Məhkəmə qərarları › İş №2(107)-649/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-649/2022

04.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-649/2022 04.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və qeyriləri, Cavabdeh1, maraqlı şəxslər Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın dövlət reyestri xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə və X13 Xidmət mərkəzinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında 25 iyul 2019-cu il tarixli vərəsəlik şəhadətnaməsinin və ********** qeydiyyat nömrəli 14 avqust 2019-cu il tarixli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi, yuxarı instansiya məhkəməsinin qanuni göstərişi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil3, İddiaçı2, Cavabdeh1 və onun nümayəndəsi X2 iştirakları ilə, Yevlax Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tаrixli 2(039)-1096/2021 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X11 Cavabdeh1 və maraqlı şəxslər Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsinə və X13 xidməti mərkəzinə qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında 25 iyul 2019-cu il tarixli vərəsəlik şəhadətnaməsinin və ********** qeydiyyat nömrəli 14 avqust 2019-cu il tarixli çıxarışın etibarsız hesab olunaraq ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 25 iyul 2019-cu il tarixli vərəsəlik şəhadətnaməsinin və ********** qeydiyyat nömrəli 14 avqust 2019-cu il tarixli çıxarışın etibarsız hesab olunaraq ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdilər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X11 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, şəhadətnamənin ləğvi və çıxarışın ləğvi ilə bağlı iddia tələblərinə miras əmlakın vərəsələr arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdilər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası ölməmişdən əvvəl onun evində yaşamış və atasına o baxmışdır. Bacısı Əfruz gəlini ilə dolanmadığından onun oğlu ailəsi ilə birlikdə həmin evə köçərək orada yaşayır. Mirası faktiki olaraq heç biri qəbul etməmişdir. Lakin Əfruz özünü tək vərəsə kimi göstərərək, vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Atasının ölümündən sonra bacıların hamısının şifahi razılığı əsasında Əfruzun oğlu və gəlini həmin evə köçərək yaşamasına razılıq verilmişdir. Lakin oğlu orada birgə yaşayış qaydalarına riayət etmir. Onun orada yaşaması qonşular tərəfindən də pis qəbul olunur. Əfruz özü həmin evə ayda 1 dəfədən artıq getməmişdir. Yevlax Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 2(039)-1096/2021 saylı (hakim Ruslan Əlizadə) qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X6 Cavabdeh1 və maraqlı şəxslər Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsinə və X13 xidməti mərkəzinə qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında 25 iyul 2019-cu il tarixli vərəsəlik şəhadətnaməsinin və ********** qeydiyyat nömrəli 14 avqust 2019-cu il tarixli çıxarışın etibarsız hesab olunaraq ləğv edilməsi» tələbinə dair iddiası rədd edilmişdir. Yevlax Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tаrixli 2(039)-1096/2021 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Akif Eyvazov - sədrlik edən və məruzəçi, Gündüz Abbasov, İmanverdi Şükürov) 29 sentyabr 2021-ci il tarixli, 2(107)- 1787/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Yevlax Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(039)-1096/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(107)-1787/2021 saylı qətnaməsindən İddiaçı1 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-1067/2022 saylı qərarı ilə, İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(107)-1787/2021 saylı qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli (hakim Ruslan Əlizadə) qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X6 Cavabdeh1 və maraqlı şəxslər Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsinə və X13 xidməti mərkəzinə qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında 25 iyul 2019-cu il tarixli vərəsəlik şəhadətnaməsinin və ********** qeydiyyat nömrəli 14 avqust 2019-cu il tarixli çıxarışın etibarsız hesab olunaraq ləğv edilməsi» tələbinə dair iddiası rədd edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X1 Mayıl Əvəz qızı 08 avqust 1955-ci il tarixdə evlənmişlər. Birgə nikahlarından beş övladları olmuşdur. X10 vəfat etmişdir. X12 isə 30 iyun 2016-cı il tarixdə vəfat etmişdir. X5 Vaz 21213 minik markalı ** GL *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi, Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən torpaq sahəsini və fərdi yaşayış evi miras qalmışdır. İddiaçılar mirası nə faktiki, nə də rəsmi olaraq qəbul etməmişlər. Cavabdeh isə mirası faktiki olaraq qəbul etmiş və oğlunun həmin evə yerləşdirmişdir. İddiaçıların bundan xəbərləri olmuşdur. Cavabdeh 25 iyul 2019-cu il tarixdə notariat ofiinə müraciət edərək, X5 miras qalmış Vaz 21213 minik markalı ** GL *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini, Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən torpaq sahəsini və fərdi yaşayış evini rəsmi olaraq qəbul etmişdir. Bu barədə cavabdehin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh həmin vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən torpaq sahəsinə və fərdi yaşayış evinə dair adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. İddiaçılar cavabdehin özünü tək vərəsə kimi göstərərək mirası qəbul etdiyini əsas gətirərək, mirası qəbul etdiyindən məhkəməyə müraciət edərək, vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişlər. İddiaçıların vərəsəliyin qəbul edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətdən məlumatları olmuş və onlar mirası nə faktiki, nə də qanun üzrə qəbul etməmişlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır: Məhkəmə qeyd etmişdir ki, iddiaçılar atasının ölməsi məqamına mirası faktiki qəbul etməmişlər, miras əmlakın idarə edilməsində iştirak etməmişlər, mirasın qəbulu ilə bağlı müvafiq ərizə ilə notariat kontoruna müraciət etməmişlər, hüquqlarını rəsmiləşdirməmişlər. Cavabdeh tərəf, Cavabdeh1 iddiaçıların razılığı ilə həmin evə yiyələnmiş və həmin evi miras kimi faktiki qəbul etmiş, oğlu ilə gəlinin həmin evə yerləşdirmişdir. Belə ki, mirasın faktiki qəbul edilməsi dedikdə, vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunudan belə bir nəticəçıxarmaq mümkün olur ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Mirası faktiki qəbul edilməsi - miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək üsulları vasitəsi ilə həyata keçirilir. Qeyd edilən üsullar müxtəlif yollarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi, miras qoyanla birlikdə yaşayan vərəsənin sadəcə olaraq həmin mənzildə yaşamaqda davam etməsi, əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi; vərəsənin miras əmlakı götürüb öz evinə aparması və s. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçılar mirası qəbul etmədiyinə görə cavabdehin adına verilmiş vərəsəlik şəhadətnaməsini mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Belə ki, miras əmlakla bağlı mübahisə açmaq və vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək hüququna yanız miras əmlakı qəbul etmiş vərəsələr malikdir. Hazırkı işdə də iddiaçılar vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək üçün əvvəla mirası əmlakı qəbul etmələrini sübut etməlidirlər. Lakin iddiaçıların mirası əmlakı qəbul etməsi müəyyən olunmur. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X6 Cavabdeh1 və maraqlı şəxslər Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsinə və X13 xidməti mərkəzinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında 25 iyul 2019-cu il tarixli vərəsəlik şəhadətnaməsinin və ********** qeydiyyat nömrəli 14 avqust 2019-cu il tarixli çıxarışın etibarsız hesab olunaraq ləğv edilməsi və mirasə əmlakın bərabər bölünməsi tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113.1, 117.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2, 1134.1, 1134.2, 114, 1146, 1243.1, 1243.2, 1246-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 217.4-cü maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün olmayan hüquqi nəticəyə gələrək işi hərtərəfli, obyektiv və qərəzsiz şəkildə araşdırmadan maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, xx.xx.2021-ci il tarixli 147 saylı Yevlax rayonu Qoyunbinəsi bələdiyyəsi tərəfindən verilən arayış -bu arayışla təsdiq edilir ki, miras qoyan Səlimov Musa 1994-cü ildən ölən günə qədər qızı -İddiaçı1 evində onun himayəsində yaşamışdır, Bakı şəhəri Nəsimi rayonu, 77 saylı MKİS tərəindən verilən 531 saylı xx.xx.2021 tarixli arayış- bu arayışla təsdiq edilir ki, miras qoyan X12 xx.xx.1997-ci il tarxidən xx.xx.2016-cı il tarixə qədər İddiaçı1 xüsusi mülkiyyəti olan Bakı şəhəri Hüseyn Seyidzadə küç ev 17, mənzil 4-də daimi pasport qeydiyyatında olmuşdur (ölümünə 2 ay qalana qədər) Yevlax rayonu Qoyunbinəsi kənd İcra Nümayəndəsi tərəfindən verilən xx.xx.2021-ci il tarixli 658 saylı arayış- bu arayışla təsdiq edilir ki, miras qoyan X12 1994-cü ildən ölən tarixə2016-cı ilə qədər qızı (iddiaçı) İddiaçı1 evində onunla yaşamış və X4 Təranə baxmışdır. Yuxarıda qeyd edilənlərə və xüsusən də 5-ci bənddə qeyd edilən tərəflər arasındakı faktiki hallara dair həm iddiaçılar həm də cavabdeh özünün məhkəməyə verdiyi izahatı ilə təsdiq edilir ki, miras açılan vaxt-yəni 30 iyun 2016-cı il tarixdə və ondan sonrakı tarixlərdə miras fərdi yaşayış evinin faktiki sahibliyi İddiaçı1 olmuş və məhz İddiaçı1 razılığı ilə bacısı oğlu həmin evə müvəqqəti olaraq köçməsinə razılıq vermişdir. (Cavabdehin məhkəməyə verdiyi izahatda bacılarının razılığı ilə oğlunun köçməsi etiraf edilmişdir) . Belə ki, həm qeyd edilən arayışlarla həm də cavabdehin izahatı ilə təsdiq edilir ki, miras əmlakı məhz İddiaçı1 miras açılan gündən faktiki olaraq qəbul etmiş və qanunvericiliyin tələbinə görə də mirası faktiki qəbul etdiyi vaxtdan da ona mülkiyyət hüququ yaranmışdır. Belə ki, miras qoyanın 5 qızının hər birinin öz ayrıca yaşayış evləri olduğu üçün, qeyd edilən fərdi yaşayış sahəsi baxımsız qalmaması və bacsı oğlunun ailəsinin öz anası (cavabdeh ilə) ailə münaqişələri olması, bacısı oğlunun başqa yaşayış yerinin olmamasını nəzərə alıb müvəqqəti olaraq miras evə köçməsinə razılıq vermişdir. Bundan başqa iş materialları və tərəflərin izahatında da göründüyü kimi miras əmlaka cavabdehin oğlunun müvəqqəti köçməsi məhz vərəsələrin razılığı ilə olmuşdur ki, bu da miras əmlak üzərində idarəçiliyin, faktiki sahibliyə dair iradə ifadəsini ifadə edir. Cavadehin məhkəməyə bildirdiyi dəlil-yəni guya miras əmlak digər vərəsələrin razılığı ilə məhz cavadehə verilməsi isə iş materiallarına əlavə edilmiş “vərəsəlik işinə dair notariat işinin” materialları ilə təkzib edilir. Vərəsəliyə dair “notariat işində” olan cavabdeh tərəfindən verilən xx.xx.2019-cu il tarixli ərizədə cavabdeh notariusa ondan başqa vərəsələrin olmadığını bəyan edir və notariusa yalan məlumat verməklə mübahisə predmeti olan vərəsəlik şəhadətnaməsinin alınmasına nail olur. Bundan başqa, iş materiallarına əlavə edilən Ölüm haqqında Şəhadətnamədən görünür ki, miras qoyan Musa Səlimov xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Yəni miras açılan tarix-xx.xx.2016-cı il tarixdir. Məhkəmədə cavabdehin təkzibi isə bundan ibarətdir ki, guya iddiaçılar miras əmlakı ona vermişlər. Cavadeh öz təkzibini əsaslandıra bilmir ki, hansı əsasla 2016-cı ildə vərəsəlik şəhadətnaməsinin alınması üçün müraciət etməmiş, hansı əsasla 3 il sonra notariusa müraciət etmiş və xüsusi ilə hansı əsasla notariusa müraciıt zamanı qanun üzrə vərəsələrin sayı və kimlikləri barədə bilə-bilə yalan məlumat vermişdir. (Əgər digər vərəsələr razı idisə o halda notariusa ərizə verə bilərdilər və ya yalan məlumat verməyə ehtiyac qalmazdı). İş materiallarına əlavə edilmiş bütün yazılı sənədlər, iddiaçıların izahatları və cavabdeh tərəfin verdiyi izahatla müəyyən edilir ki, miras fərdi yaşayış evi üzərində həm mirasqoyanın sağlığında həm də onun ölümündən sonra faktiki qəbul etmə, miras əmlakı faktiki idarə etmək yolu ilə məhz İddiaçı1 olmuşdur. İddiaçı1 faktiki razılığı ilə əmlakın saxlanması və normal təsərrüfatın aparılmasının təmin etmək üçün cavabdehə deyil, onun oğluna müwəqqəti olaraq köçüb yaşamağa icazə verilmişdir. Cavabdeh isə miras əmlakı qanunla müəyyən edilmiş müddətdə nə formal, (notariusa ərizə ilə miras açıldıqdan 3 il sonra müraciət etmişdir) nə də ki qeyri-formal qəbul etmişdir Odur ki, aellyasiya şikayətinin təmin olunaraq, mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 2(039)-1096/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsini ləğv edərək, iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi Yevlax Rayon Məhkəməsinin 2(039)-1096/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi Yevlax Rayon Məhkəməsinin 2(039)-1096/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və onun nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsi, Yevlax Rayon Məhkəməsinin 2(039)-1096/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər iddiaçı X11 və maraqlı şəxslər Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın dövlət reyestri xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə və X13 Xidmət mərkəzi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145 və 1146-cı maddələrinin tələbinə görə, miras, fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1133-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (maddə 1133.1.). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (maddə 1133.2.). Həmin Məcəllənin 1134-ci maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (maddə 1134.1.). Məcəllənin 1159-ci maddəsinin mənasından görünür ki, ölənin uşaqları, onun ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar (maddə 1159.1.1.). Məcəllənin 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (maddə 1243.1.). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədəərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2.). Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi: Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Apellyator apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(039)-1096/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Tələb qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin qanuniliyini tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq təmin etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiya qeyd edir ki, Apellyasiya şikayəti və iddia ərizəsi əsaslıdır. Ona görə də Apellyasiya şikayəti təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(039)-1096/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddia ərizəsi təmin edilməlidir. Yüksək instansiya məhkəməsinin hüquqi mövqeyini və qanuni göstərişlərini nəzərə alan kollegiya iddia tələbi və apellyasiya şikayəti ilə bağlı aşağıdakıları qeyd edir; İlk öncə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi miras əmlakın faktiki qəbulu ilə məsələyə düzgün yanaşmamış və düzgün hüquqi qiymət verməmişdir. Çünki apellyasiya yoxlaması nəticəsində iş materiallarında olan tərəflərin, o cümlədən cavabdehin nümayəndəsinin izahatı ilə də müəyyən edilmişdir ki, cavabdehin oğlu miras əmlak olan fərdi yaşayış evinə iddiaçıların şifahi razılığı əsasında köçüb orada yaşamağa başlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən, Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Qeyd olunan Qərarda göstərilən mirasın vərəsə tərəfindən faktiki qəbulunun iki formasından biri olan miras əmlakı faktiki idarə etməyin anlayışı aydın şəkildə izah edilmişdir ki, həmin anlayışda da vərəsənin (vərəsələrin) miras əmlak barədə mülkiyyətçi funksiyasında mənafeyinə uyğun əmlakın saxlanmasını və normal təsərrüfatın aparılmasını təşkil edən hərəkətləri etməsi ehtiva olunmuşdur. İşdən də, xüsusilə izahatlardan da göründüyü kimi, iddiaçılar olan vərəsələr atalarının vəfatından sonra miras əmlakın varlığından hali olmuş, həmin əmlak barədə iradə ifadələrini cavabdehin oğlu olan bacısı oğlunun ailədaxili münaqişəsinin olmasını nəzərə alıb köçürülməsinə şifahi razılıq vermişlər. Qeyd edilmiş Konstitusiya Məhkəməsinin Plenum qərarının mövqeyinə uyğun iddiaçıların cavabdehin oğluna münasibətdə hərəkətlərinə nisbətdə uzlaşma apardıqda müəyyən olunur ki, iddiaçılar mülkiyyətçi funksiyasını yerinə yetirməklə cavabdehin oğlunun miras əmlaka köçürülməsinə şifahi razılıq vermişlər və bundan sonra cavabdehin oğlu həmin əmlaka ailə üzvləri ilə köçüb yaşamağa başlamışdır. Həmçinin adıçəkilən Plenum qərarında göstərilmişdir ki, məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. İşə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi isə bu hallara əhəmiyyət verməmiş, bu hallarla bağlı hər hansı hüquqi dəyərləndirmə həyata keçirib hüquqi qiymət verməmiş, iddiaçıların yuxarıda göstərilən xüsusda miras əmlak üzərində hüquqlarından formal olaraq məhrum edilib-edilməməsini araşdırmamışdır. Digər tərəfdən birinci instansiya məhkəməsi cavabdeh tərəfindən miras əmlakı qəbul edərkən notariat orqanına ünvanlandığı ərizənin məzmununu düzgün qiymətləndirməmişdir. Belə ki, iş materiallarında olan və Cavabdeh1 tərəfindən X13 Xidmət Mərkəzinin Notariat Kontoruna ünvanlanmış ərizədə (səh 62) cavabdeh özündən başqa vərəsələrin olmadığını qeyd etməklə vərəsələrin dairəsini gizlətmiş, bununla da miras əmlakı tək vərəsə olaraq əldə etmişdir. Birinci instansiya məhkəməsi isə bu hala düzgün hüquqi qiymət verməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi miras əmlakın iddiaçılar tərəfindən faktiki qəbulu ilə bağlı halları düzgün və tam araşdırmamışdır. Halbuki, bu faktın özünün də mübahisənin düzgün həllinə böyük hüquqi əhəmiyyəti vardır. Belə ki, əgər cavabdeh iddiaçıların öz könüllü razılıqları ilə miras əmlakdan cavabdehin xeyrinə imtina etmələri qənaətində idisə o, o zaman notariat orqanına miras əmlakı qəbul edib şəhadətnamə əldə etmək üçün müraciət edərkən vərəsələrin dairəsini dəqiq olaraq göstərə, iddiaçılardan daha əvvəl və ya notariat orqanına müraciət etdiyi zaman miras paylarından cavabdehin xeyrinə imtina barədə ərizə ala və notariat orqanına təqdim edə bilərdi. Notariat orqanı da öz növbəsində vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün tədbir həyata keçirməli idi. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında da göstərilmişdir ki, “Qüvvədə olan qanunvericilik ilə miras əmlakla əlaqədar vərəsəlik işlərinin həyata keçirilməsi sahəsində müvafiq sənədləşdirmənin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – "Notariat haqqında” Qanun) 9-cu maddəsinin birinci hissəsinə görə, notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir. “Notariat haqqında” Qanunun 59-cu maddəsinin tələbinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyən edilməsi zamanı notariat orqanları məsələyə formal yanaşmamalı, mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır.” Göründüyü kimi, birinci instansiya məhkəməsi cavabdehin vərəsələrin dairəsini gizlətməsi, notariat orqanının da vərəsələrin dairəsinin müəyyənləşdirilməsi istiqamətində hər hansı tədbir görməməsi, formallığa yol verməsi məsələsini də mübahisənin obyektiv həlli baxımından düzgün araşdırmamış və düzgün hüquqi qiymət verməmişdir. Ona görə də kollegiya hesab edir ki, «qanun üzrə vərəsəlik hüququ haqqında 25 iyul 2019cu il tarixli vərəsəlik şəhadətnamə ləğv edilməlidir. Bundan başqa kollegiya iddia tələbinin “********** qeydiyyat nömrəli 14 avqust 2019-cu il tarixli çıxarışın ləğv edilməsi» hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia bu hissədə də təmin edilməlidir. Belə ki, “********** qeydiyyat nömrəli 14 avqust 2019-cu il tarixli çıxarış” «qanun üzrə vərəsəlik hüququ haqqında 25 iyul 2019-cu il tarixli vərəsəlik şəhadətnamə” əsasında verildiyindən «qanun üzrə vərəsəlik hüququ haqqında 25 iyul 2019-cu il tarixli vərəsəlik şəhadətnamə” ləğv edildiyindən “********** qeydiyyat nömrəli 14 avqust 2019-cu il tarixli çıxarış” da ləğv edilməlidir. Kollegiya tələbin payları bölünməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir; İş materialları ilə müəyyən edilir ki, miras qoyan 30.06 2016-cı il tarixdə ölmüşdür. Onun beş vərəsəsi qalmışdır. İddiaçı1, İddiaçı2, İddiaçı3, X11 və Cavabdeh1. Eyni zamanda X7 Yevlax rayonu, Qoyunbinəsi kəndində 0.27 ha torpaq sahəsi və 63.90 kv.m fərdi yaşayış evi miras qalmışdır. Ona görə də kollegiya hesab edir ki, paylar bərabər hissədə bölünməklə vərəsələrin hər birinin payı 1/5 hissədə müəyyən edilməlidir. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb və Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə düzgün əsaslandırmamış, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də kollegiya hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 apellyasiya şikayəti təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(039)-1096/2021 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(039)-1096/2021 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. «Qanun üzrə vərəsəlik hüququ haqqında 25 iyul 2019-cu il tarixli vərəsəlik şəhadətnamə və “********** qeydiyyat nömrəli 14 avqust 2019-cu il tarixli çıxarış” ləğv edilsin. X7 Yevlax rayonu, Qoyunbinəsi kəndində 0.27 ha torpaq sahəsi və 63.90 kv.m fərdi yaşayış evindən paylar bərəbər hissədə bölünməklə vərəsələrin hər birinin payı 1/5 hissədə müəyyən edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar