Məhkəmə qərarları › İş №2(107)-673/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-673/2021

10.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-673/2021 10.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-1367/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim Ruslan Əlizadə) xx xxxxxx 2020-ci il tarixli, 2(039)-1367/2020 nömrəli qətnaməsi ilə iddia təmin edimiş, Cavabdeh tərəfindən İddiaçı əsassız hesablanmış 468 manat borcun silinməsi və yeni quraşdırılmış sayğacın dəyərinin cavabdehə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin X6 İstismar İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktı üzrə əsassız hesablanaraq itirilmiş qazın dəyəri kimi onun abonet koduna vurulmuş 468 manat cərimənin silinməsi və yeni quraşdırılmış sayğacın dəyərinin cavabdehə aid edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Yevlax şəhəri F.Əmirov küçəsi, 20B ünvanında yaşayır. Cavabdeh təşkilatın X7 sahəsi ilə aralarında bağlanmış təbii qazla təmin edilməsi, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında (əhali üçün) müqaviləyə əsasən istehlakçı kimi cavabdeh tərəfindən təbii qazla təmin edilmiş, sərf etdiyi təbii qaza görə nəzarətçi tərəfindən verilmiş bildirişdə göstərilən məbləği vaxtlıvaxtında poçt vasitəsi ilə cavabdeh təşkilatın hesabına ödəmişdir. Cavabdeh təşkilatın əməkdaşları onun yaşayış evi üçün quraşdırılmış qaz sayğacına baxış keçirmişlər. Baxış zamanı sayğacın düzgün işləməməsini əsas gətirərək sayğacı ekspertizaya göndərmək zərurəti yarandığını demişlər. Bundan sonra sayğac növbədənkənar olaraq dövlət yoxlamasından keçilməsi üçün İTRİ-nin Qazservisinformatika departamentinə göndərilmiş və sayğaca guya tərəfindən müdaxilə olunduğu üçün təqdim edilmiş bildirişdə itirilmiş qazın dəyərinin hesablanaraq ödənilməsi qeyd edilmişdir. Sayğaca heç bir zaman müdaxilə edilməməsinə baxmayaraq Cavabdeh İB-nin X6 İstismar İdarəsinin əməkdaşları bunun əksini iddia edərək ona 468 manat cərimə yazmışlar. Yaşadığı ünvanda təbii olaraq təbii qazdan istifadə edir və qurlaşdırılmış sayğaca əsasən sərf etdiyi təbii qazın dəyərini ödəyir. Hesab edir ki, Cavabdeh İB-nin X6 İstismar İdarəsi tərəfindən onun adına hesablanmış borc qanunsuzdur. Cavabdeh təşkilatın istehlakçı kimi ona qarşı qanunsuz hərəkətləri ilə əlaqədar aralarında yaranmış mübahisənin məhkəmədən kənar həlli mümkün olmadığından hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, onun iddiası əsaslı olduğundan təmin edilməlidir. İddiaçı birinci instansiya məhkəməsinə ərizə ünvanlayaraq, səhhəti ilə bağlı məhkəməyə gələ bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehnə birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh İB-nin nümayəndəsinin məhkəmə iclasına gəlməməsi səbəbini üzrsüz və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-1367/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri İddiaçı Cavabdeh apellyаsiyа şikаyətini onunla əsаslаndırmışdır ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, xx.xx.2019-cu il tarixdə X1 Yevlax şəhəri F.Əmirov küçəsi, 20B ünvanında yaşadığı fərdi evinə gedən qaz xəttinin üzərinə vizual baxış keçirilərkən sayğacdan kənar qaz xəttinə qoşularaq təbii qazdan istifadə etdiyi aşkarlanmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin Tərtər RQİİ-nin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” akt tərtib edilmişdir. Bu səbəbdən abonentə xx.xx.2019-cu il tarixə 4680 m3, yəni 468 manat dəyərində itirilmiş qaz hesablanmışdır. Yevlax Rayon Məhkəməsi qətnaməsində X2 məxsus qaz sayğacına müdaxilə halı aşkar olunduğu üçün itirilmiş qaz hesablandığını göstərmişdir. Halbuki, X1 evinə quraşdırlmış qaz sayğacında heç bir müdaxilə halı aşkar olunmamış və dövlət yoxlamasına göndərilməmişdir. N.Elyasovanın küçə qaz xəttinə sayğacdan kənar qoşularaq qeyri-qanuni olaraq təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Bu səbəbdən 468 manat itirilmiş qaz hesablanmışdır. Lakin Yevlax Rayon Məhkəməsi tərəfindən 468 manat məbləğin silinməsi barədə qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsənin 21.1-ci maddəninə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin maddənin 2-ci bəndinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hesab edir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün apellyasiya şikayəti təmin olunaraq həmin qətnamə ləğv edilməli və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə İddiaçı və Cavabdehnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-1367/2020 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul olunaraq iddia tələbi rədd edilməlidir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli ******* saylı Aktın surətindən məlum olur ki, Cavabdeh nümayəndələri tərəfindən istehlakçı İddiaçı yaşayış ünvanına quraşdırılmış Elestr-G4 markalı qaz sayğacına baxış keçirilən zaman sayğacdankənar əlavə xətt aşkar edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərək iddiaçının abonent koduna itirilmiş qazın dəyəri kimi hesablanıb vurulmuş 468 manat cərimənin silinməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı yaşayış sahəsinə qoyulmuş qaz sayğacı həyət divarından çöl tərəfdə quraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Belə ki, qaz sayğacının quraşdırılması fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməli və sayğaclar qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. İddiaçı tərəfindən qaz sayğından kənar əlavə xətdən istifadə etməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Sayğac quraşdırılan zaman Cavabdeh əməkdaşları kənar xəttin mövcudluğunu yoxlamalı idilər. Eyni zamanda, tərtib olunmuş akta abonentin imza etməməsi barədə imtina aktı mülki işə əlavə edilməmişdir. Bundan başqa, qanunsuz əlavə xəttin kim tərəfindən çəkilməsi halı cavabdeh təşkilatın əməkdaşları tərəfindən tam araşdırılmamışdır. İddiaçıya 468 manat cərimə hesablanmışdır. Qazdan istifadə qaydalarının 5.4-cü bəndinə əsasən istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Lakin cavabdeh tərəfindən itrilmiş qazın bərpası məqsədilə hesabatın 180 gün üçün aparılmasının qanuni əsası yoxdur. Hazırkı halda pozuntunun İddiaçı təqsiri üzündən baş verməsi sübut olunmalıdır ki, bunun nəticəsində akt əsasında ona cərimə hesablansın... Ona görə də məhkəmə hesab etmişdir ki, iddia əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin faktiki hallarına uyğun gəlmir. Belə ki, məhkəmə kollegiyasının araşdırması ilə müəyyən оlunmuşdur ki, xx.xx.2019cu il tarixdə Cavabdeh İB-nin X6 İstismarı İdarəsinin nümayəndələri iddiaçının yaşadığı ünvana quraşdırılmış qaz sayğacına və qaz xəttinə baxış keçirən zaman həmin evə qaz sayğacından kənar xəttin çəkilməsi aşkar edilmiş, qeyri-qanuni birləşmə qaynaq vasitəsi ilə ləğv edilmiş, bu barədə akt tərtib edilərək, aktı Tərtər RQİİ-nin üç nəfər əməkdaşı və abonent X3 (yəni İddiaçı) öz imzaları ilə təsdiq etmişlər. Göründüyü kimi, akt abonent tərəfindən də imzalanmışdır və tərtib olunmuş akta abonentin imza etməməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş məlumat işin həqiqi halına uyğun deyildir. Eyni zamanda, apellyasiya şikayətinə aşkar edilmiş pozuntunu, yəni iddiaçının evinə sayğacdan kənar xəttin (birləşmənin) çəkilməsini təsdiqləyən fotoşəkillər əlavə edilmişdir. Belə vəziyyətdə bu qanunsuz xəttin iddiaçı və ya onun ailə üzvü tərəfindən deyil, həmin evdə yaşamayan başqa şəxs tərəfindən çəkilməsini (çəkdirilməsini) ehtimal etmədiyi əsas, iddiaçının təqsirini sübut etməyə isə lüzum qalmır. İşin qeyd edilən halları ilə yetərincə sübut olunur ki, iddiaçı sayğacdan kənar birləşmədən istifadə etməklə təbii qazın qanunsuz (oğurluq) istehlakına yol vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”na 2 saylı əlavə olan “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının xx xxxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Həmin qaydaların 3-cü bəninə əsasən, sayğacdan əvvəl qaz xəttinə qoşulma aşkar olunduqda qazın verilməsi qeyd-şərtsiz dayandırılır, qaz kəmərinin əlavə qoşulma aşkarlanan qoşulma nöqtəsindəki en kəsiyindən, təzyiqindən asılı olaraq axırıncı texniki baxış müddətindən sonrakı gün üçün və ya yay aylarında gündəlik 12 saat, qış aylarında isə gündəlik 24 saat hesabı ilə iddia müddəti ərzində qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci madəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə kollegiyasının qənaətincə, iddiaçının təbii qazdan istifadə qaydalarını pozmaqla sayğacdan kənar xətt (qoşulma) vasitəsilə qanunsuz olaraq qazdan istifadə etməsi iş materialları ilə sübut olunur. İddiaçı həmin təqsirli hərəkəti ilə Cavabdeh İB-nə maddi ziyan vurmuşdur. Buna görə də onun maddi məsuliyyətə, yəni vurduğu ziyanın əvəzini ödəməyə cəlb edilməsi qanuni və əsaslıdır. Maddi ziyanın hesablanmış məbləğinə gəlincə, məhkəmə kollegiyası hesab edir ki, bu məbləğ təkcə oğurlanmış qazın dəyərini ifadə etməməli, həm də tənbeh xarakteri daşımalıdır. Təbii qazı oğurluq istifadə edən şəxsə tətbiq edilən tənbeh təkcə onun oğurladığı qazın dəyərini ödəməsindən ibarət olarsa, bunun gələcəkdə eyni pozuntulara yol verilməməsi üçün çəkindirici (xəbərdaredici) təsiri olmayacaqdır. Ona görə də maddi ziyanın hesablanma qaydasına əsasən müəyyən olunan ziyan əvəzinin həmin ziyanın real həcmindən hətta əhəmiyyətli dərəcədə yüksək olması qanuni və ədalətlidir. Digər tərəfdən, cavabdeh tərəfindən iddiaçının təqsiri üzündən itirilmiş təbii qazın miqdarı 4680 m3 həcmində hesablanmışdır. Pozuntu aradan qaldırıldıqdan sonra iddiaçının növbəti ilin eyni dövründə təbii qaz sərfiyyatının sayğacla hesablanmış miqdarı ilə (2019-cu ilin noyabrında – 1176 m3, dekabrında - 1350 m3, 2020-ci ilin yanvarında – 1120 m3, fevralında – 797 m3, martında - 1003 m3 və s.) müqayisədə cərimə kimi hesablanmış miqdarın heç də yüksək olmadığı müəyyən olunur. Ona görə də məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçının üzərinə itirilmiş (qanunsuz istifadə olunmuş) təbii qazın miqdarı kimi hesablanmış 4680 m3 sərfiyyatın və bu əsasla abonent koduna vurulmuş 468 manat məbləğində cərimənin silinməsi və ya azaldılması üçün qanuni əsaslar müəyyən etməmişdir. Azərbаycаn Respublikаsı MPM-in 14.2-ci maddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsasən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas olan hallar müəyyən edilmişdir. Belə ki, apellyasiya baxışında birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin faktiki hallarına uyğun gəlməməsi müəyyən olunmuşdur. MPM-in 385.1.4-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi həmin qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iş üzrə iddia tələbinin qiyməti (məbləği) iki min manatdan az olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-1367/2020 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-1367/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” iddiası rədd edilsin. Hazırkı qətnamə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar