Məhkəmə qərarları › İş №2(107)-543/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-543/2025

14.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-543/2025 14.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Hüseynova (Yusifova) Natella Əliəfsər qızının cavabdeh Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X11 və Maraqlı şəxs qarşı “miras əmlaka payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: vərəsəlik, miras əmlaka payın müəyyən edilməsi) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X17 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X9 iclas katibliyi ilə, İddiaçı Hüseynova (Yusifova) Natella Əliəfsər qızının, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs iştirakları ilə, Şəki Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, e-2(075)-213/2025 nömrəli qətnaməsindən iddiaçı Hüseynova (Yusifova) Natella Əliəfsər qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin “Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən” arayışın surətindən görünür ki, Şəki şəhəri B.Məmmədov küçəsi, dalan 2 ev 3 (Yeni qaydalarla Bəxtiyar Məmmədov küçəsi giriş 22) ünvanında yerləşən ümumi sahəsi 47.60 kv.m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0396 ha həyətyanı torpaq sahəsi X6 mülkiyyətindədir. Azərbaycan Respublikası Şəki şəhər İH “Fətəli” məhəllə nümayəndəliyi tərəfindən verilmiş vərəsəliyə dair arayışdan görünür ki, X13 25 yanvar 2012-ci il tarixdə vəfat etmiş və onun X8, X11, X7 və Maraqlı şəxs adlı vərəsələri vardır. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin tərəfindən X4 ünvanlanmış 21 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, 25 yanvar 2012-ci il tarixdə ölmüş atası X5 miras qalmış əmlaka dair Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisində vərəsəlik işi açılmışdır. X5 miras qalmış əmlakdan ona düşən miras payı qəbul edib-etməyəcəyi barədə qısa müddət ərzində əki regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edib məlumat verməyi xahiş olunmuşdur. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariat hərəkətinin aparılmasından imtina haqqında 27 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, X3 ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat hərəkətinin aparılmasına imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı Hüseynova (Yusifova) Natella Əliəfsər qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci ildə vəfat etmiş X2 miras qalmış Şəki şəhəri B.Məmmədov küçəsi, dalan 2 ev 3 (Yeni qaydalarla Bəxtiyar Məmmədov küçəsi giriş 22) ünvanında olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi üzrə ¼ hissə olmaqla ona miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, təxminən 90-cı illərdə ailə həyatı quraraq həmin evdən köçmüşdür. Lakin 1996-cı ildə nikahı pozulmuş və bundan sonra atası evinə qayıtmışdır. Özünə məxsus olan cehiz əşyalarını və şəxsi əşyalarınıda ata evinə yerləşdirmişdir. Ona orada bir otaq ayırmışdırlar. Bu günə kimi əşyaları həmin evdə şəxsi otağındadır. Özü 2000-ci ilə kimi orada yaşamışdır. Daha sonra başqa ev alaraq ora köçmüşdür. Özünə məxsus əşyaları isə atasının ona ayrıdığı bir otaqda saxlamışdır. Vaxtaşırı ata evinə gedərək anasını görür, özünə məxsus əşyaları havalandırır və otağına əl gəzdirir. Bir neçə gün bundan qabaqda evə baş çəkmişdir. Həmin həyətdə bir qardaşı Maraqlı şəxs ayrıca ev tikilib. Evləri böyük olduğu üçün bir hissəsində Ələfsər Hüseynov istifadə edir. Bütün vərəsələr demək olar ki, mirası faktiki qəbul etmişdir. Lakin qardaşı Ələfsər Hüseynov notariat kontoruna müraciət edərək vərəsəlik açılmasını xahiş etmişdir. Bundan sonra Notarius digər vərəsələrə dəvət məktubu göndərmişdir. Dəvət məktubundan sonra tərəfindən ərizə ilə notariat ofisinə müraciət edilmiş və onun da miras payının ayrılmasını xahiş etmişdir. Lakin notarius xx.xx.2024-cü il tarixli qərarla imtina vermişdir. İmtina səbəbi kimi, mirasın qəbulu üzrə müddətin ötürüldüyü bildirilmişdir. Məhz buna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İlk dəfə məhkəməyə müraciət edərək xx.xx.2012-ci ildə rəhmətə getmiş X2 miras qalmış Şəki şəhəri B.Məmmədov küç. Dalan 2 ev 3 (Yeni qaydalarla Bəxtiyar Məmmədov küçəsi giriş 22) ünvanında olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi üzrə tərəfindən mirasın qəbul etmə faktının müəyyən edilməsi barədə qərar çıxarılmasını xahiş etmişəm. Xahişimə baxılaraq xx.xx.2024-cü il tarixli, e-2(075)-2516/2024 saylı qərardadla “miras payının müəyyən edilməsi” tələbi ilə ümumi qaydada yenidən məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Məhz buna görə də təkrar olaraq məhkəməyə müraciət edir. Qeyd etdiklərimdən göründüyü kimi, miras əmlakının bir hissəsi onun nəzarətində olduğu üçün, şəxsi otağı olduğu üçün faktiki mirası qəbul etmişdir. Buna görə də ona mirasda pay verilməlidir. Məhkəmə iclasında iddiaçı Hüseynova (Yusifova) Natella Əliəfsər qızı izahat verərək bildirmişdir ki, atası X13 25 yanvar 2012-ci il tarixdə vəfat etmişdir. X5 Şəki şəhəri B.Məmmədov küçəsi, dalan 2 ev 3 (Yeni qaydalarla Bəxtiyar Məmmədov küçəsi giriş 22) ünvanında yerləşən ümumi sahəsi 47.60 kv.m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0396 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. O, 1989-cu ildə ailə həyatı qurmuş, 1995-ci ildə isə boşanmışdır. Lakin 1993-cü ildən 1997-ci ilə kimi o atası evində qalmışdır. Qardaşı ilə aralarında dəfələrlə mübahisə olduğundan o, 1998-ci il ildə özünə məxsus qızıl-zinət əşyalarını və bəzi cehiz əşyalarını sataraq ev almış və orada yaşamağa başlamışdır. Lakin ona məxsus bəzi cehiz əşyaları bugünə kimi atası evində ona məxsus otaqda qalmaqdadır. O, həmin evə tez-tez anasına baş çəkmək üçün gedib-gəlir. Atası eyni torpaq sahəsində qardaşı Əliyar üçün ona məxsus ev tikmişdir. Lakin qardaşı halhazırda Rusiya Federasiyasında yaşayır. Atası vəfat etdikdən sonra qardaşı Eldar ilə aralarında heç vaxt miras əmlakla bağlı mübahisə olmadığından, o, miras əmlakdan pay almaq üçün hər-hansı bir orqana müraciət etməmişdir. Lakin Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən ona məktub ünvanlandığı zaman, qardaşının evi satmaq istədiyindən və buna görə də öz adına keçirmək istədiyindən xəbəri olmuşdur. Buna görə də miras əmlakdan ona düşən ¼ hissədə payın müəyyən edilməsini məhkəmədən xahiş edir. Məhkmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs izahat verərək bildirmişdir ki, atası X13 25 yanvar 2012-ci il tarixdə vəfat etmişdir. X5 Şəki şəhəri B.Məmmədov küçəsi, dalan 2 ev 3 (Yeni qaydalarla Bəxtiyar Məmmədov küçəsi giriş 22) ünvanında yerləşən ümumi sahəsi 47.60 kv.m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0396 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Həmin evdə hal-hazırda anası və o, ailəsi ilə birlikdə yaşayırlar. Bacısı İddiaçı mərhum ataları vəfat etmədən qabaq ailə həyatı qurmuş və bir müddət sonra boşanmışdır. Boşandıqdan sonra o, mərhum atalarının köməkliyi ilə iddiaçıya alınmış özünə məxsus evdə yaşamışdır. Hal-hazırda bacısına aid bəzi cehiz əşyaları hələ də onların evindədir. Arabir anasına baş çəkmək üçün həmin evə gəlib-gedir. Lakin ataları vəfat edən vaxtdan bugünə kimi bacısı mübahisələndirilən evdə yaşamamışdır. Evi analarının adına keçirmək istəsələr də, iddiaçı buna razılıq verməmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X12 izahat verərək bildirdi ki, həyat yoldaşı X13 25 yanvar 2012-ci il tarixdə vəfat etmişdir. X5 Şəki şəhəri B.Məmmədov küçəsi, dalan 2 ev 3 (Yeni qaydalarla Bəxtiyar Məmmədov küçəsi giriş 22) ünvanında yerləşən ümumi sahəsi 47.60 kv.m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0396 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. O, halhazırda həmin evdə oğlunun ailəsi ilə birlikdə yaşayır. Miras əmlakı öz adına rəsmiləşdirilməsini istəyir. Qızı İddiaçı atasının koməkliyi ilə alınan özünə məxsus evdə yaşayır. Oğlu Əliyar isə Rusiya Federasiyasında yaşayır. Qızı İddiaçı onunla heç maraqlanmır. Şəki Rayon Məhkəmənin 14 fevral 2025-ci il tarixli, e-2(075)-213/2025 nömrəli (hakim: E.Vəliyev) qətnaməsi ilə, iddia tələbi təmin edilməmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisə işdə iştirak edən şəxslərin atalarından mirasın qəbul edilməsi ilə bağlıdır. Mirasın qəbul edilməsi mirasqoyanın ölümündən sonra üç ay müddətində notariat kontoruna ərizə vermək və ya miras əmlaka sahiblik və faktiki idarə etmək yolu ilə mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mümkündür. İddiaçı notariat kontoruna mirası qəbul etməsi barədə atası vəfat etdiyi tarixdən, yəni 25 yanvar 2012-ci ildən 2024-cü il tarixə kimi ərizə verməmişdir. Eyni zamanda iddiaçı miras əmlaka sahiblik etməsi və faktiki idarə etməsi barədə də məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı miras əmlakda atasının ölümündən sonra anası və qardaşı Maraqlı şəxs yaşadığını və əmlakı idarə etdiyini, özünün isə həmin evdə yaşamadığını bildirmişdir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin miras əmlaka sahibliyi və miras əmlakı idarə etməsinin elə forması nəzərdə tutulur ki, bu zaman mirasın qəbul edilməsi şəksiz nümayiş etdirilir və heç kəsdə şübhə doğurmur. Hazırkı mülki iş üzrə isə iddiaçı mirası faktiki qəbul etməsini sübuta yetirə bilməmişdir. Buna görə də iddia əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1243.1, 1243.2, 1246, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin – 14.2, 77.1, 88, 217.3, 217.4-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı Hüseynova (Yusifova) Natella Əliəfsər qızı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya onunla əsaslandırılmışdır ki, iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər, qardaşım Maraqlı şəxs və anam X12 da məhkəmə iclasında ifadələri onun dediklərini təsdiqləmişdirlər. Yəni miras əmlakı olan fərdi yaşayış evinin bir otağında ona məxsus əşyaların olması və həmin otağın nəzarətinin də ona məxsus olmasını təsdiqləmişlər. Miras əmlakında ona məxsus otağın olması, həmin otağa onun nəzarətinin olması, vaxtaşırı anasına baş çəkməsi və gedib oranın təmizliyinə özünün baxması miras əmlakına sahiblik etmək sayılır. Bu da kifayət edir ki, o, faktiki olaraq miras əmlakını faktiki qəbul etmişdir. Üçüncü şəxslər məhkəmə iclasında iştirak etmiş və onun ifadəsinə oxşar ifadə vermişdirlər. Bütün ifadələr onun miras əmlakının bir hissəsini faktiki qəbul etməyini təsdiq etdiyi halda məhkəmə tərəfindən sübut təqdim etmədiyini qeyd etmişdi. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı Hüseynova (Yusifova) Natella Əliəfsər qızı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, 1989-cu ildə ailə həyatı qurmuş, 1995-ci ildə isə ayrılmışdır. Ayrıldıqdan sonra 1998-ci ilə kimi atasına məxsus evdə yaşamışdır. 1998-ci ildə özünə ev alaraq həmin evdə yaşamağa başlamışdır. Aldığı ev bir otaqlı olduğundan bəzi əşyaları apara bilməmiş və həmin əşyalar atası evində qalmışdır. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, bacısının həm Şəkidə, həm də Bakı şəhərində evi vardır. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası M a d d ə 1 3 . Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. M a d d ə 2 9 . Mülkiyyət hüququ I. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1269. Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. 1291. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər.

“Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”

17. Hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın İ saylı Protokolu

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli qərarında qeyd edilmişdir ki: “....ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının həddi

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə miras əmlaka payın müəyyən edilməsi ilə bağlıdır. Belə ki, Hüseynova (Yusifova) Natella Əliəfsər qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci ildə vəfat etmiş X2 miras qalmış Şəki şəhəri B.Məmmədov küçəsi, dalan 2 ev 3 (Yeni qaydalarla Bəxtiyar Məmmədov küçəsi giriş 22) ünvanında olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi üzrə ¼ hissə olmaqla ona miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə yəni, iddianın rədd edilməsi hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və ilkin olaraq qeyd edir ki, konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Konstitusiyada vərəsəlik hüququ mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi müəyyən edildiyindən mülkiyyət və vərəsəlik hüquqları eyni maddədə konstitusiya təminatı altına alınmışdır. Mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Yəni, vərəsəlik hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (yüklülüklər ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Bu iki element bir-birini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar. Özlüyündə isə vərəsəlik hüququ universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailətəminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağırılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərinə əsaslanır və həmin prinsiplərin hər biri digərinin təmin edilməsinə yönəlir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki: X13 25 yanvar 2012-ci il tarixdə vəfat etmişdir. X6 ölümündən sonra onun birinci növbə vərəsələri olan - X8 (arvadı), X11 (oğlu), Hüseynova (Yusifova) Natella Ələfsər qızı (qızı) və Maraqlı şəxs (oğlu) adlı vərəsələri qalmışdır. X2 miras qalmış miras toplusuna - Şəki şəhəri B.Məmmədov küçəsi, dalan 2 ev 3 (Yeni qaydalarla Bəxtiyar Məmmədov küçəsi giriş 22) ünvanında yerləşən ümumi sahəsi 47.60 kv.m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0396 ha həyətyanı torpaq sahəsi daxil olmuşdur. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin tərəfindən X4 ünvanlanmış 21 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, 25 yanvar 2012-ci il tarixdə ölmüş atası X5 miras qalmış əmlaka dair Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisində vərəsəlik işi açılmışdır. X5 miras qalmış əmlakdan ona düşən miras payı qəbul edib-etməyəcəyi barədə qısa müddət ərzində Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edib məlumat verməyi xahiş olunmuşdur. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariat hərəkətinin aparılmasından imtina haqqında 27 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, X3 ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat hərəkətinin aparılmasına imtina edilmişdir. Beləliklə hazırki işdən isə müəyyən edilir ki, mərhum X13 25 yanvar 2012-ci il tarixdə vəfat etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Yuxarıda qeyd edilənlər konteksində məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisəyə həmin dövrdə qüvvədə olan mirasın qəbul edilməsi ilə bağlı normalar tətbiq edilməlidir. Belə olan halda məhkəmə kollegiyası bildirir ki, həmin dövrdə qüvvədə olan qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi deyilir”. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlili olan mirasın faktiki qəbul edilməsi ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Hazırki işdən müəyyən edilir ki, iddiaçı Hüseynova (Yusifova) Natella Əliəfsər qızı miras əmlakı qanunla müəyyən edilmiş müddətdə qəbul etməmişdir. Belə ki, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin tərəfindən X4 ünvanlanmış 21 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, 25 yanvar 2012-ci il tarixdə ölmüş atası X5 miras qalmış əmlaka dair Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisində vərəsəlik işi açılmışdır. X5 miras qalmış əmlakdan ona düşən miras payı qəbul edib-etməyəcəyi barədə qısa müddət ərzində əki regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edib məlumat verməyi xahiş olunmuşdur. Göründüyü kimi, iddiaçı notariat kontoruna mirası qəbul etməsi barədə atası vəfat etdiyi tarixdən, yəni 25 yanvar 2012-ci ildən 2024-cü il tarixə kimi ərizə verməmişdir. Həmçinin, İddiaçı özüdə birinci instansiya məhkəməsində verdiyi izahatında miras əmlakdan pay almaq üçün hər-hansı bir orqana müraciət etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası daha sonra bildirir ki, iddiaçı Hüseynova (Yusifova) Natella Əliəfsər qızı miras əmlakı faktiki olaraq da qəbul etməmişdir. Kollegiya mirasın faktiki qəbul edilməsi ilə bağlı ilkin olaraq qeyd edir ki, miras istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: - miras əmlaka faktiki sahiblik etmək; - miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı Hüseynova (Yusifova) Natella Əliəfsər qızının atası mərhum X13 25 yanvar 2012-ci il tarixdə vəfat etmişdir. X5 Şəki şəhəri B.Məmmədov küçəsi, dalan 2 ev 3 (Yeni qaydalarla Bəxtiyar Məmmədov küçəsi giriş 22) ünvanında yerləşən ümumi sahəsi 47.60 kv.m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0396 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. İddiaçı 1989-cu ildə ailə həyatı qurmuş, 1995-ci ildə isə boşanmışdır. 1998-ci ilə kimi o atası evində (mübahisəli evdə) qalmışdır. 1998-ci il ildə isə ev alaraq orada yaşamağa və ayrıca təsərrüfat aparmağa başlamışdır. Göründüyü kimi, iddiaçı Hüseynova (Yusifova) Natella Əliəfsər qızı hələ mərhum atası (miras qoyan) X1, təxminən 13-14 il əvvəl mübahisəli evdən çıxaraq ayrıca təsərrüfat aparmağa başlamışdır. Yəni, iddiaçı Hüseynova (Yusifova) Natella Əliəfsər qızı atası ölməmişdən uzun müddət əvvəl mübahisə predmeti olan evdən getmişdir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, nə iş materialları nədəki iddiaçı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin izahatları ilə mərhum X6 ölümündən sonra iddiaçı Hüseynova (Yusifova) Natella Əliəfsər qızının mübahisəli evdə yaşaması öz təsdiqini tapmamışdır. Əksinə, iddiaçı Hüseynova (Yusifova) Natella Əliəfsər qızı izahatında miras əmlakda atasının ölümündən sonra anası və qardaşı Maraqlı şəxs yaşadığını və əmlakı idarə etdiyini, özünün isə həmin evdə yaşamadığını bildirmişdir. Belə olan halda isə iddiaçının miras əmlakı faktiki olaraq qəbul etməsi nəticəsinə gəlmək mümkün deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bəzi cehiz əşyaların mübahisəli evdə qalması ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, həm iddiaçı həm də mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər izahatlarında iddiaçıının evdən gedən zaman ona məxsus bəzi cehiz əşyalarının mübahisəli evdə qaldığını bildirmişlər. Kollegiya evdə qalmış cehiz əşyaları ilə bağlı qeyd edir ki, iddiaçı Hüseynova (Yusifova) Natella Əliəfsər qızı özüdə bildirdiyi kimi təxminən 1998-ci ildə, yəni mərhum atası (miras qoyan) X13 ölməmişdən 13-14 il əvvəl mübahisəli evdən çıxaraq ayrıca təsərrüfat aparmağa başlamışdır. Məntiqi olaraq, əgər hər hansı şəxs ayrıca yaşmaq üçün başqa evə gedirsə o, lazımı əmlaklarını da özü ilə aparır. Kollegiya xüsusilə qeyd edir ki, iddiaçı Hüseynova (Yusifova) Natella Əliəfsər qızı apellyasiya məhkəməsində izahat verən zaman bildirmişdir ki, 1998-ci ildə aldığı ev bir otaqlı və darısqal olduğundan bəzi əşyaları apara bilməmiş və həmin əşyalar atası evində qalmışdır. Göründüyü kimi, iddiaçı özüdə əşyaları aldığı evə apara bilməməsi səbəbindən atası evində qaldığını bildirmişdir. Hazırki halda isə, iddiaçı Hüseynova (Yusifova) Natella Əliəfsər qızı 13-14 il əvvəl getdiyi evə ata evində qalmış bəzi əşyaları aparmayıbsa həmin əşyaların onun üçün zəruri olmamasına dəlalət edir. Məhkəmə kollegiyası iş materialları ilə öz təsdiqini tapmasada bir məqamıda qeyd edir ki, iddiaçının hansısa əmlakına baş çəkməsi (və ya onu havalandırması) miras əmlakın faktiki qəbul edilməsi kimi dəyərləndirilə bilməz. Belə ki, mülkiyyətçi başqa yerdə olan əmlakından istənilən formada və qaydada istifadə edə bilər. Hazırki halda isə, iddiaçı mərhum atasına məxsus olan əmlakı idarə etməmiş, sadəcə başqa yerdə qalan öz əmlakına baş çəkmişdir. Bu isə mərhuma məxsus olan əmlakın faktiki qəbulu deyildir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, hansısa cehiz əşyasının mübahisəli evdə yerləşməsi həmin evin miras əmlak olaraq faktiki qəbul edilməsi hesab edilə bilməz. Belə ki, əmlak saxlanc kimidə başqa bir yerdə ola bilər və həmin yerin əmlakın mülkiyyətçisinə məxsus olması vacib deyildir. Hazırki işdə də, iddiaçıya məxsus bir neçə əşyanın mərhum atasının evində olması mübahisələndirilməmişdir. Lakin, həmin əmlakların olduğu yerin miras əmlak olaraq iddiaçıya məxsus olması iş materialları ilə öz təsdiqini tapmamışdır. Eyni zamanda həmin əmlaklar iddiaçının yeni aldığı evə yerləşməməsi səbəbindən orada qalması müəyyən edilmişdir. Belə olan halda kollegiya şikayətin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının anasına baş çəkmək üçün tez-tez gedib-gəlməsi ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, həm iddiaçı həm də mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər izahatlarında iddiaçının arabir anasına baş çəkmək üçün həmin evə gəlibgetdiyini bildirmişlər. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, övladın valideyninə başçəkmək və ya baxmaq (xəstə olanda qulluğunda durmaq və s. hallarda) üçün harasa gedib-gəlməsi həmçinin, dəfnində və ya yas mərasimlərində iştirak etməsi onun övladlıq borcundan irəli gəlir və bu hal heç bir halda mirasın qəbul edilməsi kimi dəyərləndirilə bilməz. Məhkəmə kollegiyası son olaraq qeyd edir ki, iddiaçı Hüseynova (Yusifova) Natella Əliəfsər qızı nə birinci instansiya məhkəməsində nədəki apellyasiya baxışı zamanı mərhum X10 məxsus hansısa əmlakı faktiki istifadə etdiyini bildirməmiş, sadəcə atasının evində olan özünə məxsus olan bəzi əşyalarına baxdığını (havandırdığını və s.) bildirmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Hüseynova (Yusifova) Natella Əliəfsər qızı 1998-ci ildən mübahisəli evdən birdəfəlik (yəni daimi yaşamaq üçün) gedərək ayrıca təsərrüfat aparmışdır. Mirasın faktiki qəbulu dedikdə isə, vərəsənin miras əmlaka sahibliyi və miras əmlakı idarə etməsinin elə forması nəzərdə tutur ki, bu zaman mirasın qəbul edilməsi şəksiz nümayiş etdirilir və heç kəsdə şübhə doğurmur. Odur ki, iddiaçı nə qanun üzrə nədəki faktiki olaraq miras əmlakı qəbul etmədiyindən o, mərhum X6 vərəsəsi hesab edilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçı Hüseynova (Yusifova) Natella Əliəfsər qızının apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, e-2(075)-213/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar