Məhkəmə qərarları › İş №2(107)-534/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-534/2023

18.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-534/2023 18.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zaqatala Rayon 2 saylı Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməklə, ləğv edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: bağışlanma müqaviləsi, etibarsız müqavilə, maddi hüquq normasının düzgün tətbiq edilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, həmçinin vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zaqatala Rayon 2 saylı Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, ləğv edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 6 fevral 2023-cü il tarixli, 2(033)-101/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bağışlamaqdan imtinaya və Zaqatala Rayon 2 saylı Dövlət Notariat Ofisində 06 sentyabr 2016-cı il tarixdə İddiaçı ilə Cavabdeh arasında bağlanmış 4Ə-759 saylı reyestr nömrəsi ilə qeydiyyata alınmış "Daşınmaz əmlakın bağışlanma müqaviləsi”nin etibarsız hesab edilməsi və ya ləğv edilməsinə və həmin müqavilə əsasında alınmış RX seriyalı, ******* nömrəli Çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun xüsusi mülkiyyətində ünvan 3-də yerləşən fərdi yaşayış evi vardır. Həmin evi 06 sentyabr 2016-cı il tarixdə Notariat orqanında bağışlanma müqaviləsi imzalamaqla cavabdehə bağışlamışdır, lakin evi naturada ona təhvil verməmişdir, evdən bu gün də o özü istifadə edir, evi X1 vermişdir, evin kirayə haqqını ona ödəyir. Evin kommunal xərcləri də onun tərəfindən ödənilir. Həmin evə ƏMDK yanında DƏRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarış verilmişdir. Lakin indi bağışlamadan imtina edir. Belə ki, o, evi qızına qocalanda və xəstələnəndə qızının ona baxması müqabilində bağışlamışdır. Onun hal-hazırda 73 yaşı var, yaşlanmışdır, xəstədir, iynə-dərmanla yaşayır. Öz işini özü görə bilmir, baxıma ehtiyacı var. O, əmək qabiliyyətini itirən və dövlət tərəfindən pensiya alan bir vətəndaşdır. Lakin qızı, Cavabdeh ona baxmır, köməyinə çatmır. Onun ona qarşı münasibəti pisləşmişdir. Belə ki, o, onun yanında həyat yoldaşının, yəni öz atasının üzünə tüpürmüşdür. Ona bir valideyn kimi qayğı göstərmir. Həmin evi o kirayəyə vermişdir, orada X8 adlı şəxs kirayəçi qalır. Həmin evin kommunal xərclərini də - su, qaz və işıq pullarını o keçirir. Lakin qızı, Cavabdeh isə ona qayğı göstərmir. Qanunun bu tələbini pozur. Qızı, Cavabdeh ona qayğı göstərməməsi ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri kobudcasına pozmuş kimi qiymətləndirilməlidir. Qeyd olunan müddəalara əsasən hesab etmişdir ki, sözügedən müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş şərtlər pozulmaqla tərtib edildiyindən etibarsız hesab edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 6 fevral 2023-cü il tarixli, 2(033)-101/2023 saylı qətnаməsi ilə (hakim T.Həsənov) İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zaqatala Rayon 2 saylı Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, ləğv edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilmişdir, 100 (bir yüz) manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; ünvan 1 ünvanında yerləşən 0,08443 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69 kv.m., yaşayış sahəsi 32 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində ********* qeydiyyat nömrəsi ilə xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır. Həmin evin mülkiyyətçisi olan İddiaçı 1 iyul 1982-ci il tarixdə nikaha daxil olduğu X6 yazılı razılığı ilə reyestrdə 4Ə-759 nömrə ilə qeyd edilmiş Zaqatala rayonu 2 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 06 sentyabr 2016-cı il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən evini qızı-mülki iş üzrə Cavabdeh bağışlamışdır. Bundan sonra ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 68,40 kv.m. olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016ci il tarixdə qeydiyyata alınmış və inventar nömrəsi 2743 olan texniki pasport tərtib edilmişdir. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evini qocalanda və xəstələnəndə qızı olan cavabdehin ona baxması müqabilində ona bağışlamasını və cavabdehin hazırda ona baxmamasını əsas gətirərək 4Ə-759 reyestr nömrəsi ilə qeydiyyata alınmış 06 sentyabr 2016-cı il tarixli "Daşınmaz əmlakın bağışlanma müqaviləsi” nin etibarsız hesab edilməsini xahiş edir. Cavabdeh X9 isə bağışlama müqaviləsininin şərtsiz bağlandığını əsas gətirərək iddia tələbinin rədd edilməsini xahiş edir. 4Ə-759 reyestr nömrəsi ilə qeydiyyata alınmış 06 sentyabr 2016-cı il tarixli "Daşınmaz əmlakın bağışlanma müqaviləsi”-ni təsdiq etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X4 iddiaçının məhz mülkiyyətində olan fərdi yaşayış evini cavabdehə bağışlamaq niyyəti ilə Notariat ofisinə müraciət etdiyini və bağışlama müqaviləsinin yaradacağı nəticələr barədə ona ətraflı məlumatlar verildikdən sonra onun bilərək yaradacağı nəticələri arzu edərək 4Ə-759 reyestr nömrəsi ilə qeydiyyata alınmış 06 sentyabr 2016-cı il tarixli "Daşınmaz əmlakın bağışlanma müqaviləsi”-ni bağladığını bildirmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı Cavabdeh bağışlamaq barədə niyyətinin olması və bu niyyətlə 06 sentyabr 2016-cı il tarixli "Daşınmaz əmlakın bağışlanma müqaviləsi”-ni bağlaması işin mübahisəsiz halıdır. Bu hal iddiaçı tərəfindən verilmiş iddia ərizəsində və iddiaçının məhkəmə çıxışlarında da öz əksini tapmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, 4Ə-759 reyestr nömrəsi ilə qeydiyyata alınmış 06 sentyabr 2016-cı il tarixli "Daşınmaz əmlakın bağışlanma müqaviləsi” aldatma və ya məcburetmə yolu ilə bağlanmış əqd, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd, uydurma və yalan əqd hesab edilə bilməz. Məhkəmə araşdırmasında müəyyən edilmiş hallardan görünmüşdür ki, ünvan 3 ünvanında yerləşən 0,08443 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69 kv.m., yaşayış sahəsi 32 kv.m olan fərdi yaşayış evi İddiaçı mülkiyyətində olmuş və iddiaçının həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququ Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alındığından və o, tam fəaliyyət qabiliyyətli şəxs olduğundan onun tam pay olaraq mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,08443 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69 kv.m., yaşayış sahəsi 32 kv.m olan fərdi yaşayış evi barəsində müqavilə bağlandığı 06 sentyabr 2016-cı il tarixdə sərəncam vermək hüququ olmuşdur. İşin faktiki hallarından da aydın olmuşdur ki, mübahisələndirilən bağışlama müqaviləsi bağlanarkən ümumiyyətlə əqdlərin etibarlılığı ilə bağlı mülki qanunvericiliyin müvafiq maddələrində əks olunan hüquq normalarının pozuntusu halları olmamış, İddiaçı müqavilənin predmeti olan mübahisəli fərdi yaşayış evinin bağışlanılması üçün öz iradəsi ilə notariat kontoruna getmiş və birgə nikahda olduğu X6 razılığı ilə bağışlanma müqaviləsi bağlanmışdır. Daha sonra məhkəmə tərəfindən müəyyən edilmişdir ki, bağışlamanın etibarlı olduğu hallar qanunverici tərəfindən müəyyən edilmişdir və qeyd edilən hallara 06 sentyabr 2016-cı il tarixli bağışlama müqaviləsi bağlanarkən riayət edilmişdir. Məhkəmə iddiaçının bağışlama müqaviləsini şərtlə bağlamasına və cavabdeh olan qızının qocalanda və xəstələnəndə ona baxması müqabilində bağışlamasına dair iddia ərizəsində və məhkəmə çıxışlarında yer alan fikirlərinə münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, qanunverici tərəfindən bağışlamanın şərtlərdən və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməsi nəzərdə tutulsa da, belə şərtlərin və öhdəliklərin hədiyyə verənin özünün bəhrələnməsi ilə bağlı olmaması qeyd edilmişdir. Bağışlama müqaviləsi əvəzsiz müqavilə olduğundan hədiyə verən tərəfindən qoyulan öhdəliklər bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. Məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, 4Ə-759 reyestr nömrəsi ilə qeydiyyata alınmış 06 sentyabr 2016-cı il tarixli "Daşınmaz əmlakın bağışlanma müqaviləsi” bağlanan zaman müqavilənin əvəzsizliyinə zidd olmayan hər hansı şərt və öhdəlik də qoyulmamışdır. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən onu da əsas götürmüşdür ki, hədiyə alan cavabdeh ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri hədiyə verənə münasibətdə pozmuşdur. İddiaçının bu əsasına münasibətdə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 673.1.2-ci maddəsində hədiyyə alan tərəfindən ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə düşən vəzifələrin hədiyyə verən barəsində kobudcasına pozulması bağışlamadan imtina əsası kimi çıxış edir. Nəzərə alınmışdır ki, ailə hüquq münasibətlərinə uyğun olaraq şəxsin üzərinə qoyulmuş vəzifələrin dairəsi mülki qanunvericilikdə konkret göstərilməmis, lakin ailə qanunvericiliyi ümumi şəkildə və bəzən xüsusi hallar üçün bu vəzifələri müəyyən etmişdir. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladların üzərinə qanunla qoyulan belə vəzifələrdən biri də maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamaq və onlara qayğı göstərməkdir. Lakin bu vəzifələrin qanunla müəyyən olunması özü-özlüyündə bağışlamadan imtina tələbinin təmin olunması əsası kimi çıxış edə bilməz. Bu cür tələb irəli sürən hədiyyə verən həqiqətən də özünün maddi yardıma ehtiyacı olduğunu, əmək qabiliyyətinin olmadığını, hədiyyə alanın əmək qabiliyyətli olduğunu və sonuncunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsində və ya digər maddələrində qanunla qoyulmuş vəzifələrini kobudcasına pozduğunu sübut etməlidir. İddiaçı tərəfindən qeyd edilən halların mövcud olmasına dair sübutlar təqdim edilməmiş və bu sadalanan halların mövcud olması məhkəmə tərəfindən də aşkar edilməmişdir. Məhkəmə iddia tələbinin “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-ci il tarixdə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, həmin çıxarış 4Ə- 759 reyestr nömrəsi ilə qeydiyyata alınmış 06 sentyabr 2016-cı il tarixli "Daşınmaz əmlakın bağışlanma müqaviləsi” əsasında verilmiş, həmin müqavilə əsasında qeydə alınan çıxarış verilərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin, həmçinin digər qаnunvericilik аktlаrının tələbləri pоzulmаmışdır. Göründüyü kimi, tələbin ikinci hissəsi ilk tələbdən dоğаn törəmə tələbdir, ilk tələb əsаslı оlsа və təmin edilmiş оlsа idi, tələbin bu hissəsi də əsаslı оlа bilərdi. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki iddia tələbi qeyd edilən hissədə də təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab etmişdir ki, İddiaçı iddiası ümumilikdə əsassızdır və təmin oluna bilməz. İddia tələbi rədd edildiyindən İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməldir Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-324.5, 337.1-337.2, 339.1, 339.3, 340, 347.1, 347.2, 347.3, 390.3, 397.2, 405.1, 666.1, 667.1, 668, 670.1, 670.3, 673.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 153.2, 153.2.4, 217.4, 218.3-cü maddələri, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 27, 45, 46-cı maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2012—ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməməklə qətnamə qəbul etmişdir. Məhkəmənin qəbul etdiyi qətnamə işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, qətnamədə məhkəmə öz mövqeyini əsaslandırarkən bir sıra qanunlarda göstərilən tələblərin əksinə getmişdir. Məhkəmə qətnaməsini əsaslandırarkən qeyd etmişdir ki, guya iddiaçı iddia ərizəsində bağışlama müqaviləsini şərtlə bağışladığını qeyd etmişdir. Bağışlama müqaviləsində hər hansı bir şərt qeyd olunmasa da, hər hansı bir valideynin haqqıdır ki, əmək qabiliyyətini itirdiyi zaman, qayğıya və ehtiyacı olan zaman yetkinlik yaşına çatmış övladlarından ona qayğı göstərilməsini tələb etsin. Valideynin öz haqqı olan tələbin övladdan tələb etməsi müqavilədə göstərilməli olan hər hansı bir şərt ola bilməz. Hazırki iddia üzrə bağışlama müqaviləsinin ləğvinin əsası isə hədiyyə alan övladın qanunla onun üzərinə qoyulmuş vəzifəni yerinə yetirməməkdir. Məhkəmənin yazdığı bu fikirdən belə başa düşmək olur ki, mülki qanunvericilik mükəmməl deyil, nəzərdə tutduğu müəyyən məsələlər mülki qanunvericilikdə göstərilməmişdir, ona görə də məhkəmə iddianı əsaslı hesab etməmişdir. Bundan başqa məhkəmə qətnamədə yazmışdır: “Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladların üzərinə qanunla qoyulan belə vəzifələrdən biri də maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynləri saxlamaq və onlara qayğı göstərməkdir. Lakin bu vəzifələrin qanunla müəyyən olunması özü özlüyündə bağışlamadan imtina tələbinin təmin olunması əsası kimi çıxış edə bilməz”. Məhkəmənin bu fikrindən görünmüşdür ki, məhkəmə Qanunları əsas hesab etməmişdir. Lakin nəyi əsas hesab etdiyini də qeyd etməmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, hədiyyə verən, yəni 74 yaşlı, məhkəmənin hakiminin qarşısında ikiqat beli bükülərək dayanmış (inşallah apellyasiya məhkəməsinin hakimləri də görərlər) İddiaçı əmək qabiliyyətinin olmadığını, maddi yardıma ehtiyacı olduğunu və hədiyyə alan, yəni 1989-cu ildə doğulmuş 34 yaşlı Cavabdeh isə əmək qabiliyyətli olduğunu və onun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsində və ya digər maddələrində qanunla qoyulmuş vəzifələrini kobudcasına pozduğunu sübut etməlidir. Məhkəmənin bu yazdıqları sadəcə olaraq absurddur. 74 yaşlı beli bükülmüş ağbirçək ananın əmək qabiliyyətli olmamasını məhkəməyə sübut etmək lazımdırsa, həmin məhkəmənin qəbul etdiyi qərar heç vaxt ədalətli olmayacaq. Ona görə ki, Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsində qeyd olunmuşdur ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq edilə bilməz. Hazırda mövcud olan Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 63 yaşına çatmış qadınlara əmək pensiyası təyin edilir. Pensiya təyin edilmiş şəxs isə əmək qabiliyyəti olmayan şəxs hesab olunur. Bundan başqa Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş qaydalara əsasən ahıllıqla əlaqədar şəxsə qulluq və kömək göstərən qohumlar dedikdə, həmin qohumların içərisində uşaqların da adları qeyd olunmuşdur. Bundan başqa, 34 yaşlı hər hansı bir əlilliyi olmayan şəxsin əmək qabiliyyətli olduğunu məhkəməyə sübut etməyə ehtiyac yoxdur. Mövcud qanunvericiliklə müəyyən olunmuşdur ki, hər hansı bir xəstəliyi, əlilliyi olmayan və pensiya yaşına çatmamış şəxslər əmək qabiliyyətli şəxs hesab olunur. Bundan başqa, məhkəmə şərt qoymuşdur ki, iddiaçı özünün maddi yardıma ehtiyacı olduğunu məhkəməyə sübut etməlidir. İddiaçı özünün mülkiyyətində olan yaşayış evini cavabdehə, qızına bağışlamışdır. Həmin evdə yaşamağa cavabdeh ona, yəni iddiaçıya imkan vermir, evdən çıxırtmağa çalışır, dava-dalaş salır. Bununla bağlı dəfələrlə Polis Şöbəsinə müraciət olunub, polisin müdaxiləsindən sonra mübahisə yatızdırılmışdır. Buna sübut olaraq onu deyə bilmişlər ki, məhkəmənin hazırki iş üzrə qətnamənin elan etdiyi xx.xx.2023-cü ilin sonrakı günü, yəni xx.xx.2023cü il tarixdə Cavabdeh öz əri ilə birlikdə iddiaçı olan anası İddiaçı hazırda sözügedən mənzildən çıxardaraq küçəyə atmaq istəmişdir. Dava-dalaş baş verdiyindən İddiaçı DİN-nin 102 xidmətinə zəng vuraraq müraciət etmiş, bundan sonra Polis Şöbəsindən polis əməkdaşları hadisə yerinə, mübahisəli mənzilə gələrək müvafiq profilaktik iş və izahatlar alındıqdan sonra mübahisə yatızdırılmışdır. Lakin cavabdehin də son sözü ondan ibarət olmuşdur ki, guya polislər ona izah etmişlər ki, hazırki mülki iş Ali Məhkəmədə də baxıldıqdan sonra bağışlama müqaviləsi ləğv olunmazsa cavabdeh öz anasını mənzildən çıxarda bilər. Qeyd etdiklərimdən görünür ki, məhkəmə üçün açıqaşkar görünmüş olan faktları məhkəmə hər hansı bir sənədlə sübut olunmasını tələb etmişdir. Buradan görünür ki, məhkəmə tərəfindən yaşlı bir Azərbaycan qadınına qarşı mərhəmətsiz və ədalətsiz qətnamə qəbul edilmişdir. Bundan başqa məhkəmə qətnamədə bağışlama müqaviləsini təsdiq etmiş notarius Gözəl İsgəndərovanın izahatını təhrif edərək yazmışdır: “Gözəl İsgəndərova məhkəmə iclasında izahat verərkən qeyd etmişdir ki, həmin müqavilə bağlanarkən o, hədiyyə alan Cavabdeh izah etmişdir ki, gələcəkdə anası İddiaçı baxmazsa, qayğı göstərməzsə həmin bağışlama müqaviləsi məhkəmə qaydasında ləğv oluna bilər”. Məhkəmə kollegiyası qarşısında vəsatət qaldıraraq xahiş etmişdir ki, iş üzrə notarius X2 izahatı ondan yazılı qaydada tələb olunsun. Məhkəmə Kollegiyasının diqqətinə çatdırmışdır ki, şikayətini verdiyi qətnamədə maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur. Belə ki, iddia ərizəsində tələb müqavilənin etibarsız və ya ləğv edilməsindən və s. ibarətdir. Məhkəmə isə qətnaməsində yalnız əqdlərin və müqavilələrin etibarsızlığına dair normaları tənzimləyən qanunvericiliyə istinad etmişdir. Lakin həmin müqavilənin hansı qanuna istinad edərək ləğv edilməsinin mümkün olmaması barədə hər hansı bir maddi hüquq normasına istinad edilməmişdir. Məhkəmənin qətnamədə mövqeyinə aid hissəsində də yalnız müqavilənin etibarlı olub-olmamasının nə ilə tənzimlənməsindən söhbət açılmışdır. İddiada qeyd olunan bağışlama müqaviləsinin ləğvinə dair məhkəmə tərəfindən hər hansı bir hüquqi mövqe göstərilməmişdir. Hesab etmişdir ki, şikayətlərində qeyd etdikləri faktlar apellyasiya məhkəməsinin kollegiyasında şikayətə baxılarkən tam hüquqlu məhkəmə kimi araşdırılaraq hüquqi qiymət verilərək iddiaları təmin olunacaqdır. Ona görə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357-362-ci maddələrinə əsasən Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(033)-101/2023 saylı qətnaməsinin tam ləğv edilməsinə, iddianın təmin edilməsinə dair qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etirazında bildirmişdir ki, iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “... bir valideynin haqqıdır ki, əmək qabiliyyətini itirdiyi zaman, qayğıya və ehtiyacı olan zaman yetkinlik yaşına çatmış övladlarından ona qayğı göstərilməsini tələb etsin. Valideynin öz haqqı olan tələbin övladdan tələb etməsi müqavilədə göstərilməli olan hər hansı bir şərt ola bilməz. Hazırki iddia üzrə bağışlama müqaviləsinin ləğvinin əsası isə hədiyyə alan övladın qanunla onun üzərinə qoyulmuş vəzifəni yerinə yetirməməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsində qeyd edilmişdir ki, hədiyyə alan (yəni cavabdeh) ailə hüquq münasibətlərinə uyğun olaraq (yəni Ailə Məcəlləsinə) onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Bu maddədə əmək qabiliyyəti olmayan, qayğıya ehtiyacı olan valideynin, övladına hədiyyə etdiyi bağışlama müqaviləsinin ləğvi üçün olan əsaslar göstərilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsində isə qeyd olunmuşdur ki, əmək qabiliyyətli olan yetkinlik yaşına çatmış övlad maddi yardıma ehtiyacı olan, əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qaysı ğöstərməyə borcludurlar. Bu maddə ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsində qeyd olunan ailə hüquq münasibətlərinə uyğun olaraq qoyulmuş vəzifələr müəyyən olunmuşdur. Yəni, Ailə Məcəlləsinin tələblərindən irəli gələn vəzifələrini yerinə yetirməyən övlada bağışlanılmış əşya barədə bağışlama müqaviləsi valideyn tərəfindən məhkəmədə iddia qaldırılaraq ləğv oluna bilər...” Bununla bağlı bildirmişdir ki, iddiaçı Yusifova X10 şəhəri, Nizami küçəsi ev 23, mənzil 1 ünvanında yerləşən ümumi sahəsi 69 kv.m. olan 2 otaqlı yaşayış mənzilini ona xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında hədiyyə etmişdir. Həmin əmlak üzərində tam mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx.xx.2016-cı il tarixdə verilmiş ********** qeydiyyat nömrəli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı” əsasında qeydə alınmışdır. Lakin həmin əmlakdan bügünədək mülkiyyət hüquqlarından (sahiblik, istifadə və s.) istifadə edə bilməmişdir. Çünki həmin əmlak iddiaçı, anası İddiaçı tərəfindən kirayəyə verilmişdir. Həmçinin həmin evdə kirayədə qalan X8 aylıq kirayə haqqını anasına ödəyir. Bu fakt İddiaçı birinci instansiya məhkəməsinə verdiyi iddia ərizəsində də öz təsdiqi tapmışdır. Və o, bügünədək iddiaçıdan həmin evdən sahiblik və istifadə hüququnun təmin edilməsini tələb etməmiş, yəni ondan evi boşaltmasını tələb etməmiş, əksinə maddi yardıma ehtiyacı olduğu üçün kirayə haqqının anasına ödənilməsinə heç bir etiraz etməmişdir. Buradan görünmüşdür ki, o, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsində nəzərdə tutulmuş ‘‘...maddi yardıma ehtiyacı olan, əmək qabiliyyəti olmayan valideynlərini saxlamaq” öhdəliyini yerinə yetirmişdir. Halbuki, anası iddia ərizəsində pensiyaçı olduğunu və müəyyən məbləğdə pensiya aldığını da bildirmişdir. Bundan başqa, iddiaçı anasına qayğı göstərmək məsələsinə gəldikdə isə anası ilə aralarında əmlak mübahisəsi başlamamışdan əvvəl ona həmişə qayğı göstərmişdir. İddiaçının “ona qayğı göstərməməsi” barədə iddia ərizəsində öz tələbinin əsası kimi istinad etdiyi hal tamamilə absurd və əsassızdır, istinad etdiyi həmin halı təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı iddia ərizəsini əsaslandırmaq üçün bu yalan məlumata istinad etmişdir. Halbuki birinci instansiya məhkəməsinin qətnaməsindən də görünmüşdür ki, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi bu hal yəni “ona qayğı göstərməməsi” heç bir dəlillə sübuta yetirilməmişdir. Lakin iddiaçı apellyasiya şikayətini əsaslandırmaq üçün sonradan qonşular tərəfindən (iddiaçının maddi yardıma, qayğıya, baxıma ehtiyacı olması və cavabdehin anasına qayğı göstərməməsi barədə) qanunsuz və əsassız akt tərtib etdirərək ona qarşı qərəzli mövqeyini davam etdirmişdir. Həmin akt qanunsuz tərtib olunmuşdur. Çünki həmin akt birinci instansiya məhkəməsinin yekun qərarı verildikdən sonra tərtib edilmişdir. Onun qərəzli olması açıq-aydın görünməkdədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsində qeyd olunmüşdür ki, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Halbuki, iddiaçı belə bir aktın nəyə görə birinci instansiya məhkəməsində verilməməsini əsaslandırmamışdır. Belə olan halda həmin aktın apellyasiya instansiyası tərəfindən yeni sübut kimi qəbul edilməsi yolverilməzdir. Bundan başqa, iddiaçının apellyasiya şikayətinə əlavə dəlil kimi təqdim etdiyi “güya onun iddiaçını xx.xx.2023-cü il tarixdə evdən çıxartmağa cəhd etməsilə bağlı rayon məhkəməsində işin yekunlaşmasının səhəri günü iddiaçının DİN-nin 102 xidmətinə etdiyi müraciəti” özlüyündə əsassızdır. Çünki iddiaçı anası həmin evdə yaşamamışdır və hazırda da yaşamır. Həmin evdə kirayəçi X8 yaşamaqdadır. Bu fakt iddiaçı anasının iddia ərizəsi ilə özü tərəfindən təsdiq edilmişdir. Buradan da görünmüşdür ki, iddiaçının apellyasiya şikayətini əsaslandırmaq üçün gətirdiyi dəlillər əsassızdır və qəbul edilməsi yolverilməzdir. Bundan başqa, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində irəli sürdüyü tələblərin əsası kimi istinad etdiyi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 673.1 və 673.1.2-ci maddələrindən görünmüşdür ki, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Halbuki, iddiaçının ona qarşı irəli sürdüyü iddia tələbinin əsası kimi istinad etdiyi ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması faktı və halı heç bir sübutla təsdiq olunmamışdır. Buna görə də yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyasından Zaqatala Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, e-2(033)-101/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi, həmçinin vəkili Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 6 fevral 2023-cü il tarixli, 2(033)-101/2023 saylı qətnаməsinin tam ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamənin çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 6 fevral 2023-cü il tarixli, 2(033)-101/2023 saylı dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zaqatala Rayon 2 saylı Notariat Ofisinin nümayəndəsi heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Həmin Məcəllənin 347.3-cü maddəsinə əsasən əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 666.1-ci maddəsinin tələblərinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 668-ci maddəsinə əsasən bağışlama aşağıdakı hallarda etibarlıdır: daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə. Həmin Məcəllənin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Həmin Məcəllənin 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Həmin Məcəllənin 673.1-ci maddəsinə əsasən hədiyyə verən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə bağışlamaqdan imtina edə bilər. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu: Həmin Qanunun 27-ci maddəsinin müddəalarına görə, notariat hərəkətlərinin aparılması qaydaları bu qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan Respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etdiyi təlimatla müəyyən edilir. Həmin Qanunun 45-ci maddəsinə əsasən, notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Həmin Qanunun 46-cı maddəsində göstərilir ki, qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, habelə ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2012—ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı: Mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsində nəzərdə tutulan bağışlama müqaviləsi əvəzsiz ikitərəfli müqavilə olmaqla hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 670.1-ci maddəsinə uyğun olaraq bağışlama hədiyyə verənin bəhrələnməsi ilə bağlı olmayan şərtlərin və öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.3-cü maddəsinə müvafiq olaraq hədiyyə verənin və onun vərəsələrinin hədiyyə alanın bağışlama müqaviləsi üzrə götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə bağlı iddia vermələrinin, həmçinin hədiyyə verənin ölümündən sonra belə öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edildiyi halda, onun icrasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən tələb edilməsinin mümkünlüyü bağlanmış bağışlama müqaviləsindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673-cü maddəsi müqavilənin formasından aslı olmayaraq bağışlamaqdan imtinanın və ya bağışlama vədinin ləğvinin və onun icrasından imtinanın hallarını müəyyən edir və belə imtinanın hüquqi nəticələrini tənzimləyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarı: Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır:- əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğısatqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı: Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirərək Zaqatala Rayon Məhkəməsinin 6 fevral 2023-cü il tarixli, 2(033)-101/2023 saylı qətnaməsinin tam ləğv edilməsini, iddianın təmin edilməsinə dair qətnamənin çıxarılmasını xahiş etmişdir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 6 fevral 2023-cü il tarixli, 2(033)-101/2023 saylı qətnaməsini İddiaçı apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 6 fevral 2023-cü il tarixli, 2(033)-101/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 0,08443 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69 kv.m., yaşayış sahəsi 32 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində ********* qeydiyyat nömrəsi ilə xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır. Həmin evin mülkiyyətçisi olan İddiaçı 1 iyul 1982-ci il tarixdə nikaha daxil olduğu X6 yazılı razılığı ilə reyestrdə 4Ə-759 nömrə ilə qeyd edilmiş Zaqatala rayonu 2 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 06 sentyabr 2016-cı il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən evini qızı - mülki iş üzrə Cavabdeh bağışlamışdır. Bundan sonra ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 68,40 kv.m. olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-ci il tarixdə qeydiyyata alınmış və inventar nömrəsi 2743 olan texniki pasport tərtib edilmişdir. Şikayətin ilk dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamə işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, qətnamədə məhkəmə öz mövqeyini əsaslandırarkən bir sıra qanunlarda göstərilən tələblərin əksinə getmişdir. Məhkəmə qətnaməsini əsaslandırarkən qeyd etmişdir ki, guya iddiaçı iddia ərizəsində bağışlama müqaviləsini şərtlə bağışladığını qeyd etmişdir. Bağışlama müqaviləsində hər hansı bir şərt qeyd olunmasa da, hər hansı bir valideynin haqqıdır ki, əmək qabiliyyətini itirdiyi zaman, qayğıya və ehtiyacı olan zaman yetkinlik yaşına çatmış övladlarından ona qayğı göstərilməsini tələb etsin. Valideynin öz haqqı olan tələbin övladdan tələb etməsi müqavilədə göstərilməli olan hər hansı bir şərt ola bilməz. Hazırki iddia üzrə bağışlama müqaviləsinin ləğvinin əsası isə hədiyyə alan övladın qanunla onun üzərinə qoyulmuş vəzifəni yerinə yetirməməkdir. Məhkəmənin yazdığı bu fikirdən belə başa düşmək olur ki, mülki qanunvericilik mükəmməl deyil, nəzərdə tutduğu müəyyən məsələlər mülki qanunvericilikdə göstərilməmişdir, ona görə də məhkəmə iddianı əsaslı hesab etməmişdir. Bundan başqa məhkəmə qətnamədə yazmışdır: “Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladların üzərinə qanunla qoyulan belə vəzifələrdən biri də maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynləri saxlamaq və onlara qayğı göstərməkdir. Lakin bu vəzifələrin qanunla müəyyən olunması özü özlüyündə bağışlamadan imtina tələbinin təmin olunması əsası kimi çıxış edə bilməz”. Məhkəmənin bu fikrindən görünmüşdür ki, məhkəmə Qanunları əsas hesab etməmişdir. Lakin nəyi əsas hesab etdiyini də qeyd etməmişdir. Kollegiya hesab edir ki, şikayətin bu dəlili əsassızdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı Cavabdeh bağışlamaq barədə niyyətinin olması və bu niyyətlə 06 sentyabr 2016-cı il tarixli "Daşınmaz əmlakın bağışlanma müqaviləsi”-ni bağlaması işin mübahisəsiz halıdır. Bu hal iddiaçı tərəfindən verilmiş iddia ərizəsində və iddiaçının məhkəmə çıxışlarında da öz əksini tapır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 4Ə-759 reyestr nömrəsi ilə qeydiyyata alınmış 06 sentyabr 2016-cı il tarixli "Daşınmaz əmlakın bağışlanma müqaviləsi” aldatma və ya məcburetmə yolu ilə bağlanmış əqd, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd, uydurma və yalan əqd hesab edilə bilməz. Birinci instansiya məhkəməsinin araşdırmasında müəyyən edilmiş hallardan görünür ki, ünvan 2 ünvanında yerləşən 0,08443 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69 kv.m., yaşayış sahəsi 32 kv.m olan fərdi yaşayış evi İddiaçı mülkiyyətində olmuş və iddiaçının həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququ Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alındığından və o tam fəaliyyət qabiliyyətli şəxs olduğundan onun tam pay olaraq mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,08443 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69 kv.m., yaşayış sahəsi 32 kv.m olan fərdi yaşayış evi barəsində müqavilə bağlandığı 06 sentyabr 2016-cı il tarixdə sərəncam vermək hüququ olmuşdur. İşin faktiki hallarından da aydın olur ki, mübahisələndirilən bağışlama müqaviləsi bağlanarkən ümumiyyətlə əqdlərin etibarlılığı ilə bağlı mülki qanunvericiliyin müvafiq maddələrində əks olunan hüquq normalarının pozuntusu halları olmamış, İddiaçı müqavilənin predmeti olan mübahisəli fərdi yaşayış evinin bağışlanılması üçün öz iradəsi ilə notariat kontoruna getmiş və birgə nikahda olduğu X6 razılığı ilə bağışlanma müqaviləsi bağlanmışdır. Daha sonra məhkəmə tərəfindən müəyyən edildi ki, bağışlamanın etibarlı olduğu hallar qanunverici tərəfindən müəyyən edilmişdir və qeyd edilən hallara 06 sentyabr 2016cı il tarixli bağışlama müqaviləsi bağlanarkən riayət edilmişdir. Məhkəmə iddiaçının bağışlama müqaviləsini şərtlə bağlamasına və cavabdeh olan qızının qocalanda və xəstələnəndə ona baxması müqabilində bağışlamasına dair iddia ərizəsində və məhkəmə çıxışlarında yer alan fikirlərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunverici tərəfindən bağışlamanın şərtlərdən və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməsi nəzərdə tutulsa da belə şərtlərin və öhdəliklərin hədiyyə verənin özünün bəhrələnməsi ilə bağlı olmaması qeyd edilmişdir. Bağışlama müqaviləsi əvəzsiz müqavilə olduğundan hədiyə verən tərəfindən qoyulan öhdəliklər bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. Birinci instansiya məhkəməsinin araşdırmasında müəyyən edilmişdir ki, 4Ə-759 reyestr nömrəsi ilə qeydiyyata alınmış 06 sentyabr 2016-cı il tarixli "Daşınmaz əmlakın bağışlanma müqaviləsi” bağlanan zaman müqavilənin əvəzsizliyinə zidd olmayan hər hansı şərt və öhdəlik də qoyulmamışdır. Şikayətin digər dəlili ondan ibarətdir ki, məhkəmə qətnamədə bağışlama müqaviləsini təsdiq etmiş notarius Gözəl İsgəndərovanın izahatını təhrif edərək yazmışdır: “Gözəl İsgəndərova məhkəmə iclasında izahat verərkən qeyd etmişdir ki, həmin müqavilə bağlanarkən o, hədiyyə alan Cavabdeh izah etmişdir ki, gələcəkdə anası İddiaçı baxmazsa, qayğı göstərməzsə həmin bağışlama müqaviləsi məhkəmə qaydasında ləğv oluna bilər”. Məhkəmə kollegiyası qarşısında vəsatət qaldıraraq xahiş etmişdir ki, iş üzrə notarius X2 izahatı ondan yazılı qaydada tələb olunsun. Məhkəmə Kollegiyasının diqqətinə çatdırmışdır ki, şikayətini verdiyi qətnamədə maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur. Kollegiya şikayətin həmin dəlilini də əsassız hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, kollegiyanın sorğusu əsasında verilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Zaqatala Rayon 2 Saylı Notariat Ofisinin məktubundan görünür ki, İddiaçı 2016-cı ildə ona məxsus olan ünvan 3 ünvanında yerləşən mənzilini qızları – X12 və Cavabdeh bağışlamaq üçün Notariat Ofisinə müraciət etmişdir. İddiaçı ilə söhbət zamanı məlum oldu ki, X7 ailə daxili poblemləri olduğuna görə əmlakını ona bağışlamaq istəmir. İddiaçı bağışlanma müqaviləsinin yalnız Mamqayeva Gövhər İbrahim qızı ilə bağlanması halında digər qızının həmin əmlakda heç bir haqq sahibi olmuyacağını bildirmişdir. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666-cı maddəsini, hədiyyə verən və hədiyyə alan tərəfin hüquq və vəzifələrini hər iki tərəfə izah etdilmişdir. Lakin bununla belə İddiaçı Cavabdeh güvəndiyini və onun daha sonra bacısına düşən payı bağışlayacağını bildirərək bağışlanma müqaviləsinin bağlanmasını xahiş etmişdir. Bundan sonra xx.xx.2016-cı il tarixdə 4Ə-759 reyestr nömrəli bağışlanma müqaviləsi bağlanmışdır. Şikayətin digər dəlili ondan ibarətdir ki, İddiaçı əmək qabiliyyətinin olmadığını, maddi yardıma ehtiyacı olduğunu və hədiyyə alan, yəni 1989-cu ildə doğulmuş 34 yaşlı Cavabdeh isə əmək qabiliyyətli olduğunu və onun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsində və ya digər maddələrində qanunla qoyulmuş vəzifələrini kobudcasına pozduğunu sübut etməlidir. Məhkəmənin bu yazdıqları sadəcə olaraq absurddur. 74 yaşlı beli bükülmüş ağbirçək ananın əmək qabiliyyətli olmamasını məhkəməyə sübut etmək lazımdırsa, həmin məhkəmənin qəbul etdiyi qərar heç vaxt ədalətli olmayacaq. Ona görə ki, Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsində qeyd olunmuşdur ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq edilə bilməz. Kollegiya şikayətin həmin dəlilini də əsassız hesab edir. Nəzərə alınmalıdır ki, ailə hüquq münasibətlərinə uyğun olaraq şəxsin üzərinə qoyulmuş vəzifələrin dairəsi mülki qanunvericilikdə konkret göstərilməmis, lakin ailə qanunvericiliyi ümumi şəkildə və bəzən xüsusi hallar üçün bu vəzifələri müəyyən etmişdir. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladların üzərinə qanunla qoyulan belə vəzifələrdən biri də maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamaq və onlara qayğı göstərməkdir. Lakin bu vəzifələrin qanunla müəyyən olunması özü-özlüyündə bağışlamadan imtina tələbinin təmin olunması əsası kimi çıxış edə bilməz. Bu cür tələb irəli sürən hədiyyə verən həqiqətən də özünün maddi yardıma ehtiyacı olduğunu, əmək qabiliyyətinin olmadığını, hədiyyə alanın əmək qabiliyyətli olduğunu və sonuncunun Ailə Məcəlləsinin 82.1-ci maddəsində və ya digər maddələrində qanunla qoyulmuş vəzifələrini kobudcasına pozduğunu sübut etməlidir. İddiaçı tərəfindən qeyd edilən halların mövcud olmasına dair sübutlar təqdim edilməmiş və bu sadalanan halların mövcud olması məhkəmə tərəfindən də aşkar edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissə üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 6 fevral 2023-cü il tarixli, 2(033)-101/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 6 fevral 2023-cü il tarixli, 2(033)-101/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar