Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-692/2025 13.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Açar sözlər: borc tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayeva Aydan Paşa qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı "xxxx" MMC-in Cavabdeh qarşı «borc» tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Qax Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, e-2(024)-87/2025 nömrəli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «borc» tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 mart 2024-cü il tarixli müqaviləyə əsasən ASUS kompüter, CANYON kompüter çantası üçün 595.97 manat ödənilməmiş hissə, 59.03 manat cərimə, ümumilikdə, 655 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.Cavabdeh tərəfindən iddia ərizəsinə etiraz göndərilərək işin iddia icraatına keçirilməsi xahiş olunmuşdur.
3. Qax Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli qərardadına əsasən mülki iş iddia icraatına keçirilmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC-i arasında bağlanmış 29 mart 2024-cü il tarixli müqaviləyə əsasən ASUS kompüter, CANYON kompüter çantası almış və nəticədə 655 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2.666.97 manat (yəni 3 ay x 788.99 manat+300 manat ilkin ödəniş) olan ASUS kompüter, CANYON kompüter çantası üçün ümumilikdə, 655 manat olmaqla ondan 595.97 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 59.03 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2.071 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış 29 mart 2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 05 noyabr 2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi tərəfindən ərizə ilə məhkəməyə müraciət olunaraq iddia tələblərinin təmin edilməsini və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş olunmuşdur.
6. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, borc ödənilmişdir. Hazırda onların iddiaçıya 3.48 manat borcu qalmışdır. Həmin məbləği də ödəniş terminalı qəbul etməmişdir. İddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir.
8. Qax Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, e-2(024)-87/2025 nömrəli qətnaməsi ilə (hakim M.Zeynalov) iddianın qismən təmin edilməsi, Cavabdeh 29 mart 2024-cü il tarixli müqaviləyə əsasən ASUS kompüter, CANYON kompüter çantası üçün 3.48 manat ödənilməmiş hissə və ödənilmiş 30 manat dövlət rüsumunun 15 qəpik cavabdehdən alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, dövlət rüsumunun 29 manat 85 manat qəpik hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. 9.Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış ******* №li, 29 mart 2024-cü il müqavilədən görünür ki, iddiaçı tərəfindən cavabdehə ASUS TUF A 15 FA507NU-LP031 90NR0EB5-M003D0 markalı kompüter, CANYON TOPLOADER 156 BLE/CNE-CB5BL3 kompüter çantası verilmişdir. Cavabdeh iddiaçıya 300 manat ilkin ödəniş etmiş, dəyəri 2.624.99 manat olan ASUS TUF A 15 FA507NU-LP031 90NR0EB5-M003D0 markalı kompüter, 41.99 manat olan ilkin ödəniş də daxil olmaqla toplam dəyəri olan 2.666.98 manatı üç ay ərzində hər ay 788.99 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən 05 noyabr 2024cü il tarixdə Cavabdeh xəbərdarlıq göndərilərək xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci maddəsinə əsasən, aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İddiaçı hazırda cavabdehdən 595.97 manat ödənilməmiş hissə, 59.03 manat cərimə, ümumilikdə, 655 manat borc tələb edir. Lakin Cavabdeh etibarnamə üzrə nümayəndəsi tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş 09 avqust 2024-cü il tarixli 17360 №li qəbzlə cavabdeh tərəfindən ******* nömrəli müqavilə üzrə (müştəri kodu **********, FİN kodu xxxxxxx)1185 manat ödəniş edildiyi və E-manat terminalından Cavabdeh borcu barədə məlumatın əks olunduğu məlumatla ******* №li, 29 mart 2024-cü il tarixli müqavilə üzrə Cavabdeh müqavilə üzrə ödənilməmiş toplam qalıq borcu 3.48 manat təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaçı tərəfindən cavabdehdən 500 manat ödəniləcəyi təqdirdə borcunun silinəcəyi barədə təklif olunduğu, lakin hansı hesaba ödəməli olduğunu soruşduqda iddiaçı tərəfindən hər hansı bir məlumat verilmədiyini qeyd etmişdir. Beləliklə məhkəmə iclasında cavabdehin iddiaçıya ödənilməmiş 3.48 manat əsas borcun qalması cavabdehin nümayəndəsi tərəfindən yuxarıda adı çəkilən və məhkəməyə təqdim olunan sübutlarla sübuta yetirilmişdir. İddiaçının nümayəndəsi tərəfindən cavabdehin tərəfin təqdim etdiyi dəlilləri təkzib edəcək hər hansı bir sübut növü məhkəməyə təqdim edilməmiş, cavabdehin iddia tələbində qeyd olunan məbləğdə ödənilməmiş borcunun olmasına dair iddia ərizəsinə əlavə etdiyi sübutlardan başqa hər hansı bir əsaslı və mötəbər sübut təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; 10.Mülki hüquq anlamında öhdəliyi başqa hüquq sahələrinə aid olan hüquq münasibətləri ilə qarışdırmaq olmaz. Məsələn, vergi ödəmək borcu əmlak xarakterli olsa da dövlətlə vətəndaş arasında hakimiyyət tabeliyi prinsipinə əsaslanır və ümumi hüquq münasibətidir. Mülki hüquq mənasında öhdəlik münasibətləri isə bərabər hüquqlu tərəflər arasında yaranan xüsusi hüquq münasibətidir. Öhdəlik konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Buna görə də şərh olunan maddədə konkret subyektlər arasında, yəni kreditorla borclu arasında iqtisadi xarakterli konkret hüquq münasibətləri nəzərdə tutulmuşdur. Beləliklə, öhdəliyin predmeti pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. Öhdəliyin anlayışından göründüyü kimi, onun predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların, görülmüş işlərin, göstərilmiş xidmətlərin verilməsi üzrə borclu şəxsin davranışı təşkil edir. Öhdəlik konkret şəxslərin əmlak dövriyyəsində davranışlarını müəyyənləşdirir.
11. Bazar iqtisadiyyatı və azad sahibkarlıq şəraitində mülki dövriyyə iştirakçıları arasında xüsusilə çoxsaylı öhdəlik hüquq münasibətləri yaranır. Mülki qanunvericilikdə nəzərdə tutulan çoxsaylı öhdəliklər müəyyən göstəricilər üzrə sistemləşdirilirlər. 12.Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilələrdən əmələ gələn, müqavilədənkənar öhdəliklər və qanundan əmələ gələn öhdəliklərə ayrılırlar. Məzmununa görə öhdəliklər əmlakın mülkiyyətə və sair əşya hüququna verilməsi, əmlakın istifadəyə verilməsi, işlər görülməsi üzrə, xidmətlər göstərilməsi üzrə və s. öhdəliklərə ayrılırlar.
13. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Şərh olunan maddədə göstərildiyi kimi öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi icra edilməməsi anlaşılır. Buraya öhdəliyin tamamilə icra edilməməsi ilə yanaşı, onun vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara yol verməklə və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi də aiddir. Borclunun öz öhdəliyini icra etməsi üzrə davranışı müqavilənin və qanunvericiliyin müddəalarına, bunlar olmadıqda işgüzar adətlərə və digər adətən irəli sürülən tələblərə tam cavab verməlidir. Əks təqdirdə öhdəlik pozulmuş olur və öhdəliyin icra edilməməsi baş verir ki, bu da ciddi hüquqi nəticələrə səbəb olur.
14. Nisyə alqı-satqı müqavilələrinə əlavə olunmuş ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində cavabdeh mübahisəsiz olaraq dəbbə (penya) ödəyir.
15. Hesab edilir ki, Cavabdeh alqı-satqı müqaviləsi üzrə öz riski ilə müqavilələri bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. 16.Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Kostitusiyasının 149-cu maddəsinin Vİİ-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.3, 385.1, 427.1, 427.2, 427.3, 427.4, 427.5, 441.1, 441.2, 448.1, 448.2, 448.3, 448.4, 600.1, 600.2, 600.3, 600.4, 600.5, 739.1, 739.2, 741-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107, 115.0.9, 119.1, 217.2, 217.3, 218.3, 222.2-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
17. İş materiallarında olan iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC-i ilə Cavabdeh arasında bağlanmış ******* №li, 29 mart 2024-cü il müqavilədən görünür ki, iddiaçı tərəfindən cavabdehə ASUS TUF A 15 FA507NU-LP031 90NR0EB5-M003D0 markalı kompüter, CANYON TOPLOADER 156 BLE/CNE-CB5BL3 kompüter çantası verilmişdir.
18. ABC Telecom» MMC-i ilə Cavabdeh arasında bağlanmış ******* №li, 29 mart 2024-cü il müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, Cavabdeh iddiaçıya 300 manat ilkin ödəniş etmiş, dəyəri 2.624.99 manat olan ASUS TUF A 15 FA507NU-LP031 90NR0EB5-M003D0 markalı kompüter, 41.99 manat olan ilkin ödəniş də daxil olmaqla toplam dəyəri olan 2.666.98 manatı üç ay ərzində hər ay 788.99 manat ödəməyi öz öhdəsinə götürmüşdür.
19. 29 mart 2024-cü il tarixli bildiriş və təhvil-təslim aktından görünür ki, Cavabdeh ASUS TUF A 15 FA507NU-LP031 90NR0EB5-M003D0 markalı kompüter, CANYON TOPLOADER 156 BLE/CNE-CB5BL3 kompüter çantasını qüsursuz şəkildə təhvil almışdır. 20.İş materiallarında olan "xxxx" MMC-in 05 noyabr 2024-cü il tarixli Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC-i ilə aralarında bağlanmış 29 mart 2024-cu il tarixli müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirmiş, yəni ödəniş cədvəlində nəzərdə tutulan vaxt və qaydaya əməl etməmiş, qeyd olunanlara və mövcud müqavilənin 3.11-ci bəndinə əsasən, üzərinə götürdüyü öhdəlikləri pozduğu üçün yuxarıda göstərilən malların «MMC»-ə tam saz və korlanmamış vəziyyətdə geri qaytarmalı olduğu, qaytarılan malların "xxxx" birtərəfli qaydada şirkət tərəfindən qiymətləndiriləcəyi və bu mümkün olmadıqda, malın müqaviləyə əlavədə qeyd olunmuş dəyəri cavabdeh tərəfindən tam şəkildə ödənilməli olduğu bildirilmiş və hazırkı xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci maddəsinə əsasən, aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. 21.İş materiallarında olan 09 avqust 2024-cü il tarixli 17360 nömrəli qəbzdən görünür ki. Cavabdeh (müştəri kodu **********, FİN kodu xxxxxxx) tərəfindən ******* nömrəli müqavilə üzrə 1.185 manat ödəniş edilmişdir. 22.İş materiallarında olan ödəniş terminalından Cavabdeh borcu barədə məlumatın əks olunduğu fotodan görünür ki, ******* nömrəli, 29 mart 2024-cü il tarixli müqavilə üzrə Cavabdeh müqavilə üzrə ödənilməmiş toplam qalıq borcu 3.48 manat təşkil etdiyi qeyd olunmuşdur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
23. Qətnamədən narazı qalan iddiaçı "xxxx" MMC tərəfindən apellyаsiyа şikаyəti verilmişdir.
24. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi əsassız nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi işi tam, ətraflı araşdırmdan, iş üçün əhəmiyyətli olan halları müəyyən etmədən, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət vermədən, qərar qəbul etmişdir.
25. Birinci instansiya məhkəməsi qətnamənin əsaslandırma hissəsində müəyyən etmişdir ki, Cavabdeh etibarnamə üzrə nümayəndəsi tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş 09 avqust 2024-cü il tarixli 17360 №li qəbzlə cavabdeh tərəfindən ******* nömrəli müqavilə üzrə (müştəri kodu **********, FİN kodu xxxxxxx)1185 manat ödəniş edildiyi və E-manat terminalından Cavabdeh borcu barədə məlumatın əks olunduğu məlumatla1660367 №li, 29 mart 2024-cü il tarixli müqavilə üzrə Cavabdeh müqavilə üzrə ödənilməmiş toplam qalıq borcu 3.48 manat təşkil etdiyi müəyyən edilmişdir.
26. Lakin onlar birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə, razı deyillər belə ki, xx.xx.2024-ci il tarixli ******* saylı müqavilənin 2.6 bəndinə əsasən 'Müştəri'Ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Bundan başqa müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavənin 3 bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, 'A B C' 'Müştəri'-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönəldə bilər cavabdeh müqavilənin şərtləri ilə razılaşıb və imzası ilə təsdiq etmişdir.
27. Eyni zamanda məhkəmənin diqqətinə çatırır ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə ******* saylı müqavilə üzrə ödənilmiş 1185 AZN ödədiyi məbləğin 50% peniya çıxılıb və müqavilə üzrə əsas borc 595.97 təşkil etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş ödəniş barədə qəbzin əlavəsində müqavilə üzrə cari borc 595.97 və cərimə məbləği 604.32 ödəniləcək yekun məbləğ 1200.29 təşkil edir. Lakin birinci instasiya bunu dəqiq araşdırmamışdır.
28. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunverciliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız cavabdeh tərəfindən irəli sürülən yalnız cavabdehin şifahi izahatlarına istinad etməklə qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi qənaəti düzgün hesab etmirlər. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini təmin etmir.
29. Odur ki, Qax Rayon Məhkəməsinin xx.xx.2025-ciil tarixli, e-2(024)-87/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
31. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Qax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(024)-87/2025 saylı iş üzrə qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
32. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək apellyasiya şikayətinin təmin edilməməsi və iş üzrə Qax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(024)- 87/2025 saylı iş üzrə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 427.5-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
35. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Apellyator Qax Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, e-2(024)-87/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur. 39.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
40. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış ******* №li, 29 mart 2024-cü il müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə ASUS TUF A 15 FA507NU-LP031 90NR0EB5-M003D0 markalı kompüter, CANYON TOPLOADER 156 BLE/CNE-CB5BL3 kompüter çantası verilmişdir. Cavabdeh iddiaçıya 300 manat ilkin ödəniş etmiş, dəyəri 2.624.99 manat olan ASUS TUF A 15 FA507NU-LP031 90NR0EB5-M003D0 markalı kompüter, 41.99 manat olan ilkin ödəniş də daxil olmaqla toplam dəyəri olan 2.666.98 manatı üç ay ərzində hər ay 788.99 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən 05 noyabr 2024-cü il tarixdə Cavabdeh xəbərdarlıq göndərilərək xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci maddəsinə əsasən, aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdeh tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş 09 avqust 2024-cü il tarixli 17360 №li qəbzlə cavabdeh tərəfindən ******* nömrəli müqavilə üzrə (müştəri kodu **********, FİN kodu xxxxxxx)1185 manat ödəniş edildiyi və E-manat terminalından Cavabdeh borcu barədə məlumatın əks olunduğu məlumatla ******* №li, 29 mart 2024-cü il tarixli müqavilə üzrə Cavabdeh müqavilə üzrə ödənilməmiş toplam qalıq borcu 3.48 manat təşkil etdiyi müəyyən edilmişdir.
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə ******* saylı müqavilə üzrə ödənilmiş 1185 AZN ödədiyi məbləğin 50% peniya çıxılıb və müqavilə üzrə əsas borc 595.97 təşkil etməsi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş ödəniş barədə qəbzin əlavəsində müqavilə üzrə cari borc 595.97 və cərimə məbləği 604.32 ödəniləcək yekun məbləğ 1200.29 təşkil etməsi, lakin birinci instansiya məhkəməsinin qeyd olunan halı araşdırmaması, birinci instansiya məhkəməsinin yalnız cavabdeh tərəfindən irəli sürülən yalnız cavabdehin şifahi izahatlarına istinad etməklə qərar qəbul etməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, Cavabdeh nümayəndəsi tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş 09 avqust 2024-cü il tarixli 17360 №li qəbzdən görünür ki, cavabdeh tərəfindən ******* nömrəli müqavilə üzrə (müştəri kodu **********, FİN kodu xxxxxxx)1185 manat ödəniş edildiyi və E-manat terminalından Cavabdeh borcu barədə məlumatın əks olunduğu qəbzdə ******* №li, 29 mart 2024-cü il tarixli müqavilə üzrə Cavabdeh müqavilə üzrə ödənilməmiş toplam qalıq borcu 3.48 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi cavabdehin müqavilə üzrə əsas borcunun 595.97 təşkil etməsini bildirsə də, bununla bağlı heç bir mötəbər sübut məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Eyni zamanda nümayəndə izahatında 09 avqust 2024-cü il tarixli 17360 №li qəbzdə Cavabdeh borcu barədə məlumatın əks olunduğu qəbzdə ******* №li, 29 mart 2024-cü il tarixli müqavilə üzrə ödənilməmiş toplam qalıq borcu 3.48 manat təşkil etməsinin göstərilməsini texniki səhv kimi göstərsədə, bununla bağlı heç bir mötəbər sübut məhkəmə kollegiyasına təqdim edə bilməmişdir.
42. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki hallarına uyğun olaraq, iddianın qismən təmin edilmiş hissəsində düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz.
43. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.
44. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə müxtəlif maraqları bütünlüklə araşdırmalı və bu zaman nəzərə almalıdır ki, Konvensiyanın məqsədi “ praktiki və səmərəli” hüquqları təmin etməkdir. O, məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
qət etdi:
İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(024)-87/2025 nömrəli qətnaməsi iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.