Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-613/2022 13.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 9 fevral 2022-ci il tarixli 2(051)-652/2022 nömrəli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, məhkəmədən Mingəçevir şəhəri 110 kv-luq 1-ci, 2-ci Şəhər Hava Xəttinin 26-27 saylı dayaqlararası aşırımda elektrik verilişi xəttinin mühafizə zonasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz tikilmiş fərdi yaşayış evinin, evin hasarlarının və mövcud digər qanunsuz tikililərin cavabdehlər tərəfindən və ya onların hesabına sökülməsi və söküntünün tikinti materiallarının mühafizə zonasından çıxarılaraq ərazinin əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 9 fevral 2022-ci il tarixli 2(051)-652/2022 nömrəli qərardadı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilmişdir. İddiaçı MMC 02.03.2022-ci il tarixdə məhkəməyə şikayət verərək, Mingəçevir Şəhər Məhkəməsinin 09.02.2022-ci il tarixli, 2(051)-652/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 3 mart 2022-ci il tarixli 2(051)-652/2022 nömrəli qərardadı ilə Mingəçevir Şəhər Məhkəməsinin 9 fevral 2022-ci il tarixli 2(051)-652/2022 nömrəli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 9 fevral 2022-ci il tarixli 2(051)- 652/2022 nömrəli qərardadı ləğv edilməli, mülki iş iddia ərizəsinin icraata qəbul edilərək baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin icraata qəbul etməkdən imtina edilməsi qərarını belə əsaslandırmışdır ki, iddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mühafizə zonasında inşası başa çatmış qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin iddiaçının göstərilən tələbə dair məhkəmədə iddia qaldırmaq səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.2-ci maddəsinin məzmununa görə tikinti obyektlərinin sökülməsinə icazə tələb olunur. Həmin Məcəllənin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə əsasən həmin Məcəllənin 95.2-ci maddəsində nəzərdə tutulmuş yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar qəbul edilməsi, Məcəllənin 95.3-cü maddəsində nəzərdə tutulmuş tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edilməsi səlahiyyətlərini “müvafiq icra hakimiyyəti orqanı” kimi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4.3-cü bəndinə əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra hakimiyyəti orqanları tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Məcəllənin 80.4-cü maddəsinin tələblərinə riayət edilmədən tikinti obyektinin tikildiyini müəyyən etdikdə, habelə tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikintisinə Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan obyektdə hər hansı tikinti-quraşdırma işlərinin aparılmasını aşkar etdikdə, sifarişçiyə (podratçıya) tikinti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyə edir və Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verməlidir. Göründüyü kimi iddiaçı tərəf cavabdehlərin tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini aşkar etdikdə, bir iş günü müddətində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat verməli olduğu halda, birbaşa məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Göstərilən normanın tələbindən görünür ki, hazırkı halda İddiaçı MMC tikilinin sökülməsində maraqlı şəxs olaraq bu barədə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 9 fevral 2022-ci il tarixli 2(051)-652/2022 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar mövcuddur. Ona görə də, şikayət təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 9 fevral 2022-ci il tarixli 2(051)-652/2022 nömrəli qərardadı ləğv edilməli, mülki iş iddia ərizəsinin icraata qəbul edilərək baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəllənin 398.0.2-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsi şikаyətə bаxıb qərаrdаdı tаm və yа qismən ləğv edib, yаxud dəyişib işi birinci instаnsiyа məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 9 fevral 2022-ci il tarixli 2(051)-652/2022 nömrəli qərardadı ləğv edilsin. Mülki iş iddia ərizəsinin icraata qəbul edilərək baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-613/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-613/2022
13.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver