Məhkəmə qərarları › İş №2(107)-558/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-558/2025

20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-558/2025 20.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - X3 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, Cavabdeh - Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair” mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tаrixli, e-2(039)-42/2023 saylı qətnаməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. "xxxx" ASC ilə X4 arasında bağlanmış şığorta müqaviləsinə əsasən “BMW 530” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixindən xx.xx.2021ci il tarixinə qədər “Avtonəqliyyat vasitələrinin tam sığortası” sığorta növü ilə sığortalanmış və bu barədə verilmiş İ-MİC-6854/20 saylı sığorta şəhadətnaməsi ilə tam sığorta təminatı almışdır.

2. İş materiallarında olan sığorta aktından görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri, B.Səfərov küçəsi ilə Azərbaycan prospekti tərəfindən R.Rza küçəsi ilə kəsişməni keçərkən kəsişmədə sağdan gələn Khazar LX markalı, **-PK- *** dövlət qeydiyyat nişanlı avtomobil yol verməmiş və “BMW 530” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur.

3. İş materiallarında olan YPX-in xx.xx.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, bu hadisə ilə əlaqədar Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir.

4. İş materiallarında olan Elektron qaimədən görünür ki, "xxxx" MMC tərəfindən vurulmuş ziyan 7.932,43 manat hesablanmışdır.

5. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, həmin məbləğ "xxxx" ASC tərəfindən ödənilmişdir.

6. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2021-ci il tarixli 4/1645 nömrəli ekspertiza rəyində qeyd olunur ki, nəzəri hesablama yolu ilə "xxxx" şirkətinin xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “BMW 530” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7.217 manat müəyyən edilir.

II. Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh dəymiş ziyana görə 2.932,43 manatın, həmçinin 49.32 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunan **-PK- *** dövlət qeydiyyat nişanlı Khazar LX markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış “BMW 530” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar xx.xx.2020-ci il tarixli TP4040812 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh təqsirli bilinmişdir. Müqavilə üzrə öhdəliyik əsasında sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən “BMW 530” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 7,932.43 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 7.932,43 manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" MMC-nin elektron qaiməsinə əsasən hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyəti “Azərsığorta Dövlət Sığorta” şirkəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalandığından ödənilmiş məbləğdən 5.000 manat məbləğin sığortaçı tərəfindən ödənilmiş, qalıq 2.932,43 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində "xxxx" ASCnin bank hesabına ödənilməsini cavabdehdən xahiş etmişlər lakin, cavabdeh tələb olunan məbləği ödəməkdən yayınmışdır. Odur ki, cavabdehdən sığortalıya ödənilmiş 2,932.43 manat məbləğinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsinini məhkəmədən xahiş edilmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, 11 noyabr 2020-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi Khazar LX markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərində yol nəqliyyat hadisəsi törətmiş və nəticədə “BMW 530” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulmuşdur. Həmin hadisə məhz onun təqsirindən baş vermişdir. Lakin, digər avtomobilə vurulan ziyan həddindən artıq yüksək məbləğdə hesabanmışdır. Avtomobilə dəymiş ziyan “Azərsığorta Dövlət Sığorta” şirkəti tərəfindən ödənilmişdir. Hesab edir ki, həmin sığorta şirkəti tərəfindən ödənilmiş məbləğ vurulmuş ziyanı tam olaraq əhatə edir. Bu səbəbdən iddianın təmin edilməməsini xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsində işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmışdır.

11. Yevlax Rayon Məhkəməsinin (hakim Toğrul Əliyev) 09 fevral 2023-cü il tаrixli, e- 2(039)-42/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 2.217 manat maddi zərər, habelə 42.17 manat ödənilməli olan dövlət rüsumunun və 0,40 manat bank xidmətinin əvəzi, ümumi 2.259 (iki min iki yüz əlli doqquz) manat 57 (əlli yeddi) qəpik iddiaçı "xxxx" ASC xeyrinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin müvafiq hesabına köçürülməsi qət edilmişdir.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdeh tərəfindən vurulmuş maddi ziyanı tam tam olaraq ödənilməsini tələb etməkdə haqlıdır.

13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı "xxxx" MMC-nin təqdim etdiyi qaiməyə istinad edərək vurulmuş maddi zərərin 7.932,43 manat olduğunu göstərmişdir.Halbuki, ekspert rəyinə əsasən vurulmuş zərərin məbləği 7.217 manat qiymətləndirilmişdir.

14. Məhkəmə hesab etmişdir ki, iş üzrə tərəflər iş üzrə alınmış ekspert rəyinin əsassızlığına dair hər hansı sübut təqdim etmədiyindən vurulmuş zərər həmin məbləğdə müəyyən edilməlidir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 936.1, 936.2, 1096, 1097 və 1108.1-ci, “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 25.1, 25.1.1, 25.1.3-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, o, həmin avtoqəza ilə özünü təqsirli bilir. Bu qəza baş vermiş və onun təqsiri ucbatından “BMW 530” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Hesab edir ki, hadisə vaxtı “BMW 530” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər də məhz 5.000 manat həddində, bəlkə də ondan da az həddə olmuşdur ki, həmin məbləğ də ona məxsus olan sığorta şirkəti tərəfindən ödənilmişdir. İddiaçının ilkin iddia tələbində müəyyən etdiyi 7.932,43 manat ziyan tamamilə əsassızdır. Həmçinin məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyinə əsasən müəyyən olunmuş 7.217 manat ziyan da həqiqəti əks etdirmir. Hadisə vaxtı onun avtomobili qarşı tərəfin avtomobilinə cüzi şəkildə toxunmuş və nəticədə həmin avtomobilə də cüzi məbləğdə ziyan dəymişdir. Qət olunmuş məbləğ qəbuledilməzdir. Göstərilənlərə əsasən Yevlax Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tаrixli, e- 2(039)-42/2023 saylı qətnaməsinin ləğv olunaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

19. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.

20. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

23. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

24. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı verilmiş apellyasiya şikayətinə münasibətdə tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

25. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

27. Maddə 21.2. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür.

28. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

29. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

30. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

31. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir.

32. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

33. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

34. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

35. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

36. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu

37. Maddə 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır.

38. Maddə 15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir.

39. Maddə 15.3. Əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir: - zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri; - zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclər; - zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər; - sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlər.

40. Maddə 20.1. Əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz.

41. Maddə 23.1.6. Sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır.

42. Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: - 25.1.1. Sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; - 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

43. Maddə 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

49. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

50. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

51. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

52. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

53. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

54. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tаrixli, e- 2(039)-42/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

56. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

57. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

58. Müəyyən edilmişdir ki, Cavabdeh 11 noyabr 2020-ci il tarixdə idarə etdiyi Khazar LX markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış “BMW 530” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, bunun nəticəsində sonuncu avtomobilə maddi zərər vurulmuşdur. Cavabdeh barədə müvafiq protokol tərtib edilmiş və o, inzibati qaydada məsuliyyətə cəlb edilərək təqsirli hesab edilmişdir. Vurulmuş zərər sığortalanmış avtomobilin sahibinə "xxxx" ASC tərəfindən ödənilmiş, bununla da subroqasiya qaydasında tələb hüququ "xxxx" ASC-yə keçmişdir. Vurulmuş zərərin 5.000 manat hissəsi “Azərsığorta Dövlət Sığorta” şirkəti tərəfindən ödənilmişdir.

59. Subroqasiya hüququ bir növ tələb hüququnun ötürülməsidir. Belə ki, zərər çəkmiş şəxsin ziyan vuran tərəf qarşısında ona dəyən zərər məbləğində tələb hüququ vardır. Sığortaçı zərəçəkmişə dəyən zərərin məbləğini ödədikdən sonra ziyan vuran şəxs qarşısındakı tələb hüququ avtomatik olaraq sığortaçıya keçir.

60. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsində subroqasiya qaydasında hazırkı iddianı qaldırmış, məhkəmə iddianı əsaslı sayaraq qismən təmin etmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.

61. Məhkəmə kollegiyası apellyasiya şikayətində hadisə zamanı dəymiş ziyanın həqiqəti əks etdirməməsi dəlilini əsassız sayaraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş ekspert rəyindən də görünür ki, ...avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017ci il buraxılışlı “BMW 530” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 7.217 manat müəyyən edilmişdir.

62. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iş üzrə tərəflər həmin rəyin əsassızlığına dair hər hansı sübut təqdim etmədiyindən vurulmuş zərər həmin məbləğdə müəyyən edilməlidir.

63. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən edilir ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında alınmış həmin rəydə əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu baxımdan cavabdehin vurulmuş ziyanın ekspert rəyində göstərilənlə müqayisədə daha aşağı məbləğdə olduğu barədə bəyanı əsassızdır.

64. “X1rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

66. Məhkəmə kollegiyası apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur. 67 Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.

68. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

69. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

70. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

71. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tаrixli, e- 2(039)-42/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

72. Qətnamənin mübahisələndirilən hissəsi beş min manatdan az təşkil etdiyindən hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır (bax 55-ci bənd). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tаrixli, e-2(039)-42/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar