Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-694/2020 25.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı iştirakı ilə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(051)-2173/2019 saylı qiyabi qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(051)-2173/2019 saylı qiyabi qiyabi qətnаməsi ilə (hakim Məhburə Kərimova) iddia təmin edilmiş, İddiaçı adına qeyd edilmiş abonent kodu **********00200 olan, ******* №-li qaz sayğacına hesablanmış 1017,90 manat borcun silinməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdehnə qarşı qaz sayğacında olan 1017 manat 90 qəpik məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Kəlbəcər rayonundan olan məcburi köçkün kimi Mingəçevir şəhər 5 saylı Beton zavodunun binasında ailəsi ilə birlikdə məskunlaşıb. Ailə üzvləri 3 nəfərdən ibarətdir. Yaşadıqları evdə digər kommunal xidmətlərlə yanaşı maye qazdan da istifadə edirlər. Onlar əvvəl məcburi köçkün kimi bir neçə ailə dövlət tərəfindən onun adına qoyulmuş sayğacdan istifadə edirdilər. Sonra məcburi köçkünlərə işlədilən kommunalların sərfiyatına görə pul verildi. Ona görə də, X2 tərəfindən hər ailəyə bir sayğac qoyuldu. Həmin vaxt onun adına sayğac olduğu üçün onlara yeni sayğac qoyulmadı, nə də sayğacın üstündə bir neçə ailəyə aid olan borc silinmədi. Ona bildirdilər ki, bu gündən sonra nə qədər maye qaz işlədəcəksə onun pulunun ödəyəcəkdi. İstifadə etdiyi qazın ödənişi ilə bağlı bildiriş-xəbərdarlıq alarkən ona məlum olmuşdur ki, onun 1017 manat 90 qəpik borcu vardır. Bunu araşdırmaq üçün Mingəçevir şəhər Qaz İdarəsnə getdikdə ona bildirmişlər ki, sayğacında olan borcu ödəməlidir. Bununla bağlı dəfələrlə lazımi yerlərə müraciətlər etsə də heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur oldu. İddianın təmin olunmasını, qanunsuz yaranmış 1017 manat 90 qəpik məbləğində qaz sayğacında olan borcun silinməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə, Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən cavabdeh «Cavabdeh” İstehsalat Birliyi apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər 5 saylı Beton zavodun idarə binasında məcburi köçkün kimi məskunlaşan İddiaçı 2010-cu ildən digər yaşayan məcburi köçkünlər birlikdə həmin ünvanda quraşdırılmış bir sayğacdan təbii qazdan istifadə etmişdir. Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli 1206 saylı fərmanı ilə məcburi köçkünlərə ayrılmış limit dayandırıldıqdan sonra həmin ünvanda məskunlaşan məcburi köçkünün hər birinə ayrıca qaz sayğacı quraşdırılmış və bir sayğacdan istifadə etdikləri təbii qaza görə limitdən artıq istifadə etdikləri ümumi borc bölünərək məcburi köçkünlərin hesabına qeydiyyat aparılmışdır. Həmçinin İddiaçı hesabına 1017.90 manat borc hesablanmışdır. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(051)-2173/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019cu il tаrixli, 2(051)-2173/2019 saylı qətnaməsinin dəyişdirilmdən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6cımaddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(051)-2173/2019 saylı qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, abonent kodu **********00200 olan, ******* №-li sayğac 5 №-li DBMZ-da yaşayan İddiaçı adına qeydə alınmışdır. Sayğac xx xxx 2011-ci ildə quraşdırılmışdır. Qaçqın ailələrin sayı 5-dir. İş materiallarına əlavə edilmiş bildiriş-xəbərdarlıqdan görünür ki, abunə kodu **********00200, 5 №-li DBMZdə yaşayan İddiaçı adına olan ******* №-li sayğac üzrə 1017,90 manat qaz sərfiyyatına görə borc yaranmışdır. İş materiallarına əlavə edilmiş Qaçqınların və Məcburi Köçkünərin işləri üzrə Dövlət Komitəsindən verilmiş xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, Abbasov X1 rayonundan məcburi köçkün olmaqla Mingəçevir şəhəri 5 saylı DBMZ-də müvəqqəti məskunlaşmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Müəyyən edilmişdir ki, iddiaçı məcburi köçkündür. O və ailə üzvləri digər məcburi köçkün ailələri ilə birlikdə Mingəçevir şəhəri 5 №-li DBMZ- binasında məskunlaşmışlar. Həmin binada məskunlaşmış məcburi köçkün ailələri əvvəl bir qaz sayğacından istifadə etmişlər. Həmin müddətdə məcburi köçkünlər kommunal xərclərdən azad olduğu üçün sərf etdikləri qaz sərfiyyatının ayrılıqda müəyyən edilməsinə zərurət olmadığına görə bir neçə məcburi köçkün ailəsinin istifadəsi üçün bir qaz sayğacı quraşdırılmışdır. İş materiallarına əlavə olunmuş abonent saldosundan görünür ki, abonent kodu **********00200 olan ******* №-li qaz sayğacı 5 №-li DBMZ-da məskunlaşmış İddiaçı adına xx xxx 2011-ci ildə quraşdırılmışdır. Həmin binada məskunlaşmış məcburi köçkün ailələrinin sərf etdikləri qaz sərfiyyatı da iddiaçının adına qeyd olunmuş sayğac üzərinə yazılmışdır. Sonra hər bir ailə üçün qaz sayğacı quraşdırılmış, əvvəlki sayğac isə iddiaçının adına olduğuna görə onun istifadəsində qalmışdır. Eləcə də digər məcburi köçkün ailələrinin əvvəlki qaz sərfiyyatı da həmin sayğacın üzərində qalmışdır. Nəticədə də sayğac üzrə 1017,90 manat qaz sərfiyyatına görə borc qalmışdır ki, həmin borcun ödənilməsi də iddiaçıdan tələb olunur.Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təhciz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mübahisə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə kollegiyası hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğunu nəzərə alaraq, bu institut xüsusi əhəmiyyət kəsb edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə məhkəmənin mülki prosessual qanunvericilikdən (MPM-in 14.2 və 77.1-ci maddələri) irəli gələn statusunun hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh qaz sayğacına məhz iddiaçı tərəfindən müdaxilə olunmasını kifayətedici aydınlıqla sübut edə bilməmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı hesablanmış 1017,90 manat məbləğində borcun silinməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, apelyasiya qaydasında işə baxılarkən cavabdeh, məhkəmə kollegiyasına heç bir sübut növü təqdim etməmiş və apelyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiqini tapmamışdır. Apelyasiya şikayətinin dəlilləri ancaq mülahizələrdən ibarət olmuşdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Kassasiya şikayətinn mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(051)-2173/2019 saylı qiyabi qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh «Cavabdeh” İstehsalat Birliyi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(051)-2173/2019 saylı qiyabi qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(107)-694/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-694/2020
25.02.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver