Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-528/2022 07.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışların ləğvi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsızlığı, çıxarışın ləğvi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçıların vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(033)-1169/2021 saylı qətnaməsindən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh2 və Zaqatala rayonu 2 saylı Notariat Ofisi, üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsi və Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Aşağı Çardaxlar inzibati Ərazi Dairəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışların ləğvi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon 2 saylı Notariat Ofisi tərəfindən Cavabdeh2 adına verilmiş 15 avqust 2021-ci il tarixli 2V 750, 2V 751, 2V 752, 2V 753, 2V 754, 2V 755, 2V 756, 2V 757, 2V 758, 2V 759 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında Cavabdeh2 adına verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum ataları X11 08.01.2008-ci il tarixdə, anaları X12 19.06.2008-ci il tarixdə ünvan 1ində vəfat etmişlər. Mərhum valideynləri vəfat etdikdən sonra onlara məxsus ünvan 1ində 0.3418 ha. 0.2053 ha. 0.4990 ha. 0.4116 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri və ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 74.70 kv.m olan fərdi yaşayış evi və 0.1998 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Həmin miras qalmış əmlaklara uzun illər vəfat etdikdən sonra onların tərəfindən faktiki sahiblik həyata keçirilmiş, həmin torpaq sahəsində yaşayış evi tikilmiş, miras qalmış torpaq sahəsində olan fındıq ağaclarındakı məhsulları onlar yığmışlar. Bu il qardaşları Cavabdeh2 onların torpaq sahələrindən istifadə etməmələrini, fındıq bağına girməmələrini bildirmişdir. Onlar mərhum valdieynlərindən miras qalan əmlakdan onlara düşən paylarını almaq üçün notariat ofisinə müraciət edən zaman məlum olmuşdur ki, Cavabdeh2 Zaqatala rayon Notariat Ofisinə müraciət edərək mərhum vulideyinlərindən miras qalmış əmlaka vərəsəlik açdırmış, həmin əmlaklara özünün adına çıxarış əldə etmişdir. Mərhum valideynlərindən miras qalmış əmlaklara dair tam hissədə vərəsə Cavabdeh2 adına Zaqatala rayon 2 saylı Notariat Ofisində 15 avqust 2021-ci il tarixdə 2 V 750, 2 V 751, 2 V 752, 2 V 753, 2V 754, 2V 755, 2 V 756, 2 V 757, 2 V 758, 2 V 759 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Notariat Kontoru miras qalmış əmlaklara dair tam hissədə vərəsə kimi Cavabdeh2 tanımaqla vərəsəlik hüquqlarını pozmuş, miras əmlaklardan onlara düşən payı açıq saxlamamaqla tam vərəsə kimi bütün əmlak payını cavabdehə verməklə miras əmlaklardan pay almaq hüquqlarından məhrum olmuşlar. Notariat işinə əlavə olunmuş Zaqatala rayon Aşağı Çardaxlar kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 iyul 2021-ci il tarixli 151 və 154 saylı arayışda X2 1955-ci il tarixdən mərhum valideynlərinin təsərrüfatında olması qeyd olunur. Lakin Zaqatala rayon Dövlət arxiv İdarəsi tərəfindən verilmiş 05.05.2021-ci il tarixli arxiv arayışında qeyd olunur ki, X6 2006-2010-cu illərdə ailə tərkibi və sairə aşağıdakı kimi olmuşdur. X11, və X13. Əlavə olaraq qeyd hissəsində göstərilir kihər iki təsərrüfat başçıları vəfat etdikdən sonra birgə təsərrüfatda yaşayanlar olmadığı üçün təsərrüfat bağlanmışdır. Notariat işinə əlavə olunmuş arxiv arayışına əsasən Cavabdeh2 ümumiyyətlə mərhum valideynlərinin təsərrüfatında olmamışdır. İcra nümayəndəliyi tərəfindən verilmiş 27 iyul 2021-ci il tarixli 151 və 154 saylı arayışlarla Arxiv idarəsi tərəfindən verilmiş arayış ziddiyyət təşkil etdiyi üçün notariat kontoru tərəfindən notariat işində olan sənədlərə diqqət yetirilməmiş, Cavabdeh2 miras əmlaklardan tam pay verilmişdir. Belə olan təqdirdə notarius digər vərəsələrin olmasını araşdırmalı, onların mirası faktiki qəbul edib etməməsini yoxlamalı, arayışlar arasında ziddiyətlər olduğu üçün qanun üzrə vərəsəlik şəhadətnaməsi verməkdən imtina etməli idi. Vərəsəlik işində olan 27 iyul 2021-ci il tarixli 151 saylı arayışda qeyd olunur ki, mərhum X6 adında olan ünvan 1ində yerləşən evində onun ölümündən sonra halhazıradək oğlu Cavabdeh2 ailəsi ilə birlikdə yaşayır. QocayevAbdurahman Yusif oğlu daimi olaraq həmin evdə son 1 ildir ki, yaşamağa başlamışdır. Həmin müddətə qədər o Rusiyada olmuş, mərhum valideynləri vəfat etməmişdən öncə Rusiyada yaşamış, yalnız onların dəfn mərasiminə gəlmiş, dəfn mərasimində iştirak etdikdən sonra Rusiyaya geri qayıtmışdır. 12 il həmin əmlaklara sahiblik həyata keçirməmişdir. Vərəsəlik işində olan RİHB-nın Aşağı Çardaxlar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 may 2021-ci il tarixli 112 saylı arayışda qeyd olunur ki, 08.01.2008-ci il tarixdə vəfat etmiş X6 yas mərasiminin dəfn xərcini və 06 may 2021-ci il tarixli arayışlarda qeyd olunur ki, 19.06.2008ci il tarixdə vəfat etmiş X7 yas mərasiminin dəfn xərcini həqiqətən ölən gününədək birlikdə yaşamış oğlu Cavabdeh2 tərəfindən çəkilmişdir. Yuxanda qeyd etdiyi kimi Cavabdeh2 ümumiyyətlə mərhum valideynləri ilə birlikdə yaşamamış, onlarla birlikdə təsərrüfat aparmamış, ümumiyyətlə nə valideynləri sağlığında nədə onlar vəfat etdikdən sonra orada yaşamamışdır. Cavabdeh ümumiyyətlə mirasa nə faktiki sahibliyi həyata keçirmiş, nədə ki mirası qəbul etdiyi barədə Notariat ofisinə ərizə ilə müraciət etmişdir. Aşağı Çardaxlar kənd İcra nümayəndəliyi və X8 tərəfindən verilmiş arayışlar yalnız formal xarakter daşımaqla miras qalan əmlaklardan tam pay almaq üçün Cavabdeh2 sözügedən arayışlar verilmişdir. Mərhum valdeyinləri sağlığında həmin əmlaklardan bütün övladlarının payını ayıraraq fındıq bağında və boş torpaq sahələrində yerini göstərmişlər. Kənddə qalan digər qardaşları İddiaçı1 atalarına məxsus torpaq sahəsində ev tikmiş və həmin torpaq sahələrinə qulluq etmişdir. İcra nümayəndəliyi tərəfidən mərhumlardan miras qalmış əmlaklara faktiki sahibliyi həyata keçirmədiyi təqdirdə cavabdehə verilən arayışların heç bir hüquqi əsası yoxdur. Bunun üçün Notariat ofisi tərəfindən verilən qanun üzrə vərəsəlik şəhadətnamələri etibarsız hesab edilməli və onun əsasında verilmiş çıxarışlar ləğv olunmalıdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(033)-1169/2021 saylı qətnaməsi ilə (hakim V.Məmmədov) iddia tələbinin təmin edilməsi, ünvan 1ində yerləşən 0.3418 ha. 0.2053 ha. 0.4990 ha və 0.4116 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri, ünvan 1ində yerləşən ümumi sahəsi 74.70 kv.m olan fərdi yaşayış evi və 0.1998 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh2 adına Zaqatala rayonu 2 saylı dövlət notariat kontoru tərəfindən verilmiş 15 avqust 2021-ci il tarixli 2V 750, 2V 751, 2V 752, 2V 753, 2V 754, 2V 755, 2V 756, 2V 757, 2V 758, 2V 759 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında Cavabdeh2 adına qeydə alınaraq Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi 10.09.2021 olan; qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi 09.09.2021 olan; qediyyat nömrəsi ********** qeydiyyat tarixi 10.09.2021 olan; qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi 09.09.2021; qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi 10.09.2021 olan çıxarışların ləğv edilməsi, iddiaçıların dövlət rüsumu olaraq ödədikləri 10 (on) manatın özlərinə aid edilməsinin tanınması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mərhum ataları X11 08.01.2008-ci il tarixdə, anaları X12 19.06.2008-ci il tarixdə ünvan 1ində vəfat etmişlər. Mərhum valideynləri vəfat etdikdən sonra onlara məxsus ünvan 1ində 0.3418 ha. 0.2053 ha. 0.4990 ha. 0.4116 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri və ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 74.70 kv.m olan fərdi yaşayış evi və 0.1998 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Həmin miras qalmış əmlaklara uzun illər vəfat etdikdən sonra onların tərəfindən faktiki sahiblik həyata keçirilmiş, həmin torpaq sahəsində yaşayış evi tikilmiş, miras qalmış torpaq sahəsində olan fındıq ağaclarındakı məhsulları onlar yığmışlar. Bu il qardaşları Cavabdeh2 onların torpaq sahələrindən istifadə etməmələrini, fındıq bağına girməmələrini bildirmişdir. Onlar mərhum valdieynlərindən miras qalan əmlakdan onlara düşən paylarını almaq üçün notariat ofisinə müraciət edən zaman məlum olmuşdur ki, Cavabdeh2 Zaqatala rayon Notariat Ofisinə müraciət edərək mərhum valideyinlərindən miras qalmış əmlaka vərəsəlik açdırmış, həmin əmlaklara özünün adına çıxarış əldə etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçılar və Cavabdeh2 ibarət birinci növbədə bərabər pay hüquqlu vərəsələri olan X11 08 yanvar 2008-ci ildə, X13 19 iyun 2008-ci ildə vəfat etmiş və onların ümumi birgə mülkiyyətlərində olan ünvan 1i ünvanında yerləşən 0,4116 ha, 0,4990 ha, 0,2053 ha, 0,3418 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri, ümumi sahəsi 74,70 kvm olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,1998 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Mesed Qocayeva ümumi birgə mülkiyyətdə olan əmlaklardan yalnız 1957-ci ildə tikilmiş 3 otaqlı evi, mal damını, altıaçıq, 0,77 ha torpaq sahəsini, 55 topa bar verən fındıq ağacını Cavabdeh2 vəsiyyət etsə də, həmin əmlaklar onun mərhum Yusif Qocayev ilə ümumi birgə mülkiyyəti olduğundan, Mesed Qocayevanın vəsiyyət etdiyi əmlaklardakı payı 1/2 hissə təşkil etmişdir ki, həmin vəsiyyət olunan əmlakda da vəsiyyətnamənin məzmunundan asılı olmayaraq iddiaçıların məcburi pay hüquqları olmuşdur. Miras əmlak barədə vəsiyyət üzrə vərəsəlik qeydə alınmamışdır. Mübahisəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ilə bağlı mirasın qəbuluna dair 02 avqust 2021-ci il tarixli ərizələrlə notariat orqanına müraciət etmiş Cavabdeh2, iddiaçıların da mirasqoyanın vərəsəsi olduğuna dair zəruri məlumatı vermədiyindən, sonuncuların vərəsə olması notariat orqanına məlum olmamış, bu səbəbdən miras əmlak barədə həmin vərəsələrə xəbər verməyə dair qanunun icrası məcburi olan imperativ normasına riayət edilmədən cavabdehin adına mübahisəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr vermiş, nəticədə miras əmlaka münasibətdə cavabdeh vərəsələrlə bərabər pay hüququ olan iddiaçıların vərəsəlik hüququ pozulmuşdur. Miras əmlaklar cavabdehin adına qeydə alınaraq “Notariat haqqqında” Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlmişdir ki, mübahisəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr qanunvericiliyin tələbləri pozulmaqla verildiyindən etibarsız sayılmalı və bununla bağlı verilmiş çıxarışlar ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146, 1159, 1243.2, 1243.3, 1246, 1318-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin halları ondan ibarətdir ki, 2008-ci il tarixdə vəfat etmiş X11, X13 iddiaçılar və cavabdehin valideynləridir. Mərhum valideynlərin Zaqatala rayon Aşağı Çardaxlar kəndində fərdi yaşayış evi və torpaq sahələri miras qalmışdır. El adəti ilə ailədə olan balaca oğlan uşaqları valideynlərə məxsus təsərrüfatda, evdə qalır və yaşayır. Bu məqsədlə mərhumların oğlu Cavabdeh2 başqa digər oğlan və qızları, yəni iddiaçılar hələ valideynlər ölməmişdən çox əvvəl təsərrüfatlarını ayıraraq oğlanlar ailə quraraq, qızlar isə ərə köçərək valideynlərin təsərrüfatlarından çıxıb getmişlər. Mərhumlardan miras qalmış yaşayış evi və həyətyanı torpaq sahəsi o cümlədən digər pay torpaqları iş üzrə Cavabdeh2 tərəfindən faktiki olaraq miras kimi qəbul edilmiş, onun tərəfindən həmin miras əmlaklar idarə olunmuşdur. Belə ki, miras qalmış yaşayış evində Cavabdeh2 ailəsi ilə birlikdə yaşamış, əmlak və torpaq vergilərini rəsmi qaydada ödəmişdir. Bu faktı işə əlavə edilmiş icra nümayəndəliyi və bələdiyyənin arayışları, o cümlədən vergilərin ödənilməsinə dair ödəniş qəbzləri, bundan başqa məhkəmə iclasında ifadə vermiş iddiaçılar eyni zamanda şahid qismində ifadə vermiş şəxslərin ifadələri ilə təsdiq olunmuşdur. Lakin bütün bunlara baxmayaraq məhkəməyə təqdim olunmuş bütün sübutların əksi olaraq cavabdehin hüquqlarını pozan qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Qətnamədə məhkəmənin əsaslandırması yalnız mülahizələrdən ibarətdir. Belə bir qətnaməni qəbul etmək üçün məhkəmənin əlində heç bir yazılı sübut yoxdur və yalnız iddiaçıların ifadələrinə əsaslanaraq qətnamə qəbul etmiş və bütün vərəsəlik şəhadətnamələri etibarsız hesab etmişdir. Belə ki, məhkəmə iclasında tədqiq olunan aşağıdakı sübutlardan görünür ki, Cavabdeh2 ata-anasının ölümündən sonra hal-hazıradək onlardan miras qalmış evdə ailəsi ilə birlikdə yaşayır. Bu faktı məhkəmə iclasında İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı3, şahid X4, şahid X1 təsdiq etmişlər. Məhkəmənin əsaslandırdığı hallardan biri isə ondan ibarətdir ki, İddiaçı1 oğlunun adına tikilmiş yaşayış evinin həyətyanı torpaq sahəsinin qonşuluğunda mərhum Yusif Qocayevin pay torpağı vardır və həmin pay torpağında yerləşən təsərrüfat tikilisi olan mal tövləsindən İddiaçı1 istifadə edir. X16 məxsus pay torpağında yerləşən təsərrüfat tikilisi olan mal tövləsi iddia olunur ki, İddiaçı1 tərəfindən tikilib. Lakin bu faktı təsdiq edəcək heç bir sübut iddiaçılar tərəfindən məhkəməyə təqdim olunmamışdır. X16 məxsus pay torpağında yerləşən təsərrüfat tikilisi başqa şəxsə məxsus ola bilməz. Ona görə ki, əvvəla təsərrüfat tikilisi mülkiyyətdə olan əmlak kimi DƏDRX-də qeydiyyata alınmır. Bundan başqa mal tövləsi adı altında İddiaçı1 hər hansı tikili aparmışdırsa bu tikintinin aparılması özü MM-nin 180-cı maddəsinə əsasən qanunsuzdur. Qanunsuz əldə olunmuş sübut isə məhkəmə tərəfindən mötəbər sübut kimi işin həll olunmasında istifadə oluna bilməz. Bundan başqa məhkəmə qətnamədə əsaslandırarkən qeyd etmişdir ki, Cavabdeh2 valideynləri vəfat etdikdən sonra mirası faktiki olaraq qəbul etdiyini və idarə etdiyini digər varislərin əmlakdan istifadə etmədiklərini etmiş olsa belə Abdurahmanın icazəsi ilə etdiklərini bildirsə də iddiaçıların bağdan istifadə etmədikləri barədə hər hansı sübut təqdim etməmişdir. (Cavabdeh sübut etməyə borclu deyil) İddiaçıların bağdan onun icazəsi ilə istifadə etdiklərini qeyd olunanlar isə iddiaçıların bağdan istifadə etdiklərini məhsulu yığıb üzərində sərəncam verdiklərini şahid ifadələri ilə tamamlanan izahatların işin hallarına uyğun olduğunu təsdiq edir. Məhkəmə cavabdehin bu dəlili üzrə onu da qeyd etməyi zəruri sayır ki, iddiaçıların bağdan istifadə etdikləri dövrdə miras əmlak cavabdehin mülkiyyətinə qeydə alınmadığından onu özü ilə bərabər hüquqlu digər vərəsələrə mirasdan istifadə etmələrində icazə vermək səlahiyyəti olmamış və bağdan onun razılığı ilə istifadə mirasın digər vərəsələri tərəfindən qəbul edilməməsi olaraq dəyərləndirilə bilməz. Belə ki, digər vərəsələrin miras bağ sahəsindən istifadə etməklə onun məhsulu üzərində sərəncam vermələri mirası qəbul etdiklərini şərksiz nümayişin sübutu üçün yetərli olmuşdur. Məhkəmənin fikirləri mövcud qanunvericiliyə, vərəsəlik haqqında qanunlara və vərəsəliyin qəbulu üçün müəyyən olunmuş qaydalara və təlimatlara tamamilə ziddir. İddiaçılar özlərinin iddia etdiklərinin sübutu kimi məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişlər. İddiaçıların sübutu yalnız onların dedikləri yalan ifadələrdən başqa bir şey deyildir məhkəmə isə iddiaçıların dedikləri yalan sözləri mötəbər sübut kimi qəbul edir, lakin cavabdehin məhkəməyə və notariusa təqdim etdiyi sənəd və sübutları (icra nümayəndəliyi və bələdiyyənin arayışı, verginin ödənişinə dair qəbzlər) eyni zamanda həmin sübutlarla yanaşı bir neçə iddiaçının və şahidin verdiyi ifadələri cavabdehin xeyrinə olan sübut kimi yox, əksinə iddiaçıların iddiasını təmin etmək üçün olan yalançı sübut kimi qəbul edir. Məhkəmə vərəsəliyin qəbulunda miras əmlakın faktiki olaraq qəbul edilib idarə olunması ilə miras əmlakın məhsulunu qanunsuz olaraq yığdıqlarına dair hərəkəti düzgün qiymətləndirməmişdir. Cavabdeh2 miras əmlaka olan yaşayış evində valideynlərinin vəfatından sonra ailəsi ilə birlikdə yaşayır. Bu fakt İcra nümayəndəliyinin arayışı ilə sübuta yetirilir. Eyni zamanda məhkəmə iclasında dindirilmiş şahid və iddiaçıların ifadələri ilə sübuta yetirilir. Bundan başqa Cavabdeh2 valideynlərindən miras qalmış əmlakın vergi borclarını ödəyir və bu faktı da bələdiyyənin arayışı təsdiq edir. Buradan da görünür ki, Cavabdeh2 miras qalmış əmlakı şəksiz nümayiş etdirərək idarə edir. Miras əmlakın idarə edilməsi başqa bir hərəkətdir. Miras əmlakdan istifadə etmək isə başqa bir hərəkətdir. Zaqatala Rayon Məhkəməsi iddiaçılar tərəfindən miras əmlakdan qanunsuz istifadə etməni, miras əmlakın məhsulunu qanunsuz yığmasını onlar tərəfindən mirasın faktiki qəbulu kimi qəbul edərək düzgün qiymət verməmişdir. Lakin miras əmlakın miras qoyanları vəfat etdikdən sonra həmin miras əmlakda yaşamaqla əmlaka sahiblik etməyə, həmin əmlakı idarə etməyə faktiki başlayan bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirən Cavabdeh2 hərəkətini isə qanunsuz hesab edərək mirası qəbul etməyən vərəsə kimi tanımışdır. Məhkəmənin ədalətsiz hərəkət etdiyi buradan görünür. Belə ki, MM-nin 1243-cü maddəsində qeyd olunur ki, vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Bu maddənin tələbindən görünür ki, Cavabdeh2 miras qalmış evdə yaşamağa başlamaqla valideynlərindən qalmış bütün mirası vərəsə olaraq təkcə o, qəbul etmişdir. Digər vərəsələrin təsərrüfatları və yaşayış ünvanları ayrı olduqlarına görə onlar mirasdan pay almaq üçün mirasın açıldığı gündən 6 ay keçməmiş notariusa ərizə ilə müraciət etməli idilər. Belə ki, MM-nin 1246-cı maddəsində qeyd olunur ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İş üzrə iddiaçılar valideynlərinin öldüklərini, onların əmlaklarının miras qaldıqlarını bildikləri halda miras qalmış əmlakdan pay almaq üçün notariusa ərizə ilə müraciət etməmişlər və yaxud da miras əmlakın heç bir hissəsini faktiki olaraq miras əmlak kimi qəbul etməmiş və idarə etməmişlər. Notariat hərəkətlərinin aparılması haqqında təlimatın 99-cu bəndində qeyd olunur ki, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər. Vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması barədə müvafiq sənəd, miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd. Məhkəmə qeyd olunan təlimatın tələblərini pozaraq mirası faktiki olaraq qəbul edib miras qalmış evdə yaşayan, eyni zamanda vergiləri ödəyən, vergiləri ödədiyini sübuta yetirən sənədəlri nəzərə almadan qanunsuz qətnamə qəbul etmişdir. Qeyd olunan təlimata əsasən Cavabdeh2 miras açıldığı gündən miras qalmış evdə yaşayır, həm də torpaq vergilərini ödəyir. Vergilərin ödənilməsinə dair məhkəməyə təqdim olunmuş bələdiyyənin arayışından görünür ki, Cavabdeh2 hətta 2011-ci ildə vergi borcunu ödəmişdir. Lakin iddiaçıların heç biri vergi borcunun ödənilməsi, nə miras qalmış yaşayış evində yaşaması barədə, nə də ki, mirası faktiki qəbul edib idarə etmələri barədə heç bir sənədi məhkəməyə təqdim edə bilməmişdirlər. Məhkəmə qanunsuz qətnamə çıxardarkən nəzərə almamışdır ki, MM-nin 1243-cü maddəsində qeyd olunan əmlaka sahiblik etmək və ya əmlakı idarə etməyə faktiki başlamaq ifadələri miras əmlakdan qanunsuz istifadə etmək, onun məhsulunu yığmaq demək deyildir. Əmlaka sahiblik etmək o deməkdir ki, o, şəksiz olaraq özünü nümayiş etdirməlidir ki, valideyndən miras qalmış əmlakın sahibi özüdür. Belə bir halın olmasını nə kəndin icra nümayəndəsi nə bələdiyyəsi nə də şahidləri təsdiq etməmişdirlər. Məhkəmə yalnız iddiaçının evinin miras qalmış torpaqların qonşuluğunda yerləşməsini əsas gətirərək iddiaçıları mirası qəbul etmiş vərəsə hesab etmişdir. Beləliklə, məhkəmə MPM-nin 77 və 88-ci maddələrinin tələblərini, eyni zamanda MM-nin 1243 və 1346-cı maddələrinin tələblərini pozmuşdur. Qeyd edilənləri nəzərə alaraq, o, məhkəmə kollegiyasından Zaqatala Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2(033)- 1169/2021 saylı qətnaməsinin tam ləğv edilməsinə, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsi, Zaqatala Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(033)-1169/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə etdiyini və Zaqatala Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(033)-1169/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1318-ci maddəsinə əsasən notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. “Notariat haqqqında” Azərbaycan Respublikası Qanunu: “Notariat haqqqında” Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat” “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 83-cü bəndinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı əsas hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir. Zaqatala Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(033)-1169/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 27.12.2021-ci il tarixli, 2(033)-1169/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır, formal mülahizələrə əsaslanır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iddiaçının mərhum ataları X11 08.01.2008-ci il tarixdə, anaları X12 19.06.2008-ci il tarixdə ünvan 1ində vəfat etmişlər. Mərhum valideynləri vəfat etdikdən sonra onlara məxsus ünvan 1ində 0.3418 ha. 0.2053 ha. 0.4990 ha. 0.4116 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri və ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 74.70 kv.m olan fərdi yaşayış evi və 0.1998 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Həmin miras qalmış əmlaklara uzun illər ərizndə iddiaçılar valideynləri vəfat etdikdən sonra onların tərəfindən faktiki sahiblik həyata keçirilmiş, həmin torpaq sahəsində yaşayış evi tikilmiş, miras qalmış torpaq sahəsində olan fındıq ağaclarındakı məhsulları onlar yığmışlar. İddiaçılar mərhum valdieynlərindən miras qalan əmlakdan onlara düşən paylarını almaq üçün notariat ofisinə müraciət edən zaman məlum olmuşdur ki, Cavabdeh2 Zaqatala rayon Notariat Ofisinə müraciət edərək mərhum valideyinlərindən miras qalmış əmlaka vərəsəlik açdırmış, həmin əmlaklara özünün adına çıxarış əldə etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh2 və Zaqatala rayonu 2 saylı Notariat Ofisi, üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsi və Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Aşağı Çardaxlar inzibati Ərazi Dairəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışların ləğvi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon 2 saylı Notariat Ofisi tərəfindən Cavabdeh2 adına verilmiş 15 avqust 2021-ci il tarixli 2V 750, 2V 751, 2V 752, 2V 753, 2V 754, 2V 755, 2V 756, 2V 757, 2V 758, 2V 759 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında Cavabdeh2 adına verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Apellyator apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, məhkəmə iclasında tədqiq olunan aşağıdakı sübutlardan görünür ki, Cavabdeh2 ata-anasının ölümündən sonra halhazıradək onlardan miras qalmış evdə ailəsi ilə birlikdə yaşayır. Bu faktı məhkəmə iclasında İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı3, şahid X4, şahid X1 təsdiq etmişlər. Məhkəmə kollegiyası cavabdehin yuxarıda qeyd edilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, mirasın açıldığı vaxt Cavabdeh2 Rusiya Federasiyasında yaşamış və mirası qəbul etməmişdir. Cavabdeh, bu dəlillərin təkzib edilməsində sübut olan, ölkə xaricinə gedib-gəlişi barədə qeydlərin olduğu adına verilmiş ümumvətəndaşlıq pasportunu təqdim etməmişdir. Məhkəmə, qeyd edilənlərə əsasən mirasın açıldığı vaxt Cavabdeh2 Rusiya Federasiyasında yaşaması və mirası qəbul etməməsi barədə iddiaçıların bildirdiklərini müəyyən olunmuş hesab edir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh iddiaçıların bağdan onun icazəsi ilə istifadə etdiklərini qeyd etmiş, işin bu halının isə iddiaçıların bağdan istifadə etdiklərinə, məhsulunu yığıb üzərində sərəncam verdiklərinə dair yanaşı yoxlanılmış şahid ifadələri ilə tamamlanan izahatlarının işin hallarına uyğun olduğunu təsdiq edir. Bundan başqa məhkəmə doğru olaraq qeyd etmişdir ki, iddiaçıların bağdan istifadə etdikləri dövrdə miras əmlak cavabdehin mülkiyyətinə qeydə alınmadığından, onun özü ilə bərabər hüquqlu digər vərəsələrə mirasdan istifadə etmələrində icazə vermək səlahiyyəti olmamış və bağdan onun razılığı ilə istifadə mirasın digər vərəsələr tərəfindən qəbul edilməməsi olaraq dəyərləndirilə bilməz. Belə ki, digər vərəsələrin miras bağ sahəsindən istifadə etməklə onun məhsulu üzərində sərəcam vermələri mirası qəbul etdiklərini şəksiz nümayişinin sübutu üçün yetərli olmuşdur. Miras qoyanın öldüyü tarixdə qüvvədə olmuş Mülki Məcəlləyə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə açılır. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İddiaçılar miras qalmış əmlak olan fındıq sahəsini əkib becərməklə faktiki olaraq o qəbul etmişdir. Mülki qanunvericliyin tələbinə əsasən vərəsə 2 yolla: 1. mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə 2. əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Hazırki mülki iş materiallarından müəyyən edilir ki, iddiaçılar fındıq sahəsini istifadə etməklə mirаs qаlmış tоrpаq sаhələrini miras əmlak kimi faktiki olaraq qəbul etmişlər. Yuxarı qeyd edilmiş iş materiallarından və proses iştirakılarının izahatlarından bəlli olur ki, apellyatorun dəlilləri əsaslıdır. Apellyasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, X16 məxsus pay torpağında yerləşən təsərrüfat tikilisi olan mal tövləsi iddia olunur ki, İddiaçı1 tərəfindən tikilib. Lakin bu faktı təsdiq edəcək heç bir sübut iddiaçılar tərəfindən məhkəməyə təqdim olunmamışdır. Kollegiya qeyd edilmiş dəlillə də razılaşmır və bildirir ki, Mülki Məcəlləyə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Yəni iddiaçılar miras əmlakın bir hissəsini qəbul etdiklərindən mirası tam olaraq qəbul etmiş hesab olunur. Eyni zamanda Kollegiya qeyd edilmiş dəlillərlə razılaşmayaraq bildirir ki, Zaqatala RİHB-ın Aşağı Çardaxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi miras əmlak barəsində biri digərini təkzib edən arayışlar verərək, 27 iyul 2021-ci il tarixli 151 saylı arayışında, mərhum X6 adına olan ünvan 1ində yerləşən evində onun ölümündən sonra hal-hazıradək oğlu Cavabdeh2 ailəsi ilə birlikdə yaşadığını göstərmiş, 06 dekabr 2021-ci il tarixli 219 saylı arayışında isə, mərhumlardan miras qalmış torpaq sahəsində İddiaçı1 və onun ailə üzvlərinə məxsus fərdi yaşayış evi həyətyanı torpaq sahəsində yerləşdiyi, həyətyanyı torpaq sahəsinin İddiaçı1 oğlu X5 ayrılmış torpaq sahəsi olduğu, evin yerləşdiyi ərazi mərhumlardan miras qalmış torpaq sahəsində yerləşmədiyi, lakin DƏDRX-dən hüquqların qeydə alınaraq çıxarış əsasında verilmiş 0,2053 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin həmin həyətyanı torpaq sahəsinə bitişik olduğu, həmin torpaq sahəsindən mərhumların vəfatından sonra İddiaçı1 və onun ailə üzvlərinin istifadə etdikləri, həmin torpaq sahəsində mal tövləsinin yerləşdiyini göstərmişdir. Apellyator apellyasiya şikayətinin dəlillərində həmçinin bildirişdir ki, məhkəmə vərəsəliyin qəbulunda miras əmlakın faktiki olaraq qəbul edilib idarə olunması ilə miras əmlakın məhsulunu qanunsuz olaraq yığdıqlarına dair hərəkəti düzgün qiymətləndirməmişdir. Cavabdeh2 miras əmlaka olan yaşayış evində valideynlərinin vəfatından sonra ailəsi ilə birlikdə yaşayır. Bu fakt İcra nümayəndəliyinin arayışı ilə sübuta yetirilir. Eyni zamanda məhkəmə iclasında dindirilmiş şahid və iddiaçıların ifadələri ilə sübuta yetirilir. Bundan başqa Cavabdeh2 valideynlərindən miras qalmış əmlakın vergi borclarını ödəyir və bu faktı da bələdiyyənin arayışı təsdiq edir. Buradan da görünür ki, Cavabdeh2 miras qalmış əmlakı şəksiz nümayiş etdirərək idarə edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini də əsassız hesab edərək bildirir ki, Zaqatala rayonu X3 arayışlarından görünür ki, Cavabdeh2 müvafiq vergiləri mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət keçdikdən sonra ödəmişdir. İddiaçılar bu halı onunla əsaslandırmışlar ki, mirasın açıldığı vaxt Cavabdeh2 Rusiya Federasiyasında yaşamış və mirası qəbul etməmişdir. Lakin cavabdeh qeyd edilən halları təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ilə bağlı mirasın qəbuluna dair 02 avqust 2021-ci il tarixli ərizələrlə notariat orqanına müraciət etmiş Cavabdeh2, iddiaçıların da mirasqoyanın vərəsəsi olduğuna dair zəruri məlumatı vermədiyindən, sonuncuların vərəsə olması notariat orqanına məlum olmamış, bu səbəbdən miras əmlak barədə həmin vərəsələrə xəbər verməyə dair qanunun icrası məcburi olan imperativ normasına riayət edilmədən cavabdehin adına mübahisəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr vermiş, nəticədə miras əmlaka münasibətdə cavabdeh vərəsələrlə bərabər pay hüququ olan iddiaçıların vərəsəlik hüququ pozulmuşdur. Miras əmlaklar cavabdehin adına qeydə alınaraq “Notariat haqqqında” Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 83-cü bəndinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Lakin iş materiallarından və iddiaçıların izahatlarından göründüyü kimi qeyd edilən qaydalara əməl edilməmiş və iddiaçıları hüquqları pozulmuşdur. İddia tələbinin daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışın ləğv edilməsi barədə hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya vurğulayır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 8.0 və 8.0..3-cü maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Cavabdehin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verildiyindən iddia tələbi həmin hissədə də təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Odur ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2(033)-1169/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(033)-1169/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-528/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-528/2022
07.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver