Məhkəmə qərarları › İş №2(107)-688/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-688/2022

01.06.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-688/2022 01.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İsmayıllı Rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı tikintinin dayandırılması və yarımçıq tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: tikintinin dayandırılması və tikilinin sökülməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçı İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı İsmayıllı Rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı tikintinin dayandırılması və yarımçıq tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2(037)-41/2022 nömrəli qətnaməsindən iş üzrə iddiaçı İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 30.08.2012-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış və Çıxarışa əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Cavabdeh adına İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 32A ünvanında yerləşən 0.012 hektar həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Aparatının Memarlıq və Tikinti şöbəsinin 17 fevral 2017-ci il tarixli 05/10 nömrəli məktubundan görünür ki, İsmayıllı RİH başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi DƏDRX-nin RX seriyalı, ******* nömrəli çıxarışla Cavabdeh mülkiyyətinə verilmiş İsmayıllı şəhəri, M.F.Axundov küçəsində yerləşən 0.012 hektar həyətyanı torpaq sahəsi üzərində Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən məlumatlandırma icraatı qaydasında təqdim edilmiş layihəyə uyğun–tikintialtı sahəsi 120.0 kv.metr, yaşayış sahəsi 153.24 kv.metr olan iki mərtəbəli, mansard tipli yaşayış evinin inşasına etiraz etməmiş və təqdim edilmiş layihənin ərazi planlaşdırılmasına uyğun olduğu qeyd edilmişdir.

3. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin 20 avqust 2021-ci il tarixli 06/1350 nömrəli bildirişindən görünür ki, Cavabdeh İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 32A ünvanında apardığı tikinti quraşdırma işlərinə münasibət bildirilməsi ilə bağlı müraciəti əsasında İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilmiş məktub Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzində araşdırılmış 11.06.2021-ci il tarixli, XO-03-2021- 01499 nömrəli məktubla cavablandırılaraq bildirilmişdir ki, hazırda qeyd olunan ünvanda aparılan tikinti quraşdırma işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.02.2014cü il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın 4.13-cü bəndinin tələblərini pozmaqla, ərazidə tikinti sıxlığı əmsalı normalarına uyğun deyil,eyni zamanda məlumatlandırma icraatı qaydasında razılaşdırılmış həmin layihədə texniki ölçülərin qanunvericilikdə nəzərdə tutulmuş hədlərin keçilməsi vurğulanaraq, İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 32A ünvanında mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin inşası ilə bağlı başlanılmış tikintiquraşdırma işlərinin məlumatlandırma icraatına uyğun olmadığı bildirilmiş, qeyd olunanları nəzərə alaraq, sözügedən ünvanda aparılan tikinti işlərinin dayandırılması xahiş edilmiş,yalnız qanunvericilikdə müəyyən olunmuş prosedur qaydalara uyğun olaraq, müvafiq icazə sənədi aldıqdan sonra tikinti işlərinin davam etdirilməsinin mümkün olduğu qeyd olunaraq nəzərə alınması xahiş edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İsmayıllı Rayon İcra Hakimiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 32A ünvanında özünə məxsus 0.012 hektar həyətyanı torpaq sahəsində zirzəmili, iki mərtəbəli, mansard tipli evin inşası ilə bağlı tikinti quraşdırma işlərinin dayandırılması və yarımçıq tikilinin cavabdehin öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin mülkiyyətində olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin RX seriyalı ******* saylı Çıxarışı əsasında 0,12 ha həyətyanı torpaq sahəsi vardır və onun adına 30.08.2012-ci il tarixli reyestr nömrəsi **********53 saylı torpaq sahəsinin plan və ölçüsü hazırlanmışdır. 2016-cı ildə Azərbaycan Respublikası “Arxitektura və Dizayn MMC tərəfindən cavabdehə məxsus zirzəmili 2 mərtəbəli mansart tipli yaşayış evinin memarlıq planlaşdırma layihəsi hazırlanmış 17 fevral 2017-ci il tarixdə RİH başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri ilə razılaşdırılmışdır. İsmayıllı Rayon İcra Hakimiyyəti həyətyanı torpaq sahələrində tikintisi yarımçıq qalan yaşayış evlərinə münasibətdə məlumatlandırma icraatının həyata keçirilməsi vəziyyətinə dair 2021-ci ildə növbəti monitorinq keçirmiş, monitorinq zamanı cavabdehə məxsus İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 32A ünvanında özünə məxsus 0.012 hektar həyətyanı torpaq sahəsində zirzəmili,iki mərtəbəli, mansard tipli evin inşası ilə bağlı başladığı tikinti quraşdırma işlərinin məlumatlandırma icraatına uyğun olmadığı aşkar edilmişdir. Bu barədə vətəndaşa şifahi xəbərdarlıq edilmiş və tikili zirzəmi mərtəbə səviyyəsində olarkən 07 may 2021-ci il tarixli 05/778 saylı məktubla tikintinin dayandırılması barədə cavabdehə bildiriş göndərilmişdir. Bundan sonra cavabdeh tikintinin qanunsuz dayandırılması ilə bağlı dövlət orqanlarına şikayətlər ünvanlamışdır. Müraciətləri cavablandırılarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2014-cü il tarixli 51 saylı Qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikinti növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın 4.13-cü bəndinin tələblərinə riayət edilməsinin məcburi olduğu vətəndaşa bildirilmiş və sözügedən tikintiquraşdırma işlərinin məlumatlandırma icraatına uyğun olub-olmamasına dair rəy bildirilməsi barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən alınan rəsmi məlumatda həmin tikilinin inşası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2014-cü il tarixli 51 saylı Qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikinti növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın 4.13-cü bəndinin tələblərinin pozulduğu, ərazidə tikinti sıxlığı əmsalı normalarına uyğun nəzərə alınmadığı bildirilmişdir. Komitə tərəfindən tikinti sıxlığı ilə bağlı göstərilən irad ehtiva edir ki, cavabdehə məxsus həmin ünvanda 120 kv.m həyətyanı torpaq sahəsində tikintialtı sahəsi 120 kv.m yaşayış evinin tikintisinə razılıq verilməsi zamanı norma və qaydalar pozulmuşdur. Halbuki mövcud qanunvericiliyə görə həmin həyətyanı torpaq sahəsində tikintialtı sahəsi 48 kv.metrdən artıq yaşayış evinin inşasına yol verilməməlidir. Bu səbəbdən tikintisinə başlanılmış həmin obyektin inşası zirzəmi mərtəbəsi səviyyəsi tikinti işlərinin dayandırılması və qanunvericilikdə müəyyən olunmuş qaydalara uyğun müvafiq icazə sənədi aldıqdan sonra tikinti işlərinin davam etdirilməsinin mümkünlüyü barədə cavabdehə 20 avqust 2021-ci il tarixli 06/1350 saylı məktubla bir daha yazılı xəbərdarlıq edilmişdir. Lakin bütün bunlara baxmayaraq cavabdeh tikinti işlərini davam etdirmişdir. İsmayıllı RİH Başçısının “İsmayıllı rayon ərazisində müvafiq icazə olmadan özbaşına və qanunsuz tikinti işlərinin qarşısının alınması məqsədi ilə Araşdırma komissiyasının yaradılması barədə” 04 sentyabr 2021-ci il tarixli, 109 saylı Sərəncamına əsasən İsmayıllı şəhər ərazisində növbəti monitorinq keçirilmiş, şəhər ərazisinə baxış zamanı müəyyən edilmişdir ki, cavabdeh təqdim edilmiş rəsmi bildirişlərə məhəl qoymayaraq tikinti quraşdırma işlərini davam etdirmiş və artıq yekunlaşmaq üzrədir. “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”nin 3.11.5-ci bəndinə əsasən tikinti norma və qaydalarına əməl olunmadığı aşkar edildikdə tikintinin dayandırılması üçün məhkəməyə müraciət edilir. Adıçəkilən tikili şəhərin Baş Planına və “Ərazilərin zonalaşdırılması, tikinti növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ına uyğun olmadığı üçün sökülməlidir.

6. İsmayıllı Rayon Məhkəməsinin (hakim İ.Hüseynov) 02 mart 2022-ci il tarixli, 2(037)-41/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin “tikintinin dayandırılması və yarımçıq tikilinin sökülməsi” tələbi ilə bağlı müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. 8.Hazırki iddia tələbi ayrı-ayrı hüquq subyektlərinin əşya hüquqlarının müdafiəsi ilə əlaqədar qaldırılmamış, sözügedən tikilinin dayandırılması və sökülməsi tələbi barədə iddianın ümumi ictimai maraqların müdafiəsi naminə publik səlahiyyətlərin həyata keçirilməsi qaydasında dövlətin adından, hazırkı mübahisə üzrə İsmayıllı rayon İcra Hakimiyyəti çıxış etmişdir. 9.Belə olan halda məhkəmə hesab edir ki, sözügedən tikintinin dayandırılması və sökülməsi ilə əlaqədar Şəhərsalma və Tikinti Məcəlləsi”nin məqsədləri üçün dövlətin adından məhkəməyə müraciət etmək hüququ hazırkı tələb üzrə iddiaçı olan İsmayıllı Rayon İcra Hakimiyyətinə yox, yalnız Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məxsusdur. Nəticədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsində tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınmadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa olunmuş tikintinin dayandırılması, inşası başa çatmamış tikililərin sökülməsi barədə qərar qəbul edilməsi, tikinti obyektlərinin sökülməsi barədə məhkəmədə iddia qaldırılması dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid olduğundan yerli icra hakimiyyəti orqanlarının və digər təşkilatların dövlət adından belə bir tələblə müraciət etmək, müvafiq qərar qəbul etmək səlahiyyəti yoxdur. Bundan başqa məhkəmə hazırki iddia üzrə tələb hüququ olmayan iddiaçının əsil iddiaçı ilə əvəz edilməsini tərəflərlə müzakirə etməyi zəruri hesab etmişdir. 10.Məhkəmə, hazırlıq iclasında tərəflərlə iddiaçının əsil iddiaçı ilə əvəz edilməsi məsələsini müzakirə etmiş, iddiaçının nümayəndəsi bu barədə yazılı razılıq təqdim etməyərək, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə icra hakimiyyətinin subyektiv hüququnun olmasını bildirmişdir. Ona görə də məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxmışdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirilən tikilinin dayandırılması və sökülməsi barədə məhkəmədə iddia qaldırmaq hüququ Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məxsus olduğundan İsmayıllı rayon İcra Hakimiyyətinin belə bir tələb ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı İsmayıllı Rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı “tikintinin dayandırılması və yarımçıq tikilinin sökülməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının 29 iyun 2012-ci il tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə əsasən Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş “Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı yazılı göstərişlər və tikinti işlərinin dayandırılması”, Məcəllənin 95.2-ci maddəsində nəzərdə tutlmuş yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar qəbul edilməsi, 95.3-cü maddəsində nəzərdə tutulmuş tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid edilmişdir.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının 29 iyun 2012-ci il tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə, Azərbayacan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi qaydaları”nın 4.3-cü bəndinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.5, 92.1, 92.1.1, 92.1.2, 92.1.3, 92.1.4, 92.2, 92.3, 92.4, 92.4.1, 92.4.2, 92.4.3, 92.4.4, 92.4.5, 92.5, 92.6, 92.7, 92.8, 92.9, 92.10, 95.1, 95.1.1, 95.1.2, 95.1.3, 95.1.3-1, 95.1.4, 95.2, 95.3, 95.3-1, 95.4, 95.5, 95.6 və 95.7-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. İsmayıllı Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2(037)-41/2022 nömrəli qətnaməsindən narazı qalan iddiaçı İsmayıllı Rayon İcra Hakimiyyəti apellyasiya şikayəti vermişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli 2(037)-41/2022 nömrəli qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edirlər. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamışdır. Qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. İsmayıllı Rayon Məhkəməsi yalnız “tikintinin dayandırılması və yarımçıq tikilinin sökülməsi” tələbi ilə bağlı İsmayıllı RİH-nin subyektiv hüququnun olub-olmamasını araşdırmış və belə hesab etmişdir ki, mübahisələndirilən tikilinin dayandırılması və sökülməsi barədə məhkəmədə iddia qaldırmaq hüququ Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məxsus olduğundan İsmayıllı Rayon İcra Hakimiyyətinin belə bir tələb ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. Azərbaycan Respublikası Prezidentinin 22 may 2015-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi qaydaları”nın 2.1.4-cü bəndinə əsasən layihənin memarlıq planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə tikinti müvafiq icra hakimiyyətinin və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 14.İsmayıllı Rayon İcra Hakimiyyəti maraqlı tərəfdir ona görə ki, fərdi yaşayış evlərinə münasibətdə-məlumatlandırma icraatının tətbiq olunduğu hallarda layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmasına nəzarəti həyata keçirir. Cavabdehə məxsus 0,012 ha həyətyanı torpaq sahəsində zirzəmili, iki mərtəbəli, mansard tipli fərdi yaşayış evinin layihəsinin şəhərsalma-tikinti normalarına və qaydalarına uyğun olmadığı İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə tam təsdiq edilir.

15. Cavabdeh tərəf məhkəməyə heç bir mötəbər sənəd təqdim edə bilməmiş, 17 fevral 2017-ci ildə layihəsinə icazə verilmiş, qüvvədən düşmüş layihə üzrə tikintinin inşasının dayandırılmasını və 2021-ci ildə davam etməsini pandemiya qaydaları ilə əlaqələndirmişdir. Halbuki, “Covıd-19” pandemiyası ilə bağlı məhdudiyyətlər İsmayıllı rayonu üzrə 05 mart 2020-ci il tarixdən tətbiq edilməyə başlamışdır. Məhkəmə iş üçün əhəmiyyəti olan halları, o cümlədən bildiriş göndərildiyi 07 may 2021-ci il tarixdən məlumatlandırma icraatının dayandırıldığını və qüvvədən düşdüyünü nəzərə almamışdır. Beləliklə, həm fiziki şəxslər tərəfindən, həm də vəzifəli şəxslər tərəfindən qanunvericiliyin tələblərinin pozulmasına, gələcəkdə də belə halların davam etməsinə rəvac verilmiş və nəticədə insanların həyatı, sağlamlığı və əmlakı üçün potensial təhlükə yarada biləcək pozuntular aradan qaldırılmamışdır. Tikintinin dayandırılması barədə məhkəmənin qərardadı olmasına baxmayaraq qərardadın icrası ilə bağlı vaxtında qanunamüvafiq tədbirlər görülməməsi səbəbindən yarımçıq və özbaşına tikili başa çatdırılmışdır.

16. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 01.03.2022-ci il tarixli MİNO/2.1-2- 2022-1491 saylı məktubunda cavabdehin tikinti niyyətinə dair məlumatların Tikintilərin Dövlət Reyestrində ləğv olunduğu göstərilir. Bu o deməkdir ki, cavabdeh prosedura yenidən başlamalı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2014-cü il tarixli 51 saylı Qərarı ilə təsdiq edilmiş ”Ərazilərin zonalaşdırılması, tikinti növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın 4.13-cü bəndinin tələblərinə riayət etməklə yeni layihə təqdim etməlidir. Qanunvericiliyə görə həmin həyətyanı torpaq sahəsində tikintialtı sahəsi 48 kv.metrdən artıq yaşayış evinin inşasına yol verilmir. Odur ki, hər bir halda həmin tikilinin sökülməsi labüddür. Azərbaycan Respublikası Prezidentinin 22 may 2015-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi qaydaları”nın məqsədi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci və 80-ci maddələrinin tələbləri pozulmaqla aparılan tikinti işlərinin qarşısını almaqdan, şəhərsalma və tikinti qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə riayət olunmasını təmin etməkdən, insanların həyatı, sağlamlığı və əmlakı üçün potensial təhlükə yarada biləcək pozuntuları aradan qaldırmaqdan ibarətdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.5-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti (yerli icra hakimiyyətləri orqanları) həyata keçirir. Göründüyü kimi qanunvericilik tikintiyə icazə ilə məlumatlandırma icraatını bir-birindən fərqləndirir. Tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihələrin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə tikinti müvafiq icra hakimiyyətinin və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülür. Qeyd edilənlərə əsasən İsmayıllı Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli 2(037)-41/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, iddiaçı İsmayıllı Rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı “Tikintinin dayandırılması və yarımçıq tikilinin öz hesabına sökülməsi” tələbinə dair iddiasının təmin edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18.Məhkəmə iclasında iştirak edən iddiaçı İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə tam və obyektiv araşdırma aparmamışdır. Belə ki, cavabdeh tərəf Şəhərsalma və tikinti norma qaydalarına riayət etməyərək, özbaşına tikinti inşa etmiş, edilmiş xəbərdarlığa baxmayaraq tikinti işlərini dayandırmamışdır. Hesab edir ki, apellyasiya şikayəti tam əsaslıdır, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmasını xahiş edir. 19.Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, şikayətin dəlilləri tamamilə əsassızdır. Birinci ona görə ki, cavabdeh özünə məxsus olan torpaq sahəsində tikinti, yaşayış evi inşa etdirmişdir. İkincisi də İcra Hakimiyyəti özü tikintinin inşasına razılıq vermişdir. Üçüncü, iddiaçı tərəfin mübahisələndirdiyi tikinitinin hündürlüyü 12 metrə çatmır. Burada özbaşına tikintidən söhbət gedə bilməz. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş edir.

Tətbiq edilən hüquq 20.Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.

21.Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 95.1. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 2 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. 95.2. Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi / Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 12 sentyabr tarixli 695 nömrəli Fərmanı) tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.3. Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi / Azərbaycan Respublikası Prezidentinin 2012ci il 12 sentyabr tarixli 695 nömrəli Fərmanı) tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. 95.3-1. Bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.4. Bu Məcəllənin 95.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda tikinti obyekti həmin Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, 74.2-ci maddəsinə uyğun olaraq sökülür. 95.5. Sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi) (reklam qurğuları isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən sökülür. 95.6. Tikinti obyektinin sökülməsi müvafiq layihə əsasında həyata keçirilir. 95.7.Tikinti obyektlərinin sökülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi) tərəfindən müəyyən edilir.

22.“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının: 10.1. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra mətndə “ŞTM”) müddəalarına uyğun olaraq tikintiyə icazə verilməsi, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti fəaliyyətinin həyata keçirilməsi (tikinti obyektlərinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi), tikinti obyektlərinin istismarına icazə verilməsi ilə əlaqədar inzibati orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Tikinti fəaliyyətinin həyata keçirilməsinə icazə verilməsi barədə inzibati orqanın qərarı üçüncü şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğu hallarda da eyni qayda tətbiq olunur. 10.2. ŞTM-nin 95.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. 10.3. «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 saylı Fərmanının 4.10-cu bəndinə əsasən, ŞTM-nin 95.3-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. 10.4. ŞTM-nin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPMin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

23. Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli 349 nömrəli fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın

1.5. Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi səlahiyyətləri Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən Nazirliyin Tikintidə Təhlükəsizliyə X5 (bundan sonra – Agentlik) və Tikintidə Təhlükəsizliyə X5nin Baş Dövlət Tikinti Müfəttişliyi (bundan sonra – Müfəttişlik) vasitəsilə həyata keçirilir. 1.6. Agentlik və Müfəttişlik tikinti obyektinin sökülməsi zamanı söküntü işlərinin texniki təhlükəsizlik və şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun aparılmasına nəzarəti həyata keçirir. 2.1. Mülkiyyət formasından və təyinatından asılı olmayaraq, tikintisinə icazə tələb olunan obyektin tikintisinin bütün mərhələlərində aparılan tikinti-quraşdırma işlərinə və barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektin tikintisinə Agentlik və Müfəttişlik tərəfindən dövlət nəzarəti həyata keçirilir..

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir 261.0.1. maddəsinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1. maddəsinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya instansiyasında ləğv olunması əsaslarından biri maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. 387.2.1-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa ləğv edilməlidir.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayətindən görünür ki, apellyator İsmayıllı Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2(037)-41/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya İsmayıllı Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2(037)- 41/2022 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə tam və hərtərəfli araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2(037)-41/2022 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. 27 . Belə ki, iddia tələbinin ifadə tərzindən və mahiyyətindən göründüyü kimi hazırki iş üzrə iddia tələbinin predmetini tikilinin sökülməsi təşkil edir.

28. Apellyasiya instansiyası bildirir ki, iddia tələbinə mahiyyəti üzrə baxmazdan əvvəl birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü mülki prosessual qanunvericiliyin tələbləri baxımından tam və ətraflı yoxlamalı, mümkünlük barədə əsasların olmasını müəyyən etdikdən sonra işə mahiyyəti üzrə baxmalı idi.

29. Mülki Prosessual Məcəllənin 2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir.

30. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil

31. Hazırki işdə işə baxmış birinci instansiya məhkəməsi iddia tələbini yolverilməzliyə görə qəbul etməkdən imtina etməyərək iddia tələbinə ümumi məhkəmədə baxılmalı olmadığı halda mahiyyəti üzrə baxaraq, aidiyyət qaydalarını pozmuşdur. 32.Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə inzibati məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-nin 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. 33.Yuxarıda qeyd olunmuş müddəaların mənasından göründüyü kimi, iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda.

34. Göründüyü kimi hazırki mübahisənin predmetini tikintinin sökülməsi təşkil etdiyindən, bu tələb hüquqi təbiətinə görə mülki mübahisələrdən fərqli olduğundan mülki icraat qaydasında baxıla bilməz. Çünki bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. Lakin buna baxmayaraq, birinci instansiya məhkəməsi aidiyyət qaydalarına riayət etməmiş və aidiyyət qaydalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. 35.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Çekniçkin Rusiya Federasiyasına qarşı” iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi, şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur.

36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2(037)- 41/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.

37. Kollegiya sonda izah edir ki, ŞTM-in müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı qaldırmaq hüququ Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə aid olmaqla, həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-266, 398, 399-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2(037)-41/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı İsmayıllı Rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı tikintinin dayandırılması və yarımçıq tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına (vəkil vasitəsilə) kassasiya şikayəti verə bilərlər. Qərardaddan kassasiya şikayəti verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar