Məhkəmə qərarları › İş №2(107)-667/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-667/2021

11.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-667/2021 11.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(035)-434/2020 nömrəli qətnaməsindən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin (hakim Tahir Qubadov) xx xxxx 2020-ci il tarixli 2(035)- 434/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “istehlakçı hüququnun müdafiəsi və qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddiası qismən təmin edilərək İddiaçı cavabdeh “xxxx” ASC tərəfindən sayğaca müdaxiləyə görə hesablanmış 302.64 (üç yüz iki manat 64 qəpik) manat borcun cavabdeh tərəfindən silinməsi qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra cavabdeh və ya “xxxx” ASC) qarşı iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış və ondan tələb olunan 337.26 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı iddianı qismən müdafiə edərək izahatında göstərmişdir ki, yaşadığı Zərdab rayonu Gödəkqobu kəndində yerləşən evinə gedən elektrik xəttinin üzərində elektrik sayğacı quraşdırılmışdır. Hər ay nəzarətçi sayğacın göstəricisinə baxış keçirmiş və sayğacın göstəricilərinə dair bildirişi ona təqdim etmişdir. Lakin, nəzarətçi heç vaxt sayğacın nasazlığı barədə ona heç nə deməmiş, bu barədə heç bir iradını bildirməmişdir. Elektrik enerjisində istifadə haqlarını həmişə sayğacın göstəricilərinə uyğun olaraq hər ay vaxtı-vaxtında ödəmişdir. xx.xx.2018-ci il tarixdə “xxxx” ASC-nin Aran RETSİ İmişli İdarəsinin əməkdaşları tərəfindən ona məxsus elektrik sayğacı götürülərək yenisi ilə əvəz edilmişdir. Həmin vaxtı ona sayğaca hər hansı bir müdaxilənin olması barədə heç nə deyilməmişdir. Bir il keçdikdən sonra ona məxsus sayğac ikinci dəfə 2019-cu ilin sentyabr ayında dəyişdirilərək SMART KART sayğacı qoyulmuşdur. Beləliklə, üstündən təxminən iki il müddət keçdikdən sonra cavabdeh tərəfindən ona xx.xx.2020-ci ildə kömpüterdən çıxarış təqdim edərək xx.xx.2018-ci il tarixdə 896702 №-li akta əsasən sayğac dəyişməsi zamanı guya müəyyən edilmiş EİQ-nın pozulmasına görə 337.26 manat məbləğində pul (cərimə) hesablanmışdır. “xxxx” ASC-nin əməkdaşları ona guya sayğaca müdaxilə etdiyini deyərək, tələb olunan məbləğin cərimə məbləği olduğunu bildirmişlər. Məhkəmənin diqqətinə çatdırır ki, onun tərəfindən sayğaca heç bir müdaxilə olmamışdır. xx.xx.2018-ci il tarixdə ona məxsus sayğac götürülərkən, bu barədə ona heç nə deyilməmiş, iki nəfər hal şahidinin iştirakı təmin olunmaqla hər hansı bir Akt tərtib edilməmişdir. Halbuki, “X1 Qaydaları”nın 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi abonentin və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Yuxarıda qeyd etdiyi kimi sayğaca hər hansı bir müdaxilə olmadığı üçün həmin vaxt onun barəsində Akt tərtib edilməmişdir. Ona görə ki, sayğac götürülərkən plombu yerində olmuşdur. Yalnız laborator yoxlamadan sonra sözügedən sayğaca guya müdaxilənin olduğu müəyyən edilmişdir. Bu səbəbdən ona itirilmiş enerjinin miqdarına görə yuxarıda qeyd etdiyi kimi 337.26 manat cərimə hesablanmışdır. Sayğacın laborator yoxlanışı onun iştirakı olmadan, birtərəfli qaydada aparıldığı üçün mötəbər hesab edilə bilməz. “xxxx” ASC tərəfindən ona göndərilən xx.xx.2020-ci il tarixli bildiriş-xəbərdarlıqda onun qalıq borcunun 302.64 manat olduğu göstərilmişdir. Ona görə də hazırda iddia ərizəsində göstərilmiş məbləğdən fərqli olaraq guya sayğaca müdaxilə adı altında əsassız hesablanmış cəriməyə görə 302.64 manat pulun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(035)-434/2020 nömrəli qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri “xxxx” ASC apellyasiya şikayəti verərək Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli 2(035)-434/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız çıxarılmış, qüvvədə olan maddi və prosessual hüquq normalarının pozulması ilə qət edildiyindən apellyasiya qaydasında ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(035)-434/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq “xxxx” ASC nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: “xxxx” ASC tərəfindən xx.xx.2020-ci il tarixdə çap olunan “abunə haqqında” kömpüterdən çıxarışdan görünür ki, xx.xx.2018-ci il tarixdə 896702 №-li akta əsasən sayğac dəyişməsi zamanı müəyyən edilmiş EİQ-nın pozulmasına görə İddiaçı 337.26 manat məbləğində pul (cərimə) hesablanmışdır. “xxxx” ASC tərəfindən İddiaçı göndərilən xx.xx.2020-ci il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, ondan qalıq borcu 302.64 manat olmaqla, ümumilikdə 307.61 manat məbləğində pulun ödənilməsi tələb olunmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək göstərmişdir ki, “hazırkı iddia predmetinə görə elə iddialardandır ki, burada sübutetmə yükü cavabdehin üzərinə düşür. İddiaçı sözügedən sayğaca hər hansı bir müdaxilə etmədiyini məhkəmə iclasında bildirmiş və yuxarıda sadalanan qaydada öz iddiasını əsaslandırmışdır. Cavabdeh “xxxx” ASC məhkəmə araşdırması zamanı sözügedən elektrik sayğacına abonent - hazırkı İddiaçı tərəfindən hər hansı bir kənar müdaxilənin olmasına dair məhkəməyə şübhədən kənar sübut təqdim etməmişdir. Yuxarıda qeyd edildiyi kimi, iş materiallarında sözügedən sayğacın laborator yoxlamadan keçirilməsi və həmin yoxlamada sayğac sahibinin (hazırkı iddiaçının) iştirakının təmin olunmasına dair heç bir sübut müəyyən olunmamışdır. Şübhə halında laborator yoxlama keçirilmiş olsa belə, iddiaçının iştirakı olmadan birtərəfli qaydada keçirildiyindən yoxlamanın obyektivliyi kifayət qədər şübhə altına düşür. Cavabdeh iddianın rədd edilməsi üçün məhkəməyə hər hansı bir şübhədən kənar sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.33-cü bəndinə görə, məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, “xxxx” ASC-nin əməkdaşları tərəfindən “X1 Qaydaları”nın 8.33-cü bəndinin tələblərinə əsasən hər hansı bir akt ümumiyyətlə tərtib edilməmişdir. Məhkəmə araşdırması gedişində cavabdeh tərəf belə bir aktı məhkəməyə təqdim etməmişdir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin gerçək halı ondan ibarətdir ki, iddiaçının yaşadığı Zərdab rayonu Gödəkqobu kəndində yerləşən evinə gedən elektrik xəttinin üzərində quraşdırılmış elektrik sayğacı “xxxx” ASC-nin Aran RETSİ İmişli İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixdə götürülərək, yenisi ilə əvəz edilmişdir. Həmin vaxt sayğaca hər hansı bir kənar müdaxilənin olmasına dair “xxxx” ASC-nin Aran RETSİ İmişli İdarəsinin əməkdaşları tərəfindən abonentin və iki nəfər hal şahidinin iştirakı təmin edilməklə yerində heç bir Akt tərtib edilməmişdir. Bir il keçdikdən sonra iddiaçıya məxsus syğac ikinci dəfə 2019-cu ilin sentyabr ayaında dəyişdirilərək SMART KART sayğacı ilə əvəz edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020-ci ildə kömpüterdən çıxarış təqdim edilərək xx.xx.2018-ci il tarixdə 896702 №-li akta əsasən ona sayğac dəyişməsi zamanı aşkar edilmiş EİQ-nın pozulması əsası ilə 337.26 manat məbləğində pul (cərimə) hesablandığı müəyyən edilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na xx xxxxxx 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci Əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). X1 Qaydalarının: 7.6-cı bəndinə görə, enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və s. ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.9-cu bəndinə görə, məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. 7.10-cu bəndinə görə, istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə görə, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.32-ci bəndihə əsasən, məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti cəkmişdirsə, yaxud elektrik sayğacının göstəririşini təhrif etmək ücün qurğu quraşdırmışdırsa, həmcinin mənzildə quraşdırılmış hesablaşma elektirik sayğacını zədələyərək onu sıradan cıxarmışdırsa və ya sayğacı sxemdən cıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən acmalı və hesablaşma elektirik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət ücün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən gostərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektirik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. 8.33-cü bəndinə əsasən, məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “məhkəmə araşdırması zamanı müəyyən olundu ki, “xxxx” ASC-nin əməkdaşları tərəfindən “X1 Qaydaları”nın 8.33-cü bəndinin tələblərinə əsasən hər hansı bir akt ümumiyyətlə tərtib edilməmişdir”. Göründüyü kimi, sayğacın nasaz olması ilə bağlı iddiaçıya əlavə olaraq yazılmış elektrik enerjisi borcunun onun təqsiri ucbatından yaranması işin halları ilə sübut olunmur. X1 Qaydalarının 7.11-ci bəndinə görə, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. X1 Qaydalarının tələbinə əsasən mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi (“xxxx” ASC) cavabdehlik daşıdığından, əgər iddiaçının mənzilinə quraşdırılmış elektrik sayğacında qüsur aşkar edilsə belə, nə qədər ki, həmin qüsurun (nasasızlığın) birbaşa olaraq abonent tərəfindən yetirilməsi sübut olunmur, məişət abonenti olan iddiaçının həmin qüsura görə məsuliyyəti yaranmır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(035)-434/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. MPM-in 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(035)-434/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar