Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-626/2025 21.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Azəriqaz" İstehsalat Birliyinin Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: apellyasiya qeyri-mümkün, müddətin ötürülməsi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı “Azəriqaz" İstehsalat Birliyinin Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, e-2(014)- 295/2025 saylı qətnaməsindən iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN E T D İ: İddiaçı “Azəriqaz" İstehsalat Birliyi cavabdeh Ağdaş rayonu Maşad kəndində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 167.86 manat və İtirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 4147.20 manat, cəmi 4315.06 əsas borcun, əvvəlcədən ödənilmiş 63,16 manat dövlət rüsumun və 0.40 qəpik bank xidmət haqqının, ümumilikdə isə 4378.62 (dörd min üç yüz yetmiş səkkiz manat altmış iki qəpik) manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, e-2(014)-295/2025 saylı qətnaməsi ilə (hakim Cavid Sultanov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh sayğac göstəricisinə görə 90,39 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, 0,40 qəpik bank xidmət haqqının əvəzi tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, e-2(014)-295/2025 saylı qətnaməsindən narazı qalan iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən 22 aprel 2025-ci il tarixində apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti 12 may 2025-ci il tarixdə, baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, e-2(014)-295/2025 saylı qətnaməsi 19 mart 2025ci il tarixdə hakimin gücləndirilmiş elektron imzası ilə imzalanaraq elektron kabinetə yerləşdirilmişdir. Həmin vaxt iddiaçının nümayəndəsi Nümayəndə elektron kabineti mövcud olmuş, iddiaçının nümayəndəsi qətnaməni elektron kabinet vasitəsilə almışdır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, qətnamə 19 mart 2025-ci ildə iddiaçının nümayəndəsinin elektron kabinetinə yerləşdirilməklə sonuncuya rəsmi qaydada verilmiş hesab edildiyindən onun iş üzrə qətnamədən şikayət vermə müddəti həmin tarixdən başlamış və 19 aprel 2025-ci ildə başa çatmışdır. 19 aprel 2025-ci il tarixi qeyri iş gününə (şənbə) təsadüf etdiyindən, qətnamədən şikayət vermənin son müddəti 21 aprel 2025-ci il tarixi hesab edilməlidir. Hazırki iş üzrə isə, apellyasiya şikayəti 22 aprel 2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, iddiaçının nümayəndəsi apellyasiya şikayətini 22 aprel 2025-ci il verməklə məhkəmə qətnaməsindən qanunla müəyyən edilmiş 1 (ay) müddət ötürülmüş və prosessual müddətin bərpa olunması barədə vəsatət də verilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən halları araşdırmadan, apellyasiya şikayətinin müəyyən edilmiş müddət ərzində verilib-verilməməsini, bir sözlə apellyasiya şikayətinin MPM-yə uyğunluğunu yoxlamadan, verilmiş şikayəti geri qаytаrmаlı оlduğu hаldа, səhvə yоl verərək оnu baxılması üçün apellyasiya məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə görə Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129.3–cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-ci maddəsinə əsasən apellyasiya şikayəti qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində verilir. Həmin Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci mаddəsində deyilir ki, əgər аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr yоxdursа, о, qəbul оlunmаmış hesаb edilə bilər. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə kоllegiyаsı hesаb edir ki, Ağdaş Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, e-2(014)-295/2025 saylı saylı qətnaməsindən iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikayəti qeyri-mümkün hesаb edilməlidir. Həmin Məcəllənin 402.2.1-ci maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 366, 400, 402-403 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərаrааldı: Ağdaş Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, e-2(014)-295/2025 saylı saylı qətnaməsindən iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikayəti qeyri-mümkün hesаb edilsin. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-626/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-626/2025
21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver