Məhkəmə qərarları › İş №2(107)-590/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-590/2024

07.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-590/2024 07.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X4 ibarət tərkibdə X6 qızının katibliyi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra- cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 533786 nömrəli, xx.xx.2023-cü il tarixli aktla müəyyən olunur ki, iddiaçının Ağdaş şəhəri, Y.Nəbiyev küçəsində yerləşən evinə quraşdırılmış sayğac smart sayğacla əvəz olunmuş, çıxarılan sayğac laboratoriyada yoxlanılması üçün mühəndis Mirsəməd Quliyevə təhvil verilmişdir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 034291 nömrəli, 24 oktyabr 2023-cü il tarixli aktdan görünür ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən istehlakçı İddiaçı mənzilinə verilən elektrik enerjisinin sayğacına baxış keçirilən zaman müəyyən edilmişdir ki, elektrik sayğacının ekran tablosu oxunmur. “Aktiv” göstəricini qeyd etmək mümkün deyil. Həmçinin sayğacın cərəyan və gərginlik parametrlərini də görmək olmur. Xətdən axan cərəyan ölçülmüş, elektrik sayğacının yaddaşı xüsusi kompüter vasitəsi ilə oxunmuş və kompüter məlumat bazasına daxil edilməmiş enerji sərfiyyatı sayğac üzərində aşkar edilmişdir. Abunə kodu **********03947 olan Abunə haqqında sənəddən görünür ki, cavabdehin Ağdaş şəhərində yerləşən evində istifadə olunmuş elektrik enerjisinə görə 1126,40 manat borcu vardır. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASCnin əməkdaşları tərəfindən qanunsuz və əsassız hesablanaraq abonent koduna vurulmuş 1126,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ilin iyul ayında "Azərişıq” ASCnin əməkdaşları tərəfindən onun yaşadığı ünvanın sayğacına baxış keçirilmişdir. Bundan sonra 034291 nömrəli, 24 oktyabr 2023-cü il tarixli akt tərtib edilərək aktda göstərilmişdir ki, sayğacın ekran tablosu oxunmur, aktın göstəricisini qeyd etmək mümkün deyil. Aktda qeyd edilənlər hamısı yalandır. Belə ki, o, göstərilən ünvanda illərdir yaşayır. Cərimə yazılan ünvanda sayğacın yerləşdiyi yer həyətinin çölündədir. O, hər ay istifadə etdiyi işığın dəyərini poçt və ya bank vasitəsilə ödəyir və heç vaxt sayğaca müdaxilə etməmişdir. Sayğacın ekranı 10-15 gün ərzində elə olub. Göstərdiyi faktları "xxxx" əməkdaşlarına desə də, narahat olmamağını və ona aid bir şey olmadığını bildirmişlər. Lakin bir neçə müddət keçəndən sonra sayğaca cərimə yazıb abonent koduna vurmuşlar və labaratoriyanın qərarına əsasən guya onun sayğaca müdaxilə etdiyi yazılmışdır. Ağlabatan deyildir ki, yaşlı və xəstə insan sayğacın daxili mexanizminə hər hansı texniki səbəbdən müdaxilə etsin. Onun 71 yaşı var, yaşlı və xəstə adamdır. Yaşadığı evin qapısının çölünə qurlaşdırılan sayğaca o, cavabdehlik daşımır. Belə ki, hər ay nəzarətçinin tərtib etdiyi məbləğə uyğun enerji haqqını ödəmişdir və müvafiq olaraq qeydiyyat aparmışdır. Tərəfindən elektrik sayğacına heç bir müdaxilə edilməmişdir. "xxxx" tərəfindən yazılanlar tam qanunsuzdur. Tərtib edilmiş aktda onun ad soyadı düz yazılsa da, atasının adı düzgün yazılmamışdır. Cavabdeh orqan əsassız cərimə yazdığı kimi protokolu da düzgün tərtib etməmiş və pozuntulara yol vermişdir. Ağdaş Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(014)- 1820/2023 nömrəli iş üzrə qəbul etdiyi 28 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, "xxxx" ASC tərəfindən İddiaçı **********03947 saylı abonent hesabına 034291 nömrəli, 24 oktyabr 2023-cü il tarixli akt əsasında hesablanmış 1126,40 (min yüz iyirmi altı manat, qırx qəpik) manat borcun silinməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, işin materiallarından müəyyən olunur ki, iddiaçının Ağdaş rayonu, Ləki qəsəbəsi ünvanında elektrik sayğacı xx.xx.2017-ci il tarixdə quraşdırılmış (yenisi ilə əvəz edilmişdir), elektrik enerjisinə görə borc sayğacsız – akta əsasən hesablanmışdır. Halbuki, “X1ydaları”nın 8.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Ona görə də iddiaçıdan sayğacsız – akt əsasında hesablanmış borc məbləğlərinin tələb edilməsi əsassız hesab edilməlidir. Bundan başqa, İddiaçı yaşayış sahəsinə qoyulmuş elektrik sayğacı küçədə quraşdırılmışdır. Belə olan halda isə qoyulmuş elektrik sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Belə ki, elektrik sayğacı fiziki şəxs olan istehlakçıya münasibətdə elektrik paylayıcısının hesabına həyata keçirilməlidir və sayğaclar elektrik paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Cavabdeh "xxxx" ASC elektrik enerjisinə görə akt əsasında orta sərfiyyatla hesablanmasının səbəbləri, sərf olunmuş elektrik enerjisinin məhz iddiaçı tərəfindən istehlak olunması və enerji haqlarının məhz iddiaçı tərəfindən ödənilməli olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin aktda qeyd edilmişdir ki, “elektrik sayğacının ekran tablosu oxunmur. “Aktiv” göstəricisini qeyd etmək mümkün deyil. Həmçinin sayğacın cərəyan və gərginlik parametrlərini də görmək olmur. Tərəflərindən xətdən axan cərəyan ölçüldü. Elektrik sayğacının yaddaşı xüsusi kompüter vasitəsi ilə oxunmuş və kompüter məlumat bazasına daxil edilməmiş enerji sərfiyyatı sayğac üzərində aşkar edilmişdir”. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, aktda kompüter məlumat bazasına daxil edilməmiş enerji sərfiyyatının sayğacın üzərində aşkar edilməsi göstərilsə də, abunə haqqında arayışdan görünür ki, həmin məbləğ ona istehlaka görə hesablanmamış, cərimə (elektrikdən istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş 034291 nömrəli, 24 oktyabr 2023-cü il tarixli akt) kimi yazılmışdır. Buna görə də "xxxx" ASC tərəfindən abonentə 1126,40 manat borc hesablanmasına baxmayaraq, borc əsassız olduğundan silinməlidir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1ydaları”nın 7.1, 7.2, 7.6, 8.2, 8.4, 8.17-1, 8.17-2-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin əməkdaşları R.Huseynov, A.Əlizadə və Ağdaş EŞ-nin aparıcı mühəndisi A.Mehdiyev tərəfindən Ağdaş rayonunda yaşayan elektrik enerjisi istehlakçıları (məişət abonentləri) tərəfindən X1ydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən İddiaçı da yaşadığı Ağdaş şəhəri, Yusif Nəbiyev küçəsi ev 10 ünvanında yerləşən yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış keçirilən zaman yaşayış evini elektrik enerjisi ilə təchiz edən Viko tipli, zavod nömrəsi ******* olan elektrik hesablama sayğacının ekran tablosunun oxunmadığı bu səbəbdən “aktiv” göstəricisini qeyd etməyin mümkün olmadığı, həmçinin sayğacın cərəyan və gərginlik parametrlərini də görməyin mümkün olmadığı müəyyən edilmişdir. Xətdən axan cərəyan ölçüldükdə yükün 1kvt təşkil etdiyi müəyyən edilmişdir. Faktla bağlı “EEİQ”nin tələblərinə uyğun olaraq iddiaçı barəsində 034291 nömrəli akt tərtib ediilmişdir. Aktda “elektrik sayğacının yaddaşının xüsusi kompüter vasitəsi ilə oxunması və kompüter məlumat bazasına daxil edilməmiş enerji sərfiyyatının sayğac üzərində aşkar edilməsi” barədə qeydiyyat aparılmışdır. Aktın tələb hissəsində “elektrik sayğacı yenisi ilə əvəz edilsin, çıxarılan sayğaca lobarotoriya şəraitində bütün parametrləri və yaddaşı oxunmaqla rəy verilsin” qeydiyyatı aparılmışdır. Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında xx.xx.2023-cü il tarixli, 50333786 saylı protokolla abonent iddiaçının yaşayış evinə “Paud MP106” tipli smart kart elektrik hesablama sayğacı quraşdırılmışdır. Abonent İddiaçı həmin protokolu imza etməkdən imtina etmişdir. Qüsurlu elektrik hesablama sayğacı "xxxx" ASC-nin Lobarotoriya Mərkəzində yoxlanılmışdır. Bu barədə “cərəyan transformatorlarının yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli, 019009 Akt- Protokoldan görünür ki, sayğacın “804028” nömrəli alt qapaq möhürü zədələnib, sayğacın “AZS” möhürü pozulub. Sayğacın displeyi fiziki təsir nəticəsində zədələnib, xüsusi proqram vasitəsi ilə göstəricinin 24211 olması oxunmuşdur. Proqram əlavəsi oxunan zamanı xx.xx.2023-cü ildə gövdə açılma tarixi aşkar olundu və sayğacın istismara yararsız olması müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Ağdaş EŞ-nin “Poroqram bazası”nda **********03947 saylı istehlakçı kodu ilə qeydiyyatda olan İddiaçı barəsində “X1ydaları”nın pozulması haqqında 034291 nömrəli Akt tərtib edilmişdir. Akta əsasən "xxxx" ASC-də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən dəyəri 1126,80 manat təşkil edən 8668 kvt saat miqdarında qanunsuz istifadə nəticəsində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Hesabat aşağıdakı qaydada aparılmışdır: 24211 göst – 15543 göst = 8668 kvt s Tarif (0.13 man) – 8668 kvt s x 0.13 = 1126,80. İddiaçı barəsində aşkar edilmiş eneji pozuntularına görə akt tərtib edilərək müvafiq sənədləşdirmə aparılarkən ona qarşı hər hansı bir hüquqa zidd və ya qərəzli hərəkətlərə yol verilməmişdir. Akt və ona əsasən aparılmış hesabat “Qaydalar”ın tələblərinə uyğun olaraq düzgün tərtib edilmişdir. İddiaçı bundan əvvəl də X1ydalarını pozduğuna görə barəsində xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2022-ci il tarixdə aktlar tərtib edilmişdir. Qeyd olunan faktlar iddiaçı tərəfindən “EEİQ”nin mütəmadi qaydada pozularaq elektrik enerjisindən qanunsuz istifadə etməsini bir daha sübut edir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermişdir. İddiaçı apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. . Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X1ydaları” Bənd 7.1. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Bənd 7.10. Yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Bənd 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Bənd 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bənd 8.35. Enerjitəchizatının subyektləri arasında X2də və ya elektroenergetika sahəsində digər mübahisəli məsələlərə tərəflərdən birinin müraciətinə əsasən X3 Agentliyi səlahiyyəti çərçivəsində baxıb, rəy verə bilər. Enerjitəchizatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, iddiaçıya məxsus ünvanyaşayış evi (Ağdaş şəhəri, Y.Nəbiyev küçəsi, abunə kodu **********03947) iddiaçı tərəfindən elektrik enerjisi və elektrik sayğacı ilə təmin edilmişdir. İş materialları ilə o da müəyyən olunur ki, iddiaçının Ağdaş şəhəri, Y.Nəbiyev küçəsində yerləşən evinə quraşdırılmış sayğac smart sayğacla əvəz olunmuş, çıxarılan sayğac yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. Sayğacın laboratoriya yoxlaması zamanı cavabdehin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə sayğacın alt qapaq möhürünün və displeyinin zədələnməsi ilə əlaqədar olaraq 019009 nömrəli akt-protokol tərtib olunmuş və xx.xx.2023-cü il tarixli akta əsasən 1126,80 manat borc hesablanmışdır. İş materiallarından və tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, iddiaçıya məxsus ünvana verilən elektrik enerjisini qeydə alan elektrik sayğacı yaşayış evinin kənarında quraşdırılmışdır ki, yuxarıda qeyd olunan “X1ydaları”na görə də qeyd olunan halda hesablaşma elektrik sayğaclarının işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Buna görə də Məhkəmə hesab edir ki, elektrik sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Yuxarıda qeyd edilən aktda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən cavabdeh tərəfindən hər hansı sübutun məhkəmələrə təqdim edilməməsi aktda əks olunan halın həqiqətə uyğun hal kimi qiymətləndirilməsini qeyri-mümkün edir. Belə ki, MPM-nin 77.2-ci maddəsinin mənasına görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Ağdaş Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 dekabr 2023cü il tаrixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar