Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-619/2024 07.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh oğluna qarşı subroqasiya tələbinin təmin edilməsinə dair mülki iş üzrə (Açar sözlər: Subroqasiya qaydasında pul tələbi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı Sıgorta ASC-nin nümayəndəsi X2, Cavabdeh oğlunun iştirakları ilə, İddiaçı Sıgorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh oğluna qarşı “subroqasiya tələbinin təmin edilməsi”nə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2(024)-239/2023 nömrəli qətnaməsindən İddiaçı Sıgorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı Sıgorta Şirkəti ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “HAOJUE HJ” markalı, 99-A-928 dövlət qeyduyyat nişanlı avtomobilə dəymiş zərərə görə 725 (yeddi yüz iyirmi beş) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 30.40 (otuz qırx qəpik) manat dövlət rüsumunun Cavabdeh oğlundan tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh oğlu xx.xx.2020-ci il tarixdə “Ford Tranzit” markalı. **-HB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək “HAOJUE HJ” markalı 99-A-928 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində “HAOJUE HJ” markalı 99-A-928 dövlət qeydiyyat nişanlı motosiklə maddi ziyan dəymişdir. xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh oğlu hadisə yerindən yayındığına görə cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq. “HAOJUE HJ” markalı 99-A-928 dövlət qeydiyyat nişanlı avtomobilə 725 (yeddi yüz iyirmi beş) manat ziyan dəymişdir. PAT********** saylı sığorta müqaviləsinin 088585 saylı sığorta aktına əsasən “Atəşgah" Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq “HAOJUE HJ” markalı 99-A-928 dövlət qeydiyyat nişanlı avtomobilə 725 (yeddi yüz iyirmi beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2020-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı Cavabdeh oğlunun təqsirli olması xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd odilmesi haqqında qərarda öz əksini tapmışdır.
Birinci instansiya məhkəməsində icraat:
3. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məlumat verilməsinə baxmayaraq İddiaçı Sıgorta Şirkəti ASC-nin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək iddia tələbini müdafiə etdiyini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.
4. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə İddiaçı Sıgorta Şirkəti ASC-nin etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Cavabdeh oğlu məhkəmə iclasında izahat verərək göstərmişdir ki, onun “BC” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. xx.xx.2020-ci il tarixdə etibarnamə ilə idarə etdiyi “Ford Tranzit” markalı. **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən qarşı hərəkət yoluna çıxmış və nəticədə həmin yola əks istiqamətdə hərəkət edən motosikllə toqquşmuşdur. Təxminən 100 metr getdikdən sonra avtomobili saxlamış, lakin motosiklin orada olmadığını görərək çıxıb getdiyini zənn etmiş və oradan uzaqlaşmışdır. Sonradan məlum olmuşdur ki, toqquşduğu motosiklə 725 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra həmin hadisə ilə bağlı barəsində inzibati tədbir görülməmiş, o hər hansı bir məsuliyyətə cəlb olunmamışdır. İddianı qəbul etmir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.
6. Qax Rayon Məhkəməsinin (hakim M.Qarayev) 01 may 2023-cü il tarixli 2(024)- 239/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi, İddiaçı Sıgorta Şirkəti ASC-nin Cavabdeh oğluna qarşı “HAOJUE HJ” markalı, 99-A-928 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 725 (yeddi yüz iyirmi beş) manat sığorta ödənişi məbləğinin və bu iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 30.40 (otuz qırx qəpik) manat dövlət rüsumunun Cavabdeh oğlundan tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi tələbi” nə dair iddiasının əsassız olduğundan rədd edilməsi, İddiaçı Sıgorta Şirkəti ASC-nin ödədiyi 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh oğlu 04 iyul 2020-ci il tarixdə etibarnamə ilə idarə etdiyi “FORD TRANSİT” markalı, **-HB-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil idarə edən zaman əks istiqamətdə hərəkətdə olan “HAOUJUE HJ” markalı 99-A-928 dövlət qeydiyyat nişanlı motosikllə toqquşmuşdur. İddiaçı Sıgorta Şirkəti ASC tərəfindən zədələnmiş nəqliyyat vasitəsinə baxış keçirilmiş və baxış nəticəsində 725 (yeddi yüz iyirmi beş) manat ziyan dəyməsi müəyyən edilərək 088585 saylı sığorta Aktı tərtib edilmiş və baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “HAOJUE HJ” markalı, 99-A- 928 dövlət qeydiyyat nişanlı motosiklə dəymiş ziyana görə cəmi 725 (yeddi yüz iyirmi beş) manat məbləğində sığorta ödənişi hesablandıqdan sonra “motosiklin sürücüsü X3 725 (yeddi yüz iyirmi beş) manat sığorta ödənişi etmişdir. Bundan sonra Cavabdeh oğluna pretenziya məktubu ünvanlanaraq iddiaçı tərəfindən “HAOUJUE HJ” markalı 99-A-928 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyana görə sığorta şrkəti tərəfindən ödənilmiş 725 (yeddi yüz iyirmi beş) manat sığorta ödənişinin geri ödənilməsi təklif olunmuş, əks təqdirdə məhkəmə orqanına müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
8. İddiaçı məhkəməyə hadisə ilə bağlı araşdırma aparılaraq toplanmış materialda cinayət tərkibi olmadığı üçün Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilməsi və Cavabdeh oğlu barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1 və 327.6-cı maddələri ilə inzibati tənbeh edilməsi barədə müstəntiqin 27 iyul 2020-ci il tarixli qərarının surətini təqdim etmişdir. İddiaçı tərəfindən cavabdehin hadisə ilə bağlı inzibati məsuliyyətə cəlb olunması barədə məhkəməyə sübut təqdim edilməmişdir.
9. Məhkəmə iddia tələbi ilə bağlı qeyd etmişdir ki, hər bir şəxs iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir- birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Sübutetmə yükü üzərinə düşən iddiaçı cavabdehin dəymiş ziyanla bağlı təqsirinin olması ilə bağlı, məhkəməyə kifayət qədər heç bir əsaslı və mötəbər sübut təqdim etməmişdir. Yəni iddiaçı Cavabdeh baş vermiş hadisə ilə bağlı təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunması barədə məhkəməyə sübut təqdim etmədiyi üçün cavabdehin dəymiş ziyanla bağlı təqsirinin olması sübuta yetirilməmişdir. İddiaçı məhkəməyə DYP-nin yol nəqliyyat hadisəsi ilə bağlı materialın surətlərini “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığrotası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatı barədə arayışın, cinayət işinin başlanmasının rədd edilməsi barədə müstəntiqin qərarının və s” surətini təqdim etmişdir. Sənədlərin surətləri isə sübut hesab edilə bilməz.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 936.1, 936.2, 936.5, 1096.1, 1096.2, 1097.1, 1108.1-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1, 25.2, 63.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1 77.1, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən narazı qalan İddiaçı Sıgorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən apellyаsiyа şikаyəti vermişdir.
12. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MM-nin normalarını pozmuş və düzgün tətbiq həyata keçirməmişdir. Belə ki, Qax rayon Məhkəməsi qətnamə qəbul edən zaman qeyd etmişdir ki, Cavabdeh oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 327-ci və 327.6-cı maddələri ilə inzibati tənbeh görülməsi qeyd edilsə də, onun təqsirliliyini sübut edən və məsuliyyətə cəlb edilməsinə dair müvafiq qərarın mövcud olması müəyyən edilmişdir. Həmçinin Qax rayon Məhkəməsi qeyd etmişdir ki, cavabdehin barəsində inzibati xəta haqqında qərarın tərtib edilməməsi onun baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli olması mənasına gəlmir və onun təqsirli olması iş materialları ilə müəyyən edilməmişdir.
13. Qax Rayon Məhkəməsi Cavabdeh oğlunun verdiyi izahatı və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı sübut kimi qiymətləndirməmiş və cavabdehin təqsirli olmasını şübhə altına almışdır.
14. Qanunvericiliyin tələblərindən göründüyü kimi, Cavabdeh oğlu tərəfindən Polis İdarəsində verdiyi izahatdan da aydın olur ki, Cavabdeh oğlu baş vermiş yol nəqliyyat hadisəsində təqsirli olduğunu qeyd etsə də, bu hal da məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilməmişdir. Həmçinin onu da qeyd etmişdir ki, qanunvericiliyin tələbində subroqasiya işləri üzrə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi haqqında inzibati xəta haqqında protokolun və ya qərarın mövcud olması vacib deyil və bununla bağlı hərhansı bir qanuni tələb mövcud deyildir.
15. Məhkəmə iclası zamanı Cavabdeh oğlu izahatında qeyd etmişdir ki, yol nəqliyyat hadisəsini törətmiş, lakin hadisədən sonra “Haojue HJ” markalı 99 A 928 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini hadisə yerində görməmiş və hadisə yerindən getmişdir. Budan başqa qeyd etmişdir ki, o, inzibati məsuliyyətə cəlb edilməmiş və buna görə də, iddianı qəbul etməmiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
16. Lakin Cavabdeh oğlu yol nəqliyyat hadisəsindən sonra“Haojue HJ” markalı 99 A 928 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini hadisə yerində görmədiyini qeyd etsədə, etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heçbir mötəbər sübut təqdim etməmiş və məhkəmədə, Cavabdeh oğlunun verdiyi izahatı mötəbər qəbul edərək, iddianı rədd etmişdir.
17. Ona görə də, Qax Rayon Məhəməsinin xx.xx.2023-cü il tarixli, 2(024)-239/2023 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi, həmçinində apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumunun Cavabdeh oğlundan İddiaçı sığorta ASC-nin xeyrinə tutulması barədə yeni qətnamə çıxarİmasını xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında İddiaçı Sıgorta ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Qax Rayon Məhəməsinin xx.xx.2023-cü il tarixli, 2(024)-239/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında Cavabdeh oğlu apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmaması, iş üzrə Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(024)-239/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı aydın olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.2-ci maddəsinə əsasən delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindənhüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
22. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun; 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
24. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. İddiaçı Qax Rayon Məhəməsinin xx.xx.2023-cü il tarixli, 2(024)-239/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
28. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və ya müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
29. Tərəflər arasında yaranmış münasibətlər sığorta müqaviləsi üzrə, hazırki mübahisə isə subroqasiya hüququ üzrə yaranmışdır.
30. Hazırkı halda subroqasiya qaydasında verilən iddia tələbinin maddi hüquqi əsasını “İcbari sığortalar haqqında” Qanunun 63.1-ci maddəsi təşkil edir.
31. İddia ərizəsindən görünür ki, İddiaçı Sıgorta ASC subroqasiya tələbinin faktiki əsası kimi Cavabdeh oğlunun yol nəqliyyat hadisəsinin baş verməsindən sonra hadisə yerindən yayınmasına istinad edir.
32. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə görə bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
33. Məhkəmə kollegiyası apellyatorun Qax Rayon Məhkəməsinin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı sübut kimi qiymətləndirməməsi və cavabdehin təqsirli olmasını şübhə altına almasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
34. Göründüyü kimi mülki prosessual qanunvericilikdə ibtidai araşdırma orqanın qəbul etdiyi cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarının mülki işə baxılarkən preyudisiallığa malik olması imkanları nəzərdə tutulmamışdır.
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh oğlu tərəfindən Polis İdarəsində verdiyi izahatdan da onun baş vermiş yol nəqliyyat hadisəsində təqsirli olmasının aydın olmasına baxmayaraq, bu halın məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilməməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan Cavabdeh oğlunun 06 iyul 2020-ci il tarixdə Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə verdiyi izahatdan görünür ki, o, həmin izahatında 04 iyul 2020-ci ilo tarixdə saat 22:35 radələrində etibarnamə ilə idarə etdiyi “Ford Tranzit” yük markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi yolunda Bakı Beynəlxalq avtovağzalı ilə Rahat market arasında olan hissədə 4 zolaqlı yolun sağdan sola doğru 3-cü zolağı ilə Quba rayonu istiqamətində 80 km/saat sürətlə hərəkət etdiyini, bu zaman Biləcəri yoluna keçmək məqsədi ilə sağa doğru manevr etdiyini, bu anda tappıltı səsi eşitdiyini, boylanıb avtomobilinin sağ tərəfində hərəkətdə olan motosikletə dəydiyini gördüyünü, ona görə təxminən 100 metr irəlidə avtomobili dayandırdığını, düşüb arxaya boylandğını, amma nə motiosikleti, nə də sürücünü görmədiyini, yenə sükan arxasına oturub Sulutəpə dairəsinədək getdiyini, motosikleti sürücüsünü görə bilmədiyi üçün bundan sonra evinə getdiyini göstərmişdir.
36. Kollegiya qeyd edir ki, cavabdehin ibtidai araşdırma orqanına verdiyi izahatından göründüyü kimi o, hadisə yerindən yayınması kimi bir fikir ifadə etməmişdir. Hadisə baş verdikdən sonra cavabdehin nəqliyyat vasitəsini saxlayıb yerə düşməsi, ətrafa nəzər yetirməsi, lakin digər hərəkət iştirakçısını görməməsi səbəbli hərəkətini davam etdirməsi şəxsin hadisə yerindən yayınması kimi şərh edilə bilməz.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh oğlunun yol nəqliyyat hadisəsindən sonra “Haojue HJ” markalı 99 A 928 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini hadisə yerində görmədiyini qeyd etsədə, etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heçbir mötəbər sübut təqdim etməməsinə dair dəlilini də əsaslı hesab etmir.
38. Belə ki, nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
39. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
40. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Yəni ilk öncə iddiaçı iddia tələbinin əsaslılığını sübuta yetirməli, bundan sonra cavabdehin etirazının iddia tələbinin əsaslılığını istisna edəcək dərəcədə olan dəlilləri dəyərləndirilməlidir. İddiaçı öz iddia tələbinin əsaslılığını sübuta yetirə bilmirsə bu halda cavabdehin etirazının əsaslılığı məsələsinin əlavə olaraq dəyərləndirilməsinə zərurət müəyyən edilmir.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
42. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir.
43. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı Sıgorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Qax Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2(024)-239/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Sıgorta Şirkəti ASC tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2(024)-239/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.