Məhkəmə qərarları › İş №2(107)-656/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-656/2024

21.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-656/2024 21.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X3 ibarət tərkibdə, X5 qızının katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdehnə (bundan sonra- Birlik) qarşı “əsassız hesablanmış borcun azaldılması” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tаrixli qətnaməsindən cavabdeh Birlik tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Birlik tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan” görünür ki, iddiaçıya məxsus yaşayış evinə quraşdırılan sayğaca baxış keçirilməsi zamanı abonentin təbii qazdan qeyri-qanuni birləşmə ilə sayğacdan kənar xətlə istifadə etməsi aşkar edilmişdir. Birliyin 31 mart 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istifadə edilmiş qazın dəyəri 365 gün müddətində və sutkanın 24 saatı ərzində qazdan yararlanması nəzərə alınmaqla, istifadə edilmiş qaz sayğacına(G4) uyğun hesablanması və 35040 m3 əlavə sərfiyyata görə borcun hesablanaraq ödənilməsi qərara alınmışdır. Qərarın qəbul edilməsi üçün əsas xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt olmuşdur. “Abonentin saldosundan” görünür ki, iddiaçının akt üzrə tələb olunan qaz sərfiyyatına görə borcu 4204,80 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdeh Birliyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız olaraq hesablanıb abonent koduna vurulmuş 4204,80 manat borcun azaldılaraq 350,34 manat saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2023-cü ilin mart ayında Göyçay qaz idarəsinin işçiləri yaşadığı fərdi yaşayış evinə baxış keçirən zaman sayğacdan kənar əlavə qaz xətti aşkar etmişlər və buna görə ona qanunsuz olaraq 4204,80 manat məbləğində cərimə yazmışlar. Lakin həmin xətt aşkar edilsə də, həmin xəttdən heç bir vaxt istifadə etməmişdir. Xətt köhnə və istifadəsiz bir xəttdir. Aşkar edilən zaman da istifadə edilməmişdir. Ona görə də hesablanaraq yazılmış məbləğ ilə razı deyil. Hesab edir ki, cərimə tamamilə qanunsuz və həddən artıq şişirdilərək yazılmış və hesablanmışdır. Belə ki, cərimənin hesablanması zamanı hesabat aparılarkən mənzilində istifadə edilən təbii qazın dəyərinin 365 gün müddətində və sutkanın 24 saatı ərzində hesblanması heç bir qanunla tənzimlənmir, tam qanunsuzdur, ona görə də ona yazılmış cərimə məbləği azaldılmalıdır. Belə ki Cavabdeh X1 satılan qaza nəzarət şöbəsi tərəfindən tərtib edilmiş 31 mart 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə ona məxsus evdə istifadə edilən qaz cihazlarının orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Bütün əhali abonentlərinin, o cümlədən də onun yaşadığı evə ayda bir dəfədən az olmayaraq (əsasən isə bir ayda 2 dəfə) baxış keçirilir, sayğac göstəricilərinə əsasən bildiriş təqdim edilir. Əgər mənzilində əvvəllər də sayğacdan kənar qaz xəttindən istifadə olmuş olsaydı, bunu nəzarətçi aşkar edərdi. Göründüyü kimi əvvəllər də bundan istifadə edilmədiyi üçün bu aşkar edilməmişdir. Ona məxsus fərdi yaşayış evində aşkar edilmiş sayğacdan kənar əlavə qaz xəttinə görə ona hesablanmış məbləğ xeyli artıq yazılmışdır və azaldılmalıdır. Ərazi üzrə nəzarətçinin ən azından ayda bir dəfə baxış keçirdiyindən itirilmiş təbii qazın hesabatı maksimum 30 gün müddətində hesablanmaqla hesablanmış cərimənin ümumi məbləği azaldılaraq 350,34 (üç yüz əlli manat otuz dörd qəpik) saxlanılmalıdır. Cavabdeh Birlik iddiaya etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2023 -cü il tarixdə ’’Azəriqaz” İstehsalat Birliyinin və Ağsu RQİİ-nin ünvan 1 ünvanında yaşayan İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirərkən, fərdi yaşayış evində sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edildiyini aşkar etmiş, bununla bağlı xx.xx.2023-cü il tarxli, ******* nömrəli ’’Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Fərdi yaşayış evində təbii qazdan istifadənin aşkar edilməsi zamanı mobil telefon vasitəsi ilə video çəkiliş aparılmışdır. (1 ədəd disk və 1 ədəd fotoşəkil etiraza əlavə edilir) xx.xx.2023-cü il tarxli, ******* nömrəli ’’Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. xx.xx.2023-cü il tarxli, ******* nömrəli ’’Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən xx.xx.2023-cü il tarixdə Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək İddiaçı Göyçay XS-nin abonent bazasındakı **********00000 nömrəli abonent koduna 35040 m3 – 4204,80 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. İddiaçı abonent koduna hesablanaraq vurulmuş 4204.80 manat məbləğ sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə qanunsuz olaraq istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Göyçay Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(046)- 185/2024 nömrəli iş üzrə qəbul etdiyi 15 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim İ.Fəttahov) iddia tələbinin qismən təmin edilməsi, İddiaçı barəsində Cavabdeh İB-nin X8 İstismar idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən İddiaçı hesablanmış 4204,80 manat cərimə məbləğinin azaldılaraq 350,40 manat müəyyən edilməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçının 2023-ci ilin mart ayında sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə qaydalarının pozmasına nəticəsində 4204,80 manat dəymiş ziyanın hesablanması ağlabatan deyildir. Belə ki, İddiaçı 2023-cü ilin mart ayında qanunsuz olaraq qazdan istifadə etmiş, Azəriqaz İB isə İddiaçı 4x24x365=35040 m3 müddətinə təbii qazdan qanunsuz istifadə etdiyini iddia edərək 4204,80 manat cərimə hesablamışdır. İddiaçının qanunsuz olaraq təbii qazdan 1 ay istifadə etməyi əsas götürülməli, dəymiş ziyan 1 ay müddətinə hesablanmalıdır. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 4.2, 4.7, 4.8, 4.9-cu bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh Birlik apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, təqdim edilmiş sənədlər, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Sadə bir araşdırma ilə mübahisələndirilən borc məbləğləriinin yalnız təbii qazdan qanunsuz istifadə edilməsi nəticəsində yaranmış itirilmiş təbii qaza görə aparılmış hesabatlara əsasən yaranmış borc olduğunu birinci instansiya məhkəməsi müəyyən edəcəkdi. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmini barədə qərar vermişdi. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 iddia tələbinə etirazın dəlillərinə uyğuz izaha verərək bildirmişdir ki, qaz xəttinə əlavə qoşulma sayğac vasitəsi ilə aparılmamışdır. Bu səbəbdən Birliyin nümayəndələri hər ay sayğaca baxış keçirsələr də, bu pozuntunu aşkar edə bilməmişlər. Yəni vizual olaraq sayğaca baxanda qoşulmanı müəyyən etmək mümkün deyildir. İddiaçının mübahisələndirdiyi məbləğ “Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin, eləcə də uçota alınmayan qaz həcminin müəyyənləşdirilməsi, hesablanması və idarə olunması üzrə” Təlimata əsasən hesablanmışdır. Həmin Təlimatın 3.6-cı bəndində qeyd olunur ki, sayğacdan kənar paylayıyıcı şəbəkəyə qanunsuz qoşulma hallarında 12 aydan çox olmayan müddətdə yenidən hesablanması nəzərdə tutulmuşdur. Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddia qismən təmin edilsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir hissəsinin təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Qətnamədən yalnız cavabdeh Birlik apellyasiya şikayəti vermiş və o, qətnaməni tam mübahisələndirmişdir. Odur ki, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək və mübahisə predmetinin bölünməz olduğunu nəzərə alaraq, qətnamənin əsaslılığını tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Maddə 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz(30 mart 2023-cü il tarixdə qüvvədə olan). Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir(30 mart 2023-cü il tarixdə qüvvədə olan). Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, işin mübahisəsiz halı kimi müəyyən olunur ki, iddiaçı, fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına qanunsuz qoşulmaqla təbii qazdan istifadə etmişdir. İddiaçı iddia ərizəsində həm əlavə qaz xəttinin mövcud olduğunu, lakin həmin xəttin işləmədiyini, yəni qanunsuz qoşulma nəticəsində qazdan istifadə etmədiyini bildirir, həm də borcun şişirdildiyini, qanunsuz qoşulma müddətinin 12 ay deyil, 1 ay olduğunu bildirir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi zamanı müəyyən olunmuşdur ki, iddiaçının evinin yerləşdiyi torpaq sahəsinə baxış keçirilməsi zamanı əlavə qaz xəttinin sayğacdan kənar qoşulması halı müəyyən edilmişdir. İddiaçının ailə üzvləri evə baxış keçirərək istifadə olunan qaz qurğularının müəyyən edilməsinə icazə verməmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 30 mart 2023-cü il tarixdə qüvvədə olan(iddiaçının evində kənar qoşulmanın müəyyən edildiyi vaxt) 6.5-ci bəndində qeyd olunur ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin, eləcə də uçota alınmayan qaz həcminin müəyyənləşdirilməsi, hesablanması və idarə olunması üzrə” Təlimatın 3.6-cı bəndində qeyd olunur ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı, etibarlılığının və təhlükəsizliyinin müəyyən edilməsi məqsədilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanması tələb olunur. Cavabdeh Birlik “Qazdan istifadə Qaydaları”nın tələblərinə əsasən, istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Abonentin saldosundan görünür ki, Birlik tərəfindən hər ay sərf edilmiş qazın dəyəri hesablanaraq iddiaçıya təqdim edilmişdir. Lakin iş materiallarına əlavə edilmiş disklə o da müəyyən edilir ki, sağaca vizual olaraq baxış keçiriləndə, yəni aylıq sərfiyyatın miqdarının hesablanması üçün sayğaca baxış keçirilən zaman xətdən kənar qoşulmanı müəyyən etmək olmazdı. Belə ki, xətdən kənar qoşulma iddiaçının həyətində olan boru vasitəsi ilə həyata keçirilmişdir. Odur ki, birinci instansiya məhkəməsi sayğacdan kənar qoşulma nəticəsində hesablanmış sərfiyyatın müddətini 1 ay qəbul etməkdə haqlı olmamışdır. Məhkəmənin qənaətinə görə, qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi nəzərə alınmaqla sayğacdan kənar qoşulma nəticəsində hesablanmış sərfiyyatın müddətinin 6 ay müəyyən edilməsi ağlabatan və ədalətlidir. Bu səbəbdən Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt” əsasında sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə hesablanaraq iddiaçının abonent koduna vurulmuş 4204,80 manat cərimə azaldılaraq 2102,40 manat müəyyən edilməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni hesab edilə bilməz. Cavabdeh Birlik tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Odur ki, Məhkəmə, MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alaraq və MPMnin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Göyçay Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 yanvar 2024cü il tarixli qətnamə ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun azaldılması” tələbinə dair iddiası qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt” əsasında sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə hesablanaraq iddiaçının abonent koduna vurulmuş 4204,80 manat borc azaldılaraq 2102,40 manat müəyyən edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar