydada tərtib olunmuş saxta protokola əsaslanaraq mülki iş üzrə əsassız və qanunsuz qətnamə çıxarılmışdır. Ona görə də, əsassız qətnamə ləğv edilməli və onun iddiasının təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməlidir.
38. İşin təhrif olunmuş halları qalsın bir yana, ortada olan həqiqi faktiki hallardan və fotoşəkillərdən də göründüyü kimi, bu iş qanuna uyğun formada araşdırılmamış və at sahibi kimi onun (inzibati qaydada məsuliyyəti öz yerində, onu o, qəbul edir) mülki icraat qaydasında məsuliyyət daşımağı məsələsi heç nə ilə sübuta yetirilməmişdir. Əksinə, yolnəqliyyat hadisəsinin (qəsd və ya ehtiyatsızlıq formasında) Cavabdeh tərəfindən törədilməsi sübuta yetirilmişdir.
39. İş materiallarından göründüyü kimi iş üçün əhəmiyyətli olan mühüm faktiki hallar aydınlaşdırılmamış, iş birtərəfli aparılmış və məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir.
40. Odur ki, Qax rayon Məhkəməsinin onun Cavabdeh qarşı “cavabdeh-Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində məhv olmuş atının dəyəri olan 2500 (iki min beş yüz) manat və iddia qaldırmaq üçün ödədiyi 45 (qırx beş) manat dövlət rüsumunun, cəmi 2545 (iki min beş yüz qırx beş) manat məbləğində pulun ondan alınaraq ona ödənilməsi tələbi”-nə dair iddiasının təmin edilməməsi haqqındakı 14 noyabr 2023-cü il tarixli, 2(024)-633/2023 nömrəli əsassız qətnaməsinin ləğv olunması və onun iddiasının təmin edillməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
42. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Qax rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(024)-633/2023 nömrəli qətnaməsinin ləğv olunması, onun Cavabdeh qarşı “cavabdehin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində məhv olmuş atının dəyərinin ödənilməsi tələbi”nə dair iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
43. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X9 İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Qax rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(024)-633/2023 nömrəli qətnaməsinin ləğv olunması, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
44. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Qax rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(024)-633/2023 nömrəli qətnaməsinin dəyişdirimədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1110-cu maddəsinin tələbinə görə, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir.
46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
47. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
49. Apellyator Qax Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(024)-633/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.
51. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
52. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır. Hazırki işdə də məhkəmə iddiaçının əmlakına zərər dəyməklə cavabdehin onun qarşısında “delikt – müqavilədənkənar” məsuliyyət yarandığı qənaətinə gəlmişdir.
53. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Bu iddianın maddi hüquqi əsasını Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri təşkil edir ki, birinci instansiya məhkəməsi də mübahisənin həllinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsini tətbiq etmiş, apellyasiya instansiya məhkəməsi də bu mövqe ilə razılaşır.
54. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı məxsus at xx.xx.2022-ci il tarixdə saat 09 radələrində X11 yolunun 82-ci km-də, yəni asfalt yolda Cavabdeh etibarnamə ilə idarə etdiyi “Mercedes Benz minik” markalı **-LS-*** dövlət nömrə nişanlı avtomobilin qarşısına çıxmış və nəticədə avtomobil atı vurmuşdur. Hadisə nəticəsində iddiaçıya məxsus at ölmüş, Cavabdeh idarə etdiyi “Mercedes Benz minik” markalı **-LS- *** dövlət nömrə nişanlı avtomaşının əzilməsi nəticəsində Cavabdeh 1160 manat ehtiyyat hissələri və 550 manat xidmət xərci olmaqla, ümumilikdə 1710 manat ziyan dəymişdir. Qax rayon Məhkəməsinin 3(024)-484/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı həmin hadisəyə görə Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qax rayon Məhkəməsinin 2(024)-40/2023 nömrəli xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən İddiaçı avtomobilin əzilməsi nəticəsində dəymiş ziyana görə 1710 manat və dövlət rüsumu olaraq ödənilmiş 39 manat məbləğində pulun alınıb iddiaçı Cavabdeh verilməsi qət edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsisi ilə Qax rayon Məhkəməsinin 2(024)- 40/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır.
56. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin yol-nəqliyyat hadisəsinin protokolunun tərtib olunmamasına, yol-nəqliyyat hadisəsinin hadisənin baş verdiyi yerdə yox, Şəki postunda tərtib olunmasına, yol-nəqliyyat hadisəsinin baş verdiyi yerdə heç bir sənəd tərtib olunmamasına, heç bir müayinənin aparılmamasına, atın vurulma yerinin şəkillərinin çəkilməməsinə, Şəki postunda xəyalən tərtib olunmuş sənədlər onun barəsində inzibati xəta haqqında protokolun əsasına qoyula bilməməsinə, at sahibi kimi onun mülki icraat qaydasında məsuliyyət daşımağı məsələsinin heç nə ilə sübuta yetirilməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2023-cü il tarixli, 2(107)-814/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Qax Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(024)-40/2023 nömrəli qətnaməsi mübahisələndirilən-iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2023-cü il tarixli, 2(107)-814/2023 nömrəli qətnaməsi ilə mübahisələndirilən-iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmış, qanuni qüvvəsini almış Qax Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(024)-40/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 09 radələrində iddiaçı Cavabdeh etibarnamə ilə idarə etdiyi “Mercedes Benz minik” markalı **-LS-*** dövlət nömrə nişanlı avtomobillə Qax rayonu Qıpçaq kəndindən yaşadığı Qax rayonu Qazmalar kəndinə gedərkən X11 yolunun 82-ci km-də qəflətən iddiaçının yoluna sahibsiz at çıxmış və at iddiaçının avtomobili ilə toqquşmuşdur. Hadisə nəticəsində Cavabdeh idarə etdiyi “Mercedes Benz minik” markalı **-LS-*** dövlət nömrə nişanlı avtomaşına 1160 manat ehtiyyat hissələri və 550 manat xidmət xərci olmaqla, ümumilikdə 1710 manat ziyan dəymişdir. Ona görə də Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin əlamətləri olduğu üçün cavabdeh barəsində inzibati tənbeh vermə haqqında protokol tərtib edilərək baxılması üçün Qax rayon Məhkəməsinə göndərilmiş və cavabdeh həmin maddə ilə təqsirli bilinərək 80 manat cərimə olunmuş, həmçinin Qax Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(024)- 40/2023 nömrəli qətnaməsinə əsasən iddianın qismən təmin olunması, cavabdeh İddiaçı dəymiş ziyana görə 1710 manat və dövlət rüsumu olaraq ödənilmiş 39 manat məbləğində pulun alınıb iddiaçı Cavabdeh verilməsi qət edilmişdir.
57. Məhkəmə kollegiyası şikayətin həmin dəlilləri ilə bağlı əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
58. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bəs, yol-nəqliyyat hadisəsini bilavasitə törətmiş Cavabdeh məsuliyyəti hanı, yol-nəqliyyat hadisəsinin (qəsd və ya ehtiyatsızlıq formasında) Cavabdeh tərəfindən törədilməsinin sübuta yetirilməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarında Cavabdeh yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinməsinə dair hər hansı bir sənəd mövcud deyildir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
59. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 09 radələrində X11 yolunun 82-ci km-də, yəni asfalt yolda etibarnamə ilə idarə etdiyi “Mercedes Benz minik” markalı **-LS-*** dövlət nömrə nişanlı avtomaşınla İddiaçı məxsus atı vurmasında təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməlinin olmasına dair hər hansı bir sübut mövcud deyildir və iddiaçı tərəfindən də məhkəməyə buna dair hər hansı bir sübut təqdim edilməmişdir.
60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin şahid-sürücü Cavabdeh yanında olan oğlunun bu işdə dindirilməməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarından iddiaçının kiminsə şahid qismində dindirilməsi ilə bağlı vəsatət verməsi halı müəyyən edilməmiş, məhkəmə kollegiyası tərəfindən də həmin şəxsin şahid qismində dindirilməsi zərurəti müəyyən edilməmişdir.
61. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.
62. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətində göstərdiyi yanaşmaları ilə razı olmadığını qeyd edərək, bildirir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslı deyildir.
63. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Qax Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(024)-633/2023 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
64. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(024)-633/2023 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.