Məhkəmə qərarları › İş №2(107)-527/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-527/2023

02.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-527/2023 02.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair ilkin iddia, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə (bundan sonra- Birlik) qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair ilkin iddia, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi barədə mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tаrixli qətnaməsindən Birlik tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən iddiaçıya məxsus yaşayış evinə quraşdırılmış G-4 markalı, **********6 nömrəli qaz sayğacı Birliyin əməkdaşları tərəfindən çıxarılaraq yeni sayğacla əvəz olunmuşdur. Birlik tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan” görünür ki, iddiaçıya məxsus yaşayış evinə quraşdırılan sayğaca baxış keçirilməsi zamanı sayğacın istismara yararsız vəziyyətdə olması müəyyən edilmişdir. Birliyin xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, G-4 markalı, 1502AZ**********18 nömrəli qaz sayğacının nominal qaz sərfi 4m3, iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabatın aparılması və 8640 m3 əlavə sərfiyyata görə borcun hesablanaraq ödənilməsi qərara alınmışdır. Qərarın qəbul edilməsi üçün əsas xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt olmuşdur. “Abonentin saldosundan” görünür ki, İddiaçı akt üzrə tələb olunan qaz sərfiyyatına görə borcu 1036,80 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Birliyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız olaraq hesablanıb abonent koduna vurulmuş 1036,80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birlik, cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin abonent koduna vurulmuş 1036,80 manat borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,37 manat pulun cavabdehdən tutulara Birliyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşadığı ev qaz sayğacı ilə təmin edilmişdir. Həmin sayğaca onun tərəfindən hər hansı müdaxilə olunmamışdır. Həmin sayğac küçədə quraşdırıldığından ona nəzarət onun iradəsindən kənardır. Sayğacda olan qüsura görə o, məsuliyyət daşımır. Sayğacda qüsur olsa belə, bu qüsur onun iştirakı ilə araşdırılmalı idi. Birlik əsassız olaraq ona 1036,80 manat cərimə hesablayıb. Birlik qarşıqlıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Birliyin əməkdaşları İddiaçı yaşadığı mənzilə quraşdırılmış qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək üçün açaraq götürmüşlər. Yoxlama zamanı müəyyən olunmuşdur ki, sayğacın element yuvasının qapağı alt hissədən gövdəyə birləşən hissədən sınıqdır və sayğaca istismara yararsızdır. Bu səbəbdən itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək itirilmiş qazın dəyəri olan 1036,80 manat İddiaçı abonent koduna vurulmuşdur. Birliyin əməkdaşları tərəfindən qazın dəyəri barədə abonentə bildiriş verilməsinə baxmayaraq cavabdeh borclu olduğu məbləği tam ödəməmişdir. Ağsu Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(016)-52/2023 nömrəli iş üzrə qəbul etdiyi 23 yanvar 2023-ci il tarixli qətnaməsi ilə (hakim A.Əsgərov) qarşılıqlı iddia tələbinin təmin edilməsi, cavabdeh “Azəriqaz” X1 Regional Qaz isitimar İdarəsi Ağsu Xidmət sahəsi tərəfindən tərtib edilmiş ******* nömrəli akt əsasında 1036,80 manat məbləğində borcun silinməsi, dövlət rüsumuna görə 30,37 manat məbləğində pulun cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, sayğac yoxlanılarkən kənar müdaxilə izləri aşkar edilməmiş və bu, dövlət yoxlama aktında qeyd edilmişdir. Həmçinin sayğacın daxilində nasazlıq olmuşdur. Həmin nasazlığın kənar müdaxilə nəticəsində əmələ gəlməsi sübut edilməmişdir. Belə ki, 31 avqust 2022-ci il tarixli, ******* saylı aktda aşkar olunan nasazlıqlar qeyd edilmiş və hər hansı müdaxilənin olması göstərilməmişdir. Bundan başqa sayğacın çıxış plastmas borusunun deşilməsinin abonent tərəfindən edilməsi sübut edilməmişdir. Birlik tərəfindən sayğaca görə abonentin məsuliyyətini təsdiq edən sübut təqdim edilməmişdir. Qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi abonent deyil, Birlik özü daşıdığından, o cümlədən, ilkin iddia üzrə iddiaçının təqsiri müəyyən edilmədiyindən mübahisələndirilən borc məbləği ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdehdən tələb oluna bilməz. İlkin iddia üzrə iddiaçı qanunla dövlət rüsumunu ödəməkdən azad edildiyindən 30,37 manat dövlət rüsumu Birlikdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 4.2, 4.6, 4.7, 4.8, 4.9-cu bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1,119.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Birlik apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və ilkin iddia tələbinin təmin edilməməsi və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Birliyin hesabına ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı abonent koduna vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Lakin məhkəmə qanunsuz olaraq abonentin faktiki istifadə etdiyi və dəyərini ödəmədiyi təbii qazın dəyərinin silinməsini qət etmişdir. Qət edilmiş məbləğin silinməsi üçün heç bir əsas və sübutedici dəlillər olmamışdır. Məhkəmə Birlik tərəfindən təqdim və sübut edilmiş sənədlərin heç birini nəzərə almamışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İlkin iddia üzrə İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən İddiaçı ilkin iddia ərizəsinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, Birliyin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Maddə 4.2. Qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafıq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Maddə 4.9. Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucusu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 13. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (bənd 8). Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir (bənd 9). Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, fiziki şəxs olan istehlakçıların (hazırki halda ilkin iddia üzrə iddiaçının) qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh Birlik daşıyır. Buna görə də Məhkəmə hesab edir ki, qaz sayğacında olan hər hansı qüsura görə ilkin iddia üzrə iddiaçı cavabdehlik daşımır. Yuxarıda qeyd edilən aktda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən cavabdeh Birlik tərəfindən hər hansı sübutun məhkəmələrə təqdim edilməməsi aktda əks olunan halın həqiqətə uyğun hal kimi qiymətləndirlməsini qeyri-mümkün edir. Belə ki, MPM-nin 77.2-ci maddəsinin mənasına görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Ağsu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 yanvar 2023-cü il tаrixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar