Məhkəmə qərarları › İş №2(107)-581/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-581/2020

20.02.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-581/2020 20.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(039)-2174/2019 saylı qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış 537.86 manat borcun silinməsi və yeni qaz sayğacının dəyərinin cavabdehə aid edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız yazılmış 537.86 manat borcun silinməsi və yeni quraşdırılmış qaz sayğacının dəyərinin cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(039)-2174/2019 saylıqətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı əsassız hesablanmış 486 manat borcun silinməsi, yeni quraşdırılmış qaz sayğacının dəyərinin cavabdehə aid edilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən iş üzrə Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, Cavabdeh Tərtər RQİİ-nin Yevlax Xidmət sahəsinin əməkdaşları Yevlax rayonu, Aran qəsəbəsində yaşayan İddiaçı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirən zaman sayğacın növbədənkənar dövlət yoxlamasından keçirilməsi üçün açaraq götürmüşlər və bununla bağlı akt tərtib etmişlər. Mənzildən açılmış qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, ARDNŞ-nin İTRİ tərəfindən tərtib edilmiş akta əsasən sayğacın hesablama mexanizminin qapağına vurulan plomb əzilməsi aşkar edilmişdir. Həmin akta əsasən iddiaçının mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair «təbii qazdan istifadə qaydalarının pozulması» haqqında akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədilə Cavabdeh Tərtər RQİİ-nə göndərilmişdir. Tərtər RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İddiaçı Yevlax XS-nin abonent bazasındakı **********00000 nömrəli abonent koduna 4860 kubmetr – 486 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. İddiaçı mənzilindən açılan qaz sayğacı akta əsasən növbədənkənar dövlət yoxlamasına göndərilən zaman sayğacın əvəzinə abonentin sərbəst təbii qazdan istifadə etməsi üçün Cavabdeh İB-nin Tərtər RQİİ-nin hesabına eyni markalı yeni qaz sayğacı quraşdırılmışdır. İddiaçının abonent koduna hesablanaraq vurulmuş 486 manat məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Ona görə də apelyasiya şikayəti təmin edilməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İddiaçı məhkəmə kollegiyasına teleqram ünvanlayaraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(039)-2174/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı yaşayış sahəsinə qoyulmuş qaz sayğacı həyət divarından çöl tərəfdə quraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Belə ki, qaz sayğacı fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməlidir və sayğaclar qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Həmçinin müəyyən edilmişdir ki, X2 xx xxxxxxx 2014-cü il tarixdə vəfat etmişdir. Yevlax rayonu, Aran qəsəbəsində yaşamış qaz abonenti kimi **********00000 saylı kodu altında qeydiyyatda olan iddiaçının həyat yoldaşı İmran Davıdovun vəfatından sonra həmin ünvanda, İmran Davıdovun hüquqi varisi kimi iddiaçı yaşadığından, cavabdeh tərəfindən qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akta əsasən iddiaçının yaşadığı ünvanın abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə yazılmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. Bundan başqa iddiaçıya 486 manat cərimə hesablanmışdır. Qalan borc isə iddiaçının sərf etdiyi təbii qaza görə borcudur. Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin edilə bilməz. Məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti formal mülahizələr əsasında hazırlandığından əsassızdır və birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(039)-2174/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(039)-2174/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verə bilməz. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar