Məhkəmə qərarları › İş №2(107)-552/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-552/2023

02.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-552/2023 02.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə (İB) qarşı əsassız hesablanmış cərimənin silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Cərimənin silinməsi, təbii qazdan istifadə) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Lətifova Firuzə vüqar qızının katibliyi ilə İddiaçı iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-470/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək əsassız olaraq üzərinə yazılmış 1,036.80 manat cərimənin silinməsi və yeni quraşdırılmış sayğacın dəyəri olan 91.21 manat pulun cavabdehə aid edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Yevlax rayonu Bünyadabad kəndində yaşayır. Yaşadığı ev işıq, su və qazla təchiz olunmuşdur. Cavabdeh Tərtər X5 İdarəsi tərəfindən 30 sentyabr 2022-ci ildə ******* saylı akt tərtib edilərək qaz sayğacının “hesablama mexanizminin qapağının alt hissəsinin deşilməsi” aşkar olunmuş və dəymiş ziyanın hesablanaraq abonent tərəfindən ödənilməsi tələb olunmuşdur (surəti iddia ərizəsinə əlavə olunur). Bundan sonra Cavabdeh Tərtər X5 İdarəsinin 30 sentyabr 2022ci il tarixli qərarı ilə 8640 kub.metr qazın dəyərinin onun, yəni İddiaçı tərəfindən ödənilməsi qərara alınmışdır (surəti iddia ərizəsinə əlavə olunur). Təbii qaza görə sayğac onların həyətində deyil, həyətdən çöl tərəfdə, təxminən həyətdən bir neçə metr kənarda quraşdırılmışdır və sayğac kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməmişdir. Hesablaşma cihazı olan qaz sayğacı onun cavabdehliyi sərhədindən kənar quraşdırıldığından bu sayğacda olan hər hansı qüsura görə o, cavabdehlik daşımır. Göründüyü kimi cavabdehin əməkdaşları maddi ziyan vuran, təqsirli və hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hərəkət və ya hərəkətsizliyə yol verən şəxsi düzgün müəyyən etməmişlər. Bundan başqa, hazırda cavabdeh tərəfindən yeni qoyulmuş sayğacın dəyəri olan 91,21 manat da tələb edilir. Hesab edir ki, həmin məbləğ ondan tutulmamalıdır. Ona görə də iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı birinci instansiya məhkəməsində məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh İB nümayəndəsinin iclasda iştirakını təmin etməmiş, səbəbi barədə məlumat verməmişdir.

5. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-470/2023 saylı qətnaməsi ilə (T.Əliyev), iddianın təmin edilməsi, İddiaçı adına **********00000 nömrəli abonent saldosuna qaz istehlakına görə cərimə olaraq hesablanmış 1,036 (bir min otuz altı) manat 80 (səksən) qəpik borcun əsassız hesab edilərək silinməsi və yeni quraşdırılmış sayğacın dəyəri 91 (doxsan bir) manat 21 (iyirmi bir) qəpiyin Cavabdehnə aid edilməsi, dövlət rüsumu 30 (otuz) manat 37 (otuz yeddi) qəpiyin Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Tərtər RQİİ-nin əməkdaşları tərəfindən Yevlax rayonu Bünyadabad kəndində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşilməsi, sayğacın qoruyucu qapağına vurulan zavod qurğuşun plombunun kəsilməsi müəyyən olunmuş, bu barədə akt tərtib olunmuş və sayğac müayinəyə göndərilmişdir. Akt əsasında İddiaçı 1,036.80 manat cərimə hesablanmışdır.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin yuxarıda istinad edilən normalarının tələblərinə görə, küçədə yerləşən sayğaca müdaxilənin istehlakçının, hazırkı halda İddiaçı təqsiri üzündən baş verməsi sübut olunmalıdır ki, bunun nəticəsində akt əsasında ona cərimə hesablansın. Lakin, həmin qüsurların məhz İddiaçı müdaxiləsi nəticəsində baş verməsini təsdiq edən hər hansı sübut müəyyən olunmur.

9. Məhkəmə qeyd etmişdir ki, hazırkı halda qaz paylayıcı tərəfindən sayğacın qanunvericiliyin tələblərinə uyğun olaraq üzərində olan plombun kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməsi də təsdiqini tapmır ki, belə olan halda istehlakçı müdaxiləyə görə cavabdehlik daşıya bilməz.

10. Daha sonra məhkəmə qeyd etmişdir ki, mövcud qanunverciliyin tələbləri və təlimatlara əsasən, cavabdehin əməkdaşları tərəfindən mütəmadi olaraq sayğaclara texniki baxış keçirilir, borc mövcud olduqda bu barədə istehlakçılara məlumat verilir, hər hansı müdaxilə olduqda isə müvafiq akt tərtib edilir. Həmin ünvana son baxışın hansı tarixdə keçirilməsini təsdiq edən hər hansı sübut müəyyən olunmur. Belə olan halda istehlakçıya hansı əsasla 90 gün əsas götürülməklə cərimənin hesablanması da əsaslandırılmamışdır.

11. Həmçinin məhkəmə bildirmişdir ki, sayğaca müdaxilənin istehlakçı tərəfindən baş verməsi sübut edilmədiyindən sayğacın dəyərinin ödənilməsi də cavabdehə aid edilməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1ci maddəsi, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 11 maddəsinin 6-cı bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 87 saylı qərarının 5.1-ci bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli “Qazdan istifadə Qaydalarının” təsdiq edilməsi haqqında 80 saylı qərarının 4.2, 4.7, 4.8, 4.9-cu maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.2-ci maddələri, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti vermişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddia tələbini təmin etdiyi hissədə gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir.

15. ARNK-nin xx.xx.2011ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na 2 nömrəli əlavənin 2.3.4- cü bəndinə əsasən paylayıcı təqsirli hərəkətləri (hərəkətsizliyi) habelə bu Müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Lakin birinci instansiya məhkəməsi normanı düzgün tədbiq etməmişdir.

16. Müqavilənin və “Qazdan İstifadə qaydalarının” tələblərinə əməl etmək istehlakçının vəzifəsidir. Göründüyü kimi istehlakçı müqavilənin və “Qazdan İstifadə qaydalarının” tələblərini pozmuşdur.

17. Birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Məhkəmə yalnız ekspert rəyinə əsaslanaraq iddia tələbini qismən təmin etmişdir. Nəzərə alınsa ki ekspert rəyi sırf ehtimallar əsasında tərtib edilmişdir.

18. İş materiallarından da göründüyü kimi iddiaçı cavabdeh tərəf iddia tələbinə dair etirazı ilə bağlı kifayət qədər sübutlar təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosundan göründüyü kimi iddiaçının qaz hesabına hər hansı əlavə hesabat yüklənməmiş, və mübahisələndirilən dövrlə digər illərin müvafiq dövrləri ilə müqayisə etdikdə ay ərzindəki istehlak həcmlərində kəskin dəyişikliyin olmadığını açıq görmək olur.

19. Yevlax rayonu, Bünyadabad kəndində yaşayan İddiaçı mənzilinə gedən qaz xəttinin üzərində quraşdırılmış ******* nömrəli qaz sayğacına baxış keçirilərkən sayğacın düzgün işləmədiyi aşkarlanmışdır. Bu səbəbdən G-4 markalı ******* nömrəli sayğac açılaraq dövlət yoxlamasına göndərilmişdir. Sənaye və məişət qaz sayğaclarını kalibrləmə labaratoriyasının Qaz sayğacının yoxlanılması barədə 29/1710-03686-1 saylı aktına əsasən G-4 markali ******* nömrəli saygacın hesablama mexaniziminin plastmas qapağının alt hissəsi deşici alətlə deşildiyi aşkar olunmuşdur. Bu səbəbdən xx.xx.2022-ci il tarixə abonent İddiaçı 8640 m , yəni, 1036.80 manat itirilmiş qaz hesablanmışdır.Lakin Yevlax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-470/2023 qətnaməsində 1036.80 manat borcun silinməsi qət edilmişdir. Məhkəmə tam araşdırma aparmadan abonent tərəfindən ödəniləsi borcun silinməsini qət etmişdir.

20. İddiaçı qazdan istifadə etmişdir. Yəni abonent məqsədli şəkildə saygacın hesablama mexaniziminin plastmas qapağının alt hissəsi deşici alətlə deşərək sayğacın hərəkət mexanizmini dayandırmışdır. Bu da sayğacdan keçən qazın sərfinin qeyd etməsinə mane olmuşdur.

21. Odur ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-470/2023 saylı qətnaməsinin təmin edilmiş hissədə ləğv edilməsi, İddiaçı iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə qəbul edilərək Cavabdeh xeyrinə borcun və dövlət rüsumunun ödənilməsinə dair apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsaslı hesab etmədiyini bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi.

24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh İB-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, məhkəmə kollegiyasına göndərdiyi müraciətində məhkəmə prosesinin iştirakları olmadan keçirilməsini, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-470/2023 saylı qətnaməsinin təmin edilmiş hissədə ləğv edib, İddiaçı iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, lakin gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.

26. Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanunu: Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya şikayətindən görünür ki, apellyator Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-470/2023 saylı qətnaməsinin təmin edilmiş hissədə ləğv edilməsini xahiş etsə də həmin qətnamə ilə iddia tam təmin edilmişdir. Apellyator apellyasiya şikayətində qətnamənin təmin edilmiş hissədə ləğv edilməsi ilə yanaşı İddiaçı iddia tələbinin tam rədd olunmasını xahiş etmişdir.

30. Göründüyü kimi apellyator Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-470/2023 saylı qətnaməsini tam həcmdə mübahisələndirmişdir.

31. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

34. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Tərtər RQİİ-nin əməkdaşları tərəfindən Yevlax rayonu Bünyadabad kəndində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşilməsi, sayğacın qoruyucu qapağına vurulan zavod qurğuşun plombunun kəsilməsi müəyyən olunmuş, bu barədə akt tərtib olunmuş və sayğac müayinəyə göndərilmişdir. Akt əsasında İddiaçı 1,036.80 manat cərimə hesablanmışdır.

35. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, apellyatorun apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz.

36. Belə ki, apellyatorun apellyasiya şikayətində göstərdiyi İddiaçı mənzilinə gedən qaz xəttinin üzərində quraşdırılmış ******* nömrəli qaz sayğacına baxış keçirilərkən sayğacın düzgün işləməməsinin aşkarlanması, bu səbəbdən G-4 markalı ******* nömrəli sayğacın açılaraq dövlət yoxlamasına göndərilməsi, 29/1710-03686-1 saylı akta əsasən G-4 markali ******* nömrəli saygacın hesablama mexaniziminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsinin aşkar olunması, xx.xx.2022-ci il tarixə abonent İddiaçı 8640 m3 , yəni, 1036.80 manat itirilmiş qaz hesablanması, lakin məhkəmənin tam araşdırma aparmadan abonent tərəfindən ödəniləsi borcun silinməsini qət etməsinə dair dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası hesab edir ki, şikayətin həmin dəlilləri əsassızdır.

37. Belə ki, işdə olan qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 20 iyun 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, İddiaçı ünvanına quraşdırılmış qaz sayğacı onun üzərində hər hansı bir qüsurun aşkar edilməsinə görə deyil, sayğacın növbəti dövlət yoxlamasına göndərilməsi, əvəz edilməsi məqsədi ilə çıxarılmışdır.

38. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə natamam deşilib, sayğacın qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilib” qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir.

39. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış G-4 markalı ******* saylı sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə natamam deşilməsinin, sayğacın qoruyucu qapağına vurulan zavod qurğuşun plombun kəsilməsinin iddiaçı tərəfindən məqsədli olaraq edilməsi barədə cavabdeh tərəfindən məhkəmə kollegiyasına hər hansı mötəbər sübut təqdim edilməmişdir. Cavabdehin etirazı o halda əsaslı sayıla bilərdi ki, cavabdeh sayğacda olan qüsurun iddiaçının hərəkətləri nəticəsində baş verdiyini sübut etsin. Lakin belə hallar müəyyən edilmir.

40. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, “sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə natamam deşilib” özü özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsan hər iki tərəfin təqsirindən yarana bilər. Sözügedən sayğacın iddiaçının mülkiyyətində olan həyətində yox, yolda quraşdırmış olmasının iddiaçının onu güdməsini çətinləşdirməsi hüquq pozuntusunun iddiaçının və onun ailə üzvlərinin tərəfindən törədilməsi ilə bağlı İddiaçı təqsirli olmasını şübhə altına alır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

41. Apellyatorun apellyasiya şikayətində göstərdiyi məhkəmənin yalnız ekspert rəyinə əsaslanaraq iddia tələbini qismən təmin etməsi, ekspert rəyinin sırf ehtimallar əsasında tərtib edilməsinə dair dəlillərini də əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı iş üzrə hər hansı bir ekspertiza təyin edilməmiş, məhkəmə tərəfindən heç bir ekspertiza tədqiqatına istinad edilməmişdir.

42. Apellyasiya şikayətinin abonent saldosundan göründüyü kimi iddiaçının qaz hesabına hər hansı əlavə hesabatın yüklənməməsinə dair dəlili ilə də razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, işdə olan abonentin saldosundan göründüyü kimi akt əsasında hesablanmış 1036,80 manat məbləğ sentyabr 2022-ci ildə iddiaçının qaz hesabına işlənilmişdir.

43. Apellyatorun apellyasiya şikayətində göstərdiyi yeni qətnamə qəbul edilərək Cavabdeh xeyrinə borcun və dövlət rüsumunun ödənilməsinə dair mövqeyinə də münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh İddiaçı qarşı xeyrinə borcun və dövlət rüsumunun ödənilməsinə dair qarşılıqlı iddiası olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxlsərin verdiyi tələblər üzrə qətnamə çıxartmalı olduğundan, mübahisə predmetini təşkil etməyən bir məsələyə məhkəmənin qiymət verməsi mümkünsüzdür.

44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-470/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar