Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-64/2024 12.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Zaqatala rayonu 2 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X21 qızının katibliyi, İddiaçı2(eyni zamanda digər iddiaçılar İddiaçı1 və İddiaçı3 nümayəndəsi) iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Zaqatala rayonu 2 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin e-2(033)- 669/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları X16 Xodayeva 24 avqust 1986-cı il tarixdə rəsmi nikahlarını qeyd etdirməklə ailə qurmuş, birgə nikahlarından hazırki iş üzrə iddiaçılar- Vüqar, Mahir və Nigar doğulmuşdur. Tünzalə Xodayeva 11 may 2002-ci ildə vəfat etmişdir. 02 dekabr 2003-cü ildə X23 Məmmədova(hazırki iş üzrə cavabdeh) ilə nikah bağlamış, birgə nikahlarından Fərid adlı uşaqları doğulmuşdur. Məmməd Şabanov 24 aprel 2008-ci ildə vəfat etmişdir. 01 noyabr 2012-ci il tarixdə İddiaçı1, İddiaçı2, X13, Cavabdeh1 və X11 Məmməd Şabanovun birinci növbə vərəsələri kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2012-ci il tarixdə həmin şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və fərdi yaşayış evinin yerləşdiyi 0,02945 ha torpaq sahəsinin hər bir vərəsəyə münasibətdə 1/5 hissədə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Zaqatala rayonu 2 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 01 noyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin fərdi yaşayış evinə dair hissədə etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın fərdi yaşayış evinə dair hissədə ləğv olunması və fərdi yaşayış evinə dair vərəsələrin paylarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələblərini belə əsaslandırmışlar ki, miras əmlak olan fərdi yaşayış evi valideynlərinin birgə nikah dövründə 1989-cu il tarixdə inşa olunmuşdur. X17 xx.xx.2002ci il tarixdə vəfat etmişdir. Həmin fərdi yaşayış evi birgə nikah dövründə inşa edildiyi üçün onun 1/2 hissəsi mərhum analarına məxsus olmalıdır. Bunun üçün Notariat Kontoru tərəfindən fərdi yaşayış evinin atalarının payına düşən hissəsinə yəni 1/2 hissəsinə vərəsəlik açılmalı olduğu təqdirdə fərdi yaşayış evinə tam şəkildə vərəsəlik açılmış və vərəsələrə pay verilmişdir. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarının 117-ci bəndində qeyd olur ki, nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, sağ qalmış ərə (arvada) ər-arvadın ümumi əmlakında paya mülkiyyət hüququ haqqında şəhadətnamə nikah dövründə əldə edilmiş ümumi əmlakın yarısına verilir. Ər-arvadın biri öldükdə, əmlak isə ər-arvadın birgə nikah dövründə əldə edilibsə və sağ qalan ərin (arvadın) adına rəsmiləşdirilibsə (qeydə alınıbsa), ölənin mirası qəbul etmiş vərəsələrinin ərizəsi əsasında sağ qalmış ərin (arvadın) razılığı ilə ölmüş ərin (arvadın) ümumi əmlakından pay da müəyyən edilə bilər. Bu pay əmlakın 1/2 hissəsindən ibarət olmalıdır. Həmin pay müəyyənləşdiriləndən sonra qanuni vərəsələrin vərəsəlik hüququ haqqında şəhadətnamə almağa hüququ var. Bunun üçün notariat orqanı tərəfindən verilən qanun üzrə vərəsəlik şəhadətnamələri etibarsız hesab edilməli və onun əsasında verilmiş çıxarışlar ləğv olunmalıdır. Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, hazırki mübahisə üzrə iddia müddəti keçmişdir. Odur ki, iddia tələbi rədd edilməlidir. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(033)- 669/2022 nömrəli iş üzrə qəbul etdiyi 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim V.Məmmədov) iddia tələbi təmin edilməmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, vərəsəlik zamanı ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsini tələb etmək hüququ sağ qalmış ərə (arvada) aid olduğundan, X7 isə xx.xx.2008-ci il tarixdə ölmüş X8 əvvəl, xx.xx.2002-ci il tarixdə ölməklə sonucunun ölümü ilə əlaqədar mirasın açıldığı vaxt sağ olmadığından, eləcə də, iddiaçılar analarının ölümündən sonra onun ümumi əmlakdan payının müəyyən edilməsi barədə ərizə vermədiklərindən, X14 da sağlığında buna razılıq bildirmədiyindən X5 ümumi əmlakdan payı müəyyən edilməmiş və iddiaçıların sonuncunun vərəsələri olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə almaq hüquqları yaranmamışdır. Rayon Məhkəməsi mövqeyini “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 117-ci bəndinə, “Notariat haqqında” Qanunun 62, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1159.1.1, 1162, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı2 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1459/2022 nömrəli iş üzrə 22 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və R.Rəfiyev) apellyasiya şikayəti təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(033)-669/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilmiş, Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 01 noyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin fərdi yaşayış evinə dair hissədə etibarsız hesab edilməsi, xx.xx.2012-ci il tarixli dövlət reyestrindən çıxarışın fərdi yaşayış evinə aid hissədə ləğv edilməsi, fərdi yaşayış evinə dair vərəsələrin paylarının müəyən edilməsi, 11 may 2002-ci il tarixdə X3 miras qalan ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi üzərində yerləşən əmlakın 1/2 hissəsində İddiaçı1 1/8 hissədə, İddiaçı2 1/8 hissədə, İddiaçı3 1/8 hissədə paylarının müəyyən edilməsi, X12 düşən evin ½ hissəsindən İddiaçı1 1/10 hissədə, İddiaçı2 1/10 hissədə, İddiaçı3 1/10 hissədə, Cavabdeh1 1/10 hissədə, X11 1/10 hissədə payların müəyyən edilməsi, fərdi yaşayış evindən X10 mərhum arvadı X4 qalan 1/8 hissəsindən İddiaçı1 1/40 hissədə, İddiaçı2 1/40 hissədə, İddiaçı3 1/40 hissədə, Cavabdeh1 1/40 hissədə, X11 1/40 hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırda mübahisə predmeti olan fərdi yaşayış evi mərhum X14 ilə mərhum X5 birgə nikah dövründə tikilmişdir. ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi X6 məxsus olduğundan, 01 noyabr 2012-ci il tarixli 2V-1604 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə də etibarsız hesab edilməlidir. ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi üzərində yerləşən əmlakın 1/2 hissəsi X6 məxsus olduğundan, ondan miras qalmış əmlakdan İddiaçı1 1/8 hissədə, İddiaçı2 1/8 hissədə, İddiaçı3 1/8 hissədə, X10 1/8 hissədə payları olmuşdur. Cavabdeh1 kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (bundan sonrakassasiya instansiyası məhkəməsi) 2(102)-1850/2023 nömrəli iş üzrə 03 may 2023-ci il tarixli qərarı ilə (hakimlər – Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.Əhmədova və V.Həsənov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından mübahisəsiz qaydada görünür ki, Məmməd Şabanovun birinci növbə qanun üzrə vərəsələri, yəni iddiaçılar və cavabdeh notariusa ünvanladıqları ərizələrində miras əmlakın ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət olduqlarını bildirmişlər. İddiaçıların hazırda etibarlılığını mübahisələndirdikləri vərəsəlik hüququ haqqında şəhadətnamədə də daşınmaz əmlak bütövlükdə miras əmlak kimi göstərilmişdir. Mübahisəli əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olmasını istisna edilməsə də, işin digər bir halı da əmlakın 2006-cı ildə dövlət qeydiyyatına alınmasıdır. Şəhadətnamə verildikdən sonra daşınmaz əmlak üzərində vərəsələrin hər birinin 1/5 hissədə mülkiyyət hüquqları qeydə alınmışdır. Həmin vaxtdan 10 ilə yaxın müddət keçdikdən sonra isə iddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Qeyd edilən normanın dispozitiv şərtlərindən göründüyü kimi bu tip mübahisələrə dair iddia o vaxt təmin edilə bilər ki, vərəsə mirası qəbul etsin və ya onun qəbulundan imtina etsin və bu hərəkətin mübahisələndirilməsi şəxsə müvafiq əsas məlum olduğu gündən 2 ay müddətində edilsin. Əvvəla nəzərə alınmalıdır ki, mirasın faktiki və notariat orqanına ərizə verməklə qəbulunun əsasında son nəticədə mirasa vərəsəlik hüququ haqqında şəhadətnamə verilir və qeyd edilən hala görə açılmış mirasa vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mirasın qəbulunu təsbit edən şərtsiz sübutdur. İkincisi, işin hallarından göründüyü kimi atalarından qalmış mirasın qəbulu ilə bağlı hərəkət (vərəsəlik şəhadətnaməsinin verilməsinə yönəlmiş müraciət) bilavasitə iddiaçıların özləri tərəfindən edildiyindən müvafiq əsasın mövcudluğu, yəni analarından miras qalmış əmlaka dair hüquqlarının rəsmiləşdirilməməsi onlara vərəsəlik şəhadətnaməsinin verildiyi gün məlum olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, Mülki Məcəllənin 1272-ci maddəsində göstərilən müddət kəsici müddət olduğundan işə baxan apellyasiya instansiyası məhkəməsi həmin müddətin tətbiqi ilə bağlı məsələni müzakirə etməklə iddiaya qiymət verməli idi. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Mübahisələndirilən fərdi yaşayış evi iddiaçıların mərhum valideynlərinin birgə nikah dövründə (1989-cu ildə) əldə olunmuşdur. Fərdi yaşayış evi mərhum X7 vəfat etdikdən sonra iddiaçıların mərhum ataları X10 adına qeydiyyata alınmışdır. Mirası qəbul edən vərəsə mərhum X14 və iddiaçılardır. Belə olan təqdirdə iddiaçıların fərdi yaşayış evindən X1 hissəsinə pay almaq hüquqları vardır. Məhkəmə qərar qəbul edərkən səhv hüquqi nəticəyə gəlmiş, Nazirlər Kabinetinin qərarına düzgün hüquqi qiymət verməmişdir. Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi ərizəsi onu deməyə əsas verir ki, cavabdeh iddialarının əsaslı olması ilə razılaşır, lakin məhkəmədən iddia müddətinin tətbiq olunmasını xahiş edir. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 117-ci bəndinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, sağ qalmış ərə (arvada) ər-arvadın ümumi əmlakında paya mülkiyyət hüququ haqqında şəhadətnamə nikah dövründə əldə edilmiş ümumi əmlakın yarısına verilir. Ər-arvadın biri öldükdə, əmlak isə ər-arvadın birgə nikah dövründə əldə edilibsə və sağ qalan ərin (arvadın) adına rəsmiləşdirilibsə (qeydə alınıbsa), ölənin mirası qəbul etmiş vərəsələrinin ərizəsi əsasında sağ qalmış ərin (arvadın) razılığı ilə ölmüş ərin (arvadın) ümumi əmlakından pay da müəyyən edilə bilər. Bu pay əmlakın 1/2 hissəsindən ibarət olmalıdır. Həmin pay müəyyənləşdiriləndən sonra qanuni vərəsələrin vərəsəlik hüququ haqqında şəhadətnamə almağa hüququ var. Lakin məhkəmənin mövqeyinə əsasən vərəsəlik zamanı ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsini tələb etmək hüququ sağ qalmış ərə (arvada) aid olduğundan, xx.xx.2002-ci il tarixdə ölmüş X2 Məmməd Camal oğlundan əvvəl, xx.xx.2002-ci il tarixdə ölməklə sonuncunun ölümü ilə əlaqədar mirasın açıldığı vaxt sağ olmadığından, eləcə də, iddiaçılar analarının ölümündən sonra onun ümumi əmlakdan payının müəyyən edilməsi barədə ərizə vermədiklərindən, X14 da sağlığında buna razılıq bildirmədiyindən X5 ümumi əmlakdan payı müəyyən edilməmiş və iddiaçıların sonuncunun vərəsələri olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə almaq hüquqları yaranmamışdır. Bildirir ki, anaları vəfat etdikdə onlar azyaşlı olmaqla, hüquq və vəzifələrini qanuni nümayəndələri tərəfindən həyata keçirilmişdir. Məhkəmənin mövqeyinə görə onlar azyaşlı olsalar da analarının ölümündən sonra ümumi əmlakdan payın müəyyən edilməsi barədə ərizə verə bilərdilər. Halbuki, həmin vaxt azyaşlı olduqları üçün öz hüquq və vəzifələrini müstəqil şəkildə həyata keçirə bilməzdilər. X1 ümumi əmlakdan payının müəyyən olunmaması, hazırki iddia tələblərinin rədd olunması üçün əsas ola bilməz. Fərdi yaşayış evi 0,03 ha torpaq sahəsində 1989-ci il tarixdə inşa olunduğu üçün birgə nikah dövründə əldə olunmuş əmlak kimi mərhum X5 əmlakdan payı müəyyən olunmalı idi. 01 noyabr 2012-ci il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilərkən şəhadətnamədə qeyd olunur: Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında 0,03 ha torpaq sahəsində mərhuma düşən hissəsində yerləşən, 1989-cu ildə tikilmiş, 1 mərtəbəli, 73.2 kv m yaşayış, 42 kv.m yardımçı, 115 kv.m ümumi sahəsi olan 4 otaqlı fərdi yaşayış evindən ibarətdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən aydın olur ki, vərəsəlik mərhum ataları X10 payına düşən 1989-cu ildə tikilmiş fərdi yaşayış evinə dair hissədə açılmışdır. Digər hissədə (analarının payına münasibətdə) vərəsəlik açılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı tam yoxlanılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Cavabdehlər Cavabdeh1, Zaqatala rayonu 2 saylı Notariat Ofisi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X15 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə məhkəmə prosesinə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarına əsasən işin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçılar miras qoyan Məmməd Şabanovun birinci nikahından, yəni 2002-ci il tarixdə vəfat etmiş Tünzalə Xodayeva ilə birgə nikahlarından doğulmuş övladları, Cavabdeh1 isə isə miras qoyanın 2003-cü il tarixdə nikah bağladığı arvadıdır. Miras qoyan Məmməd Şabanov 24 aprel 2008-ci il tarixdə vəfat etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, o cümlədən Cavabdeh1 (həmçinin azyaşlı Fərid Şabanovun və Nigar Şabanovanın adından) mərhum Məmməd Şabanovun birinci növbəli qanun üzrə vərəsələri kimi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariat orqanına müraciət etmişlər. 01 noyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə iddiaçılar, Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Fərid Şabanovun miras əmlak- ünvan 1 ünvanında 0,03 ha torpaq sahəsində mərhuma düşən hissəsində yerləşən, 1989-cu ildə tikilmiş, birmərtəbəli, 73.2 kv m yaşayış, 42 kv.m yardımçı, 115 kv.m ümumi sahəsi olan 4 otaqlı fərdi yaşayış evindən bərabər paylarla irs almaq hüququ təsdiq edilmişdir. Həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında sözügedən əmlak üzərində iddiaçıların, Cavabdeh1 və üçüncü şəxs Fərid Şabanovun mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. İddiaçılar hazırda 01 noyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini tələb edirlər, tələblərinin əsasını isə miras əmlakın atalarının ayrıca əmlakı deyil, anaları ilə birgə nikah dövründə əldə edilmiş əmlak olması təşkil edir. Belə ki, iddiaçıların irəli sürdüyü arqumentlərə görə, miras əmlakın predmeti olan fərdi yaşayış evi valideynlərinin birgə nikah dövründə inşa edildiyindən, analarının həmin əmlaka 1/2 hissədə mülkiyyət hüququ mövcud olmuş və atalarının payı əmlakın qalan 1/2 hissə və arvadından aldığı miras keçən hissə ilə məhdudlaşmışdır. Başqa sözlə, mübahisəli əmlaka dair Məmməd Şabanovun 5/8 hissədə, iddiaçıların hər birinin isə 1/8 hissədə payları olmuşdur. Bu səbəbdən, 01 noyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərəflərin əmlakla bağlı həqiqi hüquqi vəziyyətini əks etdirməmişdir, Məmməd Şabanovun vərəsələri fərdi yaşayış evinin 5/8 hissəsindən irs almalı olduqları halda, əmlak tam olaraq miras əmlak kütləsinə daxil edilmişdir. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində analoji hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 mart 2022-ci il tarixli Qərarında ifadə edilmişdir. Belə ki, həmin Qərarın məzmunundan görünür ki, N.Nadirov adlı şəxs Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş müddəti uzun müddət ötürməklə A.Nadirovaya, Quba Rayonu İcra Hakimiyyəti Başçısının İ Nügədi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə və Quba “ASAN xidmət” mərkəzinin notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 avqust 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini tələb etmişdir. Həmin iş üzrə qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə mübahisələndirilən vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş və qeyd edilən qətnamə kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Konstitusiya Məhkəməsi Plenumunun Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddət cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Mülki hüquqda müddət institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Məhkəmə qeyd edir ki, sözügedən vərəsəlik hüququ haqqında şəhadətnamənin məzmunu iddiaçıların iradəsini əks etdirən ərizələrinə uyğun olmuşdur, yəni miras əmlak kütləsinə daxil olan əmlakın tərkibi barədə vərəsələr arasında heç bir mübahisə olmamışdır. Halbuki, iddiaçılar həmin vaxt əmlakın valideynlərinin birgə əmlakı sayılmaqla, analarına aid hissəsinin Məmməd Şabanovdan qalan miras kütləsinə daxil edilməməsini, analarının vərəsəsi kimi həmin hissəyə paylarını mübahisələndirilə bilərdilər. Lakin iddiaçıların ümumiyyətlə belə bir tələbi olmamış, əksinə əmlakın bütünlükdə atalarına məxsus olmasını notariusa verdikləri ərizə ilə bəyan etmişlər. İddiaçıların hazırda etibarlılığını mübahisələndirdikləri vərəsəlik hüququ haqqında şəhadətnamədə də daşınmaz əmlak bütövlükdə miras əmlak kimi göstərilmişdir. Mübahisəli əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olması istisna edilməsə də, işin digər bir halı da əmlakın 2006-cı ildə dövlət qeydiyyatına alınmasıdır. Şəhadətnamə verildikdən sonra daşınmaz əmlak üzərində vərəsələrin hər birinin 1/5 hissədə mülkiyyət hüquqları qeydə alınmışdır. Həmin vaxtdan 10 ilə yaxın müddət keçdikdən sonra isə iddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Qeyd edilən normanın dispozitiv şərtlərindən göründüyü kimi bu tip mübahisələrə dair iddia o vaxt təmin edilə bilər ki, vərəsə mirası qəbul etsin və ya onun qəbulundan imtina etsin və bu hərəkətin mübahisələndirilməsi şəxsə müvafiq əsas məlum olduğu gündən 2 ay müddətində edilsin. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı, eyni zamanda digər iddiaçıların nümayəndəsi İddiaçı2 izahatında savadsız olduqlarından miras əmlakda analarının payının olduğunu bilmədiklərini, bu barədə yalnız 2021-ci ildə məlumatlı olduqlarını və yalnız bundan sonra 2022-ci ilin may ayında hazırki tələblə məhkəməyə müraciət etdiklərini bildirmişdir. Məhkəmə iddiaçının bu dəlilinə münasibətdə qeyd edir ki, iddiaçıların qanunu bilməmələri hazırki mübahisə üzrə kəsici müddətin tətbiq edilməsini istisna edə bilməz. Beləliklə, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakter daşıyr, dəlillər əsassızdır. Odur ki, Məhkəmə, MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alaraq və MPMnin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Zaqatala Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 sentyabr 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-64/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-64/2024
12.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver