Məhkəmə qərarları › İş №2(107)-510/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-510/2021

24.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-510/2021 24.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlunun (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “istehlakçı hüquqlarının müdafiəsi tələbinə dair” mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(014)-1556/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin (hakim Famil Nəsibov) xx xxxxxxx 2020-ci il tarixli, 2(014)-1556/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh İBin X1 İstismar İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı xx xxxxxx 2019-cu il tarixli aktına əsasən əsassız hesablanaraq İddiaçı **********02920 saylı abonent koduna itirilmiş qazın dəyəri kimi vurulmuş 270 manat (iki yüz yetmiş manat) borcun silinməsi, Cavabdeh İB-dən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh İB-nə qarşı istehlakçı hüquqlarının müdafiəsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB-nin X1 İstismar İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktına əsasən əsassız hesablanaraq onun abonent koduna vurulmuş 270 manat borcun silinməsi və 2020-ci ilin aprel ayında əsassız hesablanmış 1252,80 manat məbləğin azaldılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, onunla cavabdeh təşkilatın X2 Sahəsi arasında bağlanmış Təbii qazla təmin edilməsi, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında müqaviləyə əsasən istehlakçı kimi cavabdeh təşkilat tərəfindən təbii qazla təmin edilmiş, ev təsərrüfatında sərf etdikləri təbii qaza görə nəzarətçi tərəfindən verilmiş bildirişdə göstərilən məbləği vaxtlı-vaxtında cavabdeh təşkiların hesabına ödəmişdir. Onun yaşayış sahəsinə təbii qaza görə sayğac həyətdə yox, həyət divarından çöl tərəfdə quraşdırılmışdır və sayğac kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməmişdir. Bildirir ki, Cavabdeh İB-nin X1 İstismar İdarəsinin əməkdaşları yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirmiş, sayğacın ekranından şübhələndikləri üçün həmin sayğacı çıxararaq yenisi ilə əvəz edib bu barədə akt tərtib etmişlər. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxxx 2019-cu il tarixli akt tərtib edilmiş və həmin akta əsasən sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi aşkar edilmişdir. Odur ki, cavabdeh tərəfindən sayğaca etmədiyi müdaxilə ilə əlaqədar ona əsassız olaraq hesablanmış 270 manat borc yazılmışdır. Qeyd etmək istəyir ki, onun sayğacı evinin həyətindən kənarda yerləşdiyi, yəni küçədə qurraşdırıldığı və qoruyucu qutuda olmadığı üçün onun zədələnməsinə görə nə o, nə də ki, onun ailəsi məsuliyyət daşımır. Həmçinin qeyd etmək istəyir ki, Cavabdeh İB-nin X1 İstismar İdarəsinin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxx 2020-ci il tarixli akt tərtib edilmiş və həmin akta əsasən guya ki, onun tərəfindən kənar qanunsuz birləşmədən istifadə edilməsi aşkar edilmişdir. Bildirir ki, o, heç vaxt kənar xətt vasitəsi ilə təbii qazdan istifadə etməmişdir və etsəydi belə, bu nəzarətçi tərəfindən dərhal aşkar olunardı. Həmçinin nəzərə çatdırmaq istəyir ki, kənar xətdən istifadə nəticəsində hesablanmış borc məbləği 90 günə münasibətdə hesablanaraq yazılmışdır. Halbuki, bu tamamilə əsassdır... Odur ki, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh İB-in nümayəndəsi V.Heydərov iddianı qəbul etməyərək bildirmişdir ki, Cavabdeh İB-in X1 İstismar İdarəsinin Ağdaş Xidmət Sahəsinin əməkdaşları iddiaçıya məxsus fərdi yaşayış evindən kənarda, yəni küçədə qurraşdırılmış və qoruyucu qutuda olmayan məişət qaz sayğacına baxış keçirən zaman sayğacı növbədənkənar dövlət yoxlamasından keçirilməsi üçün açaraq götürmüşlər. Bununla bağlı akt tərtib edilmişdir. Ünvandan açılmış Elster-G4 markalı 10008511 nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, ARDNŞnin İTRİ tərəfindən tərtib edilmiş Akta əsasən kənar təsir nəticəsində sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi aşkar edilmiş, sayğac istismara yararsız hesab edilmişdir. Həmin Akt əsasında xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin idiaçının (abonentin) evində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə görə hesablanması məqsədi ilə Cavabdeh İB-nin Zaqatala RQİİnə göndərilmişdir. Həmin akta əsasən Zaqatala RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək İddiaçı Ağdaş XS-nin abonent bazasındakı **********02920 nömrəli abonent koduna 270 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. İddiaçının abonent koduna hesablanaraq vurulmuş 270 manat məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmadan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Müdaxilə olunma ehtimalı ilə açılan qaz sayğacı ilə yerinə quraşdırılmış yeni qaz sayğacı arasında təbii qaz sərfiyyatındakı fərqə baxdıqda iddiaçının qaz sayğacına müdaxilədən xəbərdar olması aydın görünür. Həmçinin nəzərə çatdırmaq istəyir ki, cavabdehə məxsus fərdi yaşayış evində istismarda olan qaz sayğacından kənar əlavə xətt ilə şəbəkəyə qoşulmaqla qazdan qanunsuz istifadə halı aşkar edilmişdir. Belə ki, xx xxxxx 2020-ci il tarixdə qeydə alınmış sayğacdan kənar xətt vasitəsi ilə istehlakçı faktiki istifadə etdiyi təbii qazın uçotunun aparılmasına maneələr yaradır və nəticədə bu yolla qazdan istifadənin əsl dəyərini gizlətməkdədir. Faktla bağlı qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxx 2020-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin qərarı ilə 1252,80 manat müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Hesab edir ki, iddia əsassızdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(014)-1556/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi tam, obyektiv və hərtərəfli araşdırmamış, buna görə də düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, tərəfindən qaldırılmış iddia ərizəsində evində aşkar edilmiş sayğacdan kənar əlavə xətdən istifadəyə görə hesablanmış məbləğin tam silinməsini deyil, azaldılmasını xahiş etmiş və ərizəsində qeyd etmişdir ki, istifadə edilən qaz cihazlarının 90 gün müddətində hesablanması qanunsuzdur. Çünki onun mənzilinə hər ay ən azı 1 dəfə (əksərən isə ayda 2 dəfə) baxış keçirilir, qaz sayğacının sərfiyyatı götürülərək bildiriş verilir. Ayda ən azından bir dəfə baxış keçirilərkən onun ünvanında əvvəllər də sayğacdan kənar əlavə qaz xəttindən istifadə edilmiş olsaydı, bu, nəzarətçi tərəfindən aşkar edilmiş olardı. Ona görə də hesablanmış məbləğ 90 gün üçün deyil, ən çoxu 30 gün müddəti üçün hesablanmalı idi. Bundan başqa, Cavabdeh İB tərəfindən abonentlərə cərimələrin hesablanması heç bir qanunla tənzimlənmir, sadəcə olaraq SOCAR-ın daxilində cərimələrin hesablanması qaydası mövcuddur ki, bu qaydalar da heç bir yerdə qeydiyyatdan keçmədiyinə görə istehlakçılar üçün məcburi hesab edilmir. Baxmayaraq ki, Cavabdeh İB ona verilməmiş hüquqlardan sui-istifadə etmişdir və bu açıq-aydın görünür, qətnamə çıxarılarkən bu nəzərə alınmamış və nəticədə də maddi hüquq normalarının pozulması ilə qətnamə çıxarılmışdır. Ona görə də hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(014)-1556/2020 nömrəli qətnaməsi qismən ləğv edilməli, iddiası “2020-ci ilin aprel ayında əsassız hesablanmış 1252.80 manat məbləğin azaldılması” hissəsində də təmin edilməlidir. Apellyasiya baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş İddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, iş üzrə tədqiq olunan sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(014)-1556/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, iddiaçının tələbi onun abonent koduna vurulmuş 270 manat borcun silinməsi və 1252,80 manat məbləğin azaldılması barədə olmuşdur. Birinci instansiya məhkəməsi iddianı 270 manat borcun silinməsi tələbinə aid hissədə təmin etmiş, 1252,80 manat məbləğin azaldılması tələbinə aid hissədə isə rədd etmişdir. Cavabdeh İB birinci instansiya məhkəməsinin qətnaməsi ilə (270 manat borcun silinməsi hissəsində) razılaşmış və ondan apellyasiya şikayəti verməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsi ilə onun tələbinin təmin olunmayan (1252,80 manat məbləğin azaldılması) hissəsində razılaşmamış və qətnamənin həmin hissəsini apellyasiya qaydasında mübahisələndirmişdir. Ona görə də hazırkı apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın 1252,80 manat məbləğin azaldılması tələbinin təmin olunmaması hissəsinin yoxlanılması təşkil edir. İş materiallarına əlavə edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxx 2020-ci il tarixli ******* saylı aktın surətindən məlum olur ki, İddiaçı yaşayış sahəsinin qaz təsərrüfatına baxış keçirilərkən sayğacdan kənar qanunsuz birləşmə aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı adına olan abonentin saldosundan görünür ki, İddiaçı abonent koduna 2020-ci ildə akt üzrə 1252,80 manat borc vurulmuşdur. İş mаteriаllаrındаn göründüyü kimi, Zaqatala RQİİ-nin Ağdaş XS-nin təbii qaz abonenti kimi **********02920 kodu altında qeydiyyatda olan iddiaçının yaşayış sahəsinə qoyulmuş qaz sayğacı həyətindən kənarda küçədə quraşdırılmışdır. İddiaçının ünvanında xx xxxxx 2020-ci il tarixdə qaz təsərrüfatına baxış keçirilərkən kənar xətt aşkar olunmuş və bunun əsasında cavabdehə 1252,80 manat cərimə yazılmışdır. Birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında və apellyasiya şikayətində iddiaçı onun ünvanında sayğacdan kənar xətt vasitəsilə qanunsuz olaraq təbii qazdan istifadə olunmasını etiraf etməsə də, lakin buna görə hesablanmış borc (cərimə) məbləğinin silinməsini deyil, azaldılmasını xahiş etmişdir. Bu da iddiaçının onun barəsində tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxx 2020-ci il tarixli ******* saylı akt üzrə özünü tamamilə təqsirsiz hesab etməməsinə, aşkar olunmuş pozuntu faktını qismən qəbul etməsinə dəlalət edir. Digər tərəfdən, xx xxxxx 2020-ci il tarixli ******* saylı akt iddiaçının özünün iştirakı ilə tərtib edilmiş və həmin aktı o da imzalamış, lakin həmin aktla razılaşmamasını hər hansı formada (akta qeyd yazmaqla, aidiyyəti qurumlara şikayət etməklə və s.) ifadə etməmişdir. Apellyasiya şikayətində isə iddiaçı daha çox qanunsuz istifadə edilmiş qaza görə tətbiq olunmuş cərimənin məbləği və hesablanması qaydası ilə razılaşmadığını vurğulamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”na 2 saylı əlavə olan “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının xx xxxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Həmin qaydaların 3-cü bəninə əsasən, sayğacdan əvvəl qaz xəttinə qoşulma aşkar olunduqda qazın verilməsi qeyd-şərtsiz dayandırılır, qaz kəmərinin əlavə qoşulma aşkarlanan qoşulma nöqtəsindəki en kəsiyindən, təzyiqindən asılı olaraq axırıncı texniki baxış müddətindən sonrakı gün üçün və ya yay aylarında gündəlik 12 saat, qış aylarında isə gündəlik 24 saat hesabı ilə iddia müddəti ərzində qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci madəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə kollegiyasının qənaətincə, iddiaçının təbii qazdan istifadə qaydalarını pozaraq sayğacdan kənar xətt (qoşulma) vasitəsilə qanunsuz olaraq qazdan istifadə etməsi iş materialları ilə sübut olunur. İddiaçı həmin təqsirli hərəkəti ilə Cavabdeh İB-nə maddi ziyan vurmuşdur. Buna görə də onun maddi məsuliyyətə, yəni vurduğu ziyanın əvəzini ödəməyə cəlb edilməsi qanuni və əsaslıdır. Maddi ziyanın hesablanmış məbləğinə gəlincə, məhkəmə kollegiyası hesab edir ki, bu məbləğ təkcə oğurlanmış qazın dəyərini ifadə etməməli, həm də tənbeh xarakteri daşımalıdır. Təbii qazı oğurluq istifadə edən şəxsə tətbiq edilən tənbeh təkcə onun oğurladığı qazın dəyərini ödəməsindən ibarət olarsa, bunun gələcəkdə eyni pozuntulara yol verilməməsi üçün çəkindirici (xəbərdaredici) təsiri olmayacaqdır. Ona görə də maddi ziyanın hesablanma qaydasına əsasən müəyyən olunan ziyan əvəzinin həmin ziyanın real həcmindən hətta əhəmiyyətli dərəcədə yüksək olması qanuni və ədalətlidir. Ona görə də məhkəmə kollegiyası tərəfindən iddiaçının abonent koduna vurulmuş 1252,80 manat məbləğində cərimənin silinməsi və ya azaldılması üçün qanuni əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə gəlməsinin dəlilləri və hüquqi əsasları ilə razılaşır. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iddianı iddiaçının ünvanında sayğacdan kənar xəttin (qoşulmanın) aşkar edilməsi ilə əlaqədar onun abonent koduna vurulmuş 1252,80 manat cərimənin azaldılması tələbinə dair hissədə rədd etməkdə haqlı olmuş, işin faktiki halları və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin ləğv və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iş üzrə iddianın qiyməti iki min manatdan az olduğundan bu iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(014)-1556/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(014)-1556/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar