Məhkəmə qərarları › İş №2(107)-61/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-61/2021

26.10.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-61/2021 26.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilən yaşayış evinin sökülməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2(025)-894/2019 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi cavabdehlər Cavabdeh1 və X2 qarşı «qaz kəmərinin mühafizə zonasında inşa edilən yaşayış evinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qaz İxrac” İdarəsinin Ağdaş Magistral X6 balansında və istismarında olan 325 mm-lik yüksək təzyiqli Qəbələ QPS qolu qaz kəmərinin mühafizə zonasında, kəmərdən 39 metr məsafədə Qəbələ rayonunun Savalan kəndi ərazisində cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilməkdə olan tikilinin (yaşayış evi) cavabdehin öz vəsaiti hesabına tam sökülərək kəmərin mühafizə zonasından çıxarılması və ərazinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim A.Əliyev) 14 avqust 2019-cu il tarixli, 2(025)- 894/2019 saylı qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac idarəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qaz kəmərinin mühafizə zonasında inşa edilən yaşayış evinin sökülməsi» tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş10 manat dövlət rüsumu iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac idarəsindən tutularaq, 100 (bir yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2019-cu il tarixli, 2(107)-2948/2019 saylı qətnaməsi ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2(025)-894/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2019-cu il tarixli, 2(107)-2948/2019 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi və vəkili X5 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2020-ci il tarixli 2(102)-1315/2020 saylı qərarı ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 oktyabr 2019-cu il tarixli, 2(107)-2948/2019 saylı qətnaməsi ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonunun Savalan kəndi ərazisində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Az DTN 2.9- 2 Magistral Boru kəməri Layihələndirmə Normalarının tələbləri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının tələbləri pozularaq, Qəbələ rayonunun, Savalan kəndi ərazisindən keçən 325 mm-lik “Qəbələ QPS” qolu yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında, kəmərdən 39 metr məsafədə qanunsuz olaraq yaşayış evi inşa olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının 2.23-cü bəndinə əsasən Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin qərarın 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Göstərilən məsafədə hər hansı bir tikinti inşa olunması qadağandır. Cavabdeh tərəfindən inşa olunan daxilində yaşayış evinin tikintisi nəzərdə tutulmuş daş hasar yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə səbəb ola bilər.. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Məhkəməsi qətnamə qəbul edərkən diametri 325 mm-lik yüksək təzyiqli Qəbələ QPS qolu qaz kəmərinin keçdiyi ərazidə cavabdehə ayrılmış torpaq sahəsinin əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla razılaşdırılmaması məsələsinə düzgün münasibət bildirməyərək maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, 30 iyun 1998-ci il tarixli 513-İQ nömrəli Qaz Təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, oğlu da 44 günlük vətən müharibəsində iştirak edib. Hal-hazıda onunla birlikdə yaşayır. Əgər iddiaçı onu başqa bir evlə təmin edərsə və ya çəkdiyi xərci ödəyərsə, o iddianın təmin edilməsinə etiraz etmir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məzuniyyətdə olduğu üçün üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin üzrlü səbəb barədə məhkəməyə heç bir rəsmi sənəd təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2020-ci il tarixli 2(102)-1315/2020 saylı qərarı ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 oktyabr 2019-cu il tarixli, 2(107)- 2948/2019 saylı qətnaməsi ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2020-ci il tarixli 2(102)-1315/2020 saylı qərarında göstərilmişdir ki, Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni tam qanuni və əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 iyul 2019-cu il tarixli, 13095 №-li ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsində aşağıdakılar qeyd olunmuşdur: “... Mülki iş materiallarında Ağdaş MQKS-nin əməkdaşları tərəfindən 18 mart 2019-cu il tarixdə tərtib olunmuş aktdan görünür ki, Qəbələ rayonu, Savalan kəndi ərazisindən keçən hissəsində “Qaz İxrac” İdarəsinin X11 Kəmərləri Sahəsinin balansında və istismarında olan 325 mm-lik yüksək təzyiqli Qəbələ QPS qolu qaz kəmərinin mühafizə zonasında Cavabdeh1 Cavad qızı tərəfindən 39.0 metr məsafədə yaşayış evi inşa olduğu göstərilmişdir. Habelə, mülki iş materiallarında Cavabdeh1 və Cavabdeh2 və başqalarına məxsus “Torpağın mülkiyyətə verilməsinə dair” JN-053A, KOD 40609038 olan “Şəhadətnamə” vardır (i.v.55). Lakin Şəhadətnamədə qeyd olunan mülkiyyətə verilmiş 1200 kv.m. torpaq sahəsi mişar daşı ilə hasarlanaraq hüdudları müəyyən edilməmişdir. Ekspertin, məhkəmənin və tərəflərin iştirakı ilə ünvana baxış keçirilən zaman “Qaz İxrac” İdarəsinin yeraltı magistral qaz kəmərinin “RD7100 markalı Radiodetection” boru axtaran cihazı vasitəsilə müəyyən etdikləri (göstərdikləri yerdən) hissəsindən ölçü işləri aparılaraq tikilməkdə olan fərdi yaşayış evindən 43.0 məsafədən keçdiyi müşahidə olunmuşdur...”. Həmin ekspert rəyinin tədqiqatının nəticəsi adlanan hissəsində isə aşağıdakılar qeyd olunmuşdur: Qərardadın 1-ci sualı üzrə Cavabdehlərə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-053A, KOD 40609038 olan Şəhadətnamə”-yə əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m. torpaq sahəsinin hüdudları müəyyən olunaraq mişar daşı ilə hasarlanmadığına görə, “Qaz İxrac” idarəsinin Ağdaş Magistral X6 balansında və istismarında olan 325 mm-lik yüksək təzyiqli Qəbələ QPS qolu qaz kəməri yeraltı olduğu üçün mühafizə zonası iddia tələbinə münasibətdə haradan başlayıb, harada qurtarması “Qaz İxrac” İdarəsinin əməkdaşlarının göstərdikləri yerdən 43.0 m məsafədə yerləşməsi ilə müşahidə olunur. Qərardadın 2-ci sualı üzrə Ekspertin, məhkəmənin və tərəflərin iştirakı ilə Qəbələ rayonu, Savalan kəndi ərazisindən keçən hissəsində “Qaz İxrac” İdarəsinin Ağdaş Magistral X6 balansında və istismarında olan 325 mm-lik yüksək təzyiqli Qəbələ QPS qolu qaz kəmərinin “RD7100 markalı Radiodetection” boru axtaran cihazı vasitəsilə “Qaz İxrac” İdarəsinin əməkdaşlarının göstərdikləri yerdən ölçü işləri aparılaraq inşa edilməkdə olan fərdi yaşayış evinə qədər 43.0 m məsafədə yerləşdiyini nəzərə alsaq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” nın 2.7 bəndinə əsasən həmin tikilinin qaz kəmərinin 50.0 m-lik mühafizə zonasına düşdüyü müəyyən edilir. Yuxarıda şərh olunanlardan göründüyü kimi sökülməsi iddia edilən tikilinin məhz cavabdehlərin mülkiyyətində olan torpaq sahəsində yerləşib-yerləşməməsi məsələsi qeyd olunan ekspert rəyində konkret öz həllini tapmamışdır. Bu isə verilmiş tələbə düzgün hüquqi qiymət vermək üçün mühüm əhəmiyyət kəsb edir. MPM-nin 102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin 11 iyun 2020-ci il tarixli, 2(107)-1257/2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə və Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestr Xidmətinə həvalə edilmiş və Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - sökülməsi iddia edilən tikili məhz cavabdehlərin mülkiyyətində olan torpaq sahəsində yerləşirmi? Şəki Apellyasiya Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(107)-61/2021 nömrəli qərardadı ilə ekspert rəyi məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmişdir. Ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, iddiaçılar tərəfindən sökülməsi iddia edilən tikili, elektron məlumat bazasında öz əksini tapan Qəbələ rayonu Savalan kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə əsasən JN- 53A kod 40609038 nömrəli şəhadətnamə ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətinə verilmiş 1200 kv.metr (012 ha) torpaq sahəsində yerləşir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2(025)- 894/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; 18 mart 2019-cu il tarixli aktdan görünür ki, Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac idarəsinə məxsus D-325 mm-lik Qəbələ QPS qolu qaz kəmərinin Qəbələ rayonu Savalan kəndi ərazisindən keçən hissəsində kəmərin mühafizə zonasında, kəmərdən 39 metr məsafədə yaşayış evi inşa olunmuş və aktın doğruluğunu Ağdaş XİX-in rəisi Emin Mehdiyev, TİŞ-nin rəisi Azər Şavəddinov, Ağdaş XİX-in ustası Fidail Səfərov və xətt baxıcısı Fərhad Babazadə öz imzaları təsdiq etmişlər. 18.03.2019-cu il tarixli 229 nömrəli xəbərdarlıqdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi Ağdaş Magistral X10 tərəfindən Cavabdeh1 magistral qaz kəmərinin yüksək təzyiqli olması, kəmərdə hər an baş verə biləcək qaz sızması zamanı yarana biləcək partlayışların nəticəsində bədbəxt hadisələrə, yəni ona aid əmlaka və həyatına dəyə biləcək ziyanların qabaqcadan aradan qaldırılması məqsədilə aparılan tikinti işlərinin dayandırılmasını, tikilinin sökülməsini və ərazinin əvvəlki vəziyyətə qaytarılması xahiş edilmiş, əks halda tikilinin sökülməsi üçün aidiyyatı orqanlara müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi Ağdaş Magistral X10 tərəfindən Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevə və Qəbələ rayon Polis şöbəsinin rəisi, polis polkovniki Nadir Məmmədova ünvanlanan 18.03.2019-cu il tarixli 226 və 227 nömrəli məktublardan görünür ki, bədbəxt hadisələrlə nəticələnə biləcək qəzaların vaxtında qarşısının alınması, 325 mm diametrli “Qəbələ QPS” qolu yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında inşa edilməkdə olan tikililərin sökülməsi və ərazinin əvvəlki vəziyyətə qaytarılması barədə aidiyyatı orqanlara müvafiq göstərişlər verilməsi xahiş olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi Ağdaş Magistral X10 tərəfindən Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevə ünvanlanan 04.04.2019-cu il tarixli məktubdan görünür ki, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının vaxtında alınması, magistral qaz kəmərinin normal istismarına şərait yaradılması məqsədilə tikinti işlərinin dayandırılması üçün müvafiq köməklik göstərilməsi xahiş olunmuşdur. Qəbələ Rayonu İcra Hakimiyyəti Başçısı Aparatının “Qaz ixrac” idarəsinin rəisi cənab Qağaməli Seyfullayevə ünvanladığı 22 aprel 2019-cu il tarixli, 376 nömtəli məktubla məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. JN-053A (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-nın 26 may 1998-ci il tarixli qərarı ilə Cavabdeh2, Cavabdeh1, X3 və X4 mülkiyyətinə Qəbələ rayon Savalan kəndində 0,12 ha torpaq sahəsi verilmişdir. Məhkəmə kollegiyasının iclası zamanı işdə olan sənədlərin bilavasitə tədqiqi zamanı aydın oldu ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi və onun üzərində inşa edilən tikili qanuni əsaslarla cavabdehlərin mülkiyyətində olan torpaq sahəsində, başqa sözlə- JN-053A (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Qəbələ rayon Savalan kəndində 0,12 ha torpaq sahəsi Qəbələ rayon AİK-nın 26 may 1998-ci il tarixli qərarı ilə Cavabdeh2, Cavabdeh1, X3 və X4 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 152-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, sökülməsi tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus yaşayış evinin əvəzi ödənilmədən sökülməsi yolverilməzdir. İddiaçının qaldırdığı məsələ yalnız tərəflərin qarşılıqlı razılaşması yolu ilə, o cümlədən qaz kəmərinin yerini dəyişmək, müvafiq kompensasiya ödəmək və s. şərtlər daxilində həll oluna bilər. İddiaçı hər hansı hüquqi əsas, o cümlədən mülkiyyətçinin razılığı olmadan mülkiyyətçinin öz mülkiyyətində inşa etdirdiyi yaşayış binasını sökülməsi tələbi qoymaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyət hüququnu kobud şəkildə pozur. Ona görə də kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi, lakin əsaslandırılmamış mülahizələr birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Qəbələ Rayon Məhkəməsinin 14 avqust 2019-cu tarixli, 2(025)-894/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsaslanaraq və MPM-in 384, 385, 392, 393 və 404-407ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2(025)-894/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar