Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-506/2022 14.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı evdən və torpaq sahəsindən kompensasiya verilməklə çıxarılma barədə mülki iş üzrə (Açar sözlər: istifadə hüququ, kompensasiya məbləği) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Ucar Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(063)-784/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh Qismət qızına qarşı kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflərindən cavabdehə 10000 manat kompensasiya ödənilmək müqabilində yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə onların xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onların mülkiyyətlərində ünvan 2 ünvanında torpaq sahəsi və fərdi yaşayış evi vardır. Lakin həmin torpaq sahəsinə və evə daxil ola bilmirlər. Bunun səbəbi isə həmin evdə İddiaçı3 keçmiş həyat yoldaşı Cavabdeh yaşaması və onların cavabdehlə birlikdə yaşamaqlarının mümkünsüzlüyüdür. Əlavə olaraq bildirir ki, Ucar Rayon Məhkəməsinin 18 dekabr 2014-cü il tarixli qətnaməsi ilə X2, X4 və X1 miras qalmış ünvan 2-də 0,0285 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 290.4 kv metr, o cümlədən yaşayış sahəsi 86.5 kv.metr olan 3 otaqlı yaşayış evini iddiaçının, X3 və İddiaçı3 vərəsə kimi qəbul etməkləri müəyyən edilmiş və həmin əmlakdan payları hər birinə 1/3 hissədə naturada bölünməsi qət edilmişdir. Qardaşı İddiaçı3 cavabdehlə 01 noyabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan iki uşaqları dünyaya gəlmişdir. Lakin cavabdehlə qardaşı İddiaçı3 xasiyyətləri uyğun olmadığından Ucar Rayon Məhkəməsinin 11 iyun 2015-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Bundan sonra cavabdehin mənzilə köçürülmə tələbi barədə iddiası təmin edilmiş, Ucar Rayon Məhkəməsinin 25 fevral 2016-cı il tarixli qətnaməsi ilə cavabdeh himayəsinə verilmiş uşaqları Məhruzə və Əsma ilə birlikdə İddiaçı3 ilə nikah münasibətlərində olduğu zaman yaşadığı və hal-hazırda qeydiyyatda olduğu ünvan 1 saylı evə köçürülməsi qət edilmişdir. Əvvəllər də o, məhkəməyə müraciət edərək, 3600 manat məbləğində kompensasiya təklif etmiş, lakin Ucar Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədə göstərilmişdir ki, onun təklif etdiyi kompensasiya yaşayış tələblərinə mütənasib və yetərli deyildir. Hazırda cavabdehə 10000 manat kompensasiya təklif olunmuşdur və həmin kompensasiya da cavabdehin uşaqları ilə birlikdə davamlı surətdə yaşamalarına kifayət edir, həmçinin həmin kompensasiya Ucar şəhərində mənzil almaq üçün də yetərlidir, iş üzrə verilmiş rəydən də görünür ki, mülkiyyətlərində olan fərdi yaşayış evinin hazırki dəyəri 39.500 manat, analoji evlərdə mövcud kirayə haqqı isə 130 manat təşkil edir. Cavabdehlə bir evdə yaşamaları mümkün deyildir, təklif etdikləri kompensasiya iş üzrə cavabdehin uşaqları ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir və bu hal mülkiyyətçinin öz hüquqlarını real surətdə hüquqi cəhətdən realizə etmək imkanı yaradır. Hazırda cavabdehin istifadə hüququ onların mülkiyyət hüquqlarını məhdudlaşdırdığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Birinci instansiya məhkəməsində icraat Ucar Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 2(063)-784/2021 saylı qətnaməsi ilə (hakim H.Xəlilov) iddia tələbinin təmin edilməsi, Cavabdeh 10.000 (on min) manat məbləğində kompensasiya verilməklə yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 xüsusi mülkiyyətlərində olan ünvan 3 ünvanında yerləşən torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh İddiaçı3lə 01 noyabr 2008-ci ildə ailə qurmuşlar, cavabdeh hazırda iddiaçılara məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçərək orada yaşayır. Birgə nikahlarından 04 avqust 2009cu ildə Məhruzə və 09 dekabr 2013-cü ildə Əsma adlı övladları anadan olmuşlar, sonradan Ucar Rayon Məhkəməsinin 11 iyun 2015-ci il tarixli qətnaməsi ilə X7 ilə İddiaçı3 arasında olan nikah pozulmuş, uşaqların anasının himayəsində saxlanılması və onların saxlanması üçün aliment tutulması müəyyən edilmişdir. Daha sonra G.Hacıyeva evə köçürülmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Ucar Rayon Məhkəməsinin 25 fevral 2016-cı il tarixli, 2(063)-43/2016 saylı qətnaməsi ilə X5 uşaqları Məhruzə və Əsma ilə birlikdə cavabdeh İddiaçı3 ilə nikah münasibətlərində olduğu zaman yaşadığı və hal-hazırda qeydiyyatda olduğu ünvan 4 saylı evə köçürülməsi qət edilmişdir. Həmçinin, iş materiallarında olan Ucar Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli, 2(063)-76/2018 saylı qətnaməsinə əsasən İddiaçı2 Cavabdeh qarşı kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbi barədə iddiası təmin edilməmişdir. Həmin qətnaməyə əsasən İddiaçı2 Cavabdeh 3600 manat kompensasiya təklif etmişdir. Hazırda isə iddiaçılar-mülkiyyətçilər cavabdehə 10.000 manat kompensasiya verilməklə uşaqları ilə birlikdə torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmaları tələbi ilə məhkəməyə müraciət etmişlər. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır: Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmçinin, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Hazırki iddia üzrə cavabdehin iddiaçıların xüsusi mülkiyyətində olan fərdi yaşayış evində yaşadığından və hazırda mülkiyyətçiləriddiaçılar cavabdehin onların xüsusi mülkiyyətində olan yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun onların mülkiyyət hüququnu məhdudlaşdırdığından müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini xahiş etdiklərindən, cavabdehə müvafiq kompensasiya verilməsi yolu ilə yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən və fərdi yaşayış evndən çıxarılmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq bu nəticəyə gəlir ki, mülkiyyətçilərin təklif etdikləri kompensasiya istifadəçiyə-cavabdehə uşaqları ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə, əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək və qanunvericiliyin qeyd olunan tələblərinə əsaslanaraq hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh 10.000 (on min) manat məbləğində kompensasiya verilməklə yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 xüsusi mülkiyyətlərində olan ünvan 4 ünvanında yerləşən torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 228.1, 228.2, 217.2-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2011-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyətləri onunla əsaslandırılmışdır ki, cavabdehlə İddiaçı3 birgə nikahlarından anadan olmuş 04.08.2009-cu il təvəllüdlü Məhruzənin və 09.12.2013-cü il təvəllüdlü Əsmanın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Ucar Rayon Məhkəməsinin 2(063)-192/2015 saylı, 11.06.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı3 hər ay hər uşağa görə 70 manat, ümumilikdə hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmiş və Ucar Rayon Məhkəməsinin 2(063)-1263/2017 saylı, 14.12.2017-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 100 manat, ümumilikdə isə hər ay 200 manat sabit pul məbləğində alimentin tutulmasının müəyyən edilmiş və icraya yönəldilmişdir. Lakin, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi icra edilməmiş, borclu İddiaçı3 icra sənədi üzrə heç bir ödəniş etmədiyinə görə bu günə kimi 14.500 manat məbləğində aliment borcu yaranmışdır. Ona görə də barəsində X8 protokol tərtib edilmiş və Ucar Rayon Məhkəməsinin 01.08.2018-ci il tarixli X8 X13 ilə cavabdeh İddiaçı3 AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Lakin, buna baxmayaraq İddiaçı3 yenə də bu günə kimi aliment borcunu ödəməmişdir. AR ƏMDKY DƏDRX-in 16 saylı Ucar Ərazi İdarəsindən Ucar Rayon İcra və Probasiya Şöbəsinə təqdim edilmiş arayışda göstərilir ki, İddiaçı3 adına ünvan 1 ünvanında paylı mülkiyyətdə 1/3 hissə yaşayış evi və 1/3 hissə torpaq sahəsi 0,0285 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ucar Rayon İcra və Probasiya Şöbəsindən verilmiş 21809/2018 saylı, 04.08.2021-ci il tarixli cavab məktubunda isə göstərilir ki, 19.07.2021-ci il tarixə borclu İddiaçı3 13300 manat məbləğində aliment borcu vardır, lakin onun adına tələbin yönəldilməsi mümkün olan hər hansı əmlak yoxdur. Hazırda, ona qarşı qaldırılmış iddia tələbində sözügedən fərdi yaşayış evində və torpaq sahəsində iddiaçı (borclu) İddiaçı3 da mülkiyyət payı olduğuna görə, həmin mülkiyyət payının ona güzəştə gediləcəyi təqdirdə, aliment borcundan və ona veriləcək kompensasiyadan imtina edə bilər. Yəni, aliment borcu və ona veriləcək kompensasiya məbləği ilə borclu İddiaçı3 mübahisəli evdə və torpaq sahəsində olan mülkiyyət payının əvəzləndirilməsini məqsədə müvafiq hesab edir. Çünki, kompensasiya kimi veriləcək 10.000 manat məbləğində pula hesab edir ki, yaşadığı Ucar şəhərində bütün kommunal xidmətləri olan normal şəraitli ev ala bilməyəcək. İki azyaşlı qız uşağı ilə müxtəlif ünvanlarda kirayədə yaşamaq onunçün çox çətindir. İddia ərizəsinə qarşı verilmiş etirazında bu barədə bildirsə də, məhkəmə nəzərə almamışdır. Ona görə də məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istəyir ki, İddiaçı1 və qeyriləri tərəfindən ona təklif olunan 10.000 manat məbləğində kompensasiya mövcud bazar qiymətləri şəraitində onun və azyaşlı uşaqlarının hazırda yaşadıqları evə uyğun yaşayış sahəsi ilə təmin olunmaqları üçün yetərli deyildir. Onlara yaşayış sahəsi lazımdır, kompensasiya yox. Hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılsa da, ədalətli sayıla bilməz. Ucar Rayon Məhkəməsi qeyd olunan prosessual normaların tələblərini pozaraq tam və obyektiv məhkəmə araşdırması aparmadan ədalətsiz qətnamə qət etmişdir. Ona görə də o, məhkəmə kollegiyasından Ucar Rayon Məhkəməsinin 2(063)- 784/2021 saylı, 09.12.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qət edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı1 teleqram ünvanlayaraq xəstəliyi səbəbindən məhkəmə kollegiyasının iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər iddiaçılar İddiaçı3, İddiaçı2 və Cavabdeh Qismət qızı məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinin tələbinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Hüququn tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı; R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə”...mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır... Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır....” Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir, Ucar Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(063)-784/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ucar Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 2(063)-784/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh Qismət qızı İddiaçı3 keçmiş arvadıdır. O, həmin mənzildə övladları ilə birlikdə yaşayır. Ucar Rayon Məhkəməsinin 25 fevral 2016-cı il tarixli, 2(063)-43/2016 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmiş, X5 uşaqları Məhruzə və Əsma ilə birlikdə cavabdeh İddiaçı3 ilə nikah münasibətlərində olduğu zaman yaşadığı və hal-hazırda qeydiyyatda olduğu Ucar şəhəri Koroğlu küçəsi 48 saylı evə köçürülməsi qət edilmişdir. İş materiallarında olan RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında 0.0285 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 268.6 kv.m olan fərdi yaşayış evi iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin adına fərdi yaşayış evi və torpaq sahəsi hər birinin üçdə bir hissədə payı olmaqla daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 99 nömrəli vərəqində 23 oktyabr 2017-ci ildə qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddianı təmin etməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Apellyator apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, Ucar Rayon Məhkəməsininj qətnaməsnə əsasən azırki iş üzrə İddiaçı3 onun xeyrinə uşaqların saxlanması üçün hər ay aliment tuyulması qət edilmişdir. Lakin o alimenti ödəmir, onun hazırda ona 14500 aliment borcu var. Məhkəmə kollegiyası cavabdehin şikayətinin bu dəlilinə əsasən qeyd edir ki, alimentin tutulmaı hazırki mülki işin predmeti deyildir. Alimentin tutulması ilə bağlı qanuni qüvvəsini almış qətnamə artıq mövcuddursa, icrası icra şöbəsi tərəfindən həyata keçirilməlidir. Yəni alimentin ödənilməməsinin hazırki mülki işə heç bir aidiyyatı yoxdur. Həmçinin apellyator apellyasiya şkayətinin digər dəlilində bildirir ki, ona qarşı qaldırılmış iddia tələbində sözügedən fərdi yaşayış evində və torpaq sahəsində İddiaçı3 da mülkiyyət payı olduğuna görə, həmin mülkiyyət payının ona güzəştə gediləcəyi təqdirdə, aliment borcundan və ona veriləcək kompensasiyadan imtina edə bilər. Yəni, aliment borcu və ona veriləcək kompensasiya məbləği ilə borclu İddiaçı3 mübahisəli evdə və torpaq sahəsində olan mülkiyyət payının əvəzləndirilməsini məqsədə müvafiq hesab edir. Çünki, kompensasiya kimi veriləcək 10000 manat məbləğində pula hesab edir ki, yaşadığı Ucar şəhərində bütün kommunal xidmətləri olan normal şəraitli ev ala bilməyəcək. Kollegiya şikayətin həmin dəlilləri ilə də razılaşmır. Belə ki, apellyator ona veriləcək 10000 manat kompensasiya məbləğini az hesab etsə də, məhkəmə kollegiyasının araşdırması zamanı həmin məbləğin yetərli və ədalətli məbləğ olduğu müəyyən edilmişdir. Həmçinin məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müyyən etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli evin bazar qiyməti aylıq kirayə haqqının müəyyən edilməsi üçün ekspertiza təyin edilmişdir. "xxxx" MMC-nin qiymətləndirmə hesabatından görünür ki, İddiaçı2 və başqalarına məxsus Ucar şəhəri, Koroğlu küçəsi ünvanında mülkiyyətdə olan 0.0285 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı 48 nömrəli fərdi yaşayış evinin hazırkı bazar dəyəri 39500 manat və analoji evlərdə mövcud aylıq kirayə haqqı 130 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında əks olunmuş hüquqi mövqeyinə görə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüququ təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında əks olunmuş hüquqi mövqeyinə görə eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində mülkiyyət hüququ (o cümlədən yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququ mövcud olduğu halda həmin şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, mütənasibliyi, habelə həmin hüquqların həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsi məsələsi ilə bağlı əks olunmuş hüquqi mövqeyinə görə mülkiyyət hüququ yaşayış sahəsindən istifadə hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Yuxarıda qeyd edilən Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Plenumun hüquqi mövqeyinə görə Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməli, mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Birinci instansiya məhkəməsinin əldə etdiyi rəydən görünür ki, oxşar şəraitli mənzillə bağlı aylıq kirayə haqqı 130 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar cavabdehə veriləcək kompensasiyanın məbləğini 10000 manat müəyyən etmişdir. Eyni zamanda həmin məbləğ (kompensasiya) hazırki bazar qiymətinə uyğundur. Həmçinin cavabdehə təklif edilən 10000 manat məbləği həmin cavabdehlərin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün kifayətdir. Odur ki, belə bir vəziyyətdə həmin məbləğin verilməsi ilə cavabdehin mübahisəli evə istifadə hüququna xitam verilməsi cavabdehin mənzil hüquqlarını pozmuş olmayacaqdır. Göründüyü kimi, hazırki iddia tələbi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarında formalaşdırdığı hüquqi mövqeyə uyğundur. Belə ki, formalaşmış bu hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyətçinin əmlakı barəsində sərəncam vermək hüququna təminat verməklə yanaşı onun real olaraq həyata keçirilməsi imkanına da şərait yaratmışdır. Ona görə də məhkəmə kollegiyası iddiaçılar tərəfindən cavabdehə 10000 manat məbləğində kompensasiya verilməsini ədalətli və ağlabatan hesab edir. Beləliklə, apellyasiya şikayətində qeyd olunmuş dəlillər birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin ilk iddia tələbi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Ucar Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tаrixli, 2(063)-784/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ucar Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tаrixli, 2(063)-784/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-506/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-506/2022
14.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver