Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-648/2021 19.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Qanuni nümayəndə iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tаrixli, 2(039)-1550/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən qeydiyyatının silinməsi tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin Yevlax şəhəri Pişəvəri küçəsi 3A, 5 nömrəli mənzilində istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsinə və cavabdehin həmin mənzildən qeydiyyatının silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tаrixli, 2(039)-1550/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, Cavabdeh onun sabiq həyat yoldaşıdır. Onlar 2004-cü ildə rəsmi nikaha daxil olmuşlar. Onların arasında olan rəsmi nikah 01.08.2013-cü il tarixdə ləğv edilmişdir. Həmin tarixdən etibarən cavabdeh hazırda yaşadığı ünvanda yaşayır. Bu səbəblə də artıq cavabdehin mübahisə predmeti olan mənzildən istifadə hüququna və yaşamasına ehtiyac qalmamışdır. Bundan əlavə iddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarına istina edərək bildirmişdir ki, “mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişdirməməlidir. İddiaçının cavabdeh ilə birgə nikahından övladları yoxdur və nikahlarının ləğv edilməsi zamanı aralarında heç bir əmlak mübahisəsi olmamışdır. Cavabdehlə ailə həyatı dövründə Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 nömrəli mənzili əvəzsiz olaraq onun adına özəlləşdirilmişdir. Həmin mənzilə dair mülkiyyət hüququ Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 30.10.2008-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəsi olan ******* nömrəli çıxarışa əsasən təsbit edilmişdir. 01 avqust 2013-cü il tarixdə cavabdehlə onun arasında nikahın ləğv edilməsinə baxmayaraq, həmin tarixdən uzun illər əvvəl onlar faktiki olaraq ayrılmış və faktiki olaraq ayrıldıqları tarixdən cavabdeh Yevlax rayonu Malbinəsi kəndində yaşayır. Eyni zamanda cavabdehin mübahisə predmeti olan mənzildən istifadə hüququna, yaşamasına ehtiyacı qalmamışdır. Hazırda yenidən ailə həyatı qurmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə çıxarılmalıdır. İddiaçı nümayəndəsi və vəkili Qanuni nümayəndə məhkəmə kollegiyasının iclasında iştirak edərək apellyasiya şikayətinin təmin edilməsini Yevlax Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tаrixli, 2(039)-1550/2020 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh heç bir üzürlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmiş və gələməməsinin səbəbləri barədə məhəkəmə kollegiyasına məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib iddiaçı tərəfin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tаrixli, 2(039)-1066/2019 saylı qətnаməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ƏMDK yanında DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsinin məhkəməyə təqdim etdiyi sənədlərdə Yevlax şəhəri Pişəvəri küçəsi 3A, 5 nömrəli mənzil (mübahisəli mənzil) Yevlax şəhər İcra Hakimiyyətinin 04 aprel 2008-ci il tarixli, 31 nömrəli orderi ilə Cavabdeh (hazırkı iş üzrə cavabdeh) və onun arvadı İddiaçı (hazırkı iş üzrə iddiaçı) istifadəsinə verilmişdir. Cavabdeh 24.10.2008-ci il tarixdə mübahisəli evin iddiaçı İddiaçı adına özəlləşdirilməsinə razılıq vermişdir. Beləliklə, mübahisəli evə 30.10.2008-ci ildə İddiaçı mülkiyyət hüququ qeydə alınsa da, hüquq münasibətləri yaranan zaman, yəni 04.04.2008-ci ildə mübahisəli ev dövlət mənzil fonduna aid olmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır: Cavabdehin mübahisəli mənzilə istifadə hüququ yarandığından və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən həmin hüquqa yalnız kompensasiya verilməklə xitam verilməsi nəzərdə tutulduğundan, iddiaçı isə hazırki halda cavabdehə kompensasiya təklif etmədiyindən iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini rədd etməkdə haqlı olsa da, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. İlk öncə kollegiya qeyd etməyi lazım bilir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin Cavabdeh Yevlax şəhəri, Pişəvəri küçəsi 3A, 5 nömrəli mənzildən qeydiyyatının silinməsi hissəsi üzrə icraata xitam verməli olduğu halda xitam verməmiş, işə mahiyəti üzrə baxaraq yekun məhkəmə aktı qəbul etməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini pozmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin Cavabdeh Yevlax şəhəri, Pişəvəri küçəsi 3A, 5 nömrəli mənzildən qeydiyyatının silinməsi hissəsi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb işdə olan sübutları tədqiq edib, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia ərizəsi və apelyasiya şikayəti əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə kollegiyası gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı, ******* №li, 30.10.2008-ci il tarixli çıxarışdan görünür ki, Yevlax şəhəri, Pişəvəri küçəsində istifadədə olan 0,094 ha torpaq sahəsində yerləşən 3A nömrəli, 1 mərtəbəli binanın 5-ci girişində, 1-ci mərtəbəsində, 138,79 kv.m ümumi, 95,5 kv.m yaşayış sahəsində ibarət 3 otaqlı 5 nömrəli mənzil tam mülkiyyət hüquq üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 161 nömrəli vərəqində qeydiyyata alınmışıdır. İş materiallarında olan Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 168640 №li nikah pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah qeydi 01.08.2013- cu il tarixdə ləğv edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Yevlax şəhəri Pişəvəri küçəsi 3A, 5 nömrəli mənzil (mübahisəli mənzil) Yevlax şəhər İcra Hakimiyyətinin 04 aprel 2008-ci il tarixli, 31 nömrəli orderi ilə Cavabdeh (hazırkı iş üzrə cavabdeh) və onun arvadı İddiaçı (hazırkı iş üzrə iddiaçı) istifadəsinə verilmişdir. Cavabdeh 24.10.2008-ci il tarixdə mübahisəli evin iddiaçı İddiaçı adına özəlləşdirilməsinə razılıq vermişdir. Beləliklə, mübahisəli evə 30.10.2008-ci ildə İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarına əsasən özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Kollegiya hesab edir ki, tərəflər arasında mübahisəli evlə bağlı münasibət 2000-ci ildən sonra yarandığından (kollegiya qeyd etməyi lazım bilir ki, mübahisəli evə dair iddiaçının mülkiyyət hüququ 30.10.2008-ci ildə qeydə alınmışdır) hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi tətbiq edilməlidir. Bu mövqe həmdə X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarına uyğundur. Belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd edilən Məcəllənin 228.5-ci maddəsində göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki: “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” Hazırkı halda isə iddiaçı tərəf cavabdehin uzun müddətdir başqa ünvanda yaşamağını və yaşayış sahəsinə ehtiyacının aradan qaldığına dair məhkəmələrə hər hansı bir sübut növü təqdim etməmişdir. Ona görə də kollegiya hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ yarandığından və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən həmin hüquqa yalnız kompensasiya verilməklə xitam verilməsi nəzərdə tutulduğundan, iddiaçı isə hazırkı halda cavabdehə kompensasiya təklif etmədiyindən, iddia tələbi və apellyasiya şikayəti əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehin uzun müddətdir başqa ünvanda yaşadığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və bununla da Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri iddianın və apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini rədd etməkdə haqlı olsa da, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tаrixli, 2(039)-1066/2019 saylı qətnаməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, Cavabdeh Yevlax şəhəri Pişəvəri küçəsi 3A, 5 nömrəli mənzilində istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsi barədə iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 385, və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tаrixli, 2(039)-1550/2020 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia tələbi Cavabdeh Yevlax şəhəri Pişəvəri küçəsi 3A, 5 nömrəli mənzilində istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsi hissəsində təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-648/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-648/2021
19.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver