Məhkəmə qərarları › İş №2(107)-54/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-54/2023

29.03.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-54/2023 29.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ağsu Rayon Bico Bələdiyyəsinin cavabdeh X6, qarşı cavabdehin qanununsuz hərəkətlərinin qarşısının alınması və qanunsuz olaraq tikilmiş tikilinin öz vasitəsi hesabına sökülüb aparılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: tikilinin sökülməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X7 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçı Ağsu Rayon Bico Bələdiyyəsinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Ağsu Rayon Bico Bələdiyyəsinin cavabdeh X6, qarşı cavabdehin qanununsuz hərəkətlərinin qarşısının alınması və qanunsuz olaraq tikilmiş tikilinin öz vasitəsi hesabına sökülüb aparılması tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(016)-18/2022 saylı qətnaməsindən iddiaçı Ağsu Rayon Bico Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Cavabdeh X1 sakinidir və orada yaşayır. O, Ağsu rayon Bico Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində qanunsuz olaraq qaraj tikmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Ağsu rayonu Keçdiməz kəndində Bico Bələdiyyəsinin mülkiyyətində olan torpağın üzərində Cavabdeh tərəfindən qanunsuz olaraq tikilmiş tikilinin onun qanunsuz hərəkətlərinin qarşısı alınmaqla öz vəsaiti hesabına sökülərək aparılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X1 sakinidir və orada yaşayır. Onun qonşusu olan X13 ilə aralarında yaranan mübahisə ilə əlaqədar əraziyə Bico Bələdiyyə üzvləri ilə baxış keçirildi və məlum oldu ki, cavabdeh həqiqətən də Bico Bələdiyyəsinin mülkiyyətinə aid olan hissədə qanunsuz olaraq qaraj tikmişdir. Həmin qarajı özünün istifadəsində olan kənd təsərrüfatı texnikalarını park etmək üçün qanunsuz olaraq tikmişdir. Qonşunun hasarının yanında qanunsuz tikilmiş qaraj qonşusunun narahatçılığına səbəb olmuşdur. Şikayətlə bağlı cavabdehə qanunsuz tikilinin öz hesabına sökərək Bələdiyyənin mülkiyyətində olan ərazini boşaltmasını bildirmişlər. Lakin cavabdeh xəbərdarlığa və tələbə məhəl qoymayıb bu günə qədər qanunsuz tikdiyi tikilini sökməyib və ərazini boşaltmamışdır.

4. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək mübahisəli talvarın yerləşdiyi torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmasına dair hər hansı hüquqmüəyyənedici sənədləri, həmçinin Bico Bələdiyyəsinə ayrılmış torpaq sahələrinin ümumi xəritəsini məhkəməyə təqdim edə bilmir.

5. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, ağır texnikanı yağışdan qorumaq üçün həmin qarajı tikmişdir. Tikili heç kimə mane olmur. İllər əvvəl həmin çardaq tikilib, qonşunun tikilisi isə ondan sonra inşa edilmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin rədd olunmasını xahiş etdi.

6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehin talvar tikilisinin bələdiyyə mülkiyyətində olan torpaq üzərində inşa olunmasını qeyd etsə də, o, həmin torpaq sahəsinin onun mülkiyyətində olmasını təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyində də mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənədlər, həmçinin Bico bələdiyyəsinə ayrılmış torpaq sahələrinin ümumi xəritəsi mülki iş materiallarına əlavə edilmədiyindən, X5 Ağsu rayonunun, Keçdiməz kəndində inşa etdiyi tikilinin Bico Bələdiyyəsinə məxsus torpaq sahəsində yerləşib-yerləşməməsinin müəyyən edilməsinin mümkün olmaması vurğulanmışdır.

7. Bələdiyyə mülkiyyətinin mühüm hissəsini bələdiyyə torpaqları təşkil edir. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür.

8. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının mübahisəli talvarın yerləşdiyi torpaq sahəsinə hər hansı hüququ əmələ gəlmədiyindən, onun mövcud iddia tələbi ilə çıxış etmək hüququ da olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə olan halda, iddiaçının həmin torpaq sahəsinə dair hər hansı bir qanuni hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Ona görə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir.

9. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur.

10. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur.

11. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır.

12. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır.

13. İddiaçı özünün irəli sürdüyü tələbinin qanuni əsasını göstərə bilməmiş, tələbini yalnız iddia ərizəsində göstərilənlərlə əsaslandırmışdır. Əgər qanunda iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir.

14. Ağsu Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(016)-18/2022 saylı qətnaməsi ilə iddiaçı Ağsu rayon Bico Bələdiyyəsinin Cavabdeh qarşı cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması və qanunsuz olaraq tikilmiş tikilinin öz vəsaiti hesabına sökülüb aparılması tələbinə dair iddiasının təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaitinin iddiaçı Ağsu rayon Bico Bələdiyyəsindən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 11.1, 11.2-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

16. İş materiallarında olan Ağsu rayonu Bico Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda qeyd edilmişdir ki, Cavabdeh bələdiyyə mülkiyyətində olan torpaq sahəsini zəbt edərək qanunsuz olaraq çardaq tikmiş, tikili onun qonşusu X11 həyətinə giriş-çıxışa mane olur. Cavabdeh dəfələrlə rəsmi məlumat verilməsinə baxmayaraq, qanunsuz tikili hələ də sökülməmişdir.

17. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6567 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiq olunan ünvanda yerləşən mübahisəli talvar tikilisinin faktiki olaraq məhəllə daxili yolun kənarında qonşu evə məxsus yaşayış evinin həyətyanı torpaq sahəsinin sərhəd hasarından 2,75 metr aralıda inşa edildiyi müəyyən edilmişdir. Lakin həmin tikilinin yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənədlər, həmçinin Bico bələdiyyəsinə ayrılmış torpaq sahələrinin ümumi xəritəsi mülki iş materiallarına əlavə edilmədiyindən, X5 Ağsu rayonunun, Keçdiməz kəndində inşa etdiyi tikilinin Bico Bələdiyyəsinə məxsus torpaq sahəsində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmadı.

18. Həmin qətnamədən iddiaçı Ağsu Rayon Bico Bələdiyyəsi apellyasiya şikayəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

19. İddiaçı Ağsu Rayon Bico Bələdiyyəsi apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, göründüyü kimi qətnamələrin əsaslandırıcı hissələrdəki mübahisəli qarajın yerləşdiyi ərazi barədə göstərilənlər biri digəri ilə ziddiyyət təşkil edir. Birinci qətnamədə mübahisəli yerin bələdiyyə mülkiyyətinə aid edilməsi əsaslandırıldığı halda ikinci qətnamədə bu təkzib edilmişdir.

20. Keçdiməz kəndinin ərazisində dövlət mülkiyyətinə aid torpaq yoxdur. Buradan belə bir məntiqi nəticə çıxır ki, qeyd edilən ərazidə dövlət mülkiyyəti yoxdursa, qalan torpaq sahələri bələdiyyə və xüsusi mülkiyyətə aiddir. Məhkəmə qətnamələri ilə sübut olunmuşdur ki, mübahisəli yer mübahisə edən vətəndaşlara və ya hər hansı digər vətəndaşa aid deyil. Bundan da nəticə çıxır ki, deməli mübahisəli yer bələdiyyə mülkiyyətindədir. Qətnamədə bu hallar araşdırılmamışdır.

21. Qətnamədə göstərilir ki, Bico bələdiyyəsinə ayrılmış torpaq sahələrinin ümumi; xəritəsi mülki iş materiallarına əlavə edilmədiyindən X16; oğlunun Ağsu rayonunun, Keçdiməz kəndində inşa etdiyi tikilinin Bico Bələdiyyəsinə məxsus torpaq sahəsində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmadı. Həmçinin ekspertiza rəyində də bu göstərilmişdir. Bico bələdiyyəsinə aid torpaq sahəsinin xəritəsi onlardan tələb edilmədiyindən bu baş vermişdir. Tələb edilsə idi, təqdim edərdilər, nəticədə düzgün qərar qəbul edilmiş olardı. Odur ki, həmin xəritəni hazırkı şikayətə əlavə edirlər.

22. Ona görə də, Ağsu Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(016)-18/2022 saylı qətnaməsinin ləğv edilməsi, Ağsu rayon Keçdiməz kəndində Bico Bələdiyyəsinin mülkiyyətində olan torpaq üzərində X9 tərəfindən qanunsuz olaraq tikilmiş tikilinin onun qanunsuz hərəkətlərinin qarşısı alnmaqla öz vəsaiti hesabına sökülərək aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iddiaçı Ağsu Rayon Bico Bələdiyyəsinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

25. Cavabdeh X9 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

27. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 11.1, 11.2-ci maddələrinə əsasən, bələdiyyə torpaqlarının ümumi istifadəyə, habelə daimi və ya müvəqqəti istifadəyə verilməsi qaydaları və şərtləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

29. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

30. İddiaçı Ağsu Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(016)-18/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

32. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hazırki iş üzrə Cavabdeh Ağsu rayon Keçdiməz kəndində tikili (qaraj) inşa etdiyi torpaq sahəsinin kimin mülkiyyətində olduğu, Cavabdeh tərəfindən zəbt edilib-edilmədiyi, əgər edilmişsə hansı hissədə və koordinatlarda zəbt edildiyi məsələlərinə aydınlıq gətirilməli olduğundan Şəki Apellyasiya Məhkəməsinin 12 oktyabr 2022-ci il tаrixli, 2(107)- 1166/2022 nömrəli qərаrdаdı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, həmçinin mütəxəssis rəyinin alınması qərara alınmış və rəyin verilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi”nə həvalə edilmişdir. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 22 fevral 2023-cü il tarixli 10/103 nömrəli rəydə göstərilmişdir: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 22 dekabr 2022-ci il tarixli **********30 nömrəli mütəxəssis rəyinə əsasən, X5 Ağsu rayonu Keçdiməz kəndində X11 evinin həyətyanı torpaq sahəsinin hasarına yaxın tikili (qaraj) inşa etdiyi torpaq sahəsinin Ağsu rayonu, Bico bələdiyyəsinin mülkiyyətində olmaqla kənd arası yol ilə həyətyanı torpaq sahələri arasındakı ümumi istifadədə olan torpaq sahəsi olduğu müəyyən olundu. Mütəxəssis rəyinə əsasən, X5 Ağsu rayonu, Keçdiməz kəndində X11 evinin həyətyanı torpaq sahəsinin hasarına yaxın tikili (qaraj) inşa etdiyi torpaq sahəsinin X8 tərəfindən istifadə olunduğu müəyyən olundu. Mütəxəssis rəyinə əsasən, X5 Ağsu rayonu, Keçdiməz kəndində X11 evinin həyətyanı torpaq sahəsinin hasarına yaxın tikili (qaraj) inşa etdiyi 0.03 ha torpaq sahəsinin koordinatları aşağıdakı kimi müəyyən olundu: X= 292771.0100, Y= 4486157.0230, X= 292785.1675, Y= 4486173.2566 X= 292789.2170, Y= 4486177.7556 X= 292796.8143, Y= 4486172.2717 X= 292792.7703, Y= 4486167.7677 X= 292779.9610, Y= 4486147.4770 X= 292778.7270, Y= 4486149.6600 Göründüyü kimi, mübahisəli torpaq sahəsinin tam mülkiyyət hüququ ilə iddiaçı Ağsu Rayon Bico Bələdiyyəsinə məxsus olması mütəxəssis və ekspert rəyləri ilə təsdiq edilmişdir. İddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci və 180-ci maddələri təşkil edir.

33. Bu qətnamənin 26-cı bəndində qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ öz təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir, (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək və sair), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: 1) əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; 2) əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; 3) tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: a) mülkiyyət hüququnun tanınması; b) özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; d) mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Mülkiyyətçi bu maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyəçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia vindikasiya iddiası adlanır. Vindikasiya iddiası (latın sözü olub, vimdecere- sözündəndir və zor tətbiq edəcəyini elan etmək mənasını verir) mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbdir.

34. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Ağsu Rayon Bico Bələdiyyəsi Cavabdeh mülkiyyətində olan torpaq sahəsində qanunsuz inşa etdiyi tikilinin sökülməsini tələb etməkdə haqlı olmuşdur.

35. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə iddiaçı Ağsu Rayon Bico Bələdiyyəsi tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(016)- 18/2022 saylı qətnaməsi ləğv edilməli, iddiaçı Ağsu Rayon Bico Bələdiyyəsinin cavabdeh X6, qarşı cavabdehin qanununsuz hərəkətlərinin qarşısının alınması və qanunsuz olaraq tikilmiş tikilinin öz vasitəsi hesabına sökülüb aparılması tələbinə dair iddiası təmin edilməlidir. Ağsu rayonu, Keçdiməz kəndində iddiaçı Ağsu Rayon Bico Bələdiyyəsinin mülkiyyətində olan X=292771.0100, Y=4486157.0230; X=292785.1675, Y=4486173.2566; X= 292789.2170, Y= 4486177.7556; X= 292796.8143, Y= 4486172.2717; X= 292792.7703, Y= 4486167.7677; X= 292779.9610, Y= 4486147.4770; X= 292778.7270, Y= 4486149.6600 koordinatlarda yerləşən 0.03 ha torpaq sahəsində cavabdeh X8 tərəfindən tikilmiş tikili (qaraj) cavabdeh X5 hesabına sökülərək həmin ərazidən çıxarılmalıdır. Ekspertiza tədqiqatlarının dəyəri olaraq cəmi 150 manat cavabdeh X3 tutularaq dövlət büdcəsi hesabına keçirilməlidir. (AZ34C TRE********************; Az.MEM, VÖEN**********, X10, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22).

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı Ağsu Rayon Bico Bələdiyyəsi tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(016)-18/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Ağsu Rayon Bico Bələdiyyəsinin cavabdeh X6, qarşı cavabdehin qanununsuz hərəkətlərinin qarşısının alınması və qanunsuz olaraq tikilmiş tikilinin öz vasitəsi hesabına sökülüb aparılması tələbinə dair iddiası təmin edilsin. Ağsu rayonu, Keçdiməz kəndində iddiaçı Ağsu Rayon Bico Bələdiyyəsinin mülkiyyətində olan X=292771.0100, Y=4486157.0230; X=292785.1675, Y=4486173.2566; X= 292789.2170, Y= 4486177.7556; X= 292796.8143, Y= 4486172.2717; X= 292792.7703, Y= 4486167.7677; X= 292779.9610, Y= 4486147.4770; X= 292778.7270, Y= 4486149.6600 koordinatlarda yerləşən 0.03 ha torpaq sahəsində cavabdeh X8 tərəfindən tikilmiş tikili (qaraj) cavabdeh X5 hesabına sökülərək həmin ərazidən çıxarılsın. Ekspertiza tədqiqatlarının dəyəri olaraq cəmi 150 manat cavabdeh X3 tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34C TRE********************; Az.MEM, VÖEN**********, X10, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar