Məhkəmə qərarları › İş №2(107)-609/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-609/2022

27.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-609/2022 27.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2(039)-2365/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları Cavabdeh İB-nin Tərtər RQİİ-nin Yevlax Xidmət sahəsinin əməkdaşları Yevlax rayonu, Duzdaq qəsəbəsində yaşayan İddiaçı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirən zaman sayğacdan kənar əlavə xətt vasitəsi ilə onun qanunsuz qazdan istifadə etdiyi aşkar edilmiş və bununla bağlı akt tərtib etmişlər. Tərtər RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İddiaçı Yevlax XS-nin abonent bazasındakı **********00000 nömrəli abonent koduna 25 oktyabr 2021-ci il tarixdə 21816 kubmetr, 2181.60 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. İddiaçının abonent koduna hesablanaraq vurulmuş 2181.60 manat məbləğ sayğacdan kənar əlavə xətlə qanunsuz istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqan Cavabdeh İB-nin X3 İstismar İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktına əsasən əsassız hesablanaraq onun abonet koduna vurulmuş itirilmiş qazın dəyəri kimi 2181.60 manat cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, oktyabr ayında ot gətirilən zaman qaz borusu zədələnmişdir. Qaz idarəsinə müraciət etsə də, qazı bərpa etməmişlər. Bu səbəbdən də qaz sayğacından kənar qazdan istifadə etmişdir. Lakin həmin qaydada qazdan 10-15 gün istifadə edə bilmişdir. Cavabdeh əməkdaşları əlavə xətti aşkar etmişlər. Hazırda hesablanmış borcla razı deyil. Belə ki, qanunsuz olaraq qazdan 10-15 gün istifadə etdiyi halda, ona itirilmiş qazın dəyəri kimi üç aylıq qazın dəyəri hesablanmışdır. Cavabdeh nümayəndəsi X1 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, Cavabdeh İB-nin Tərtər RQİİ-nin Yevlax Xidmət sahəsinin əməkdaşları Yevlax rayonu, Duzdaq qəsəbəsində yaşayan İddiaçı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirən zaman sayğacdan kənar əlavə xətt vasitəsi ilə onun qanunsuz qazdan istifadə etdiyi aşkar edilmiş və bununla bağlı akt tərtib etmişlər. Tərtər RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İddiaçı Yevlax XS-nin abonent bazasındakı **********00000 nömrəli abonent koduna 25 oktyabr 2021-ci il tarixdə 21816 kubmetr, 2181.60 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. İddiaçının abonent koduna hesablanaraq vurulmuş 2181.60 manat məbləğ sayğacdan kənar əlavə xətlə qanunsuz istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı yaşayış sahəsinə qoyulmuş qaz sayğacı həyət divarından çöl tərəfdə quraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Belə ki, qaz sayğacı fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməlidir və sayğaclar qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Bundan başqa qaz sayğacından xəran qazdan istifadə etməsini iddiaçı etiraf etsə də, həmin xəttdən hansı müddətdə istifadə olunması cavabdeh orqanın əməkdaşları tərəfindən tam araşdırılmamışdır. İddiaçı sayğaca müdaxilə etməsini etiraf etsə də, qazdan qeyri qanuni 15 gün müddətində istifadə olunduğunu bildirmişdir. Cavabdeh ziyanın 90 gün müddətinə hesablandığını bildirsə də, iddiaçının qeyri qanuni qazdan 90 gün istifadə etməsinə dair məhkəməyə sübut təqdim etməmişdir. İddiaçıya 2181.60 manat dəymiş ziyan hesablanmışdır. Məhkəmə qeyd etmişdir ki, ziyan 90 gün müddətində 2181.60 manat olduğu halda, 15 gün üçün həmiz ziyanın məbləği 363.60 manat təşkil edir. Ona görə də, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməlidir. İddiaçıya hesablanmış ziyanın məbləği 15 gün üçün yəni 363.60 manat müəyyən edilməli və həmin 363.60 manat iddiaçıdan tutularaq cavabdehə ödənilməli, qalan 1818 manat (75 gün üçün müəyyən edilmiş ziyan) dəymiş ziyan əsassız olduğundan silinməlidir. Yevlax Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2(039)-2365/2021 nömrəli qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia qismən təmin olunmuş, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı əsassız hesablanmış 1818 manat borcun silinməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 560, 1096 və 1097-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “qazdan istifadə qaydaları”nın 4.2, 4.5, 4.7, 4.8, 5.4 və 6.1-ci bəndlərinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İş materiallarına əlavə edilmiş ******* saylı, 22 oktyabr 2021-ci il tarixli Aktın surətindən məlum olur ki, Cavabdeh nümayəndələri tərəfindən istehlakçı İddiaçı mənzilinə quraşdırılmış Elestr-G4 markalı qaz sayğacına baxış keçirilən zaman, sayğacdan kənar qeyri-qanuni əlavə xətt aşkar edilmişdir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə qətnaməsində göstərmişdir ki, istehlakçı aşkar olumuş xətt vasitəsi ilə evinə qaz xətti çəkdirmiş və qanunsuz əlavə xəttin çəkilməsini etiraf etmişdir. Lakin məhkəmə tərəfindən 15 gün müddət ərzində sayğacdan kənar istifadə olunmuş təbii qaza gorə 363.60 manat dəymiş ziyan müəyyən olunub. Foto və videoda görünür ki, istehlakçı əlavə xəttin üzərində ustalıqla işləmiş və məqsədli şəkildə fərdi evinə qaz xətti çəkmişdir. Həmin xətt yerin altı ilə aparılaraq, üzəri betan örtüklə örtülərək evin içərsinə qədər aparılmışdır. Faktiki olaraq əlavə xəttdən 15 gün müddətinə istifadə etdiyini bildirsə də, istehlakçı həmin xəttdən uzun müddətdir ki, qeyr-qanuni istifadə edibdir. Qaz xəttinin içərsindən təbii qaz keçir və istifadə olunur, istehlakçıları həmin xətt vasitəsilə təbii qazla təmin edilir. Qaydalara əsasən, istehlakçılar tərəfindən qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqısatqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. Ona görə də, Yevlax rayon Məhkəməsinin 27.12.2021-ci il tarixli, 2(039)-2565/2021 saylı qətnaməsinin təmin edilmiş hissədə ləğv edilib, İddiaçı iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə qəbul edərək Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 27 dekabr 2021ci il tarixli 2(039)-2365/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehnə işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Konstitusiyası: Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “qazdan istifadə qaydaları”: Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təhciz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.4-cü bəndinin tələbinə görə qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Yevlax Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2(039)-2365/2021 nömrəli qətnaməsinin qismən – iddianın təmin olunmuş hissəsində ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını qismən yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən 1818 manat həcmində təmin olunmuş iddianın 363.6 manata aid hissəsində gəldiyi nəticə ilə razılaşmır. Sayğacdan kənar qanunsuz xətt vasitəsilə qoşulma halında itirilmiş qazın dəyəri hesablanarkən həddindən artıq yüksək məbləğ müəyyən edilmişdir. Belə ki, cavabdeh itirilmiş qazın həcmini müəyyən edərkən nəyə əsasən hesabat müddətini 90 gün müəyyən etdiyini əsaslandıra bilməmişdir. Cavabdeh istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyriqanuni istifadə etməsinə görə tərtib edilmiş akt əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda cavabdeh sayğacdan kənar qoşulma ilə bağlı qanunsuz istifadəyə görə sayğacdan kənar qoşulmanın aşkar edildiyi vaxtdan bir ay əvvələ qədərki sərfiyyata görə borc hesablamaqda haqlı olmuşdur. Birinci instansiya məhkəməsi həmin bir ayın on beş gününə münasibətdə iddianı rədd etməkdə haqlı olsa da, digər 15 günə münasibətdə iddianı təmin etmkədə haqlı olmamışdır. İddianın təmin olunmamış 15 gün üçün hesablanmış qaz sərfiyyatının dəyəri 363.6 manat olduğu üçün bir ay müddətinə sayğacdan kənar qaz sərfiyyatının dəyəri 727.2 manat təşkil edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət etməklə 1818 manat həcmində təmin olunmuş iddianın 363.6 manata aid hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 27 dekabr 2021ci il tarixli 2(039)-2365/2021 nömrəli qətnaməsi 1818 manat həcmində təmin olunmuş iddianın 363.6 manata aid hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış 2181.60 manat borcun silinməsi» tələbinə dair iddiasının təmin edilmiş 1818 manatının 363.6 manata aid hissəsində rədd edilməli, qətnamə mübahisələndirilən 1454.4 manat qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2(039)-2365/2021 nömrəli qətnaməsi 1818 manat həcmində təmin olunmuş iddianın 363.6 manata aid hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış 2181.60 manat borcun silinməsi» tələbinə dair iddiasının təmin edilmiş 1818 manatının 363.6 manata aid hissəsində rədd edilsin. Qətnamə mübahisələndirilən 1454.4 manata aid qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar