Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-561/2022 07.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: borc tələbi, borcun tutulması, təbii qazdan istifadə hüququ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, Ağdaş Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(014)-2349/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı X1 şəhəri, M.Rəsulzadə küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. Cavabdeh orqanın X17 Sahəsi ilə aralarında bağlanmış təbii qazla təmin edilməsi, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında müqaviləyə əsasən istehlakçı kimi cavabdeh orqan tərəfindən təbii qazla təmin edilmiş, yaşadığı ünvanda təbii qazdan istifadə edir və yaşadığı həyətdən çöldə, yəni küçədə quraşdırılmış sayğaca əsasən sərf etdiyi təbii qaza görə bildirişdə göstərilən ödənişlərini heç bir zaman gecikdirməmişdir. Cavabdeh İB-nin əməkdaşları yaşayış evi üçün küçədə quraşdırılmış qaz sayğacına baxış keçirmişlər. Baxış zamani guya sayğacdan kənar qanunsuz birləşmə aşkarlamışlar. Bundan sonra təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmiş və 1735 manat 20 qəpik borc toplanmışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı akt, həmçinin onun abonent koduna hesablanmış 1735 manat 20 qəpik borc qanunsuzdur. Cavabdeh orqan Cavabdeh İB-nin əməkdaşları onlara verilmiş hüquqlardan sui-istifadə edərək qeyd etdiyi qanunsuz hərəkətləri ilə bəzi qanunvericilik aktlarının tələblərini, eləcə də istehlakçı kimi onun qanunla qorunan hüquqlarını kobudcasına pozmuşlar ki, bu da yolverilməzdir. Cavabdeh orqanın istehlakçı kimi ona qarşı qanunsuz hərəkətləri ilə əlaqədar aralarında yaranmış mübahisənin məhkəmədən kənar həlli mümkün olmadığından, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və həmin mübahisə məhkəmə qaydasında həll edilməlidir. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(014)-2349/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh İB-nin X13 İstismar İdarəsi tərəfindən 22.04.2019- cu il tarixli, ******* saylı akta əsasən İddiaçı **********01910 saylı abonent koduna yazılmış 1735,20 (min yeddi yüz otuz beş manat iyirmi qəpik) manat borcun silinməsi, iş üzrə 37,35 (otuz yeddi manat otuz beş qəpik) manat dövlət rüsumunun cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 22.04.2019-cu il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətinə əsasən Cavabdeh İB-nin nümayəndələri tərəfindən istehlakçı Ramis Yusibovun mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar rezin boru vasitəsi ilə qazdan istifadə olunmuşdur. Qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 31 oktyabr 2019cu il tarixli, ******* saylı aktdan görünür ki, Elster tipli, G-4 markalı, 10017959 nömrəli köhnə sayğac çıxarılaraq yerinə yeni Zenner tipli, G-4 markalı, **********1 saylı sayğac quraşdırılmışdır. 14.09.2021-ci il tarixli, **********01910 saylı abonent saldosundan məlum olur ki, həmin hesaba 1735,20 manat borc hesablanmışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, İddiaçı yaşayış sahəsinə qoyulmuş qaz sayğacı küçədə quraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Belə ki, qaz sayğacı fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməlidir və sayğaclar qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilməli, Cavabdeh İB-nin X13 İstismar İdarəsi tərəfindən 22.04.2019-cu il tarixli, ******* saylı akta əsasən İddiaçı **********01910 saylı abonent koduna yazılmış 1735,20 (min yeddi yüz otuz beş manat iyirmi qəpik) manat borc silinməli, iş üzrə 37,35 (otuz yeddi manat otuz beş qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.5, 4.7, 4.8-ci bəndləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci və 213.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, hazırki İddiaçı yaşadığı mənzilin **********01910 saylı qaz hesabı onun anası X6 adınadır və tərəflər arasında münasibətlər yalnız X9 ilə sonuncu dəfə 19.04.2019-cu ildə bağlanılmış AMX-718/19 saylı müqavilə ilə tənzimlənir. Hazırki İddiaçı ilə hər hansı müqavilə münasibətləri mövcud deyildir. Cavabdeh İBnin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı X6 ünvanında 22.04.2019-cu il tarixdə qeydə alınmış sayğacdan kənar xətt vasitəsi ilə istehlakçı faktiki istifadə etdiyi təbii qazın uçotunun aparılmasına maneələr yaradır və nəticədə bu yolla qazdan istifadənin əsl dəyərinin gizlətməkdədir. Faktla bağlı qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 22.04.2019-cu il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin 30.04.2019-cu il tarixli qərarı ilə 17352 m (və ya 1735.20 manat) həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Eyni zamanda cavabdehə məxsus mənzildə təbii qazdan qeyri qanuni qazdan istifadə halı ilə bağlı foto çəkiliş aparılmışdır. Bundan sonra Cavabdeh X7 qarşı təbii qazdan qeyri qanuni istifadəyə görə yaranmış borcun ödənilməsinə dair iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin 16.10.2019-cu il tarixli 2(014)-1388/2019 saylı qətnaməsi ilə cavabdeh X3 1953,40 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, 0,40 manat xidmət haqqı, cəmi 1983,80 manat (bir min doqquz yüz səksən üç manat səksən qəpik) tutularaq Cavabdeh İB-in xeyrinə ödənilməsi qərara alınmışdır. Qət edilmiş 1953.40 manat borcun 218.20 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və 1735.20 manat hissəsi isə hazırda mübahisələndirilən təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. Qətnamədən şikayət verilmədiyindən qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Daha sonra X9 həmin borcdan süni şəkildə yayınmaq məqsədilə Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək təbii qazdan qeyri qanuni istifadəyə görə yaranmış 1735.20 manat borcun silinməsini xahiş etmişdir. 2(014)-2349/2021 saylı mülki iş məhkəmə icraatında olarkən 25.11.2021-ci il tarixdə nəzərdə tutulan hazırlıq iclasınadək 04.11.2021-ci il tarixdə münasibət bildirilməsi üçün hazırki işə əvvəlki tarixdə baxılması ilə bağlı 16.10.2019-cu il tarixli 2(014)- 1388/2019 saylı qətnaməsi elektron kabinetə əlavə edilmişdir. Məhkəmənin 2(014)-1388/2019 saylı qətnaməsi kabinetə daxil edildikdən sonra eyni tərəflər arasında eyni predmet üzrə artıq mülki işə yenidən baxılması mümkün olmadığından X9 onun oğlu İddiaçı Ramiz oğlu ilə iddiaçı kimi əvəz edilmişdir. Lakin onların əsil iddiaçı ilə əvəzləşdirilməsi ilə bağlı müraciətə münasibət bildirilməsi üçün cavabdehə təqdim edilməmişdir. Sonda isə İddiaçı Ramiz oğlunun xeyrinə mübahisəli 15.12.2021-ci il tarixli 2(014)-2349/2021 saylı qətnamə çıxarılmışdır. Göründüyü kimi hazırki mübahisəyə əvvəlki tarixdə baxıldığından və çıxarılmış məhkəmə qətnamə qanuni qüvvəsini aldığından, lakin buna baxmayaraq birinci instansiya məhkəməsi Ağdaş Rayon Məhkəməsinin 16.10.2019-cu il tarixli 2(014)-1388/2019 saylı qətnaməsini nəzərə almadan hazırki 2(014)-2349/2021 saylı mülki iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. İddiaçı tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qeyd edilənləri nəzərə alaraq Ağdaş Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli 2(014)-2349/2021 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdehnə qarşı iddia tələbinin rədd edilməsi, həmçinin apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh hesabına ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz edərək, bildirmişdir ki, Cavabdeh qətnamədən narazı olub apellyasiya şikayəti verib qətnamənin qeyri obyektiv olmasını bildirib dəyişdirilməsini tələb ediblər. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 07.04.2022-ci il tarixində baxılması barədə qərar qəbul etmiş və o, bu barədə məhkəmə bildirişi almışdır. 15.12.2021-ci il tarixli 2(014)-2349/2021 saylı mülki işlə bağlı verilmiş apellyasiya şikayətinə etirazını bildirir. Belə ki, onun tərəfindən Cavabdehnə qarşı qanun pozuntusu olmayıb. Yəni o və ailə üzvüləri sayğaca müdaxilə etmək qaydasını bilmirlər. Bunu heç vaxt etməzlər və etməyiblər. "Azəriqaz” İstehsalat birliyi vətəndaşları şərləmək üsulu ilə məşğul olub öz büdcələrini onun kimi kasıbların hesabına doldurmaq niyyətindədirlər. O və ya ailə üzvüləri Cavabdeh günahından uzun müddət qazdan istifadə edib öz işlərini görə bilməyib, çətinliklərlə üzləşmişlər. Rayon ərazisində və ətraf qonşular “Azəriqaz" İstehsalat birliyinin qeyri-qanuni yolla gördüyü işlərdən bezib onlarla məhkəmə qaydasında mübahisələr aparıb hüququnu qoruyurlar. Bu gün təbii qazın mütəmadi olaraq tez-tez kəsilməsinin və qaz əvəzinə hava vurulmasının canlı şahididilər. Əsassız olaraq o istehlakçıdan pul tələb etmək qanunun tələbinə zidd əməldir. O, rayon məhkəmə iclas zalına çağırılmış və hakim qarşısında öz şifahi izahatını qanuna uyğun olaraq vermişdir. Hakimin qətnamədə cavabdehə qarşı yazdığı cümlələr əsaslıdır və heç bir şübhə doğrulda bilməz. Məhkəmənin hakimi qanuna əsasən qətnamə qəbul edib. “Azəriqaz'' İstehsalat birliyi rayon məhkəməsinə və məhkəmənin hakiminə hörmətsizlik edib qəsdən məhkəmə iclas zalında iştirak belə etməyib. Adı çəkilən birliyin apellyasiya qaydasında şikayət verməyə qanun qarşısında hüququ var. Amma mənəvi cəhətdən hüququ yoxdur. Belə ki, o, doğru və dürüst ola-ola ondan pul məbləğini tələb etməklə öz büdcələrini tarazlaşdırmağa və vətəndaşın hüququnu pozmağa çalışan birliyin vəzifəsi insanları talamaqdır. Cavabdehin şikayətində qeyd edilən iddialar əsaslı deyil və iftira xüsusiyyəti daşıyır. Cavabdehin şikayətinə əsaslı olaraq etirazını bildirir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştiirak edən Cavabdeh nümayəndəsi X2 Rayon Məhkəməsinin 2(014)-2349/2021 saylı, 15 dekabr 2021-ci il tаrixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qətnamənin dəyişdirilmədən qüvvədə qalması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanunu: Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə görə Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Ağdaş Rayon Məhkəməsinin 2(014)-2349/2021 saylı, 15 dekabr 2021-ci il tаrixli qətnaməsinin tamamilə ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edirlər. Tələb qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 2(014)-2349/2021 saylı,15 dekabr 2021-ci il tаrixli qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, 22.04.2019-cu il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətinə əsasən Cavabdeh İB-nin nümayəndələri tərəfindən istehlakçı Ramis Yusibovun mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar rezin boru vasitəsi ilə qazdan istifadə olunmuşdur. Qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 31 oktyabr 2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, Elster tipli, G-4 markalı, 10017959 nömrəli köhnə sayğac çıxarılaraq yerinə yeni Zenner tipli, G-4 markalı, **********1 saylı sayğac quraşdırılmışdır. 14.09.2021-ci il tarixli, **********01910 saylı abonent saldosundan məlum olur ki, həmin hesaba 1735,20 manat borc hesablanmışdır. İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Cavabdeh tərəfindən Ağdaş Rayon Məhkəməsinin 2(014)-2349/2021 saylı,15 dekabr 2021-ci il tаrixli qətnaməsindən apellyasiya şikayəti verilmiş, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq tam təmin etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 2(014)-2349/2021 saylı,15 dekabr 2021-ci il tаrixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslıdır. Belə ki, iş materiallaında olan qanuni qüvvəsini almış Ağdaş Rayon Məhkəməsinin 2(014)- 1388/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh İB X8 qarşı təbii qazdan istifadəyə görə **********01910 saylı qaz hesabında yaranmış borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi təmin edilərək, X3 1983,80 manat borcun tutularaq Cavabdeh İB-in xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda isə İddiaçı **********01910 saylı abonent kodu üzrə hesablanmış 1735,20 manat borcun ləğv edilməsini xahiş etmişdir. Belə olduğu halda məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəsini almış qətnamə ilə tutulmuş borcun silinməsi üzrə gəlinmiş nəticə əsassızdır. MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Daha sonra məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2014-cü il tarixli Qərarına istinad etmişdir. Bundan başqa məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qərarına istinad etməklə preyudisiya institutunun hazırki işə tətbiq edilməsini məqsədəuyğun saymışdır. Digər tərəfdən kollegiya qeyd edir ki, hazırki halda iddianın təmin edilməsi, qüvvədə olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-1388/2019 saylı qətnaməsini əhəmiyyətsiz edərdi ki, bu da yolverilməzdir. Belə ki, həmin qətnamə ilə müəyyən edilib ki, mübahisə predmeti olan borc məbləği X4 alınaraq Azəriqaz İB-yə verilmişdir. Ona görə də kollegiya hesab edir ki, hazırki iddia ərizəsinin təmin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq tam təmin etmişdir. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(014)-2349/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 2(014)-2349/2021 saylı, 15 dekabr 2021-ci il tаrixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-561/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-561/2022
07.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver