Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-659/2023 19.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı akt əsasında hesablanmış borcun hesabından silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı akt əsasında hesablanmış borcun hesabından silinməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 7 mart 2023-cü il tarixli 2(075)-413/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı Şəki şəhəri, Bağbanlar küçəsi ev 59S/33 ünvanında yaşayır. xx.xx.2022-ci il tarixdə “Azərişıq" ASC-nin əməkdaşları R.Osmanov, V.Əhmədov və N.Həmidov tərəfindən Şəki şəhəri Bağbanlar küçəsində İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının iştirakı ilə “X1 Qaydalarına uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının “A" dövlət ştamp möhüründə və üst qapaq örtüyünün gövdə ilə birləşmə hissəsində müdaxilə izlərinin olduğu müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli, NDM029928 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 251 gün üçün 0.13 manatla 8539 kvt.s, dəyəri 1110.00 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində "xxxx" ASCnin X3 Şəbəkəsi MMC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 19 sentyabr 2022-ci il tarixli akt əsasında hesablanmış 1110,07 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda həmişə işlətdiyi elektrik enerjisinin dəyərini vaxtlı-vaxtında poçta ödəmişdir. O, həmişə sayğacı üzrə ödəniş aparmışdır. Lakin, cavabdeh təşkilatın nümayəndələri 19 sentyabr 2022-ci il tarixdə evinə gələrək onun barəsində akt tərtib etmişlər. Həmin əməkdaşlar qanunvericilikdə nəzərdə tutulmuş tələbləri pozaraq barəsində belə bir akt tərtib etmişlər. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə “X1 qaydalarının” tələblərini pozmuşlar, bununla da istehlakçı kimi ona nasazlığın aradan qaldırılmasında köməklik göstərilməsi əvəzinə, X1 qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. Qanunvericliyin tələblərinə əsasən akt tərtib edilərkən enerji təhcizat idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı, iki nəfər hal şahidi də iştirak etməli, həmin aktı onlar imzalamalıdırlar. Lakin, həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən iki nəfər hal şahidi iştirak etməmişdir. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır. Göründüyü kimi cavabdehin təşkilatın nümayəndələri qarşılarına qoyulmuş planı doldurmaq üçün mənim evdə olmamağından mükəmməl olaraq istifadə etmişlər. Bundan başqa həmin aktı məşət abonenti kimi o imzalamamışdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda ayrıca qeyd aparılmalıdır. Lakin, cavabdeh təşkilatın nümayəndəsi həmin aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşlar. Göstərmişdir ki, həmin akt yazılarkən evinə verilən elektrik enerjisinin təminadı dayandırılmışdır. O, məhkəməyə müraciət etmək üçün müəyyən prosedur hərəkətlər etməli olmuşdur. Yəni, hüquqşünasa müraciət etmək, elektron kabinet açmaq, nömrə almaq, nömrəyə sertifikat almaq və bundan sonra ərizə yazdırıb elektron qaydada məhkəməyə müraciət etmək. Bütün bunlar üçün kifayət qədər vaxt lazım olduğuna və bu müddətdə evinə verilən elektrik enerjisi kəsili qalacağına görə həmin akt əsasında qanunsuz yazılmış cəriməni ödəmək məcburiyyətində qalmışdır. Göstərdikləri ilə bağlı məcburiyyət qarşısında qalaraq aktın ləğv olunması və akt əsasında hesablanmış borcun hesabından silinməsi tələbi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddiaçı və cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh "xxxx" ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
5. Lakin, İddiaçı 23 yanvar 2023-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəməyə elektron qaydada etiraz ərizə ünvanlayaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
7. Etiraz ərizəsində göstərilmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “akt əsasında hesablanmış 1110.07 manat borcun hesabından silinməsi”nə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Belə ki, iddiaçının Şəki şəhəri Bağbanlar küçəsində yaşadığı fərdi yaşayış evi "xxxx" ASCnin enerji satış bazasında İddiaçı adına olmaqla **********19775 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2022-ci il tarixdə “Azərişıq" ASC-nin əməkdaşları R.Osmanov, V.Əhmədov və N.Həmidov tərəfindən Şəki şəhəri Bağbanlar küçəsində İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının iştirakı ilə “X1 Qaydalarına uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının “A" dövlət ştamp möhüründə və üst qapaq örtüyünün gövdə ilə birləşmə hissəsində müdaxilə izlərinin olduğu müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X1 Qaydaları”nın 8.17 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2022-ci il tarixli, NDM029928 saylı akt tərtib olunmuş və tərtib olunmuş aktı İddiaçı öz imzası ilə təsdiq etmişdir. Tərtib olunmuş akta əsasən xx.xx.2022-ci il tarixində Şəki EŞnin əməkdaşları tərəfindən qüsur aşkar olunmuş sayğac yeni PAUD-MP106 smart tipli elektrik sayğacı ilə əvəz edilərək möhürlənmiş və bununla bağlı 252702 saylı protokol tərtib olunaraq elektrik sayğacı rəy verilməsi üçün laboratoriyaya göndərilmişdir. Laboratoriyanın xx.xx.2022-ci il tarixli, 010041 saylı protokolu ilə elektrik sayğacının zavod istehsalı olan “A” ştamp möhürlərinin pozulduğu və sayğacın daxilinə baxış zamanı hesab mexanizminin üzərində cızıq izlərinin olduğu barədə rəy verilmişdir. Bundan sonra, xx.xx.2022-ci il tarixli, NDM029928 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 251 gün üçün 0.13 manatla 8539 kvt.s, dəyəri 1110.00 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur.
8. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş və elektrik enerjisinin istifadə qaydalarının pozulmasına dair akt tərtib etmişlər. Cavabdeh təşkilatın əməkdaşları aktın tərtib edilməsinə “EEİQ”-nın tələblərinin pozulmasının əsas olduğunu göstərsələr də, aktın məzmununda həmin bənddə nəzərdə tutulan pozuntulardan məhz hansının istehlakçı tərəfindən törədilməsi əsaslandırılmamışdır. Sözügedən fərdi yaşayış evində yaşayan İddiaçı həmin aktın tərtibində iştirak etməsi öz təsdiqini tapmamışdır.
9. Bundan başqa cavabdeh baxış zamanı sayğacın “A” dövlət ştamp möhüründə və üst qapaq örtüyünün gövdə ilə birləşmə hissəsində müdaxilə izlərinin olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdehin təbirincə desək qeyd edilən müdaxilənin iddiaçı tərəfindən edilməsi hər hansı sübutla təsdiqlənmir. Həmçinin məhkəmə qeyd edir ki, həmin sayğac demək olar ki, hər ay cavabdeh təşkilatın nəzarətçisi tərəfindən yoxlanılır və nəzarətçi həmin müdaxiləni bundan əvvəl də aşkar edə bilərdi.
10. Beləliklə də, cavabdeh təşkilatın əməkdaşları X1 qaydalarının tələblərini pozaraq qanunsuz əldə edilmiş sübutlara istinad edərək mübahisələndirilən aktı tərtib etmişlər və iddiaçıya əlavə məbləğdə borc hesablamışlar.
11. Göründüyü kimi iddiaçı onun hesabına yazılmış 1110,07 manat borcun silinməsini xahiş etsə də, Akt əsasında ona yazılmış cərimə borcu 1110 manat olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş 19 sentyabr 2022-ci il tarixli akt əsasında hesablanmış 1110 manat məbləğində borc onun hesabından silinməlidir.
12. Şəki Rayon Məhkəməsinin 7 mart 2023-cü il tarixli 2(075)-413/2023 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddianın qismən təmin olunması, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 19 sentyabr 2022-ci il tarixli akt əsasında hesablanmış 1110 manat borcun İddiaçı hesabından silinməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən «X1 qaydaları»nın 7.11, 8.15 və 8.32-ci bəndlərinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
14. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş, abunə haqqında məlumatdan görünür ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********19775 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır.
15. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş sayğacın dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 20 sentyabr 2022-ci il tarixli, 252702 nömrəli protokoldan görünür ki, İddiaçı yaşadığı ünvanda istismar olmuş ********** nömrəli sayğac çıxarılmış, əvəzində yeni **********26 nömrəli sayğac quraşdırılaraq təhvil verilmişdir.
16. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 19 sentyabr 2022-ci il tarixli, 029928 nömrəli aktdan görünür ki, yoxlama zamanı sayğacın “A” dövlət ştamp möhüründə və üst qapaq örtüyünün gövdə ilə birləşmə hissəsində müdaxilə izlərinin olması müəyyən olunmuşdur.
17. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 27 sentyabr 2022-ci il tarixli sənəddən görünür ki, itirilmiş elektrik enerjisinin bərpası üçün hesabat aparılmışdır, itirilmiş elektrik enerjisinin miqdarı 8539 KVT.s müəyyən edilərək onun dəyəri olan 1110 manat məbləğdə ziyan (8539 m3 x 0.13 man = 1110 manat) əvəzinin ödənilməsi tələb edilmişdir.
18. Qətnаmədən nаrаzı qаlаn cavabdeh "xxxx" ASC аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
19. Cavabdeh "xxxx" ASC apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları R.Osmanov, V.Əhmədov və N.Həmidov tərəfindən Şəki şəhəri Bağbanlar küçəsində İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının iştirakı ilə “X1 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının “A” dövlət ştamp möhüründə və üst qapaq örtüyünün gövdə ilə birləşmə hissəsində müdaxilə izlərinin olduğu müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X1 Qaydaları”nın 8.17-ci bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2022-ci il tarixli, NDM029928 saylı akt tərtib olunmuş və tərtib olunmuş aktı İddiaçı öz imzasıyla təsdiq etmişdir. Tərtib olunmuş akta əsasən xx.xx.2022-ci il tarixində Şəki EŞ-nin əməkdaşları tərəfindən qüsur aşkar olunmuş sayğac yeni PAUD-MP106 smart tipli elektrik sayğacı ilə əvəz edilərək möhürlənmiş və bununla bağlı 252702 saylı protokol tərtib olunaraq elektrik sayğacı rəy verilməsi üçün laboratoriyaya göndərilmişdir. Laboratoriyanın xx.xx.2022-ci il tarixli, 010041 saylı protokolu ilə elektrik sayğacının zavod istehsalı olan “A” ştamp möhürlərinin pozulduğu və sayğacındaxilinə baxış zamanı hesab mexanizminin üzərində cızıq izlərinin olduğu barədə rəy verilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixli, NDM029928 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 251 gün üçün 0.13 manatla 8539 kvt.s, dəyəri 1110.00 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur.
20. Abonentin “abunə haqqında” məlumatına nəzər saldıqda xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər 129 gün üçün sərfiyyatın toplamda 831 kvts olduğu, lakin qüsur bərpa edildikdən sonrakı dövr üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər 114 gün üçün artaraq 1230 kvts olduğu açıq aydın görünür. Abonentin “abunə haqqında” məlumatından açıq aşkar görünür ki, sayğacın pozuntu aşkar olunan dövrdəki sərfiyyatı ilə qüsur bərpa edildikdən sonrakı dövrdəki sərfiyyatı arasında fərq (399 kvt.s) olduqca böyükdür.
21. Şəki RayonMəhkəməsinin hakimi Pərviz Hacıyev Azərbaycan Respublikasının adından çıxardığı e-2(075)-413/2023 saylı, xx.xx.2023-cü il tarixli iddia tələbinin qismən təmin edilməsinə dair qətnaməsini əsaslandıran zaman “X1 Qaydaları”nın 8.33-cü bəndinə istinad etmişdir. Qeyd etməyi zəruri hesab edirəm ki, “X1 Qaydaları”nın 8.32-ci bəndi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli 155 saylı qərarı ilə ləğv edilmiş və “X1 Qaydaları”nın 8.17-ci və 8.17-2-ci bəndləri yaradılmışdır. Mübahisələndirilən NDM029928 saylı akt xx.xx.2022-ci il tarixdə tərtib edildiyindən “X1 Qatdaları”nın 8.17 və 8.17-2 bəndlərinə uyğun tərtib edilmişdir. Göründüyü kimi qətnamədə istinad olunan hüquq norması ləğv edilmişdir.
22. Ona görə də, Şəki Rayon Məhkəməsinin 7 mart 2023-cü il tarixli 2(075)-413/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 7 mart 2023-cü il tarixli 2(075)-413/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
25. Cavabdeh Azərişıq» ASC-nin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
26. «X1 qaydaları» 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. 8.15-ci bəndinə görə ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerji təchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi 10 (on) gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na 06 yanvar 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir(göndərməlidir).
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-ci mаddəsnin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
29. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
30. Cavabdeh Şəki Rayon Məhkəməsinin 7 mart 2023-cü il tarixli 2(075)-413/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən gəldiyi nəticə ilə razılaşsa da, hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarına istinad edilməsində səhvə yol vermişdir.
32. Belə ki, birinci instansiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.32-ci maddəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli 155 saylı qərarı ilə ləğv edilmiş və “X1 Qaydaları”nın 8.17-1 və 8.17-2 bəndləri yaradılmışdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
33. Göründüyü kimi, cavabdehin apellyasiya şikayəti qismən – bu qətnamənin 22-ci bəndində göstərilmiş dəlillərə aid hissədə əsaslıdır. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarına istinad edilməsində səhvə yol verdiyindən ləğv edilməlidir.
34. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qalan hissədə əsaslı deyil və iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz.
35. Məhkəmə kollegiyası iddia tələbi və cavabdehin apellyasiya şikayəti ilə bağlı hazırki qərarın 8-11-ci bəndlərində əks edilən dəyərləndirmə ilə razılaşır və bu səbəbdən həmin bəndlərdə əks edilənləri təkrar etməyə zərurət görmür.
36. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət etməkdə haqlı olsa da, qətnamə qəbul edilərkən maddi hüquq normaları pozulduğuna görə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin 7 mart 2023-cü il tarixli 2(075)-413/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı akt əsasında hesablanmış borcun hesabından silinməsi tələbinə dair iddiası qismən təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 19 sentyabr 2022-ci il tarixli akt əsasında hesablanmış 1110 manat borc İddiaçı **********19775 saylı abonent hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 7 mart 2023-cü il tarixli 2(075)-413/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı akt əsasında hesablanmış borcun hesabından silinməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 19 sentyabr 2022-ci il tarixli akt əsasında hesablanmış 1110 manat borc İddiaçı **********19775 saylı abonent hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.