Məhkəmə qərarları › İş №2(107)-686/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-686/2024

21.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-686/2024 21.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh və Cavabdeh Zaqatala X6 İdarəsinə qarşı “qalıq borc kimi qeyd olunmuş 1555,20 manat pulun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Akt əsasında hesablanmış məbləğin silinməsi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və Cavabdeh Zaqatala X6 İdarəsinə qarşı “qalıq borc kimi qeyd olunmuş 1555,20 manat pulun silinməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, e-2(033)-158/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh və Cavabdeh Zaqatala X6 İdarəsinə qarşı “kommunal borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən onun hesabına qalıq borc kimi yazılmış 1555,20 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Zaqatala rayonu, Muxax kəndində yaşayır. Evə qanuni qaydada təbii qaz çəkilmişdir. Qazdan qanuni qaydada istifadə edərək haqqını vaxtlı-vaxtında ödəyir. İstifadə etdiyi qazın miqdarı plomblanmış qaz sayğacı ilə ölçülür. Cavabdeh təşkilatın işçiləri qaz sayğacını yoxlayarkən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üst hissədən kənar təsir nəticəsində aralanması aşkar edilmişdir. Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş Qazdan İstifadə qaydalarının 4.8 və 4.9-cu maddələrində deyilir ki, sayğacın işlək vəziyyətdə saxlanılmasına cavabdehliyi paylayıcı daşıyır. Bundan başqa cavabdeh sayğacın onun tərəfindən sıradan çıxarıldığını sübut etmədən ona borc yazmışdır. Sayğac isə küçədə yerləşir. Cavabdehlər qəsdən ona akt yazaraq süni borc yaratmışlar. Beləliklə, cavabdeh təşkilat onun hesabında süni olaraq borc yaratmış və qalıq borc kimi 1555,20 manat borc göstərilir. Bu borcun silinməsi yalnız məhkəmə yolu ilə həyata keçirilməlidir. Yuxarıdakılara əsasən hesab edir ki, ona yazılmış 1555,20 manat qaz borcu silinməlidir.

3. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İddiaçı adına rəsmiləşdirilmiş **********01270 saylı qaz hesabında xx.xx.2023-cü il tarixə 2570.10 manat borc vardır. Həmin borcun 1014.90 manat hissəsi sayğac üzrə, 1555.20 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı məhz həmin hissədə borcu mübahisələndirməkdədir. Mübahisə predmeti ilə bağlı bildirir ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı **********5 nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sayğaca müdaxilə ehtimalı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq istismarda olan G4 markalı **********5 nömrəli sayğac, qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktla çıxarılaraq xüsusi plomblanmış qutuda möhürlənərək dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********0 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğacının texniki vəziyyəti ilə bağlı rəy verən ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin xx.xx.2023-cü il tarixli 14-2- 2/3-5-3102-1 saylı aktında göstərilmişdir ki, sayğacdan qaz keçir hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, sayğacın gövdəsi kənar təsir nəticəsində əzilib, sayğac istismara yararsızdır (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə (istehlakçı aktı imzalamaqdan imtina etmişdir) təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 6m3 sutkalıq iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİnin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 12960 m3 (və ya 1555.20 manat) həcmində müəyyən edilmişdir. Bildirir ki, abonent iddia ərizəsində qeyd etmişdir ki, qaz sərfiyyatı üzrə olan ödənişləri vaxtlı vaxtında ödəyir. Lakin abonent saldosuna nəzər yetirdikdə abonentin yalan məlumat verdiyi aşkarlanır. Bildirir ki, mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinə əsasən, qaz sayğacının zədələnməsi dedikdə onun hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s. başa düşülür. Abonentin və ya onunla razılıq əsasında digər şəxsin müdaxiləsi olmadan sayğacda baş vermiş həmin zədələnmələrə görə abonent heç bir məsuliyyət daşımır və zədələnmiş sayğacın dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilir. Lakin sayğacın zədələnməsi ona müdaxilə nəticəsində baş vermişsə, bu zaman təqsirli hərəkətin törədilməsi faktı mövcud olur. İstehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların borcudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4cü maddəsinin 2-ci bəndinə əsasən istehlakçı bu Qanunun 3-cü bəndinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 3.3cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənlərə əsasən, təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 1555.20 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsi təmin edilməməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və əlavə olaraq göstərmişdir ki, sayğacda müəyyən problemlər olmuşdur, belə ki, sayğacı tərpədən zaman qaz buraxılışı bərpa olunurdu, lakin bu barədə idarəyə məlumat verməmişdir. Sayğac isə onun yaşadığı evdə və həyətyanı sahədə deyil, yolda quraşdırılmışdır. Həmçinin o evində yalnız qaz deyil, həm də odundan da istifadə edir. Özü sayğaca hər hansı bir müdaxilə etməmişdir, əgər belə bir müdaxilə olmuşsa da, o bundan məlumatsızdır. Hesab etmişdir ki, cavabdehlər tərəfindən əsassız olaraq ona borc hesablanmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Cavabdeh nümayəndəsi X4 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, vətəndaş üçün sonuncu sayğac quraşdılanadək göstəriciləri aşağı olmuş sonuncu sayğac quraşdırıldıqdan sonra isə göstəriciləri artmışdır. Həmçinin sayğac tutulmamış, əksinə sayğaca kənar müdaxilə olunmuş və sayğac keçən qazın həcmini hesablamamışdır. Həmçinin əgər hesablanmış 1555.20 manatı çıxsaq hal-hazırda iddiaçının qazdan istifadəyə görə təxmini 1500 manat borcu yaranmışdır və həmin borcdan bugünədək heç bir ödəniş olunmamışdır. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. Zaqatala Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, e-2(033)-158/2024 nömrəli qətnaməsi ilə (hakim V.Məmmədov), idddianın təmin edilməsi, İddiaçı (Zaqatala rayonu, Muxax kəndi) itirilmiş qaza görə hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borcun silinməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Zaqatala rayonu, Muxax kəndində yerləşən istehlakçı İddiaçı aid qaz sayğacı növbəti texniki baxışdan keçirilən zaman sayğacın hesablama mexanizminin iş prinsipinə müdaxilə edilməsi kimi qiymətləndirilərək, istehlakçı İddiaçı itirilmiş qaza görə 1555,20 manat borc hesablanmışdır.

8. Məhkəmə həmçinin müəyyən etmişdir ki, işin mübahisəsiz olan digər hallarına əsasən iddiaçı tərəfindən Zaqatala rayonu Muxax kəndində istifadə olunan qaz xəttinə quraşdırılmış qaz sayğacı sonuncunun yaşadığı ev və həyətyanı sahədə deyil, yolda quraşdırılmışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

9. Məhkəmə hesab etmişdir ki, qaz sayğacın hesablama mexanizmində aşkar olunmuş qüsurun iddiaçı tərəfindən törədildiyi sübut olunmamışdır.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçının müdaxilə etdiyi bildirilən sayğacın iddiaçının yaşadığı evin və həyətin daxilində deyil, sayğaca müdaxilə olsaydı sayğac dəyişdirilərkən aşkar olunardı və bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən güdməsinin qeyrimümkün olması nəzərə alınaraq müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmir. Sayğaca edilmiş müdaxilədə iddiaçının hər hansı bir marağının olması da müəyyən edilməmişdir.

11. İddiaçının hüquq pozuntusuna yol verdiyinin öz təsdiqini tapmamasını nəzərə alan məhkəmə sadalanmış qanunların tələblərini rəhbər tutaraq hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh İB-in Zaqatala X6 İdarəsi tərəfindən istehlakçı İddiaçı itirilmiş qaza görə hesablanmış 1555,20 manat məbləğində borc silinməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2, 560.1, 560.2-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.7, 4.8, 4.9, 5.2, 6.7-ci bəndləri, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3, 18-ci maddələri, X7 Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 77.2, 121.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiya məhkəməsində icraat:

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

14. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir.

15. Azəriqaz” İB-nin Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı **********5 nömrəli qaz sayğacına istehlakçının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı ona müdaxilə edildiyi aşkar edilmişdir. Bununla əlaqədar qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********0 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən Metrologiya Departamentinin xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-3102-1 saylı aktında göstərilmişdir ki, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, sayğacın gövdəsi kənar təsir nəticəsində əzilib, sayğac istismara yararsızdır (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib etmişdir. Qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 6 m3 sutkalıq iş rejimi 24 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2023-cü il tarixli il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 12960 m3 (və ya 1555.20 manat) həcmində müəyyən edilmişdir.

16. Birinci instansiya məhkəməsinin hazırkı mövqeyi isə hansısa vasitə ilə oğurluq hallarının qarşısının alınmasında çətinliklər yaradır və işin faktiki halları araşdırılmadığından istehlakçı tərəfindən gələcəkdə də qanunsuz qazdan istifadə etməsinə zəmin yaradır.

17. İstehlakçı hazırkı vəziyyətdə sayğaca müdaxilə etməklə qanunsuz qazdan istifadə edərək tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur.

18. Göründüyü kimi iddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin 1-ci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir.

19. Təqdim edilmiş aktlar, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Bununla bərabər aktın hər iki tərəfin iştirakı ilə tərtib edilməsinə gəldikdə isə akt hər iki tərəfin iştirakı ilə tərtib edilmiş, mövcud vizual qüsur aşkarlansada, istehlakçı qüsuru təsdiq edən xx.xx.2022-ci il tarixli ******* saylı aktı imzalasada, inventarizasiyanın aparılmasına dair xx.xx.2023-cü il tarixli ******* saylı aktı isə imzalamaqdan imtina etmişdir. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmini barədə qərar vermişdir.

20. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, isin hərtərəfli, tam və obyektiv həllinə lazımi sərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli səkildə arasdırmamıs, həmin sübutlara tətbiq edilməli h ü q u q normalarına müvafiq olaraq qiymət verməmis, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır.

21. Lakin birinci instansiya məhkəməsi hazırda qüvvədə olmayan Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə istinad edərək və həmin maddə əsaslanaraq sübutlara düzgün qiymət verməmişdir.

22. İddiaçı tərəfdən qanunsuz hərəkətləri həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. İddiaçı olaraq dəymiş maddi zərərin ödənilməsi barədə iddia tələbi irəli sürülməsinə əsas olmuş halları sübut etmək üçün iddia ərizəsinin təmin edilməsinə dair, onun əsaslı olmasına dair kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) 1-ci instansiya məhkəməsinə təqdim edilməmişdir.

23. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları, o cümlədən sayğacın çıxarılmasına dair akt, təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt və digər sübutları düzgün təhlil edilməməsi, qanunsuz qazdan istifadə halının aşkar edilməsi zamanı istehlakçının iştirakı və qüsurun məhz onun yanında aşkar edilməsi, sayğacın istismara yararsız vəziyyətə gətirilməsi ona faktiki fiziki müdaxilə edilməsi ilə baş verməsi, sərfiyyatın qeydə alınmaması üçün sayğaca fiziki təsir ilə müdaxilə edilməsi məqsədilə onun hökmən zədələnməsindən, bundan da istehlakçının məlumatının olmaması qeyri mümkün olması, mübahisəli qaz sayğacı əvvəlki tarixdə onun flyans (qayka) birləşməsinə plomb vurularaq abonentə təhvil verilmiş və bu səbəbdən sayğacın və plombların qorunub saxlanılmasına abonent cavabdehlik daşıması, sayğacda qüsur aşkar edilməzdən əvvəlki dövrlə qüsur aradan qalxdıqdan sonrakı dövrdə abonent saldosu üzrə qaz sərfinin müqaisəsi zamanı sonradan sərfiyyatın kəskin artması məhkəmənin diqqətindən yayılnmışdır.

24. Məhkəmə Kollegiyasının diqqətinə çatdırır ki, birinci instansiya məhkəməsinin ilk növbədə diqqət etməli məqam istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlməsidir. Məhkəmənin gəldiyi qənaət həmdə ona görə əsassıdır ki, sayğaca müdaxilədə istehlakçının maddi marağı olmuş və istehlakçının həmin müdaxilənin onun tərəfindən yox kənar şəxsin təsiri nəticəsində olması barədə söylədikləri özünü müdafiə və maddi məsuliyyətdən yayınma xarakteri daşıyır. Bu səbəbdən də iddiaçının sayğaca müdaxilə etmədiyi barədə söylədikləri iş materialları ilə öz təsdiqini tapmır. Digər tərəfdən, qaydaların 4.8-ci bəndində göstərilənlər iki cür izah olunur: Birincisi sayğacın texniki cəhətdən nasaz olması, ikincisi sayğaca kənar təsir nəticəsində nasaz vəziyyətə gətirilmsi. Bu iki hal bir birindən tamamilə fərqli anlayışlardır və qaz paylayıcısı yalnız birinci halda sayğacın işlək vəziyyətdə saxlanılmasına cavabdeh ola bilər, ikinci halda isə bu cavabdehilik isə ağlabatan deyildir və ya istehlakçının lehinə şərh oluna bilməz. B e l ə ki, birinci halda sayğacın zavod qurğuşun plombunda və onun flyans birləşməsinə vurulan plombunda, sayğacda hər hansı vizual müşahidə edilən kənar təsir nəticəsində müdaxilə halı yoxdursa, ancaq bununla belə sayğac işləmirsə, normadan artıq xəta ilə işləyirsə, başqa sözlə sayğaca hər hansı fiziki təsir nəticəsində müdaxilə halı olmadan onda nasazlıq mövcuddursa belə bir vəziyyətdə onun işlək vəziyyətdə olmasına görə istehlakçını məsul tutlmaq olmaz. İkinci halda isə sayğacını nasaz vəziyyətə gətirilməsi məhz ona fiziki təsir nəticəsində baş vermişsə (hazırkı işdə olduğu kimi) bu zaman qaz paylayıcısı sayğacın işlək vəziyyətdə olmasına görə cavabdehlik daşıya bilməz. Çünki həmin sayğaclar quraşdırılarkən yoxlanılmış və hər hansı texniki nasazlığı olmadığı üçün quraşdırılmış və aktla istehlakçıya təhvil verilmişdir.

25. Məhkəmə Kollegiyasının diqqətinə çatdırırlar ki, iddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.

26. Göründüyü kimi qaz sərfi müdaxilə qaz sayğacının şəbəkədən açılmamışdan əvvəlki dövrü ilə yenisi ilə əvəz edildikdən sonrakı dövrlə müqaisədə nəzərə çarpacaq dərəcədə fərq vardır. Sayğacda mövcud olan qüsur elə bir müdaxilədir ki, onun üzərində qanunsuz əməllər həyata keçirilərkən (müdaxilə edilərkən) hökmən mənzilin qaz təminatı dayandırılmalıdır və bundan da vətəndaşın məlumatının olmaması qeyri mümkündür. Digər tərəfdən sayğacın içəri mexanizminə təmas edildiyindən müəyyən vaxt tələb olunur və ona ərazidən keçən hər hansı şəxsin təsaüfən müdaxilə etməsi də mümkünsüzdür və bu halda da cavabdehin məlumatının olmaması mümkünsüzdür. İstehlakçının sayğacda müdaxilə faktı varsa deməli onun məlumatı daxilində mümkündür.

27. Nəticə etibarilə istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. Yuxarıda aparılan analizdən və mülki işin faktiki hallarından da göründüyü kimi istehlakçıya məxsus mənzildə sayğaca müdaxilə edilməklə qanunsuz qazdan istifadə edilməsi faktına heç bir şübhə yeri qoymur və cavabdehin etirazında göstərdiyi fikirlər isə yalnız formal mülahizələrdən ibarətdir.

28. Göründüyü kimi, birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdikləri qətnamədə göstərilən nəticə işin hallarına uyğun olmamışdır.

29. Odur ki, Cavabdeh verdiyi apellyasiya şikayətinin təmin edilməsi, Zaqatala Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, e-2(033)-158/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı iddia tələbinin təmin edilməməsi və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

31. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, e-2(033)-158/2024 nömrəli qətnaməsininin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

32. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh və Cavabdeh Zaqatala X6 İdarəsinin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır

34. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun; 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın; 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

36. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun; 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər.

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Apellyasiya şikayətindən görünür ki, apellyator Zaqatala Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, e-2(033)-158/2024 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

41. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, e- 2(033)-158/2024 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur .

43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

44. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirilərkən sayğacdan qazın keçməsi, hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi, sayğacın gövdəsinin kənar təsir nəticəsində əzilməsi, sayğacın istismara yararsız olması müəyyən edilmiş, daha sonra itirilmiş qazın bərpası üçün Cavabdeh tərəfindən hesabat aparılmış və hesablanmış 1.555,20 manat iddiaçıdan tələb edilmişdir.

45. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və onun dəlilləri formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya həmin aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “qaz keçir, hesablama mexanizmi keçən qazın həcminin qeyd etmir, sayğacın gövdəsi kənar təsir nəticəsində əzilib, sayğac istismara yararsızdır” qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir.

46. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış G4 markalı, **********5 nömrəli sayğaca dair Cavabdeh xx.xx.2023-cü il tarixli, 14-2-2/3-5-3102-1 nömrəli aktında sayğacda aşkar olunan nasazlıqlar qeyd edilmiş və hər hansı kənar müdaxilənin olması göstərilməmişdir. Cavabdeh tərəfindən quraşdırılan sayğaca görə vətəndaşın məsuliyyətini təsdiq edən sübut təqdim edilməmişdir. Cavabdehin şikayəti o halda əsaslı sayıla bilərdi ki, cavabdeh sayğacda kənar müdaxilənin olmasını göstərmiş olsun və həmin müdaxilənin iddiaçının hərəkətləri nəticəsində baş verdiyini sübut etmiş olsun. Lakin hazırkı vəziyyətdə belə hallar müəyyən edilmir.

47. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, aktda qeyd edilən sayğacda qazın keçməsi, hesablama mexanizminin keçən qazın həcminin qeyd etməməsi, sayğacın gövdəsinin kənar təsir nəticəsində əzilməsi, sayğacın istismara yararsız olması fikirləri həmin sayğaca hər hansı kənar müdaxilənin olmasını göstərmir. Həmin nöqsanların qeyd edilməsi isə özü özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsan hər iki tərəfin təqsirindən yarana bilər. Sözügedən sayğacın iddiaçının mülkiyyətində olan həyətində yox, yol kənarında quraşdırmış olmasının iddiaçının onu güdməsini çətinləşdirməsi hüquq pozuntusunun iddiaçı və onun ailə üzvləri tərəfindən törədilməsini, bununla bağlı İddiaçı təqsirli olmasını şübhə altına alır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

48. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının müdaxilə etdiyi bildirilən sayğac iddiaçının yaşadığı evin və həyətin daxilində deyildir, sayğaca müdaxilə olsaydı sayğac dəyişdirilərkən aşkar olunardı, iddiaçının sayğacı kənar müdaxilələrdən güdməsinin qeyri-mümkün olması nəzərə alınaraq müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmir. Sayğaca edilmiş müdaxilədə iddiaçının hər hansı bir marağının olması da müəyyən edilməmişdir.

49. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, e-2(033)-158/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, e-2(033)-158/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar