Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-600/2023 18.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi, maddi hüquq normasının düzgün təfsir edilməməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(033)-196/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdehnə və Cavabdeh Zaqatala X4 İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Zaqatala X4 İdarəsi tərəfindən hesablanmış 518,40 manat borcun silinməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır və yaşadığı ev öz adınadır. Uzun müddətdir ki, yaşadığı ev təbii qazla təmin olunur. Qaz sayğacının dekabr ayında sərfiyyatı ilə yanvar ayı sərfiyyatı arasında kəskin fərq olduğu üçün Azəriqaz-ın həmin küçəyə nəzarət edən əməkdaşına qaz sayğacına baxış keçirilməsini xahiş etmişdir. 2022-ci ilin yanvar ayının 07-də cavabdeh "Azəriqaz" İB-in Zaqatala RQİİ-in əməkdaşları tərəfindən yaşadığı evin qaz sayğacına baxış keçirilmiş, dövlət yoxlanışından keçirilməsi məqsədi ilə çıxarılmış və yenisi ilə əvəz edilmişdir. Həmin vaxt “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib olunmuşdur. Həmin aktda G-4 markalı **********7 nömrəli sayğacın ekranı gövdədən aralanması qeydi yazılmış və aktı "Azəriqaz" İB-in nümayəndələri və o imzalamışdır. Qaz sayğacı evindən kənarda küçədə yerləşir. Həmin vaxtı qaz idarəsinin əməkdaşlarına “qaz sayğacına hər halda küçədə futbol oynayan uşaqlar tərəfindən top dəydiyini” də bildirdirmişdir. Bundan sonra qaz sayğacı yoxlanışa aparılmış, lakin yoxlanışın nəticəsi barədə heç bir məlumat verilməmişdir. Yenicə bilmişdir ki, "Azəriqaz" İB tərəfindən ona cərimə olaraq 518,40 manat məbləğində artıq qaz sərfinə görə borc yazılmışdır. O bununla razı deyil. Əvvəlcə bununla bağlı "Azəriqaz" İB-in Zaqatala RQİİ-nə müraciət etmişdir. Müraciətinə cavab olaraq "Azəriqaz" İB-in Zaqatala RQİİ tərəfindən ona 01 dekabr 2022-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlər təqdim olunmuşdur. Həmin sənədlərə əlavə olunmuş 24 fevral 2022-ci il tarixli MSK-29/1710-00554-1 nömrəli AKT-dan aydın olmuşdur ki, xx.xx.2022ci il tarixdə guya qaz sayğacı yoxlanılmış və müəyyən olunmuşdur ki, G-4 markalı **********7 nömrəli sayğacın 20345946 nömrəli plombu kəsilərək G-4 SM/6809 saylı qutu açılmış, sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin şüşəsi gövdədən tamamilə aralanmış, qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdədir, guya sərfi qeydə almır. Bundan sonra cavabdeh "Azəriqaz" İB-in Zaqatala RQİİ tərəfindən xx.xx.2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunmuş və həmin aktda guya xx.xx.2022-ci il tarixdə istehlakçıya məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və müəyyən olunmuşdur ki, G-4 markalı **********7 nömrəli sayğacın hesablama mexanizminin şüşəsi gövdədən tamamilə aralanmış, qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdədir, güya sərfi qeydə almır, dəymiş ziyanın hesablanaraq ödənilməsinin tələb edilməsi qeyd edilmişdir. Lakin bununla razılaşmamışdır, çünki tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Həmçinin həmin akt onun iştirakı olmadan tərtib olunmuş və tərəfindən həmin akt imzalanmamışdır. Lakin həmin aktda qeyd edilmişdir ki, guya o həmin aktı imzalamaqdan imtina etmişdir. İstifadə etdiyi sayğac öz həyətində deyil, evdən aralıda küçədə olmuşdur və özü onu gecə-gündüz qorumaq imkanı olmamışdır. Ona görə də cavabdeh "Azəriqaz" İB-in Zaqatala RQİİ-in əməkdaşlarının hərəkətlərini qanunsuz hesab etmişdir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(033)-196/2023 saylı (sədrlik edən hakim V.Məmmədov) qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdehnə və Cavabdeh Zaqatala X4 İdarəsinə qarşı Cavabdeh Zaqatala X4 İdarəsi tərəfindən hesablanmış 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat borcun silinməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçının abonenti olduğu Zaqatala şəhəri, A.Həmidov küçəsi, 17 ünvanında yerləşən fərdi yaşayış evində istehlak olunan qazın sərfiyyatını hesablayan sayğacın hesablama mexanizminin şüşəsi gövdədən tamamilə aralanmış, qaz keçsə də sərfiyyat qeydə alınmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, iddiaçının abonenti olduğu Zaqatala şəhəri, A.Həmidov küçəsi, 17 ünvanında yerləşən fərdi yaşayış evində istehlak olunan qazın sərfiyyatını hesablayan sayğacın hesablama mexanizminin şüşəsi gövdədən tamamilə aralanmış, qaz keçsə də sərfiyyat qeydə alınmır. İddiaçı tələbini borcun məbləği ilə deyil, qaz sayğacının evindən kənarda küçədə yerləşməsi, həmin vaxtı qaz idarəsinin əməkdaşlarına “qaz sayğacına hər halda küçədə futbol oynayan uşaqlar tərəfindən top dəydiyini” də bildirməsi ilə əsaslandırmış, lakin sayğacın sıradan çıxdığı dövrdə evində qaz istehlakı olmadığını iddia etməmişdir. Məhkəmə iddia üzrə onu qeyd etməyi zəruri hesab etmişdir ki, istehlak etdiyi qazın dəyərini ödəməli olan iddiaçının evində qaz istehlak olunsa da, quraşdırılmış sayğacın istehlak olunmuş qazı hesablamaması işin mübahisə edilməyən halıdır. İddiaçıya da borc sayğacın sıradan çıxarılması ilə bağlı deyil, itirilmiş qazın bərpası üçün hesablanmışdır. Təsvir olunanlara əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdehnə və Cavabdeh Zaqatala X4 İdarəsinə qarşı Cavabdeh Zaqatala X4 İdarəsi tərəfindən hesablanmış 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat borcun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19, 448.2, 560.1, 560.2-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı, “Dövlət rüsumu” haqqında qanun 9.1.5ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 77.2, 121.1, 217.3 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, istifadə etdiyi sayğac öz həyətində deyil, evdən aralıda küçədə olmuşdur və özü onu gecə-gündüz qorumaq imkanı olmamışdır. O yaşadığı evdə tək yaşayır. Heç bir ailə üzvü yoxdur. Qaz sərfiyyatına uyğun olaraq hər ay qaz borcunu vaxtı-vaxtında ödəmişdir. Bunu iddia ərizəsinə əlavə etdiyi abonent saldosuna baxaraq müəyyən etmək mümkündür. Halbuki qətnamədə nə işin hallarında, nə də əsaslandırıcı hissəsində iddia ərizəsinə əlavə etdiyi abonent saldosu haqqında heç bir qeyd yoxdur. Lakin birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində qeyd etmişdir ki, “iddiaçı tələbini borcun məbləği ilə deyil, qaz sayğacının evindən kənarda küçədə yerləşməsi, həmin vaxtı qaz idarəsinin əməkdaşlarına “qaz sayğacına hər halda küçədə futbol oynayan uşaqlar tərəfindən top dəydiyini” də bildirdirməsi ilə əsaslandırmış, lakin sayğacın sıradan çıxdığı dövrdə evində qaz istehlakı olmadığını iddia etməmişdir. Məhkəmə, iddia üzrə onu qeyd etməyi zəruri hesab etmişdir ki, istehlak etdiyi qazın dəyərini ödəməli olan iddiaçının evində qaz istehlak olunsa da, quraşdırılmış sayğacın istehlak olunmuş qazı hesablamaması işin mübahisə edilməyən halıdır. İddiaçıya da borc sayğacın sıradan çıxarılması ilə bağlı deyil, itirilmiş qazın bərpası üçün hesablanmışdır.” Buna görə də, məhkəmə iddia tələbimi rədd etmişdir. Bununla da birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” qaydalarının 4.8-ci bəndinin tələblərini nəzərə almayaraq itirilmiş qazın bərpası üçün hesablanmış 518,4 manat pulun istehlakçıdan yəni ondan tutulmasını əsaslı saymışdır. Bununla da, cavabdeh orqanın qanunsuz əməllərini görməzlikdən gəlmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” qaydalarının 4.8-ci bəndində açıq aşkar göstərilmişdir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh daşıyır. Həmçinin qeyd etmişdir ki, “Qazdan istifadə” qaydalarının 4.8-ci bəndində, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşıdığı qeyd edilsə də, birinci instansiya məhkəməsi qanunvericiliyin bu tələbini pozaraq “qaz sayğacının sərfi qeyd etməməsinə əsaslanaraq itirilmiş qazın bərpası üçün cavabdeh tərəfindən hesablanmış 518,40 manat borcun silinməsi tələbini qanunsuz olaraq rədd etmişdir. Halbuki o, qaz sərfinə görə hər ay hesablanmış borcunu vaxtı-vaxtında ödəmişdir. Lakin birinci instansiya məhkəməsi bir faktı nəzərə almaq istəməmişdir ki, Cavabdeh qaz sayğacında aşkar edilmiş qüsura görə məhz istehlakçıları təqsirli bildiyi üçün itirilmiş qazın bərpasını, yəni dəymiş zərəri ondan tələb etmişdir. Halbuki, birinci instansiya məhkəməsi qaz sayğacının onun təqsiri üzündən zədələnməsini təsdiq edən hər hansı sübutların olub-olmamasını araşdırmadan və yaxud cavabdehin itirilmiş qazın istehlakçıdan, yəni ondan tələb etməsində haqlı olub-olmasını əsaslandırmadan iddia tələbimi rədd etmişdir. O, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Qətnamə əsassız və qanunsuz olaraq çıxarılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və düzgün tətbiq olunmamışdır. Birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində “İddiaçıya borc sayğacın sıradan çıxarılması ilə bağlı deyil, itirilmiş qazın bərpası üçün hesablandığını” göstərsə də, itirilmiş qazın haradan yaranmasını əsaslandırmamış, eyni zamanda iş materialları ilə onun qazın itirilməsinə görə və yaxud da cavabdehə dəymiş ziyana görə təqsirli hərəkəti müəyyən edilməmiş, bu hərəkətlərin mövcudluğunu təsdiq edəcək hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi iddianı rədd etməsinə əsas kimi cavabdeh tərəfindən tərtib edilmiş müvafiq aktları götürmüşdür. Halbuki həmin aktlarda onun təqsiri sübuta yetirilməmişdir. Odur ki, qeyd edilənlər nəzərə alınaraq Zaqatala Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(033)-196/2023 saylı qətnaməsi ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, İddiaçı və Cavabdeh nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrnin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanunu: Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabineti: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları "nın 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların; 6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Zaqatala Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(033)-196/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(033)-196/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 07 yanvar 2022-ci il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanda yerləşən sifarişçi (istehlakçı) İddiaçı aid qaz sayğacı növbəti texniki baxışdan keçirilmiş və digər bir sayğacla əvəz edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərək əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin olunmaması barədə mövqeyini ilk növbədə onunla əsaslandırmışdır ki, iddiaçı borcun hesablanmasına əsas olmuş aktın onun iştirakı olmadan tərtib olunduğunu iddia etsə də, onun “qaz idarəsinin əməkdaşlarına “qaz sayğacına hər halda küçədə futbol oynayan uşaqlar tərəfindən top dəydiyini” də bildirdirməsi” barədə iddia ərizəsində qeyd etdikləri aktın onun iştirakı ilə tərtib olunduğunu təsdiq edir. Bundan başqa, aktda sayğacdakı qüsurun iddiaçının təqsirindən yaranması da qeyd edilməmişdir. Bu qeyd edilənlər isə sayğacın sıradan çıxmasına dair aktlarda qeyd edilənlərin işin hallarına uyğun olduğunu təsdiq edir. Müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, iddiaçının abonenti olduğu ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində istehlak olunan qazın sərfiyyatını hesablayan sayğacın hesablama mexanizminin şüşəsi gövdədən tamamilə aralanmış, qaz keçsə də sərfiyyat qeydə alınmır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Belə ki, kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” qaydalarının 4.8-ci bəndində açıq aşkar göstərilir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı yəni cavabdeh daşıyır. Həmçinin qeyd edir ki, “Qazdan istifadə” qaydalarının 4.8-ci bəndində, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşıdığı qeyd edilsə də, birinci instansiya məhkəməsi qanunvericiliyin bu tələbini pozaraq qaz sayğacının sərfi qeyd etməməsinə əsaslanaraq itirilmiş qazın bərpası üçün cavabdeh tərəfindən hesablanmış 518,40 manat borcun silinməsi tələbini qanunsuz olaraq rədd etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh qaz sayğacının iddiaçı tərəfindən sıradan çıxarılması faktı ilə razılaşmır. İş materiallarından da göründüyü kimi cavabdeh təşkilat nə birinci instansiya məhkməsinə, nə də ki məhkəmə kollegiyasına qaz sayğacının iddiaçı tərəfindən qəsdən sıradan çıxarılmasını sübut edəcək mötəbər və təkzib olunmaz faktlar təqdim etməmişdir. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən qeyd olunаn sаyğаcа hər hаnsı müdаxilənin edilməsi, onun tərəfindən sаyğаcdаn, onun işləmə prinsipindən və s. аnlаyışı olаn şəxsin tаpılаrаq, onun vаsitəsi ilə sаyğаcа müdаxilə etməsi barədə cavabdeh tərəfindən hər hansı sübut məhkəmə kollegiyasına təqdim edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(033)-196/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(033)-196/2023 saylı qətnаməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh İB Zaqatala X4 idarəsinin tərəfindən hesablanmış 518.40 (beş yüz on səkkiz manat qırx qəpik) manat borc silinsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-600/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-600/2023
18.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver