Məhkəmə qərarları › İş №2(107)-549/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-549/2022

28.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-549/2022 28.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Balakən Rayon Məhkəməsinin 2(019)-160/2021 nömrəli, 04 fevral 2022-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Balakən Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 2(019)-160/2021 nömrəli qətnaməsinə əsasən İddiaçı Cavabdeh1 və Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinə qarşı Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisində 01 oktyabr 2020-ci il tarixdə bağlanmış AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ilk iddiası təmin edilməmiş, Cavabdeh1 İddiaçı qarşı cavabdehin ona məxsus olan fərdi yaşayış evindən çıxarılması tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş, İddiaçı ünvan 1i ünvanında Cavabdeh1 xüsusi mülkiyyətində olan 0.029950 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 98.80 kvm olan fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. İddiaçı Balakən Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 2(019)-160/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair ərizə verərək, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilməklə bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün aidiyyatı üzrə göndərilməsini xahiş etmişdir. İddiaçı Balakən Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 2(019)-160/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisində 01 oktyabr 2020-ci il tarixdə bağlanmış AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 nümayəndəsi vasitəsilə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1i ünvanında xüsusi mülkiyyətində olan 0.029950 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 98.80 kvm olan fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 2(019)- 160/2021 nömrəli qətnaməsi ilə ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi qət edilmişdir. O, məhkəmə qətnaməsini 31 dekabr 2021-ci il tarixdə alsa da, xəstə olması və bununla bağlı həkim nəzarətində olması səbəbindən qətnamədən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verə bilməmişdir. Hazırda Balakən Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 2(019)- 160/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilməklə bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün aidiyyatı üzrə göndərilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-160/2021 nömrəli, 04 fevral 2022-ci il tarixli qərardadı ilə İddiaçı vəsatətinin təmin edilməsi, İddiaçı Balakən Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 2(019)-160/2021 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi qərara alınmışdır. Balakən Rayon Məhkəməsinin 2(019)-160/2021 nömrəli, 04 fevral 2022-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən şikayət verilmişdir. Balakən Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli 2(019)-160/2021 saylı qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Balakən Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli, 2(019)-160/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılması, Cavabdeh1 tərəfindən verilmiş şikayətin baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Balakən Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli, 2(019)-160/2021 qərardadı ləğv edilməli, İddiaçı müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin məcəllənin 135.4-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İddiaçı müddətin bərpasına dair ərizəsində bildirmişdir ki, o, Balakən Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 2(019)-160/2021 nömrəli qətnaməsini 31.12.2021-ci il tarixdə almışdır. Həmçinin bildirmişdir ki, xəstə olması və bununla bağlı həkim nəzarətində olması səbəbindən qətnamədən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ərizəsində göstərdiyi səbəblər üzrlü hesab oluna və müvafiq olaraq qanunla müəyyən edilmiş ötürülmüş prossesual müddətin bərpası üçün əsas ola bilməz. Belə ki, o, xəstə olduğunu və həkim nəzarətində olduğunu bildirsə də bununla bağlı məhkəmə kollegiyasına heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən prosessual müddətin üzürlü səbəbdən ötürülməsinə dair ərizəsinə heç bir sübut əlavə etməmişdir. Ona görə də kollegiya hesab edir ki, ərizə təmin edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh1 şikayəti təmin edilməli, Balakən Rayon Məhkəməsinin 2(019)-160/2021 nömrəli, 04 fevral 2022-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı müddətin bərpası barədə ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130, 133, 263, 264, 400.0.1 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 şikayəti təmin edilsin. Balakən Rayon Məhkəməsinin 2(019)-160/2021 nömrəli, 04 fevral 2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı müddətin bərpası barədə ərizəsi təmin edilməsin. Qərаrdad dərhal qanunu qüvvəsini alır. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar