Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-517/2024 16.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdeh Ağdaş rayon Notariat Ofisinə qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X21 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı(bundan sonra- iddiaçı) cavabdeh Ağdaş rayon Notariat Ofisinə(bundan sonra- cavabdeh) qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları X12 ilə X4 birgə nikahlarından Şəkərxanım(hazırki iş üzrə iddiaçı), Cəmi və Hürü adlı uşaqları doğulmuşdur. X9 öldüyü günə kimi ona məxsus olan bütün əmlakını, o cümlədən Ağdaş rayon Şıxlı kəndində yerləşən evini qızı X8 vəsiyyət etmişdir. Vəsiyyətnamə 22 mart 1995-ci ildə Cavabdeh 2B-2-25 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçının anası X9 xx.xx.2002-ci il, qardaşı X13 xx.xx.2014-cü ildə, bacısı X10 isə xx.xx.2021-ci ildə ölmüşdür. X5 hüquqi varisi X19 Feyruzovna mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 aprel 2002-ci il tarixdə Ağdaş rayonu, Şıxlı kəndində ölmüş anası X4 adından verilmiş və Ağdaş rayon Notariat konturu tərəfindən tərtib edilərək rəsmiləşdirilmiş 22 mart 1995-ci il tarixli, 2V-2-25 nömrəli vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum valideynləri X12 ilə X9 1940-cı illərdə faktiki olaraq evlənmiş, nikahlarını 20 fevral 1960-cı il tarixində rəsmiləşdirmişlər. Valideynlərinin birgə nikahlarından qardaşı X13, bacısı X10 və o doğulmuşdur. X3 03 noyabr 1981-ci il tarixində, anası X9 12 aprel 2002-ci il tarixində, qardaşı X13 28 yanvar 2014-cü il tarixində, bacısı X10 isə 08 yanvar 2021-ci il tarixində ölmüşdür. O, 21 yanvar 1966-cı il tarixdə Oğuz rayon sakini X16 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Nikah bağladıqdan sonra “Mahmudova” soyadını qəbul etmişdir. Valideyinləri evləndikdən sonra bir müddət Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasında yaşamış, sonra Ağdaş rayonu Şıxlı kəndinə gəlmişlər. Onlar birgə nikah dövründə qanuni istifadələrində olmuş sənəd üzrə 0,10, faktiki isə 0,15 hektar həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikdirərərək orada yaşamışlar. Mərhum bacısı Hürü 1979-cu il tarixdə evlənərək Bakı şəhərinə köçmüş, daimi qeydiyyatda olmaqla və rəsmi işləməklə 2021-ci ilədək Bakı şəhərində yaşamışdır. Mərhum qardaşı Cəmi evli olmamışdır. Onun adına ayrı təsərrüfat olsa da, həmin təsərrüfatda fərdi yaşayış evi tikdirməmiş, ölən günədək mərhum valideynlərinə məxsus olan təsərrüfatda yaşamaqla valideynləri ilə birlikdə təsərrüfatı birgə idarə etmişdir. Torpaq islahatı zamanı Ağdaş rayon İslahat Komissiyasının 30 iyun 1998-ci ıl tarixli, 12 nömrəli qərarı ilə mərhum anası təsərrüfatında tək ailə üzvü olduğuna görə Ağdaş rayonu, Şıxlı kəndi ərazisindən onun mülkiyyətinə 1,04 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,15 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə adina JN:099A kod 90319018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmiş, çoxsaylı müraciətlərinə baxmayaraq anasının qanuni istifadəsində olan həyətyanı torpaq sahəsinə görə adına işlənmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni əldə edə bilməmişdir. Mərhum anasına ölən günədək o və mərhum qardaşı qulluq etmişlər. Mərhum anasının ölümündən sonra ondan miras qalmış bütün daşınar və daşınmaz əmlaklara faktiki olaraq mərhum qardaşı ilə o, sahiblənərək onu birgə idarə etməyə başlamışlar. Mərhum qardaşının ölümündən sonra isə həmin əmlakları faktiki olaraq özünə qəbul edərək idarə etmişdir. O, 2014-cü il tarixdə mərhum anasından miras qalmış əmlaka vərəsəlik işinin açılması ilə bağlı aidiyyatı üzrə cavabdeh Ağdaş rayon Notariat ofisinə müraciət etmişdir. Lakin anasının ölümündən sonra ondan miras qalmış daşınmaz əmlakın kütləsini dəqiq müəyyən etmək mümkün olmadığına görə vərəsəlik işi yarımçıq qalmışdır. Vərəsəlik işi açılan və araşdırma aparılan zaman cavabdeh Ağdaş rayon Notarial ofisindən mərhum anası tərəfindən sağlığında vəsiyyətnamə qoyması barədə iddiaçıya heç bir məlumat verilməmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, bəzi inzibati orqanların vəzifəli və məsul şəxsləri tərəfindən bütün sənədlər saxtalaşdırılaraq anasının ölümündən sonra ondan miras qalmış əmlaklar, yəni həyətyanı torpaq sahəsi və kənd təsərrüfatı təyinatlı torpaq sahələri 2021-ci il tarixinədək Bakı şəhərində qeydiyyatda olan, yaşayan və işləyən bacısının adına sənədləşdirilmişdir. Əsas da o göstərilmişdir ki, bütün həmin torpaq sahələri bacısının adına mərhum anası tərəfindən verilmiş vəsiyyətnamə əsasında sənədləşdirilmişdir. Halbuki, ona xx.xx.2014-cü il tarixdə V-75 nömrəli vərəsəlik işi açdıran zaman mərhum anasından hər hansı formada vəsiyyətnamənin olub olmaması bildirilməmişdir. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən də aydın görünür ki, bütün yazışmalarda vəsiyyətnamənin olmasından söhbət belə getmir. Sonradan Ağdaş rayon Notariat ofisindən əldə etdiyi sənədlərdən məlum olmuşdur ki, guya mərhum anası 22 mart 1995-ci il tarixində Ağdaş rayon Notariat Kontorunda (hazırda Ağdaş rayon Notariat ofisi) rəsmiləşdirilmiş vəsiyyətnamə qoymuşdur. Həmin vəsiyyətnamə üzrə mərhum anası özünə məxsus bütün əmlakı, o cümlədən Ağdaş rayonu, Şıxlı kəndində yerləşən yaşayış evini qızı X6 vəsiyyət etmişdir. Mərhum anası 1990-cı illərdən başlayaraq İİA mərhələ hipertenziya xəstəliyindən əziyyət çəkirdi. Ona görə də o, “Hipertenziya xəstəliyi İİA mərhələ”, “xroniki hipertoxolesistitinin kəskinləşməsi, ürəyin işemik xəstəliyi, aterosklerotik karioskleroz”, “hipertenziya xəstəliyi İİA mərhələ, ateroskleroz”, “Xroniki hipatoxolesistit Xroniki qastritin kəskinləşməsi, ateroskleroz”, “Kardial asma, xroniki ürək qan damar çatışmamazlığı”, “beyin qan dövranının pozulmağı”, “beyin aterosklerozu” və digər xəstəliklər diaqnozu ilə 22 fevral 1993-cü il tarixdən xx.xx.2001-ci il tarixədək mütəmadi olaraq Ağdaş rayonu, Şıxlı kənd sahə xəstəxanasında stosionar müayinə və müalicədə olmuşdur. Mərhum anası ölən günədək özünü idarə edə bilməmişdir, yataq xəstəsi olmuşdur, sərbəst hərəkət edə bilməmiş hafizəsi özündə olmamışdır. 1993-cü ildən demək olar ki, huşunu tamam itirmişdir. Mərhum anası xx.xx.2002-ci il tarixində beyin qan dövranının pozulması nəticəsində ölmüşdür. Belə bir vəziyyətdə mərhum anasının sərbəst şəkildə notariat orqanlarına gedərək mübahisələndirilən vəsiyyətnaməni yazdırıb imzalaması, bu zaman onun hüquq və vəzifələri ona izah olunan zaman onları qavraması mümkün deyildir. Anasının qeyd edilən vəziyyətdə olması Ağdaş rayon X14 hüquqi şəxsin verdiyi arayışla öz təsdiqini tapır. Bundan başqa mərhum anasına məxsus əldə etdiyi 1977-2022-ci illər üzrə Ağdaş RİHBAnın Şıxlı kənd inzibati ərazi dairəsi üzrə təsərrüfatbaşına kitablarındakı anası tərəfindən icra edilmiş imza nümunələri ilə vəsiyyətnamədə icra edilmiş imza bir-birindən əhəmiyyətli dərəcədə fərqlidir. Həmin sənədlərdən bunlar aydın şəkildə görünür. Anasının ölüm haqqında şəhadətnaməsində də beyin qan dövranının pozulmağı və beyin sklerozu ölüm səbəbi kimi göstərilmişdir. Mübahisələndirilən vasiyyətnamə anası tərəfindən yox, cavabdeh orqanın notariusu tərəfindən yazılmışdır. Lakin həmin vəsiyyətnamədən görünür ki, vəsiyyətnamə notarius tərəfindən iki nəfər şahidin iştirakı ilə tərtib edilməmişdir. Bütün göstərdiyi həqiqi hallara görə hesab edir ki, mərhum anası kimlərinsə vasitəsi ilə cavabdeh orqana aparılsa da, vəsiyyətnamə mərhum anası faktiki olaraq iflic vəziyyətində olduğu üçün həmin vəsiyyətnaməni imzalayaraq soyadını və adını yaza bilməzdi. Həmin imza və soyad və adının yazılması başqa şəxs tərəfindən icra edilmişdir. Əgər həqiqətən də mərhum anası tərəfindən 1995-cı ildə vəsiyyətnamə qoyulmuşdursa, nə üçün iddiaçı anasının ölümündən sonra 2014-cü ildə ondan miras qalmış əmlakla bağlı vərəsəlik işi açdırmaq üçün cavabdeh orqana müraciət edəndə və həmin vərəsəlik işi açılan zaman bu barədə cavabdeh tərəfindən iddiaçıya heç bir məlumat verilməmişdir. Cavabdeh Ağdaş rayon Notariat ofisi və Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin bir-biri ilə ziddiyyət təşkil edən sorğulara cavab məktubları da mübahisələndirilən vəsiyyətnamənin qanunsuz yolla tərtib olunması üçün kifayət qədər şübhələr yaradır. Ağdaş Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(014)- 510/2023 nömrəli iş üzrə qəbul etdiyi 18 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim C.Sultanov) iddia təmin edilməmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, hazırkı müki mübahisə üzrə tərəflər arasında yaranmış münasibətlərə 1964-cü ildən 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin Məcəllənin 545-ci maddəsinə əsasən vəsiyyətnamə, onun tərtib edilmə yeri və vaxtı göstərilməklə yazılı formada tərtib edilməli, vəsiyyət edən tərəfindən imzalanmalı və notariatda təsdiq edilməlidir. Göründüyü kimi vəsiyyətnamənin verildiyi gün qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarlı olması üçün onun forma və məzmununa əməl olunması mütləq şərt kimi nəzərdə tutulmuş və həmin şərtlərə əməl olunmaması onun etibarsızlığına səbəb olur. Daşınmaz əmlakın vəsiyyətnamə müqavilələri isə notariat qaydasında təsdiqlənməli, təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Bununla da, vəsiyyətnamənin qanuna uyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. X9 22 mart 1995-ci il tarixli 2V-2-25 reyestr nömrəli vəsiyyətnamə yazarkən notariat orqanı tərəfindən müqavilənin qanunauyğunluğu, müqavilənin predmeti olan əmlaka dair sərəncam verən şəxsin - yəni X5 həmin əmlaka dair bu hüquqa malik olması yoxlanılmış və həmin şəxsin belə bir hüquqa malik olması müəyyən edilmişdir. Bununla da qeyd olunan vəsiyyətnamə bağlanarkən qüvvədə olan 1964-cü il tarixli Mülki Məcəllənin tələblərinə tam uyğun olmuş, istər forması, istərsə də, məzmunu ilə bağlı tələb olunan şərtlərə tam uyğun bağlanmışdır. Həmin vəsiyyətnamənin etibarsızlığına səbəb ola biləcək, həmin Mülki Məcəllədə müəyyən edilmiş şərtlərin pozulması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş, həmin hal məhkəmədə öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə iddiaçını dəlilləri ilə razılaşmayaraq hesab edir ki, vəsiyyətnamə qanuni şəkildə bağlanmış, etibarsız hesab olunması üçün heç bir əsas yoxdur, bu səbəbdən də iddia tələbi əsassızdır və təmin edilə bilməz. Rayon Məhkəməsi mövqeyini 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 39, 43, 44, 527, 537, 545, 548-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilən sənədlərdən aydın görünür ki, vəsiyyət edən 1993-cü il tarixdən 2002-ci il ölən günədək tibbi arayışda qeyd edilən ağır xəstəliklərdən əziyyət çəkdiyinə görə həmin vəsiyyətnaməni əqli və fiziki cəhətdən sərbəst formada imzalaya bilməzdi. Lakin cavabdeh orqan həmin vəsiyyətnaməni qanunsuz yolla təqsdiqləməklə və məhkəmə həmin vəsiyyətnamənin qanuni yolla təsdiqləndiyini və cavabdeh orqan tərəfindən bu zaman heç bir qanun pozuntusuna yol verilməməsi, ona görə də iddia tələbinin təmin edilməməsi qənaətinə gəlməklə iddiaçını miras əmlakda miras qoylanla bərabər pay almaq hüququndan məhrum etmişdir. 22 mart 1995-ci il tarixli, 2V-2-25 nömrəli vəsiyyətnamədən məlum olur ki, həmin vəsiyyətnamə vəsiyyət edən tərəfindən “imzalanmışdır”. Halbuki, işə əlavə olunmuş tibbi arayışdan və şahid ifadələrindən aydın görünür ki, vəsiyyət edən xəstə olduğuna, həmin vəsiyyətnaməni əqli və fiziki çəhətdən sərbəst imzalamaq imkanı olmadığına görə həmin səbəblər vəsiyyətnamədə göstərilməklə vəsiyyətnamə başqa şəxs tərəfindən imzalanmalı idi. Lakin vəsiyyətnamədən görünür ki, vəsiyyətnamə guya sağlam və anlaqlı olduğundan sərbəst şəkildə vəsiyyət edən tərəfindən “imzalanmışdır”. İş materiallarına əlavə edilmiş “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin arayışından məlum olur ki, vəsiyyət edən 1993-cü il tarixdən ölən günədək arayışda qeyd edilən ağır xəstəliklərdən əziyyət çəkdiyindən həmin vəsiyyətnaməni əqli və fiziki cəhətdən sərbəst şəkildə imzalamaq iqtidarında olmadığına görə notariusun iştirakı ilə başqa şəxs tərəfindən imzalanmalı olduğu halda, cavabdeh orqanın notariusu tərəfrindən həmin hərəkətlər edilməmiş, vəsiyyət edənin bioloji sağlığından sui-istifadə edilərək vəsiyyətnamə “təsdiqlənmişdir”. İşə baxan məhkəmə qeyd edilən həqiqi halları nəzərə almamış, iddia tələbini rədd etməklə normanın həmin tələblərini pozmuşdur. İddia ərizəsinin əsasını təşkil edən vəsiyyətnamə imzalanan zaman vəsiyyət edənin ağır xəstə olması və ona görə də həmin vəsiyyətnaməni imzalamağa əqli cəhətdən imkanı olmaması və vəsiyyətnamənin mahiyyətini başa düşə bilməməsi işə əlavə olunmuş xəstəxananın tibbi arayışı və şahid ifadələri ilə tam sübut olunur. İşə baxan məhkəmə iddia tələbinin rədd edilməsi qənaətinə gələrkən, “Ağdaş rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən mərhum X4 imzaladığı sənədləri faktiki məzmununu dərk edibetməməsinin mümkünlüyü barədə ekspert rəyinin “Məhkəmə Tibbi Ekspertiza və X15”nin xüsusi komissiyası tərəfindən verilməsinin məqsədə müvafiq olduğu qeyd edilsə də, həmin Birliyin konkret olaraq vəsiyyət edənin vəsiyyətnamə imzalanan vaxtı anlaqlı və ya anlaqsız olması barədə konkret rəy verməməsinin səbəblərini, vəsiyyət edənin ölümündən sonra onun vəsiyyətnaməni imzalamaq iqtidarında olub-olmamasını dəqiq müəyyən etmək mümkün olmadığına görə ölümündən sonra bunu dəqiq müəyyən etmək üçün şahid ifadələrinə zərurət yarandığından bu istiqamətdə şahidləri dindirsə də, ekspertiza mərkəzi tərəfindən həmin şahidlərin dindirilməsinin hansı səbəbdən nəzərə alınmamasını qətnaməsində düzgün aydınlaşdırmamışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Cavabdeh apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq 2000-ci ilədək qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsi Maddə 39. Vətəndaşların və təşkilatların mülki hüquqlarının və ya vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir. Əqdlər birtərəfli, iki və ya çoxtərəfli (müqavilələr) ola bilər. Əqdlər şifahi və ya yazılı bağlana bilər. Yazılı əqdlər iki cür olur: sadə əqdlər və notariat qaydasında təsdiq edilməli olan əqdlər. Maddə 43. Əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunda tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Maddə 44. Qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır. Qanunla tələb olunan formaya riayət etməmək əqdin etibarsızlığına, yalnız belə nəticə bilavasitə qanunda göstərildiyi halda səbəb olur. Xarici ticarət əqdlərinin formasına və imzalanma qaydasına riayət etməmək əqdin etibarsızlığına səbəb olur. Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməmişsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum edilmişlərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. Maddə 537. Hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrıayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. Vəsiyyət edən, vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər. Maddə 545. Vəsiyyətnamə tərtib edilmə yeri və vaxtı göstərilməklə yazılı formada tərtib edilməli, vəsiyyət edən tərəfindən imzalanmalı və notariatda təsdiq edilməlidir. Maddə 548. Vəsiyyət edən istənilən vaxt əvvəl tərtib etdiyi vəsiyyətnaməni dəyişdirməyə və ya ləğv etməyə haqlıdır. Vəsiyyətnamənin ləğvi və ya dəyişdirilməsi yeni vəsiyyətnamə tərtib etmək yolu ilə olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarına görə, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İşin materiallarından müəyyən olunur ki, mərhum X9 tərəfindən, özünə məxsus bütün əmlaklar, o cümlədən Ağdaş rayonu, Şıxlı kəndində yerləşən fərdi yaşayış evi, Ağdaş rayon dövlət notariat ofisində xx.xx.1995-ci il tarixdə 2B-2-25 reyestr nömrəli vəsiyyətnaməyə əsasən övladı (iş üzrə 3-cü şəxs X19 Feyruzovnanın anası) X8 vəsiyyət edilmişdir. İş üzrə iddiaçının dəlillərindən biri ondan ibarətdir ki, xx.xx.1995-ci il tarixdə vəsiyyətnamə qoymuş və xx.xx.2002-ci il tarixdə “beyin qan dövranının pozulması” xəstəliyindən ölmüş anası Banı Cəmiyeva vəsiyyətnamə imzalayarkən psixi və fiziki vəziyyəti normal olmamış, iflic vəziyyətində olduğu üçün o, vəsiyyətnaməni imzalaya, ad və soyadını yaza bilməzdi. İşdə olan “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 30 yanvar 2023-cü il tarixli, PHŞ-6-22/3-66/2023 saylı “Xəstənin stasionar müalicə alması barədə” arayışdan görünür ki, iddiaçının anası X1 ASM-də xx.xx.1993-cü il tarixdən başalayaraq müxtəlif tarixlərdə və sonuncu dəfə xx.xx.2001-ci il tarixədək müayinələrdə olmuşdur. İşdə olan “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 05 may 2023-cü il tarixli, PHŞ-6-22/2-649/2023 saylı “Məlumatların tələb olunması barədə” məktubdan görünür ki, X4 “Huşunun aydın olmaması”, “Anlaqsız olması” və yaxud “Psixi status”unda hər hansı bir patologiyanın olması ilə bağlı diaqnoz qeydə alınmamışdır. X4 imzaladığı sənədlərin faktiki məzmununu dərk edib-etməməsinin mümkünlüyü barədə qərarın “Məhkəmə Tibbi Ekspertiza və X15”nin xüsusi komissiyası tərəfindən verilməsi məqsədə müvafiqdir. Bu baxımdan X4 vəsiyyət qoyduğu zaman öz hərəkətlərinin mənasını dərk edə bilib-bilməməsinin, hərəkətlərinə rəhbərlik edə bilib-bilməməsinin araşdırılması işin həlli üçün əhəmiyyətli olduğundan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası X28 tapşırılmışdır. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 19 saylı məktubla bildirilmişdir ki, mərhum X4 1995-ci ildə vəsiyyətnamə imzalayarkən psixi vəziyyəti haqda heç bir tibbi sənəd aşkar edilməmişdir. Bununla əlaqədar olaraq Ağdaş rayon Notariat Kontorunun Dövlət Notariusu M.Əliyevin izahatı alınmamış, 1995-ci il fevral-mart aylarındakı psixi vəziyyəti aydınlaşdırılmamış, qohumlardan və qonşulardan onun psixi vəziyyəti haqqında məlumat toplanılmamışdır. Ölümündən sonra ekspertiza keçirildiyindən bu sənədlərin təqdim olunması zəruridir. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 689 saylı məktubda göstərmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-510/2023 saylı, xx.xx.2023-cü il tarixli mülki iş üzrə X9 (İddiaçı) barəsində ölümündən sonra ambulator məhkəmə psixiatrik ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Gəncə şəhər Psixonevroloji Dispanserə həvalə olunmuşdur. Mülki işin materialları əsasında X4 psixi vəziyyəti haqda ölümündən sonra rəy vermək mümkün olmadığından (mülki işin materiallarında olan tibbi sənədlər (Ağdaş RMX PHŞdan verilmiş xx.xx.2023-cü il tarixli arayışda B.Cəmiyevanın psixi xəstəliyi haqqında 1993cü ildən başlayaraq heç bir məlumat aşkar edilməmişdir, bununla yanaşı şahid qismində tanınmış X18 və X11 izahatlarında həmin şəxsin psixi xəstəlik keçirdiklərini iddia edirlər) )mülki işin materialları geri göndərilir. MPM-nin 14.2 və 77.1-ci maddələrinin mənasına görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianın sübuta yetməməsi əsası ilə rədd olunması qənaətinə gəlməkdə haqlı olmuşdur. Vəsiyyətnamənin qnunvericiliyin tələblərinə müvafiq qaydada tərtib olunaraq təsdiq edilməsi müəyyən olunmuşdur. Həmçinin, iddiaçı tərəfindən vəsiyyətnamə tərtib olunarkən vəsiyyət edən X4 hərəkət edə bilməməsi və s. kimi dəlilləri məhkəmə iclasında təsdiq olunmamış, iddiaçı həmin dəlillərini əsaslandıra bilməmişdir. Rayon Məhkəməsi şahid ifadələrinə münasibətdə də düzgün qeyd etmişdir ki, iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş şahidlərin verdikləri məlumatlar işin faktiki halları ilə uyğunluq təşkil etməməklə, yaxın münasibətdə olduqları iddiaçı tərəfin iradəsinə uyğun məlumatlardır, məhkəmə tədqiqi ilə tam təkzib olunmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Ağdaş Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 dekabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-517/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-517/2024
16.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver