Məhkəmə qərarları › İş №2(107)-584/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-584/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-584/2024 30.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC–nin Cavabdeh qarşı ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: Subroqasiya qaydasında pul tələbi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, e-2(046)-191/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. İddiaçı "xxxx" ASC-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5000 manat məbləğində ziyanın, ödənilmiş 70 manat dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqının iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli PPA********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmışdır. Cavabdeh 08 yanvar 2022-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi "Ford Tranzit" markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol-nəqliyyat hafisəsi törıtmiş və nəticədə xx.xx.1957-ci il təvəllüdlü X2 vəfat etmişdir. Göyçay Rayon Məhkəməsinin 1(046)-40/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən məlum olmuşdur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmışdır. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli sığorta aktına əsasən 5000 manat məbləğində sığorta ödənişi vəfat etmiş şəxsin vərəsəsi X5 hesabına köçürülmüşdür. Bununla da sığortaçının (sığorta şirkəti) ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmə hüququ yaranır.

Birinci instansiya məhkəməsində icraat:

3. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

5. Göyçay Rayon Məhkəməsinin (hakim G.Qurbanova) 24 yanvar 2024-cü il tarixli e-2(046)-191/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 5000 (beş min) manat məbləğində pulun alınaraq iddiaçı "xxxx" ASC-nə verilməsi, Cavabdeh iddia ərizəsinin verilməsi üçün ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx) manat xidmət haqqının alınaraq iddiaçı "xxxx" ASC-nə verilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəsini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh avtomobili idarə edərkən törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X2 vəfat etdiyindən və cavabdeh hadisə yerindən yayındığından, vəfat etmiş şəxsin vərəsəsi X7 "xxxx" ASC tərəfindən ödənilmiş 5000 manat məbləğində sığorta ödənişinin subroqasiya qaydasında ödəmək vəzifəsi mülki hüquq pozuntusu törətmiş zərərvuran Cavabdeh üzərinə qoyulmalı, bununla da iddia təmin edilməlidir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 883.1, 916.1, 922.1, 926, 936.2, 1096.1, 1096.2, 1097.1, 1108.1-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən narazı qalan Cavabdeh apellyаsiyа şikаyəti vermişdir.

9. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsi qanunsuz, əsassız və ədalətsizdir. Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni sayıla bilməz.

10. Belə ki, məhkəmə qətnamədə “cavabdehin hadisə yerindən yayındığını” qeyd edərkən Göyçay Rayon Məhkəməsinin 1(046)- 40/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsaslanmışdır. Halbuki, Şəki Apellyasiya Məhkəməsinin 1(107)-442/2022nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə Göyçay Rayon Məhkəməsinin 16 avqust 2022ci il tarixli, 1(046)-40/2022 nömrəli hökmü təqsirləndirilən şəxs Cavabdeh CM-in 264-cü maddəsi ilə ittiham edilərək cəzalandırılması, onun barəsində CM-in 66.2, 66.4 və 68.1.1-1-ci maddələrinin tətbiq edilməsinə dair hissədə ləğv edilməsi, Cavabdeh CM-in 264-cü mаddəsi ilə irəli sürülmüş ittihаm üzrə onun təqsirliyi sübutа yetirilmədiyindən CPM-in 42.1.4-cü mаddəsinə əsаsən ona həmin maddə üzrə bəraət verilməsi və Cavabdeh оğlu CM-in 264-cü mаddəsi ilə оnа qаrşı irəli sürülmüş ittihаm üzrə Аzərbаycаn Respublikаsı аdındаn təqsirsiz elаn edilməsi hökm edilmişdir.

11. Ali Məhkəmənin 1(102)-1187/2023- nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 1(107)-442/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilmədən qüvvədə saxlanılmışdır. X10 həmin qərarlardan məlumatlı olsada, həmin qərarları işə əlavə etməmiş, bilə-bilə qanunsuz qətnamə qəbul etmişdir.

12. Göründüyü kimi cavabdehin hadisə yerindən yayındığı barədə iş materiallarında heç bir sübut yoxdur, əksinə Şəki Apellyasiya Məhkəməsinin 1(107)- 442/2022-nömrəli, xx.xx.2022-ci il tarixli hökmü və Ali Məhkəmənin 1(102)-1187/2023nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə sübut olunur ki, Cavabdeh CM-in 264-cü mаddəsi ilə irəli sürülmüş ittihаm üzrə onun təqsirliyi sübutа yetirilməmişdir. Belə olan halda «İcbari Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tətbiq olunması qanuni sayıla bilməz.

13. Bu səbəbdən hesab edir ki, məhkəmə Mülki Məcəllənin 21.1-ci, 21.2-ci, 883.1ci, 922.1-ci, 926-cı, 916.1-ci, 936.2-ci, 1096.1-ci, 1096.2-ci, 1097.1-ci, 1108.1-ci maddələrinin və «İcbari Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 63.1ci maddəsinin tətbiqində səhvə yol vermiş, bununla da birinci instansiya məhkəməsi tərəfindən (Mülki Məcəllənin 21.1-ci, 21.2-ci, 883.1-ci, 922.1-ci, 926-cı, 916.1-ci, 936.2ci, 1096.1-ci, 1096.2- ci, 1097.1-ci, 1108.1-ci maddələrinin və «İcbari Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin) maddi hüquq normasının tətbiqində səhvə yol verilmiş və bununla da cavabdehin hüququnun pozulması ilə nəticələnən qanunsuz qətnamə qəbul edilmişdir.

14. Göründüyü kimi hazırki işdə məhkəmə qətnaməni əsaslandırmamış, qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənmiş, bununla da MPM-nin 217-ci maddəsinin tələblərini pozmuşdur.

15. Ona görə də, Göyçay rayon Məhkəməsinin 2(046)-191/2024-nömrəli, 24 yanvar 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı "xxxx" ASC-nin “Cavabdeh 5000 manat məbləğində ziyanın, ödənilmiş 70 manat dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqının iddiaçının xeyrinə tutulması” barədə iddiasının təmin edilməməsi, bilə-bilə qanunsuz qətnamə qəbul edən X10 haqqında xüsusi qərardad qəbul edilərək Məhkəmə Hüquq Şurasına göndərilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və Cavabdeh səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı aydın olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.2-ci maddəsinə əsasən delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

19. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun; 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə; 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda.

63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

21. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Cavabdeh Göyçay Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, e- 2(046)-191/2024-nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, e-2(046)-191/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

26. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, X4 məxsus Cavabdeh tərəfindən idarə olunan ** DO *** dövlət qeydiyyat nişanlı, Ford Tranzit markalı avtonəqliyyat vasitəsi 25 avqust 2021-ci il tarixdə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmışdır. Cavabdeh 08 yanvar 2022-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi "Ford Tranzit" markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə xx.xx.1957-ci il təvəllüdlü X2 vəfat etmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli sığorta aktına əsasən 5000 manat məbləğində sığorta ödənişi vəfat etmiş şəxsin vərəsəsi X5 hesabına köçürülmüşdür. Cavabdeh Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(046)-40/2022 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası, 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə təqsirli bilinib 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, CM-nin 66.2, 66.4, 68.1.1-1-ci maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla, tam toplamaq yolu ilə qəti olaraq 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsə də Şəki Apellyasiya Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 1(107)-442/2022 nömrəli hökmünə əsasən Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(046)-40/2022 nömrəli hökmü təqsirləndirilən şəxs Cavabdeh CM-nin 264-cü maddəsi ilə ittiham edilərək cəzalandırılması, onun barəsində CM-nin 66.2, 66.4, 68.1.1-1-ci maddələrinin tətbiq edilməsi hissəsində ləğv edilmiş, Cavabdeh CM-nin 264cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilmədiyindən CPMnin 42.1.4-cü maddəsinə əsasən ona həmin maddə üzrə bəraət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 1(102)-1187/2023 nömrəli qərarına əsasən Şəki Apellyasiya Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İddiaçı "xxxx" ASC isə vəfat etmiş şəxsin vərəsəsi X5 hesabına köçürülmüş 5000 manat məbləğində sığorta ödənişini subroqasiya qaydasında Cavabdeh tələb etmişdir.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair iddiası üzrə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının cavabdehdən 5000 manat məbləğində vəsaitin subroqasiya hüququ əsasında geri qaytarılmasını tələb etməsi üçün əsasın olmamasına diqqət yetirmədən iddianı təmin etmişdir.

28. Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparır.

29. Apellyasiya şikayətinin cavabdehin hadisə yerindən yayındığı barədə iş materiallarında heç bir sübutun olmamasına dair əsas dəlili ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarındakı cavabdehdən subroqasiya qaydasında pul vəsaitinin tələb edilməsi üçün birinci instansiya məhkəməsinin istinad etdiyi yeganə sübut Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(046)-40/2022 nömrəli hökmüdür.

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə, MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi iddianı təmin edərkən Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(046)-40/2022 nömrəli hökmünə istinad etsə də həmin hökmün qanuni qüvvəsini alıb-almamasını dəqiqləşdirməmişdir.

31. Belə ki, Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

32. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə məhkum edilməsinə dair hissədə isə Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(046)-40/2022 nömrəli hökmü ləğv edilməklə qanuni qüvvəsində deyildir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh 08 yanvar 2022-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi "Ford Tranzit" markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən yayınmasını təsdiq edə biləcək hər hansı bir mötəbər sübut təqdim olunmamışdır.

34. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

36. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

37. Hazırkı iş üzrə isə birinci instansiyası məhkəməsi qeyd olunan normaları nəzərə almayaraq bütün faktların hərtərəfli tədqiqini aparmadan, təqdim edilən sübutlara düzgün hüquqi qiymət vermədən cavabdehin iddiaçıya subroqasiya qaydasında 5000 manat pul vəsaitini ödəməli olması qənaətinə gəlmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 2008-ci il 13 iyun və M.Şahverdiyevanın şikayəti üzrə 2013-cü il 23 iyul tarixli Qərarları).

39. Məhkəmə kollegiyası iddia tələbinin əsassızlığına dair apellyasiya şikayətinin dəlilləri ilə razılaşsa da, kollegiya hesab edir ki, apellyasiya şikayəti qətnamə qəbul edən X10 haqqında xüsusi qərardad qəbul edilərək Məhkəmə Hüquq Şurasına göndərilməsinə dair hissədə əsassızdır.

40. Belə ki, xüsusi qərardadın çıxarılması Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 394.1-ci maddəsinə əsasən işə apellyasiya qaydasında baxan məhkəmənin səlahiyyətində olan bir məsələ olmaqla məhkəmə kollegiyası tərəfindən xüsusi qərardadın çıxarılması üçün əsaslar müəyyən edilməmişdir.

41. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmamış, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol vermişdir.

42. Odur ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Göyçay Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, e-2(046)-191/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair iddiası təmin edilməməlidir.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, e-2(046)-191/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar