Məhkəmə qərarları › İş №2(107)-531/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-531/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-531/2025 03.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: pul tələbi, qismən ləğv) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 07 fevral 2025-ci il tarixli 2(035)-41/2025 saylı, qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh borca görə 2700 manat, maddi zərərə görə 540 manat, mənəvi zərərə görə 3000 manat, ümumilikdə 6240 manat və ödənilmiş dövlət rüsumuna görə 82.4 manat pulun tutularaq onlara ödənilməsini tələb edir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən borca görə 2700 manat, maddi zərərə görə 540 manat, mənəvi zərərə görə 3000 manat, ümumilikdə 6240 manat və ödənilmiş dövlət rüsumuna görə 82.4 manat pulun tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdilər.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən, iddiaçılar cavabdehə 7200 manat dəyərində 11 ton 690 kq arpa və 5 ton 50 kq buğda nisiyə satmışdılar. Cavabdeh iddiaçılara olan borcunu 2023-cü ilin payız aylarında ödəyəcəyinə dair söz vermişdir. İddiaçılar cavabdehdən onlara olan borcunu qaytarmasını tələb etsələr də, cavabdeh iddiaçılara borclu olduğu 7200 manat borcdan hissə-hissə olaraq cəmi 4500 manat pul qaytarmışdır. Cavabdeh borclu qaldığı 2700 manat pulu əvvəllər qaytaracağını bildirsədə sonradan müxtəlif bəhanələr gətirərək ümumiyyətlə borcu qaytarmaqdan imtina etmişdir. Ona görə də, hazırkı iddia ilə iddiaçılar məhkəməyə müraciət etmişlər. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər.

4. İddiaçılar xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ünvanlayaraq 2700 manat borc məbləğinin cavabdehin iki il ərzində borclu olduğu pulu geri qaytarmamasına görə dəymiş maddi ziyana görə 540 manat və cavabdeh tərəfindən aldadılaraq pul vəsaitlərindən məhrum olmaları,pulu ala bilmədiklərinə görə digər şəxslər qarşısında öhdəliklərini lazımınca icra edə bilməmələrinə, həmçinin bununla bağlı sonsuz məhkəmə çəkişmələrinə sürüklənmələri və insanlara qarşı inamsızlıq hissi yaranmaqla mənəvi sarsıntı və iztirab keçirmələrinə görə 3000 manat mənəvi zərərin ümumilikdə 6240 manat pulun və 82.4 manat dövlət rüsumunun tutularaq iddiaçılara ödənilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər öz aralarında şifahi razılaşaraq 11 ton 690 kq arpa və 5 ton 50 kq buğdanı cavabdehə nisiyə satmışlar. İddiaçılar buğda və arpanın kiloqramını 50 qəpikdən satdıqlarını bildirsələrdə amma bununla bağlı məhkəməyə hər hansısa sübut təqdim edə bilməmişlər. Əksinə iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, arpanın 1 kiloqramın qiyməti 2023-cü il üçün 0.28-0.35 manat, buğdanın 1 kiloqramının qiyməti isə 0.28-0.30 manat müəyyən olunur. Məhkəmə iş materiallarına əlavə olunmuş CD diskdə olan səsə münasibətdə isə bildirmişdir ki, səs yazısında konkret olaraq borc məbləği və səsin yazıldığı tarix təsdiqini tapmamışdır. Cavabdehin nümayəndəsi isə məhkəmədə çıxışı zamanı səs yazısında olan borcun tam olaraq ödənildiyini bildirmişdir. Beləliklə, məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda istinad olunan maddi və prosessual qanunvericilik normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddiaçılar öz iddialarını məhkəmə iclasında hüquqi cəhətdən əsaslandıra bilməmiş və iddianın təmin edilməsi üçün məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişlər. Buna əsasən məhkəmə hesab etmişdir ki, iddia əsassızdır və ona görə də iddia təmin edilməməlidir. İddianın maddi və mənəvi ziyan hissəsinə münasibətdə isə məhkəmə bildirmişdir ki, mübahisənin əsasını 2700 manat borc məbləği təşkil etdiyindən və iddia həmin hissədə təmin edilmədiyindən həmin mübahisədən irəli gələn maddi və mənəvi ziyan tələbidə əsaslı deyil və həmin hissədə də təmin edilməməlidir.

6. Zərdab Rayon Məhkəməsinin 07 fevral 2025-ci il tarixli 2(035)-41/2025 qətnaməsi ilə (hakim İlqam Həsənquliyev) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbinə” dair iddiasının təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 21, 385.1, 386.1, 600.1 və 600.2-ci maddələrinə istinad etmişdir.

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İş matereallarına əlavə olunmuş DİSK-dəki səs yazısından görünür ki, tərəflər arasında olan səs yazısında cavabdehin iddiaçıya 2700 manat məbləğində pul borcu olması öz təstiqini tapmamışdır. İşdə olan xx.xx.2025-ci il tarixli nömrəli etibarnamədən müəyyən olunur ki,Cavabdeh Nümayəndə onu məhkəmədə təmsil etmək üçün ARİİİ № 512921 nömrəli etibarnamə vermişdir. İşdə olan Zərdab Rayon Məhkəməsi tərəfindən ünvanlanmış sorğuya "xxxx" MMCnin sədri tərəfindən verilmiş cavabdan müəyyən olunur ki,2023-cü il üçün arpanın 1 kiloqramının satış qiyməti 0.28-0.35 manat,buğdanın 1 kiloqramının satış qiyməti isə 0.28- 0.30 qəpik təşkil edib. İşdə olan xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, iddiaçılar iddia ərizəsinə məhkəmədə baxılmasıüçün dövlət rüsumuna görə cəmi 82.4 manat pul ödəmişdir.

9. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı1 və İddiaçı2 аpellyаsiyа şikаyəti vermişlər.

Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, qətnamə formal xarakterlidir və tərtib olunması üçün zəruri araşdırılma aparılmamışdır. İlk öncə bildirir ki, cavabdeh onların kəndində balıq gölü olmaqla balıqçılıqla məşğul olur. 2023-cü ilin iyun ayında cavabdeh müraciət edərək, balıq təsərrüfatı ilə məşğul olduğunu və balıqları yemləmək üçün arpa və buğdaya ehtiyacı olduğunu bildirmişdi. Buna əsasən aralarında olan şifahi razılaşmaya əsasən cavabdehə nisyə şəklində kiloqramı 40 qəpikdən olan 11 ton 690 kiloqram arpa, kiloqramı 50 qəpikdən isə 5 ton 50 kiloqram buğda satmışlar. Ümumilkdə cavabdehin onlara 7200 manat borcu olmuşdur. Cavabdeh borcundan 4500 manatını ödəsədə 2700 manat borclu qalmışdır. Cavabdeh borcunu danmasada, lakin müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Zərdab Rayon Məhkəməsinin icraatında olan işlə bağlı isə bildirir ki, iddia tam şəkildə sübuta yetirilsə də lakin məhkəmə əsassız olaraq iddianı təmin etməmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə həqiqətən qeyd edilən çəkidə və qiymətdə arpa və buğda alındığını etiraf edir. Lakin iddianı əsassız olaraq qəbul etməyərək izahatında bildirir ki, guya onlar cavabdehi aldadaraq baha qiymətə ona arpa və buğda satmışlar. Təəssüflər olsun ki, məhkəmə cavabdehin arqumentini əsaslı hesab etmişdir. Lakin məhkəmənin mövqeyi əsassızdır və heç bir hüquqi əsası yoxdur. Belə ki, cavabdehlə aralarında olan şifahi razılaşma tərəflərin iradə ifadəsini əks etdirir. Hansı ki, cavabdeh və onun nümayəndəsi belə arpa və buğdanın qiymətini mübahisələndirmir sadəcə olaraq onun baha satılmasını bildirirlər. Bir daha qeyd edirlər ki, aralarında olan şifahi razılaşmaya əsasən arpanın bir kiloqramı 40 qəpiyə buğdanın bir kiloqramı isə 50 qəpiyə satılmışdır. Bu alqı-satqı müqaviləsi şifahi bağlansada lakin tərəflərin tam iradəsini əks etdirir. Bundan əlavə məhkəmənin hansısa məlum olmayan bir MMC-dən arpa və buğdanın 2023-cü il üçün bazar qiymətlərinin müəyyən olunmasına dair rəy almasına münasibətdə isə bildirir ki, bu rəyin heç bir hüquqi əsası yoxdur. Bununla bağlı bir neçə faktı sadalayır. Birincisi bazar qiymətinin nə olmasından asılı olmayaraq tərəflə arasında şifahi razılaşma var. Sonradan şifahi razılaşmanın şərtlərinin pozulması və xüsusi ilə də bu pozulmanın bazar qiyməti ilə əsaslandırılması dələduzluq tərkibi yaradır. Belə ki, cavabdehə məcbur şəkildə arpa və buğda satmamışlar. Satış onun öz xahişi əsasında həyata keçirilmişdir. İkinci digər məsələ isə ondan ibarətdir ki, arpa və buğdanın dəyərindən yuxarı məbləğə satılmasına səbəb onun nisyə şəkildə satılması olmuşdur. Hansı ki, cavabdeh özü də bunu qəbul etmişdir. Məhkəmə işin hallarını araşdıran zaman tərəflər arasında şifahi razılaşma olmasını və tərəflərin heç birinin həmin razılaşmanın şərtlərini mübahisələndirmədiyini nəzərə almamışdır. Cavabdeh sadəcə olaraq borcdan yayınmaq və əsassız varlanmaq istəyir.

11. Ona görə də, Zərdab Rayon Məhkəməsinin 07 fevral 2025-ci il tarixli 2(035)- 41/2025 qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir.

14. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 izahatında bildirdi ki, apellyasiya şikayətini müdafiə edir. Onlar Cavabdeh qarşı “pul tələbinə” dair iddiasına dair mülki işə 07 fevral 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq iş üzrə № 2(035)- 41/2025 nömrəli qətnamə qəbul olunmuşdur. Həmin qətnaməyə əsasən iddia təmin olunmamışdır. Bildirir ki, qətnamə formal xarakterlidir və tərtib olunması üçün zəruri araşdırılma aparılmamışdır. İlk öncə bildirir ki, cavabdehin onların kəndində balıq gölü olmaqla balıqçılıqla məşğul olur. 2023-cü ilin iyun ayında cavabdeh bizə müraciət edərək, balıq təsərrüfatı ilə məşğul olduğunu və balıqları yemləmək üçün arpa və buğdaya ehtiyacı olduğunu bildirmişdi. Buna əsasən aralarında olan şifahi razılaşmaya əsasən cavabdehə nisyə şəklində kiloqramı 40 qəpikdən olan 11 ton 690 kiloqram arpa,kiloqramı 50 qəpikdən isə 5 ton 50 kiloqram buğda satmışlar.Ümumilkdə cavabdehin bizə 7200 manat borcu olmuşdur. Cavabdeh bizə olan borcundan 4500 manatını ödəsə də 2700 manat borcu qalmışdır. Cavabdeh onlara 4500 manat pulu mübahisəyə qədər qaytarmışdır. Zərdab Rayon Məhkəməsinin icraatında olan işlə bağlı isə bildirir ki,iddia tam şəkildə sübuta yetirilsə də lakin məhkəmə əsassız olaraq iddianı təmin etməmişdir. Belə ki,məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə həqiqətən qeyd edilən çəkidə və qiymətdə arpa və buğda alındığını etiraf edir. Lakin iddianı əsassız olaraq qəbul etməyərək izahatında bildirir ki,guya onlar cavabdehi aldadaraq baha qiymətə ona arpa və buğda satmışlar. Təəssüflər olsun ki, məhkəmə cavabdehin arqumentini əsaslı hesab etmişdir. Lakin məhkəmənin mövqeyi əsassızdır və heç bir hüquqi əsası yoxdur. Belə ki, cavabdehlə aralarında olan şifahi razılaşma tərəflərin iradə ifadəsini əks etdirir. Hansıki cavabdeh və onun nümayəndəsi belə arpa və buğdanın qiymətini mübahisələndirmir sadəcə olaraq onun baha satılmasını bildirirlər. Bir daha qeyd edir ki, aralarında olan şifahi razılaşmaya əsasən arpanın bir kiloqramı 40 qəpiyə buğdanın bir kiloqramı isə 50 qəpiyə satılmışdır. Bu alqısatqı müqaviləsi şifahi bağlansa da lakin tərəflərin tam iradəsini əks etdirir. Bundan əlavə məhkəmənin hansısa məlum olmayan bir MMC-dən arpa və buğdanın 2023-cü il üçün bazar qiymətlərinin müəyyən olunmasına dair rəy almasına münasibətdə isə bildirir ki, bu rəyin heç bir hüquqi əsası yoxdur. Birincisi bazar qiymətinin nə olmasından aslı olmayaraq tərəflər arasında şifahi razılaşma var. Sonradan şifahi razılaşmanın şərtlərinin pozulması və xüsusi ilə də bu pozulmanın bazar qiyməti ilə əsaslandırılması dələduzluq tərkibi yaradır. Belə ki, onlar cavabdehə məcburi şəkildə arpa və buğda satmamışlar. Satış onun öz xahişi əsasında həyata keçirilmişdir. İkinci digər məsələ isə ondan ibarətdir ki, arpa və buğdanın dəyərindən yuxarı məbləğə satılmasına səbəb onun nisyə şəkildə satılması olmuşdur. Hansı ki, cavabdeh özü də bunu qəbul etmişdir. Bundan əlavə olaraq isə qeyd edir ki, "xxxx" MMC tərəfindən verilmiş rəy statistik göstərici deyil və hüquqi sənəd kimi qəbul olunmalı deyil. Məhkəmə işin hallarını araşdıran zaman tərəflər arasında şifahi razılaşma olmasını və tərəflərin heç birinin həmin razılaşmanın şərtlərini mübahisələndirmədiyini nəzərə almamışdır. Cavabdeh sadəcə olaraq borcdan yayınmaq və əsassız varlanmaq istəyir. Yuxarıda qeyd olunanlara əsasən və qanunvericiliyin müvafiq maddələrini rəhbər tutaraq, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasından Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, № 2(035)-41/2025 nömrəli Qətnaməsinin tam ləğv olunaraq iddianın tam təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 İddiaçı1 ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini, apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Zərdab Rayon Məhkəməsinin 07 fevral 2025-ci il tarixli 2(035)-41/2025 qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etdi. İddiaçı2 verilən suallara cavab olaraq bildirdi ki, onlar əvvəllər cavabdehi tanımamışlar. İlk dəfə olaraq şifahi razılaşma yolu ilə satış etmişlər. Arpanı cavabdeh şəxsə 40 qəpikdən, buğdanı isə 50 qəpikdən satmışlar. Cavabdeh şəxs onlara 7200 manat pul verməli idi. Onlar 11 ton 690 kq arpanı cavabdehə verən zaman arpanın üstündə 2 tonda buğda vermişlər. Daha sonra onlar cavabdeh şəxsə zəng vuraraq 3 ton buğda qaldığını demişlər. Cavabdeh isə artıq onun anbarında yer olmadığı üçün qalan 3 ton buğdanı qonşu kənddə yaşayan dostu Elnurun evinə boşaldılmasını bildirmişdir. Onlar həmin 3 ton buğdanı Elnurun evinə aparmışlar və o da çəkib təhvil götürmüşdür. Elnur Elşənə zəng vuraraq ki, buğdanı çəkib təhvil götürdüyünü bildirmişdir.

17. Məhkəmə kollegiyasının iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmır. İddiaçı tərəf iddia edir ki, cavabdeh şəxsə 16-17 ton arpa və buğda veriblər. O iki gün ərzində bu məsələni araşdırdı və ona məlum oldu ki, həmin arpa və buğdanı iddiaçı tərəf 2 dəfəyə göndərib. Həmin arpa və buğdanı onun oğlu təhvil almayıb. İlk səfərində arpa və buğdanın 5-6 ton olmağı bilinmir. İkinci dəfə isə iddiaçı tərəf telefonla deyib ki, buğda ilə arpanı göndəririk ancaq yenə də çəkisi bilinmir. İkinci dəfə oğluna göndərilən arpa və buğdanı onlar görməmişlər və qəbul etmirlər. O zəng edib oğlundan soruşdu ki, ikinci səfər gətirilən buğda və arpadan xəbərin var? O da dedi ki, iddiaçə tərəf zəng vurub deyib ki, arpa və buğda göndərmişlər. Ancaq nə göndəriblər və nə qədər göndərdiklərini bilmir. İddiaçı tərəf iddia edir ki, 0.50 manatdan kiloqramını deyiblər ancaq həmin zaman o rayonda kiloqramı 0.30 manatdan dən alırdı. Topdan satış isə 0.28 manatdan idi. Göndərdikləri arpa və buğdanın yarısı torpaq və samandan ibarət olub. Onlar iddiaçılardan dedikləri qiymətə və dedikləri çəkidə buğda və arpa almamışlar. Onların iddiaçı tərəfə borcu yoxdur. Apellyasiya şikayətlərinin dəlilləri əsassız hesab edir və təmin edilməməsini xahiş etdi. Cavabdeh nümayəndəsi Nümayəndə verilən suallara cavab olaraq bildirdi ki, onlar iddiaçı tərəfin iddia etdiyi qiymətə və iddia etdikləri çəkidə arpa və buğda almamışlar. 4700 manat pulu onlar arpa və buğdanın onlara göndərdikləri birinci hissəsi üçün ödəmişlər. İkinci hissə buğda və arpanı oğlu qəbul etməyib. Kimin qəbul etdiyini isə bilmir.

18. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, iddiaçılar ona zəng edərək yemi gölə aparmaq lazım olduğunu dedilər. O iddiaçıların yemini dedikləri kimi gölə aparmışdır. X1 cavab olaraq bildirdi ki, o traktor idarə edir. Tərəflər həmkəndlidirlər. Yarməmmədbağı kəndindən arpa və buğdanı gölə aparmışdır. Dörd reys yem aparmış, daha sonra arpa və buğdanın qarışığını və bir reysini də kəndə Elnurun həyətinə boşaltmışdır. Tərəflərin arasında hər hansısa razılığın olub olmamasını bilmir. Arpa və buğdanı iki dəfəyə aparmışdır. Arpa və buğdanın neçəyə aldığını və neçəyə satdıqlarını bilmir. Elşən zəng edib dedi ki, artıq qalan yemi Elnurun həyətinə boşaltsın. Elnurun həyətinə boşaldan zaman orada Elnurun oğlu olub.

19. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, gölün kimin olmağını bilmir, sadəcə olaraq ora fəhlə kimi getmişdir. Arpa və buğda qarışıq idi. 400 kisə arpa və buğda yığmışlar. İddiaçılarla cavabdehin arasında alqı-satqının olubolmaması barədə məlumatı yoxdur.

20. Cavabdeh nümayəndəsi Nümayəndə şahidləri dinlədikdən sonra əlavə olaraq bildirdi ki, şahidlər obyektiv və düz danışdılar. Onların işi arpa və buğdanı yığmaq və boşaltmaq olub. Şahidlərin ifadəsindən də göründüyü kimi onun oğlunu onlar tanımırlar. İddiaçı tərəf iddia edir ki, Elnurun həyətinə arpa və buğdanı boşaldıblar. Elnur həmin vaxtı Azərbaycanda olmayıb. Elnur 20 ildir Russiya Federasiyasında yaşayır. Elnur həmin arpa və buğdanı görməyib. Göldə arpa və buğdanı qəbul edən şəxs deyir ki, yemi gətirib boşaltdılar ancaq çəkisini bilmədilər, onlar da gətirilən yemi çəkmədilər. İddiaçıların apellyasiya şikayətləri ilə razı deyil və apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.2.6-cı maddəsinə əsasən Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncüşəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdəşərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

26. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

27. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

28. İddiaçılar İddiaçı1 və İddiaçı2 Zərdab Rayon Məhkəməsinin 07 fevral 2025-ci il tarixli 2(035)-41/2025 qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

30. İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qismən əsaslıdır.

31. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında verdiyi izahatında iddiaçıların məbləği çox dediklərini, 2023-cü ildə arpa və buğdanın bazar satış qiymətləri, topdan satış üçün 0.28 manat və pərakəndə satış üçün 0.30 manat olduğunu qeyd etsə də iş materiallarında olan tərəflər arasında “whatsapp” yazışmasından görünür ki, tərəflər arasında şifahi razılaşma mövcud olmuşdur. Belə ki, Cavabdeh yazışmasında hazırda pulu ödəməyə imkanının olmadığını bildirmiş və qeyd etmişdir ki, “o qiymətə yem ona görə aldım ki, gözləyəsiniz”. Göründüyü kimi tərəflər arasında əvvəlcədən arpa və buğdanın həmin dövr üçün bazar qiymətindən fərqli qiymətə alqı-satqısı barədə şifahi razılaşma olmuşdur. Bundan başqa cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında verdiyi izahatında ikinci dəfə arpa və buğdanın hara aparılması barədə məlumatı olmadığını, cavabdehin həmin arpa və buğdanı qəbul etmədiyini bildirsə də məhkəmə kollegiyası hesab edir ki, nümayəndənin qeyd etdikləri özünümüdafiə xarakteri daşıyır. Belə ki, məhkəmə kollegiyasının iclasında dindirilmiş şahidlər arpa və buğdanı iki dəfəyə apardıqlarını, buğdanın qalan hissəsini isə məhz Elşənin zənginə əsasən Elnur adlı şəxsin həyətinə boşaltdıqlarını bildirmişlər.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

33. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.

34. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin əqdi bağlamaq iradə rəftarından, yəni tərəflər arasında olan yazışmalardan məlum olduğundan həmin şifahi əqd bağlanmış hesab olunmalıdır.

35. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

36. Həmin Məcəllənin 390.6-cı maddəsinə əsasən müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər.

37. Birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən istinad etdiyi Mülki Məcəllənin 600.2-ci maddəsinin dispozisiyasında əşyaların nisyə satışının satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirildiyi, Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmadığı qeyd edilsə də Həmin Məcəllənin 398.1-ci maddəsinin dispozisiyasına əsasən Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.

38. Göründüyü kimi 2023-cü il üçün arpanın 1 kiloqramının satış qiymətinin 0.28- 0.35 manat,buğdanın 1 kiloqramının satış qiymətinin isə 0.28-0.30 qəpik təşkil etdiyini bildirən arayış "xxxx" MMC tərəfindən verilmiş, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətləri (tariflər, normalar, dərəcələr və s.) deyil, tələb və təklif əsasında formalaşan orta bazar qiymətini əks etdirir.

39. Apellyasiya şikayətinin mənəvi zərərin ödənilməsinə dair dəlilinə də hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri həmin hissədə əsaslı deyildir.

40. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.

41. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

42. Həmçinin, Ali Məhkəmə göstərilən Qərarın 4-cü bəndində göstərmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər.

43. Lakin iş materiallarından göründüyü kimi iddiaçılar qeyd edilən halları (mənəvi sarsıntı və iztirab keçirməsi nəticəsində mənfi psixi reaksiyaya səbəb olması və ya sağlamlığının pozulması) təsdiq edən hər hansı sənəd və ya sübut təqdim etməmişlər.

44. Bundan başqa, MPM-in 107, 119.1 və 220.5-ci maddələrinə əsasən dövlət rüsumundan və işə baxılması ilə bağlı digər məsrəflərdən ibarət olan məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.

45. Ona görə də, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 82 manat dövlət rüsumunun 35.26 manatı tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməli, qalan 46.74 manat isə iddiaçılara aid edilməlidir.

46. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddia tələbinin 2700 manat olan əsas borca və ödənilmiş dövlət rüsumunun tutulmasına aid hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Zərdab Rayon Məhkəməsinin 07 fevral 2025ci il tarixli 2(035)-41/2025 qətnaməsi həmin hissədə, yəni iddia tələbinin 2700 manat olan əsas borca və ödənilmiş dövlət rüsumunun tutulmasına aid hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin 07 fevral 2025-ci il tarixli 2(035)-41/2025 qətnaməsi iddia tələbinin 2700 manat olan əsas borca və ödənilmiş dövlət rüsumunun tutulmasına aid hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2700 manat pul və ödənilmiş 82 manat dövlət rüsumunun 35.26 manatı tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. Ödənilmiş 82 manat dövlət rüsumunun 46.74 manatı iddiaçıların özünə aid edilsin. Zərdab Rayon Məhkəməsinin 07 fevral 2025-ci il tarixli 2(035)-41/2025 saylı qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar