Məhkəmə qərarları › İş №2(107)-55/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-55/2024

30.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-55/2024 30.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtinaya dair hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtinanın qanunsuz hesab edilməsi) X1 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə Ağsu Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(016)-486/2022 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2016-cı ildə vəfat etmiş anası X3 məxsus Ağsu rayonunun Xatman kəndində yerləşən fərdi yaşayış evinə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən, əmlakı faktiki qəbul etməməklə miras əmlakın qəbul müddətininin bərpa edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, miras əmlakdan payının müəyyən edilib naturada ayrılıb verilməsi barədə cavabdehə qarşı iddia ilə məhkəməyə müraciət etsə də, miras əmlakı qəbul etmə müddətini ötürdüyündən məhkəmə işi saxlamışdır. Bununla əlaqədar notariusa müraciət etmiş, Şamaxı regional “Asan xidmət” mərkəzində notarius ofisinin xüsusi ofisi tərəfindən müraciəti əsasında ona xx.xx.2022-ci il tarixli “notariat əməliyyatı aparmaqdan imtina” haqqında qərar verilmişdir. Həmin qərara əsasən əmlakı faktiki qəbul etməməklə miras əmlakın qəbul müddətini ötürdüyünə görə imtina edilmişdir. Cavabdeh özü onun xeyrinə əmlakdan imtina etmişdir. Sonradan arvadının təsiri ilə fikrindən imtina etmiş, arvadı ilə birləşib onu, bacısı uşaqlarını, digər vərəsələri mübahisəli evə buraxmamışdır. Bu səbəbdən də mirası qəbul etmə müddətini buraxmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

3. Ağsu Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(016)-486/2022 saylı qətnaməsi ilə (hakim A.Əsgərov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı anasının ölümündən dərhal sonra vərəsəliyin qəbulu ilə bağlı notariat ofisinə müraciət etmiş, lakin cavabdeh bununla bağlı ofisə gəlməmişdir. İddiaçının izahatından görünür ki, qanunun tələbindən məlumatlı olsa da, həmin müddət ərzində mirası qəbul etməmişdir. Mirası vaxtında qəbul etməməmsinin səbəbi kimi cavabdehin onu miras əmlaka buraxmamasını göstərmişdir. İddiaçının göstərdiyi ağılabatan mühakimə deyildir. Belə olan halda, iddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürmüş və gecikmənin səbəbi üzrlü səbəblərlə əlaqədar deyildir. MM-in 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Birinci instansiya gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

5. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr qəbul edir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirməlidir. Belə ki, mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməlidir. Mirasın qəbul edilməsi haqqında vərəsənin yazılı ərizəsi ona qanunda müəyyən edilmiş qaydalara müvafiq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə əsas ola bilər. Bundan başqa, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamalıdır. Vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Lakin iddiaçı əmlaka sahibliyə və onu idarə etməyə faktiki başlaması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişlər.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürdüklərindən, gecikmənin səbəbi isə üzrlü səbəblərlə əlaqədar olmadığından, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadıla bilməz. Odur ki, iddia tələbi əsassızdır.

7. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145, 1151.1, 1243, 1246 və 1248.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

8. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti vermişdir.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat:

9. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-1048/2022 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Ağsu Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(016)- 486/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

10. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-1048/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-792/2023 saylı qərarı ilə, İddiaçı kassasiya şikayətinin təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)- 1048/2022 saylı qətnaməsinin ləğv edilməsi, işə yenidən baxılması üçün işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli, 2(102)-792/2023 saylı qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

13. Kollegiya qeyd etmişdir ki, məhkəmələr iddianı rədd edərkən mövqelərini belə əsalandırmışlar ki, iddiaçının anasının ölümündən sonra qanunvericiliklə müəyyən olunmuş müddət ərzində notariat ofisinə rəsmi müraciəti öz təsdiqini tapmır. Belə ki, iddiaçı tərəfindən mirasın qəbuluna dair ərizə xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Eyni zamanda iddiaçı əmlaka sahiblik və onu idarə etməyə faktiki başlaması barədə sübut təqdim etməmişdir. Apellyasiya məhkəməsi bu xüssuatla bağlı Ağsu rayonunun Xatman kəndində yerləşən 0.40 ha torpaq sahəsinin və əmlak vergisinin 1996-cı il tarixdən hal-hazıra kimi Cavabdeh tərəfindən ödənilməsi barədə Ağsu rayon Dilman Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 40 nömrəli məlumatına istinad etmişdir (§ 7-10, 14-25).

14. Kollegiya bildirmişdir ki, iddiaçının mirası qəbul etməsi işdə olan bütün məlumat və sübutlar əsasında aydınlaşdırılmalı və məsələyə tam şəkildə əsaslandırılmış hüquqi qiymət verilməlidir.

15. Belə ki, Ağsu rayon İcra Hakimiyyəti Başçısının Kalva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 270 nömrəli arayışına əsasən, Təhminə Ömərova ölən günə kimi Ağsu rayonu Xatman kəndində oğlu İddiaçıla birlikdə yaşamaqla onun öhdəsində və himayəsində olmuşdur. Həmin qurumun 2021-ci ildə verdiyi arayışın surətindən o da görünür ki, Təhminə Ömərovadan miras qalmış, Ağsu rayonu Xatman kəndində yerləşən 0.40 ha torpaq sahəsi İddiaçı tərəfindən faktiki qəbul edilmiş, hal-hazırda təyinatı üzrə istifadə edilməkdədir.

16. Ağsu rayon İcra Hakimiyyəti Başçısının Kalva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Cavabdeh, İddiaçı və başqa şəxslərin iştirakı ilə tərtib edilmiş xx.xx.2016cı il tarixli aktda qeyd edilmişdir ki, Ağsu rayonu Xatman kənd sakini Təhminə Ömərovaya məxsus 0.40 ha həyətyanı sahədən 0.25 ha bərabər hissələrlə, yəni 0.125 ha mərhumənin böyük oğlu Cavabdeh, 0.125 ha digər oğlu İddiaçı tam razılıq və bütün mülki hüquqi qaydalara əsaslanmaqla ayrılıb dəqiq sərhədləşdirilmiş, 0.15 ha sahə isə miras qoyanın digər övladı Sərbal Ömərova ayrılmışdır.

17. Eyni zamanda Cavabdeh 2021-ci ildə notarial qaydada təsdiqlənmiş ərizəsinin surətindən belə aydın olur ki, o, anası X7 Omarova verdiyi vəsiyyətnamə barədə məlumat verərək, ona çatası məcburi paydan imtina etmişdir.

18. Göründüyü kimi, mirasın iddiaçı tərəfindən faktiki qəbul edilməsi məsələsinə qiymət verilməsində yuxarıda qeyd edilən məlumatlar da əhəmiyyət kəsb etmişdir. Lakin mübahisəyə mahiyyəti üzrə baxmış apellyasiya məhkəməsi həmin məlumatları, o cümlədən qətnaməsində istinad olunan məlumatlarla bu sənədlərdəki məlumatlar arasında ziddiyyətin olub-olmamasını çəkişmə prinsipinə riayət etməklə, tərəflərin iştirakı ilə tam və hərtərəfli araşdırmamış, əgər ziddiyyət varsa hansı məlumatın və nə səbəbdən daha mötəbər sübut kimi qəbul edilməsini əsaslandırmamış, məsələyə bütöv bir hüquqi qiymət verməmişdir.

19. Bu hallar isə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilmədiyinə, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına dəlalət edir (§ 45-49).

20. Halbuki, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

21. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə tərkibi hesab etmişdir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

a)Apellyasiya şikayətinin dəlilləri

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə bütün digər vərəsələrin, o cümlədən də Cavabdeh miras əmlakdakı məcburi paydan imtina etmələri barədə ərizə vermələrinə və onun adına olan vəsiyyətnaməni qəbul etmələrinə, miras əmlakın faktiki olaraq onun idarəçiliyində olmasına dair arayışın verilməsinə və bu əmlakın sahibi kimi tərəfindən bölgü aparılaraq digər vərəsələrin payının müəyyən olunmasına və 2021-ci ildə vərəsələr arasında vərəsəliklə bağlı mübahisənin olmamasına baxmayaraq mirasın qəbul edilməsi müddətini bərpa etməmiş, onun əsaslı iddia tələbini rədd etmişdir.

23. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin.

24. Onun adına verilmiş vəsiyyətnamə yuxarıda göstərilən qaydada tərtib olunmuş, imzalanmış və sonradan vəsiyyətnamə ləğv edilməmiş, dəyişdirilməmişdir və həmin vəsiyyətnamə bu gün də qüvvədədir. Bundan başqa mərhum anasının digər vərəsələri həmin əmlakdan onlara çatası məcburi paydan da imtina etmişlər. Belə olan təqdirdə bu əmlak kimin adına rəsmiləşdirilməlidir. Çünki rəsmi təqdim edilmiş sənədlər əsasında miras əmlaka vərəsəlik hüququ saxlanılan yeganə vərəsə odur. Lakin məhkəmə qəbul etdiyi qətnamə ilə onun nə vərəsəlik nə də mülkiyyət hüquqlarına təminat verməmiş, nəticədə onun AR Konstitusiyasının 13 və 29-cu maddəsində nəzərdə tutulan mülkiyyət hüquqları da pozulmuşdur.

25. O, məhkəməyə miras əmlakı faktiki qəbul etməyinə dair sübutlarınıxx.xx.2016-cı il tarixdə ərazi icra nümayəndəliyinin qonşularla birgə tərtib etdiyi və təsdiqlədiyi aktı, miras əmlakın faktiki onun tərəfdən qəbul edilməsinə dair rəsmi arayışı, bütün digər 1-ci növbə vərəsələrin həmin əmlakdan imtina etmələrinə dair notarial təsdiq olunmuş ərizələri təqdim etdiyi halda məhkəmə qəbul etdiyi qətnamədə göstərmişdir ki, guya o, mirası qəbul etdiyini məhkəmədə sübuta yetirə bilməmiş və bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki onun tərəfindən təqdim edilmiş sübutlar mirasın qəbul edilməsi müddətinin bərpası üçün əsasdır. Konkret halda belə hesab edir ki, məhkəmə onun iddia tələbi üzrə işdə mirasın qəbul edilməsi haqqında imtinanı vermiş X12 Xidmət Mərkəzini əsil cavabdeh qismində cəlb etməli idi və bu işdə cavabdeh qismində bu təşkilat çıxış etməli idi. Eyni zamanda da cavabdehin olduğu yer üzrə onun məhkəməyə müraciət etmək hüququnu da ona izah etməli idi. Lakin məhkəmə bu hala əhəmiyyət verməmiş, işi icraatına qəbul etmiş, baxmış, nəticədə cavabdeh məhkəmə prosesi barədə məlumatlanmamış və ərazi aidiyyəti də pozulmuşdur. Bu hal da kobud prosessual pozuntu kimi qəbul edilməlidir.

26. Odur ki, Ağsu Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və onun Cavabdeh qarşı miras əmlakın qəbul edilməsi üzrə müddətin bərpa edilməsi barədə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Kollegiyanın iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və onun iddiasının təmin edilməsini xahiş etmişdir. O, həmçinin izahatında verdiyi iddiada tələbinin birinci hissəsi xx.xx.2016-cı ildə vəfat etmiş anası X3 məxsus Ağsu rayonunun Xatman kəndində yerləşən fərdi yaşayış evinə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən kimi qeyd edilsə də, o, həmin hissədə əslində xx.xx.2016-cı ildə vəfat etmiş anası X3 məxsus Ağsu rayonunun Xatman kəndində yerləşən fərdi yaşayış evinə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtinaya dair notariat ofisinin xüsusi notariusunun hərəkətinin qanunsuz hesab edilməsini xahiş etmişdir. Odur ki, iddia tələbinin birinci hissəsinə aydınlıq gətirir və tələbinin birinci hissəsinin yuxarıda qeyd etdiyi kimi qəbul edilməklə təmin edilməsini xahiş edir.

29. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçının vəkili, cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: (Yeni Məcəllə) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

31. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun: 60-cı maddəsinə əsasən notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır.

32. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Qərarı.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarı.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən kollegiya Ağsu Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(016)-486/2022 nömrəli nömrəli qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Şəki Apellyasiya Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(107)-55/2024 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Ağsu Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(016)-486/2022 nömrəli qətnaməsi miras əmlakın qəbul edilməsi üzrə müddətin bərpa edilməsi hissəsində ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı xx.xx.2016-cı ildə vəfat etmiş anası X3 məxsus Ağsu rayonunun Xatman kəndində yerləşən fərdi yaşayış evinə dair əmlakı faktiki qəbul etməməklə miras əmlakın qəbul müddətininin bərpa edilməsi hissəsində mülki iş üzrə icraata xitam verilmişdir.

39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin İddiaçı xx.xx.2016-cı ildə vəfat etmiş anası X3 məxsus Ağsu rayonunun Xatman kəndində yerləşən fərdi yaşayış evinə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtinaya dair notariat ofisinin xüsusi notariusunun hərəkətinin qanunsuz hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsinə dair gəldiyi nəticə, hüquqi əsaslandırma ilə razılaşmır və mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsi xx.xx.2016-cı ildə vəfat etmiş X2na məxsus Ağsu rayonunun Xatman kəndində yerləşən fərdi yaşayış evinə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtinaya dair notariat ofisinin xüsusi notariusunun hərəkətinin qanunsuz hesab edilməsi hissəsində ləğv edilərək, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməlidir.

40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

41. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflərin mərhum anaları X5 01 yanvar 2016-cı ildə Ağsu rayonunun Xatman kəndində vəfat etmişdir. X2 vəfat etdikdən sonra ondan inventar nömrəsi 480 olan texniki pasportu olan Ağsu rayonunun Xatman kəndində yerləşən fərdi yaşayış evi və Ağsu rayon Aqrar İslahat Komissiyasının 14 yanvar 1999-cu il tarixli, 01 saylı qərarı üzrə torpağın mülkiyyətə verilməsinə dair JN 002F, KOD-u 40911058 olan şəhadətnamə əsasında Ağsu rayonunun Xatman kəndində yerləşən 0,40 ha həyətyanı torpaq sahəsi miras qalmışdır.

42. İşin hallarından görünür ki, vərəsələr mübahisə üzrə qarşılıqlı kompromisə gəlməmişlər.

43. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarına əsasən vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur.

44. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.

45. Birinci instansiya məhkəməsi iddianı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtinaya dair notariat ofisinin xüsusi notariusunun hərəkətinin qanunsuz hesab edilməsi hissəsində rədd edərkən öz mövqeyini əsaslandıran hal kimi mirasın qəbul edilməsi haqqında vərəsənin yazılı ərizəsinin ona qanunda müəyyən edilmiş qaydalara müvafiq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə əsas ola bilməsi, bundan başqa, vərəsənin əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamalı olması, vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlamasının faktiki olması və heç bir şübhə yaratmaması, lakin iddiaçının əmlaka sahibliyə və onu idarə etməyə faktiki başlaması barədə hər hansı sübutu məhkəməyə təqdim etməməsi ilə əsaslandırmışdır.

46. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin əsaslandlırılması və buna dair gəldiyi nəticə ilə razılaşmır. Əksinə iddiaçının apellyasiya şikayətinin əsas dəlili olan onun adına verilmiş vəsiyyətnamənin yazılı formada tərtib edilməsi, təsdiq olunması və imzalanması, məhkəmənin qəbul etdiyi qətnamə ilə onun nə vərəsəlik nə də mülkiyyət hüquqlarına təminat verilməməsinə, nəticədə onun AR Konstitusiyasının 13 və 29-cu maddəsində nəzərdə tutulan mülkiyyət hüquqlarının da pozulmasına dair dəlili ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır.

47. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz.

48. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.

49. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.

51. Kollegiya qeyd edir ki, işdə olan Şamaxı Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X6 notariat əməliyyatı aparmaqdan imtinaya dair 04 aprel 2022-ci il tarixli, 2/945 nömrəli qərarından görünür ki, İddiaçı 01 yanvar 2016-cı ildə vəfat etmiş anası X3 məxsus olan daşınmaz əmlaka dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ əsasında ona çatası əmlak payının verilməsi ilə əlaqədar olaraq 09 mart 2022-ci il tarixdə ərizə ilə müraciət etmişdir. İddiaçı 01 yanvar 2016-cı ildə vəfat etmiş anası X3 məxsus olan Ağsu rayonunun Xatman kəndində yerləşən fərdi yaşayış evinə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən, vərəsə əmlakı faktiki qəbul etməməklə miras əmlakın qəbul müddətini buraxdığına görə imtina edilmişdir.

52. Şamaxı Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X8 yuxarıda qeyd olunan qərarı qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1246-cı maddələrinə istinad etmişdir.

53. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsi qüvvədən düşmüş hesab edildiyindən həmin normanın tələbi əsas götürülməklə iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi əsaslı sayıla bilməz.

54. Bundan əlavə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.

55. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi vərəsə İddiaçı mərhumə X5 ölən günə kimi onunla yaşamaqla anasının məhz xx.xx.2016-cı ildə vəfat etməsindən həmin tarixdən məlumatlı olmaqla onun ölümündən sonra mirasdan imtina etməmişdir.

56. Beləliklə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin İddiaçı xx.xx.2016-cı ildə vəfat etmiş anası X3 məxsus Ağsu rayonunun Xatman kəndində yerləşən fərdi yaşayış evinə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtinaya dair Şamaxı Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X6 hərəkətinin qanunsuz hesab edilməsi tələbinə dair iddiasını təmin edilməməkdə haqlı olmamışdır.

57. Məhkəmə kollegiyası yekun olaraq bu nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(016)-486/2022 nömrəli qətnaməsi xx.xx.2016-cı ildə vəfat etmiş X2na məxsus Ağsu rayonunun Xatman kəndində yerləşən fərdi yaşayış evinə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtinaya dair notariat ofisinin xüsusi notariusunun hərəkətinin qanunsuz hesab edilməsinin rədd edilməsi hissəsində ləğv edilərək, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtinaya dair hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası təmin edilməli, İddiaçı xx.xx.2016-cı ildə vəfat etmiş anası X3 məxsus Ağsu rayonunun Xatman kəndində yerləşən fərdi yaşayış evinə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtinaya dair Şamaxı Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X6 hərəkəti qanunsuz hesab edilməlidir.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(016)-486/2022 nömrəli qətnaməsi xx.xx.2016-cı ildə vəfat etmiş X2na məxsus Ağsu rayonunun Xatman kəndində yerləşən fərdi yaşayış evinə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtinaya dair notariat ofisinin xüsusi notariusunun hərəkətinin qanunsuz hesab edilməsinin rədd edilməsi hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtinaya dair hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası təmin edilsin. İddiaçı xx.xx.2016-cı ildə vəfat etmiş anası X3 məxsus Ağsu rayonunun Xatman kəndində yerləşən fərdi yaşayış evinə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtinaya dair Şamaxı Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X6 hərəkəti qanunsuz hesab edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar