Məhkəmə qərarları › İş №2(107)-526/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-526/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-526/2024 30.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 11 yanvar 2024-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları İddiaçı(satıcı) ilə cavabdeh(alıcı) arasında bağlanmış ******* nömrəli, xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən, cavabdeh iddiaçıdan 402,96 manat dəyərində “Samsung Galaxy A03S” markalı telefon almışdır. Cavabdeh həmin malın dəyərini ödəniş cədvəlinə uyğun olaraq hər ay 33,58 manat ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı(satıcı) ilə cavabdeh(alıcı) arasında bağlanmış 05031012 nömrəli, xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən, cavabdeh iddiaçıdan 924,04 manat dəyərində “Sony” markalı televizor almışdır. Cavabdeh həmin malın dəyərini ödəniş cədvəlinə uyğun olaraq hər ay 51,34 manat ödəmək şərtilə 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş 20 noyabr 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdehin qiyməti 402,96 manat olan “Samsung Galaxy A03S” markalı telefon üçün 160,06 manat ödənilməmiş hissə, 16,94 manat cərimə olmaqla ümumilikdə 177 manat; qiyməti 924,12 manat olan “Sony” markalı televizor üçün 770,12 manat ödənilməmiş hissə, 77,88 manat cərimə olmaqla ümumilikdə 848 manat borcu yaranmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “Samsung Galaxy A03S” markalı telefon üçün 160,06 manat ödənilməmiş hissə, 16,94 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “Sony” markalı televizor üçün 770,12 manat ödənilməmiş hissə, 77,88 manat cərimə olmaqla, ümumilikdə iki müqavilə üzrə 1025 manat borcun və 30,25 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış alğı-satqı müqavilələri üzrə öhdəliyini icra etmədiyindən cavabdehin tələb olunan məbləğdə borcu yaranmışdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra – Şəhər Məhkəməsi) e-2(051)- 337/2024 nömrəli iş üzrə qəbul etdiyi 11 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 160,06 (yüz altmış manat altı qəpik) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 770,12 (yeddi yüz yetmiş manat on iki qəpik) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə olmaqla, ümumilikdə 943,18 (doqquz yüz qırx üç manat, on səkkiz) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,25 (otuz manat iyirmi beş qəpik) manat məbləğində pulun alınıb İddiaçınə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Şəhər Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iş materialları ilə müəyyən olunur ki, cavabdehin iddiaçıya tələb olunan məbləğdə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, 77,88 manat dəbbə pulu azaldılaraq xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 7 manat məbləğində 16,94 manat dəbbə pulu azaldılaraq xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 6 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 406.1, 442, 467, 567, 600.1, 600.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 88, 119, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh, iddiaçı "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən qiyməti 924,12 manat olan “SONY TV”, xx.xx.2021-ci il tarixli alğısatqı müqaviləsinə əsasən qiyməti 402,96 manat olan “SAMSUNQ GALAXY A03S” markalı telefon almışdır. Cavabdeh iddiaçıya olan borcunun bir qismini ödəmişdir. Sonradan maddi vəziyyətində yaranan çətinliklə bağlı ödənişləri ödəyə bilməmişdir. İddiaçı tərəf borcunu şişirdilmiş formada məhkəməyə təqdim etmiş, eyni zamanda əsassız olaraq cərimə belə hesablamışdır. Cavabdehə təqdim edilən mal keyfiyyətsiz olmuş, müqavilədə nəzərdə tutulan texniki göstəricilərə cavab verməmişdir. Belə olan halda iddiaçı həmin telefonu başqası ilə əvəz etməli və ya təmir etməli idi. Qeyd edilən hal hər bir halda məhkəmə tərəfindən nəzərə alınmalı idi. Bundan əlavə ödənişlər düzgün hesablanmamışdır. İddiaçı müqavilədə nəzərdə tutulan şərtlərə uyğun gələn əşya verməli olduğu halda, müqavilənin şərtlərini pozmuş, cavabdehə satılan telefon texniki cəhətdən nasaz olmuş və bir müddətdən sonra özünün yararlılığını tamamilə itirmişdir. Buna baxmayaraq iddiaçı borcun ödənilməsini tələb edir, eyni zamanda cərimə belə hesablayır. Məhkəmə qətnamədə qeyd edir ki, mübahisə doğurmayan tələbdir və əlavə araşdırma aparılmasına ehtiyac yoxdur. Bu səbəbdən də, işə sadələşdirilmiş icraat qaydasında baxılmış və bu səbəbdən də cavabdeh məhkəməyə əlavə sübutlar təqdim edə bilməmişdir. Məhkəmə işə baxarkən işi tam və hərtərəfli araşdırmamış, eyni zamanda borcun hesablanması üçün ekspertiza təyin edilməli olduğu halda, məhkəmə hesab etmişdir ki, ekspertiza təyin edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə dəbbə pulunu tamamilə ləğv etməmiş, yenə də iddiaçının mənafeyini nəzərə alaraq cəriməni tam şəkildə silməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, işin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilərə üzrə satılması nəzərdə tutulmuş mallar(telefon və televizor) cavabdehə təhvil verilmişdir. Cavabdeh müqavilələr üzrə öhdəliyini tam və vaxtında icra etməmiş və iddia ərizəsində göstərilən məbləğdə borcu yaranmışdır. Cavabdeh apellyasiya şikayətində gah maddi imkanı olmadığı üçün öhdəliyini icra edə bilmədiyini, gah da ona verilmiş malların keyfiyyətsiz olduğunu bildirərək iddiaya etiraz etmişdir. Məhkəmə cavabdehin malın keyfiyyətsiz olması barədə dəlili ilə bağlı bildirir ki, cavabdeh müzakirə edilən dəlilini təsdiq edə biləcək sübutlarını Məhkəməyə təqdim etməmişdir. Eyni zamanda bu müddət ərzində malın keyfiyyətsiz olması barədə satıcıya hər hansı pretenziya bildirməmişdir. Ona görə də Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin bu dəlili inandırıcı deyil və əsassız hesab edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin maddi vəziyyətinin ağır olması, onu iddiaçı qarşısında götürmüş olduğu öhdəliklərin icrasından azad etmir. Çünki bununla bağlı tərəflər arasında bağlanmış müqavilələrdə hər hansı şərt nəzərdə tutulmamışdır. Cavabdehin digər dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən ona münasibətdə tətbiq edilən cərimə məbləğini işə baxan məhkəmə azaltsa da, həmin məbləğ yenə də yüksəkdir. Cavabdeh hesab edir ki, cərimə məbləği məhkəmə tərəfindən tamamilə silinməli idi. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İddiaçı və cavabdeh arasında bağlanmış müqavilələrdən görünür ki, ödənişlərdə gecikmələr aşkarlanarsa, müştəri müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində penya ödəməlidir. Məhkəmə hesab edir ki, cavabdeh sözügedən müqavilələri bağlamaqla, müqavilənin bütün şərtlərini, o cümlədən də cərimənin hesab edilməsi halları və qaydası barədə şərtlərini qəbul etmişdir. Öhdəliyin gecikdirilməsini və müqavilənin şərtlərini nəzərə alan iddiaçı, ödənişin gecikdirilməsinə görə cavabdehə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 16,94 manat, xx.xx.2022-ci iltarixli müqavilə üzrə isə 77,88 manat cərimə (dəbbə) hesablamış və həmin məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İşə baxmış birinci instansiya məhkəməsi isə bu tələbi qismən təmin edərək, hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimə borcu qismən – birinci müqavilə üzrə 6 manat, ikinci müqavilə üzrə 7 manat həcmində tutulmalıdır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi dəbbə pulunu məbləğini azaldarkən borclu(cavabdeh) ilə yanaşı kreditorun(iddiaçının) da həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq dəbbə pulunun məbləğini azaltmışdır. Odur ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin (dəbbənin) məbləğini azaltmaqda haqlı olmuşdur. Qeyd edilən bu hissədə apellyasiya şikayətinin dəlili əsassız, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə isə əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin başqa bir dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi iş üzrə borcun məbləğinin düzgün müəyyən edilməsi ilə bağlı ekspertiza təyin etməli idi. Məhkəmə şikayətin bu dəlili ilə bağlı bildirir ki, cavabdeh borcun məbləğinin düzgün hesablanmadığını bildirsə də, bu xüsusatı təsdiq edə və məhkəmənin gəldiyi nəticəni şübhə altına ala biləcək sübutları (məsələn: iddiaçının nəzərə almadığı və ya hesablamadığı ödəniş qəbzlərini) Məhkəməyə təqdim etməmişdir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar