Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-514/2022 19.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və 3-cü şəxs AR DİN BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” nə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsızlığı, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Zərdab Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(035)-670/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “HYUNDAİ Grandeur” markalı ** OU *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh tərəfindən özgəninkiləşdirilməsinə dair bağlamış 06.04.2021-ci il tarixli müqavilə etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək "xxxx" MMC və hazırki Cavabdeh müqavilə öhdəliyinin pozulmasına görə müştərək qaydada 86.000 ABŞ dolları və 44.490 ABŞ dolları kompensasiyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, eyni zamanda iddianın təmin tədbiri haqqında ərizə verərək, məhkəmə qətnaməsi qəbul edilənədək Cavabdeh mülkiyyətində olan “Hyunfai Grandeur” markalı, ** OU *** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinə qadağan qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddianın təmini haqqında ərizə təmin edilmiş, həmin məhkəmənin 31.03.2021ci il tarixli qərardadı ilə iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək sözügedən avtomobilin özgəninkiləşdirilməsinə qadağan qoyulmuşdur. Həmin qərardad dərhal icra edilməsi üçün məhkəmə tərəfindən Nəsimi Rayon İcra Şöbəsinə göndərilmişdir. Cavabdeh "xxxx" MMC həmin qərardaddan 05.04.2021-ci il tarixdə şikayət verilmiş, şikayət Bakı Apellyasiya Məhkəməsinin 05.05.2021-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. Lakin Cavabdeh iddianın təmini tədbiri haqqında Nəsimi Rayon Məhkəməsinin 31.03.2021-ci il tarixli qərardadının olduğunu bildiyi halda, həmin qərardad AR DİN BDYP-nə çatanadək, yəni 06.04.2021-ci il tarixdə sözügedən avtomobili özgəninkiləşdirmişdir. Cavabdeh bilirdi ki, məhkəmənin qərardadı dərhal qanuni qüvvəyə minir, lakin həmin qəraradad icraya yönəlinədək avtomobilə dair sərəncam vermişdir. Hesab edir ki, Cavabdeh ** OU *** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinə dair verdiyi 06.04.2021-ci il tarixli sərəncam (müqavilə) etibarsız sayılmalıdır. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat Zərdab Şəhər Məhkəməsinin 09 dekabr 2021-ci il tаrixli, 2(035)-670/2021 saylı qətnaməsi (hakim T.Qubadov) ilə iddianın rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hazırda alqı-satqısı mübahisə edilən “HYUNDAİ GRANDEUR” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobil əvvəllər nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 18.04.2016-cı ildən 19.04.2018-ci il tarixədək Bakı şəhər sakini X6 mülkiyyətində olmuş və alqı-satqı müqaviləsinə əsasən Zərdab şəhər sakini olan hazırki Cavabdeh satılaraq 19.04.2018-ci il tarixdən sonuncunun adına qeydiyyatdan keçirilmişdir. Həmin avtomobil 19.04.2018-ci il tarixdən 06.04.2021-ci il tarixədək Cavabdeh mülkiyyətində olmuş, onun tərəfindən X2 25.04.2018 - 25.04.2019-cu il müddətinə, X4, 14.10.2019 - 14.10.2020-ci il müddətinə, X9 17.12.2020 - 17.12.2021-ci il etibarnamə verilmişdir. Sonradan aralarında 06.04.2021-ci il tarixdə nümayəndəsi vasitəsi ilə AR DİN BDYP-də bağlanmış alqı-satqı müqaviləsinə əsasən avtomobil Cavabdeh tərəfindən Bakı şəhər sakini X1 və avtomobil həmin tarixdən sonuncunun adına qeydiyyatdan keçirilmişdir. Öz növbəsində X7 tərəfindən Cavabdeh 28.04.2021- 28.04.2022-ci il müddətinə, X5 17.08.2021- 28.04.2022-ci il müddətinə etibarnamə verilmişdir. Hazırda sözügedən avtomobil X3 xüsusi mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, tərəflər arasında olan mübahisəyə dair başqa bir mülki iş üzrə hazırki iddiaçı tərəfindən verilmiş iddianın təmin tədbiri haqqında vəsatətə əsasən Nəsimi Rayon Məhkəməsinin 31.03.2021-ci il tarixli qərardadı ilə sözügedən “HYUNDAİ GRANDEUR” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinə qadağan qoyulmuş, lakin qərardad icra olunanadək sözügedən avtomobil özgəninkiləşdirilmişdir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçı sözügedən “HYUNDAİ Grandeur” markalı ** OU *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh tərəfindən özgəninkilişdirilməsinə dair bağlamış 06.04.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin iddia etsə də, iddiasını təsdiq edən, yəni sözügedən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsas ola biləcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının məhkəmə iclasında verdiyi izahatı cavabdehin izahatı, şahidin ifadəsi və AR DİN BDYP-də bağlanmış alqı-satqı müqaviləsi ilə tam şəkildə təkzib edilmişdir. Məhkəmə araşdırması zamanı sözügedən alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı bir hal aşkar edilməmişdir. Hər hansı bir əqdin etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikası MM-nin 337-354-cü maddələrində təsbit edilən əsaslardan hər hansı birinin mövcud olması vacibdir. Lakin, məhkəmə araşdırması zamanı sözügedən alqı-satqı müqaviləsinin bağlanarkən Azərbaycan Respublikası MM-nin 337-354-cü maddələrində təsbit edilən əsaslardan hər hansı birinin mövcud olmasını sübuta yetirilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddianın təmini tədbiri haqqında məhkəmə qərardadının mövcud olmasına rəğmən, həmin qərardadın vaxtında icraya yönəldilməməsi və ya vaxtında icra edilməmisinin doğurduğu nəticə əmlakın özgəninkiləşdirilməsi barədə bağlanmış əqdin etibarsız hesab edilməsi üçün əsas vermir. Ona görə də məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, iddianın hüquqi əsası yoxdur. Sözügedən avtomobil 19.04.2018-ci il tarixdən 06.04.2021-ci il tarixədək hazırki Cavabdeh mülkiyyətində olmuş və o, sözügedən avtomobillə bağlı sürücülük hüququ olduğu halda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək barədə Boqdan Aralov adlı şəxsə etibarnamə vermiş və etibarnaməli nümayəndəsi Boqdan Aralovun təmsilçiliyi ilə AR DİN BDYP-də bağlanmış alqı-satqı müqaviləsinə əsasən avtomobili başqasına satmışdır. Məhkəmə hesab etmişdir ki, sözügedən “HYUNDAİ Grandeur” markalı ** OU *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh xüsusi nülkiyyətində olduğu üçün onun həmin avtomobilə dair öz istədiyi kimi bilavasitə özü və ya təmsilçisi vasitəsi ilə sərəncam vermək hüququ olmuşdur. O, avtomobilə dair 06.04.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlayarkən “Azərbaycan Respublikasında mülkiyyət haqqında” 09.11.1991-ci il tarixli Azərbaycan Respublikası qanunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 359.1 və 362-ci maddələrinə uyğun olaraq özünün sərəncam hüququnu təmsilçisi vasitəsi ilə həyata keçirmişdir. Bu isə tamamilə qanuna uyğundur. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda sadalanan maddi və prosesual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 77.1, 106.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.4, 337-354, 359.1, 362, 567-ci maddələri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” işüzrə 26 iyul 2007-ci il tarixli qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zərdab Rayon Məhkəməsinin 2(035)- 670/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə aşağıdakılara əsasən razı deyil və hesab edir ki, Zərbab Rayon Məhkəməsi mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etmədiyindən, gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsinin sözü gedən qətnaməsinin 4-cü səhifəsinin 5-ci abzasında qeyd olunmuşdur ki, məhkəmə araşdırması zamanı sözügedən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı bir hal aşkar edilməmişdir. Həmin səhifənin 8-ci abzasında qeyd edilmişdir ki, məhkəmə hesab edir ki, iddianın təmini tədbiri haqqında məhkəmə qərardadının mövcud olmasına rəğmən, həmin qərardadın vaxtında icraya yönəldilməməsi və ya vaxtında icra edilməməsinin doğurduğu nəticə əmlakın özgəninkiləşdirilməsi barədə bağlanmış əqdin etibarsız hesab edilməsi üçün əsas vermir. Zərdab Rayon Məhkəməsi yuxarıda qeyd etdiyi əsaslarla iddianı təmin etməmişdir. Cavabdeh Nəsimi Rayon Məhkəməsinin 31.05.2021-ci il tarixli iddianın təmini barədə qərardadı ilə onun mülkiyyətində olan “Hyundai Grandeur” markalı ** OU *** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninləşdirilməsinə qoyulmuş qadağanın olmasına baxmayaraq həmin avtomobili satması qanunsuz olmuşdur. Belə olan halda gələcəkdə Nəsimi Ravon Məhkəməsinin qətnaməsinin icra edilməsi mümkünsüz ola bilər. Nəsimi Rayon Məhkəməsi iddiasını qismən təmin etmişdir və həmin qətnamə hələ ki, qanuni qüvvəyə minməmişdir. Həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə onun tərəfindən 28.01.2022-ci il tarixdə şikayət verilmişdir. Zərdab Rayon Məhkəməsi Cavabdeh hərəkətində (özgəninləşdirilməsinə məhkəmə tərəfindən qadağa qoyulmuş avtomobilin satması) cinayət əməlini görməli və cinayət işinin başlanması üçün müvafiq orqana müraciət etməli idi. Zərdab Rayon Məhkəməsi iddianın təmini tədbiri haqqında məhkəmə qərardadının mövcud olmasına, onun dərhal qüvvəyə minməsini, hal-hazırda da qüvvədə olmasına baxmayaraq cavabdehin mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsi barədə bağlanmış əqdi etibarsız hesab etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində göstərilir ki, bu Məcəllədə müəyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər deyə iki qrupa bölünür. Mübahisə edilən əqd səlahiyyətli şəxs tərəfindən mübahisə edildikdə bağlandığı andan etibarsız sayılır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Zərdab Rayon Məhkəməsinin 2(035)-670/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edərək iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 362-ci maddəsinə əsasən hər bir fiziki şəxs üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi yazılı vəkalət, etibarnamə sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Zərdab Rayon Məhkəməsinin 2(035)- 670/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edərək iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin 2(035)- 670/2021 saylı, 09.12.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan “HYUNDAİ GRANDEUR” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobil 18.04.2016-cı ildən 19.04.2018-ci il tarixədək Bakı şəhər sakini X6 mülkiyyətində olmuş və alqı-satqı müqaviləsinə əsasən Zərdab şəhər sakini olan hazırki Cavabdeh satılaraq 19.04.2018-ci il tarixdən onun adına qeydiyyatdan keçirilmişdir. Həmin avtomobil 19.04.2018-ci il tarixdən 06.04.2021-ci il tarixədək Cavabdeh mülkiyyətində olmuş, onun tərəfindən X2 25.04.2018- 25.04.2019-cu il müddətinə, X4, 14.10.2019-14.10.2020-ci il müddətinə, X9 17.12.2020- 17.12.2021-ci il etibarnamə verilmişdir. Sonradan aralarında 06.04.2021-ci il tarixdə nümayəndəsi vasitəsi ilə AR DİN BDYP-də bağlanmış alqı-satqı müqaviləsinə əsasən avtomobil Cavabdeh tərəfindən Bakı şəhər sakini X1 və avtomobil həmin tarixdən sonuncunun adına qeydiyyatdan keçirilmişdir. Öz növbəsində X7 tərəfindən Cavabdeh 28.04.2021- 28.04.2022-ci il müddətinə, X5 17.08.2021- 28.04.2022-ci il müddətinə etibarnamə verilmişdir. Hazırda sözügedən avtomobil X3 xüsusi mülkiyyətindədir. Məhkəmə kollegiyasının araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, tərəflər arasında olan mübahisəyə dair başqa bir mülki iş üzrə hazırki iddiaçı tərəfindən verilmiş iddianın təmin tədbiri haqqında vəsatətə əsasən Nəsimi Rayon Məhkəməsinin 31.03.2021-ci il tarixli qərardadı ilə sözügedən “HYUNDAİ GRANDEUR” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Ona görə də şikayət təmin edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının iddia ərizəsində öz tələbinin əsası kimi istinad etdiyi dəlillərin heç biri müqavilənin etibarsız sayılması üçün əsas olan halların dairəsinə daxil deyildir. Belə ki, apellyator apellyasiya şikayətinin əsası kimi Cavabdeh Nəsimi Rayon Məhkəməsinin 31.05.2021-ci il tarixli iddianın təmini barədə qərardadı ilə onun mülkiyyətində olan “Hyundai Grandeur” markalı ** OU *** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın olmasına baxmayaraq həmin avtomobili satmasının qanunsuz olmasını qeyd etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və qeyd edir ki, Nəsimi Rayon Məhkəməsinin 31.05.2021-ci il tarixli iddianın təmini barədə qərardadı ilə “Hyundai Grandeur” markalı ** OU *** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinə qadağa qoyulsa da, qərardad icra edilməmişdir. İş materiallarında olan 07.05.2021-ci il tarixli icrası mümkün olmayan icra sənədinin qaytarılması barədə qərarın surətindən görünür ki, icra sənədinin icrasını yerinə yetirmək mümkün olmamışdır. Baş Dövlət Yol Polisi İdarəsinin 05.05.2021-ci il tarixli məktubuna əsasən “Hyundai Grandeur” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobil 06.04.2021-ci il tarixdə cavabdehin adından çıxarılaraq özgəninkiləşdirilmişdir. İş materiallarında olan 901163 saylı etibarnamədən görünür ki, Cavabdeh tərəfindən X4 14.10.2019-cu il tarixdə nəqliyyat vasitəsinin idarə edilməsinə dair etibarnamə verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmini tədbiri haqqında məhkəmə qərardadının mövcud olmasına rəğmən, həmin qərardadın vaxtında icraya yönəldilməməsi və ya vaxtında icra edilməməsinin doğurduğu nəticə əmlakın özgəninkiləşdirilməsi barədə bağlanmış əqdin etibarsız hesab edilməsi üçün əsas vermir. Sözügedən “Hyundai Grandeur” markalı ** OU *** lövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh xüsusi nülkiyyətində olduğu üçün onun həmin avtomobilə dair öz istədiyi kimi bilavasitə özü və ya təmsilçisi vasitəsi ilə sərəncam vermək hüququ olmuşdur. Məhkəmə kollegiyasının araşdırması zamanı sözügedən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı bir hal aşkar edilməmişdir. Hər hansı bir əqdin etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikası MM-nin 337-354-cü maddələrində təsbit edilən əsaslardan hər hansı birinin mövcud olması vacibdir. Qeyd olunmalıdır ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004cü il 12 aprel tarixli Qərar). İşin hallarından görünür ki, cavabdeh 06.04.2021-ci il tarixdə nümayəndəsi vasitəsi ilə AR DİN BDYP-də bağlanmış alqı-satqı müqaviləsinə əsasən avtomobil Cavabdeh tərəfindən Bakı şəhər sakini X1 və avtomobil həmin tarixdən sonuncunun adına qeydiyyatdan keçirilmişdir. Hazırda sözügedən avtomobil X3 xüsusi mülkiyyətindədir. Göründüyü kimi sözügedən alqı-satqı müqaviləsinin bağlanarkən Azərbaycan Respublikası MM-nin 337-354-cü maddələrində təsbit edilən əsaslardan hər hansı birinin mövcud olması iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iddia ərizəsində iddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab olunmalı olduğunu bildirsə də, etibarsızlığa əsas olacaq heç bir sübutu kollegiyaya təqdim edə bilməmişdir. Lakin, iş materialları ilə cavabdehin qanuni mülkiyyətində olan avtomobilin heç bir maneə olmadan qanuni şəkildə satdığı müəyyən edilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçın apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin 2(035)-670/2021 saylı, 09.12.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin 2(035)-670/2021 saylı, 09.12.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-514/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-514/2022
19.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver