Məhkəmə qərarları › İş №2(107)-508/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-508/2023

15.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-508/2023 15.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi, ekspertiza) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X10 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X16 qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-172/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3000 manat borcun və 50 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, özünə məxsus kənd təsərüffatı torpaq sahəsində xurma meyvəsi yetişdirərək satır, 2021-ci ilin noyabr-dekabr aylarında Cavabdeh ondan bağında yetişdirdiyi xurma məhsulunu nisyə almaq istəmişdir. Coşquna xurma məhsulunun hər yeşiyi üçün 7 manat pul ödəməli olduğunu bildirmiş, bundan sonra Coşqunla aralarında şifahi olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Coşqun ondan aldığı xurma məhsulunun dəyərinin 01 ay müddətinə qaytaracağını öz öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixdə həyətindən 450 yeşik xurma məhsulunu hər yeşiki 07 manat olmaqla 3150 manata Cavabdeh nisyə satmışdır. Aralarında olan razılıqdan 01 ay keçdikdən sonra cavabdeh müxtəlif bəhanələr gətirərək xurma məhsulunun dəyərini ona ödəməkdən yayındı. Bu barədə cavabdehin atasına bildirsə də, Coşqunun işinə qarışmayacağını bildirmiş, lakin borclu olduğu 3150 manatdan 150 manatını ona qaytarmışdır. Cavabdehlə qalan 3000 manat pulun qaytarılması barədə aralarında telefon danışıqları olmuş, cavabdeh ona borclu olduğu pulu qaytaracağını bildirmiş, lakin bu vaxtadək pulu qaytarmamışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı birinci instansiya məhkəməsində məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

4. Cavabdeh iddiaya etiraz ərizəsində göstərmişdir ki, o İddiaçı xurma məhsulu almamışdır. İddiaçı həmin xurma məhsulunu “ŞULU” ləqəbli X8 almışdır. Həmçinin o İddiaçı heç vaxt 150 manat ödəməmişdir. Həmin 150 manat pulu İddiaçı X8 ödəmişdir. “ŞULU” ləqəbli X8 təkcə İddiaçı deyil, digər kənd sakinləri X2 və X7 da xurma məhsulu almış, X1 Bəhruz Bəxtiyar oğlunun və X9 pulunu vermiş, lakin İddiaçı pulunu verməmişdir. O X5 müdiri Əliağanın sürücüsü işləmiş, heç bir alqı-satqı işlərində iştirak etməmiş, İddiaçı qarşısında heç bir öhdəliyi yoxdur. İddiaçı iddia ərizəsində “onunla aralarında şifahi olaraq nisyə alqı satqı müqaviləsi bağlanmışdır” qeyd etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı Əliağadan və onun işçisi X3 qorxduğuna görə, onlara qarşı deyil, ona qarşı iddia qaldırmışdır.

5. Cavabdeh birinci instansiya məhkəməsində məhkəmə iclasında iddiaya etiraz ərizəsində göstərdiyi xüsusatları müdafiə edərək tələbin rədd edilməsini xahiş etmişdir.

6. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-172/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 3000 manat məbləğində pul və 50 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir.

7. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı Cavabdeh 2021-ci ilin noyabr ayında 3150 manat dəyərində xurma məhsulunu nisyə satmışdır. Cavabdehin atası tərəfindən həmin puldan 150 manat iddiaçıya ödənilmişdir. İddiaçı Cavabdeh borclu qaldığı 3000 manat pulu müxtəlif bəhanələr gətirərək qaytarmaqdan boyun qaçırdığını əsas gətirərək, cavabdehdən 3000 manat borclu olduğu pulun alınaraq ona verilməsini xahiş edir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, İddiaçı Cavabdeh ilə aralarında olan şifahi nisyə alqı-satqı müqaviləsinə əsasən 3150 manat dəyərində xurma məhsulunu Cavabdeh nisyə satmışdır. Cavabdehin hal-hazırda iddiaçıya ödənilməmiş 3000 manat borcu qalmışdır. İddiaçı məxsus 3000 manat məbləğində pul vəsaiti Cavabdeh qanunsuz sahibliyində qalmışdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 442, 600.1-ci maddələri, "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarı, "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti vermişdir. 11.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o Göyçay Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir.

12. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni sayıla bilməz.

13. Hesab edir ki, İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia tələbi əsassızdır.

14. Belə ki, İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə hər yeşiki 07 manat olmaqla 450 yeşik 3150 manat dəyərində xurma məhsulunun Cavabdeh verilməsi barədə iş materiallarında heç bir sübut yoxdur.

15. Qeyd edir ki, Cavabdeh İddiaçı xurma məhsulu almamışdır. İddiaçı həmin xurma məhsulunu “ŞULU” ləqəbli X8 almışdır. Həmçinin Cavabdeh İddiaçı heç vaxt 150 manat ödəməmişdir. Həmin 150 manat pulu İddiaçı X8 ödəmişdir. “ŞULU” ləqəbli X8 təkcə İddiaçı deyil, digər kənd sakinləri X2 və X7 da xurma məhsulu almış, X1 Bəhruz Bəxtiyar oğlunun və X9 pulunu vermiş, lakin İddiaçı pulunu verməmişdir. Cavabdeh X5 müdiri Əliağanın sürücüsü işləmiş, o, heç bir alqı-satqı işlərində iştirak etməmiş, İddiaçı qarşısında heç bir öhdəliyi yoxdur. İddiaçı iddia ərizəsində “Coşqunla aramızda şifahi olaraq nisyə alqı satqı müqaviləsi bağlanmışdır” qeyd etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı Əliağadan və onun işçisi X3 qorxduğuna görə, onlara qarşı deyil, ona qarşı iddia qaldırmışdır.

16. Göründüyü kimi məhkəmə Mülki Məcəllənin 157.2-ci, 442-ci və 600.1-ci maddələrinin tətbiqində səhvə yol vermiş, bununla da birinci instansiya məhkəməsi tərəfindən (Mülki Məcəllənin 157.2-ci, 442-ci və 600.1-ci maddələrinin) maddi hüquq normasının tətbiqində səhvə yol verilmiş və Cavabdeh hüququnun pozulması ilə nəticələnən qanunsuz qətnamə qəbul edilmişdir.

17. Qeyd edir ki, iş materiallarından göründüyü kimi məhkəmə iddia üzrə belə nəticəyə gəlmişdir ki, məhkəməyə təqdim edilmiş CD diskə yazılmış telefon danışıqlarından görünür ki, Cavabdeh mahiyyət etibarı ilə iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatları etiraf etmişdir. Həmin səs yazılarında Cavabdeh İddiaçı 3150 manat dəyərində xurma məhsulunu nisyə aldığı etiraf edir, həmin pulu yaxın müddət ərzində ödəyəcəyini bildirir. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni sayıla bilməz. Ona görə ki, məhkəmə sübut kimi telefon danışıqlarına istinad etmişdir. Qeyd edir ki, məhkəməyə təqdim edilmiş CD diskə yazılmış telefon danışıqlarındakı səs Cavabdeh deyil, başqa şəxsə məxsusdur. Məhkəməyə təqdim edilmiş CD diskə yazılmış telefon danışıqlarındakı səsin Cavabdeh məxsus olması barədə iş materiallarında heç bir sübut yoxdur.

18. Göründüyü kimi hazırki işdə məhkəmə qətnaməni əsaslandırmamış, qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənmiş, bununla da MPM-nin 217-ci maddəsinin tələblərini pozmuşdur.

19. Göyçay rayon Məhkəməsinin 2(046)-172/2023-nömrəli,23 yanvar 2023-cü il tarixli qətnaməsindən görünür ki, qətnamə, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlmir. Baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, qətnamədə göstərilən hallar işin materiallarına uyğun gəlmir.

20. Odur ki, qeyd edilənləri nəzərə alaraq, Göyçay rayon Məhkəməsinin 2(046)- 172/2023-nömrəli, 23 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-172/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, iddia tələbinin isə təmin edilməməsini xahiş etmişdir.

24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh və onun nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

25.Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. 406.1-ci maddəsinin tələbinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598-ci maddəsinə görə, əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanın qiymətini vaxtında ödəmirsə, satıcı əşyanın qiymətini ödəməyi tələb edə bilər. 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya şikayətindən görünür ki, apellyator Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-172/2023 saylı qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin tam ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından tam düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə tam ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq yuxarıda qeyd edildiyi qaydada tam təmin etmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-172/2023 saylı qətnaməsi qismən ləğv edilməli, ləğv edilən hissə üzrə yeni qətnamə qəbul edilməlidir.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

31. Kollegiyanın iclasında müəyyən edilmişdir ki,İddiaçı Cavabdeh ilə aralarında olan şifahi nisyə alqı-satqı müqaviləsinə əsasən 3150 manat dəyərində xurma məhsulunu Cavabdeh nisyə şəkildə satmışdır. Satılmış məhsulun dəyərindən 200 manatı ödənilsə də cavabdehin hal-hazırda iddiaçıya ödənilməmiş 2950 manat borcu qalmışdır.

32. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə tam razılaşmır.

33. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq ilk növbədə qeyd edir ki, iddiaçı hazırki mübahisə ilə bağlı məhkəməyə müraciət etməkdə qismən haqlıdır.

34. Belə ki, apellyator apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə hər yeşiyi 07 manat olmaqla 450 yeşik 3150 manat dəyərində xurma məhsulunun Cavabdeh verilməsi barədə iş materiallarında heç bir sübut yoxdur.

35. Lakin mülki iş materiallarına əlavə edilən İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında təqdim etdiyi CD diskdə olan İddiaçı ilə Cavabdeh arasında aparılan telefon danışıqlarından aydın olur ki, cavabdehin iddiaçıya 2950 manat məbləğində borcu qalmışdır.

36. Belə ki, tərəflər arasında aparılan telefon danışıqları zamanı iddiaçı onun cavabdehə hər yeşiyinin dəyəri 7 manat olmaqla cəmi 3150 manat dəyərində 450 yeşik xurma məhsulunu satdığını, cəmi 3150 manatlıq nisyə şəkildə satılmış xurmanın dəyərindən 200 manatının ödənildiyini, beləliklə cavabdehin ona 2950 manat məbləğində borcunun qaldığını ifadə edir, cavabdeh isə iddiaçı ilə razıralaşaraq həqiqətəndə iddiaçıya 2950 manat məbləğində borcunun olmasını etiraf edir.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə sübut kimi telefon danışıqlarına istinad etdiyindən məhkəmənin gəldiyi nəticənin qanuni sayıla bilməməsinə dair dəlilini əsassız hesab edərək qeyd edir ki, «N.Əsədovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır.

38. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.

39. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında təqdim etdiyi CD diskdə qeydə alınan telefon danışıqlarını əsaslı sübut olaraq qiymətləndirmişdir.

40. Eyni zamanda apellyasiya şikayətində qeyd edilmişdir ki, məhkəməyə təqdim edilmiş CD diskə yazılmış telefon danışıqlarındakı səs Cavabdeh deyil, başqa şəxsə məxsusdur. Məhkəməyə təqdim edilmiş CD diskə yazılmış telefon danışıqlarındakı səsin Cavabdeh məxsus olması barədə iş materiallarında heç bir sübut yoxdur.

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Apellyasiya şikayətinin dəlilləri əsaslı olmalı, şübhə yaratmamalıdır. Şübhəli, işdə olan sənədlərlə təkzib edilən dəlil isə əsaslı hesab edilə bilməz.

42. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin iddiaçının ondan tələb etdiyi 3000 manatın 50 manatına dair hissəsinin əsassızlığına dair dəlilləri ilə razılaşsa da, apellyasiya şikayətinin dəlilləri 2950 manat məbləğində pulun ondan tutulmasında məhkəmənin doğru nəticəyə gəlməməsi hissəsində əsassızdır.

43. Belə ki, məhkəmə kollegiyası mülki işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə, İddiaçı birinci instansiya məhkəməsinə təqdim etdiyi CD disklərdə qeydə alınmış telefon danışıqlarının Cavabdeh məxsusluğunun müəyyən edilməsi ilə bağlı məhkəmə-fonoskopik ekspertizası təyin etmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Lakin cavabdeh ekspertiza keçirilməsi ilə əlaqədar eksperimental səs və nitq nümunələrini təqdim etməkdən yayındığı üçün ekspert rəy verilməsindən imtina etmişdir. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Bu baxımdan məhkəmə kollegiyası İddiaçı ilə telefon danışığında iddiaçıya pul borcunun qaldığını etiraf edən şəxsin Cavabdeh olmasını qəbul edən birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır.

44. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin hazırkı iş üzrə cavabdeh məhkəmə kollegiyasına apellyasiya şikayətinin dəlillərini tam sübut edəcək sənəd təqdim etməmiş, həmçinin məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın keçirilməsindən imtina etmişdir.

45. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

46. Mülki prosessual qanunvericiliyə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddianın tələb edilən 50 manat hissəsinə münasibətdə belə bir sübut olmadığına görə kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.

47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən nisyə satılmış xurma məhsulunun dəyəri olan 50 manatla bağlı hissə istisna olmaqla qalan hissədə iddiaya düzgün hüquqi qiymət verilmişdir. Belə ki, CD diskdə olan telefon danışıqlarının Cavabdeh məxsus olduğunun müəyyən edilməsi onu deməyə əsas verir ki, iddiaçı cavadehdən ödənilməmiş 2950 manat məbləğində borcunu və iddia tələbi ilə bağlı ödənilmiş dövlət rüsumunu tələb etməkdə haqqlıdır.

48. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-172/2023 saylı qətnaməsi qismən yəni, iddianın təmin olunmuş, “Cavabdeh 50 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi “Cavabdeh 50 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi” hissəsində rədd edilməlidir. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-172/2023 saylı qətnaməsi qismən yəni, yəni, iddianın təmin olunmuş, “Cavabdeh 50 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi “Cavabdeh 50 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi” hissəsində rədd edilsin. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar