Məhkəmə qərarları › İş №2(107)-694/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-694/2024

04.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-694/2024 04.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, X3 qızının katibliyi ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdehnə (bundan sonra- Birlik) qarşı “akt nəticəsində hesablanmış pulun azaldılması” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tаrixli qətnaməsindən cavabdeh Birlik tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Birlik tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan” görünür ki, iddiaçıya məxsus yaşayış evinə quraşdırılan sayğaca baxış keçirilməsi zamanı abonentin sayğacdan kənar qeyriqanuni yolla təbii qazdan istifadə etməsi aşkar edilmişdir. Birliyin xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ4-ün nominal qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, 2 ədəd radiator sobasının nominal qaz sərfi 0,8 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, 1 ədəd dəmir sobanın nominal qaz sərfi 1,4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabatın aparılması və cəmi 9072 m3 əlavə sərfiyyata görə borcun hesablanaraq ödənilməsi qərara alınmışdır. Qərarın qəbul edilməsi üçün əsas xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt olmuşdur. “Abonentin saldosundan” görünür ki, iddiaçının akt üzrə tələb olunan qaz sərfiyyatına görə borcu 907,20 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdeh Birliyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Birlik tərəfindən sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə əsassız olaraq hesablanaraq abonent koduna yazılmış 907,20 manat borc məbləğinin azaldılaraq 75,60 manat saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Həmin fərdi yaşayış evinə təbii qaz xətti çəkdirmiş, abonent kodu almış və cavabdehlə bu barədə müqavilə bağlamışdır. Hər ay Ağsu RQİİ İsmayıllı Xidmət Sahəsinin əməkdaşının sayğaca baxış keçirdikdən sonra ona təqdim etdiyi bildirişə uyğun olaraq qazdan istifadəyə görə ödənişlər etmişdir. Ağsu RQİİ İsmayıllı Xidmət Sahəsinin əməkdaşı 2020-ci il tarixdə onun iştirakı olmadan sayğaca baxış keçirmiş, bu barədə ona heç bir məlumat verməmiş, baxış keçirilən zaman sayğacdan kənar əlavə qaz xətti aşkar edilmiş, bu barədə akt tərtib edilmişdir. Lakin akt barədə ona 2023-cü il tarixdə rəsmi məktubla məlumat verilmişdir. Həmin akta əsasən ona qanunsuz olaraq 907,20 manat məbləğində borc hesablanmışdır. Həmin xətt aşkar edilsə də, o, həmin xəttdən heç bir vaxt istifadə etməmişdir. Aşkar edilən zaman da istifadə edilmirdi. Ona görə də hesablanmış borc məbləği ilə razı deyil, hesab edir ki, həmin borc tamamilə qanunsuz və həddən artıq şişirdilərək yazılmış və hesablanmışdır. Belə ki, cərimənin hesablanması zamanı hesabat aparılarkən evində istifadə edilən qaz cihazlarının 90 günə hesablanması heç bir qanunla tənzimlənmir, tam qanunsuzdur, ona görə də ona yazılmış cərimə məbləği tamamilə qanunsuzdur. Hesab edir ki, qanunsuz olaraq 907,20 manat məbləğində hesablanmış borc azaldılmalıdır. Bütün əhali abonentlərinin, o cümlədən də onun yaşadığı evə ayda bir dəfədən az olmayaraq (əsasən isə bir ayda 2 dəfə) baxış keçirilir, sayğac göstəricilərinə əsasən bildiriş təqdim edilir. Əgər onun evində əvvəllər də sayğacdan kənar qaz xəttindən istifadə olunmuş olsaydı, bunu nəzarətçi aşkar edərdi. Cavabdeh orqan onlara verilmiş hüquqlardan suiistifadə edərək onun qanunla qorunan hüquqlarını kobud şəkildə pozmuşlar. Cavabdeh Birlik iddiaya etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixində Cavabdeh Ağsu RQİİ-nin Göyçay XS-nin əməkdaşları Göyçay rayonu Qarabaqqal kəndində yaşayan İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirərkən, mənzildə sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edildiyini aşkar etmiş, bununla bağlı xx.xx.2020-ci il tarxli, ******* nömrəli ’’Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Mənzildə təbii qazdan istifadənin aşkar edilməsi zamanı mobil telefon vasitəsi ilə foto çəkiliş aparılmışdır. xx.xx.2020-ci il tarxli, ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. xx.xx.2020-ci il tarxli, ******* nömrəli ’’Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən xx.xx.2023-cü il tarixdə Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək İddiaçı Göyçay XS-nin abonent bazasındakı **********000000 nömrəli abonent koduna 9072 m3 – 907,20 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonent İddiaçı abonent koduna hesablanaraq vurulmuş 907,20 manat məbləğində məbləğ sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə qanunsuz olaraq istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. İddiaçı ilə Göyçay Xidmət Sahəsi arasında bağlanmış təbii qazın alğısatqısına dair müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi),habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Göyçay Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(046)- 237/2024 nömrəli iş üzrə qəbul etdiyi 27 fevarl 2024-cü il tarixli qətnaməsi ilə (hakim G.Qurbanova) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İB-nin X5 İstismarı İdarəsi tərəfindən 2020-ci ilin aprel ayında sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə İddiaçı abonent koduna hesablanmış 907 (doqquz yüz yeddi) manat 20 (iyirmi) qəpik cərimə məbləğinin azaldılaraq 302 (üç yüz iki) manat 40 (qırx) qəpik müəyyən edilməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini sayğacın göstəricilərinə əsasən tam hesablayaraq hər ay istehlakçıya məlumat (hesab) təqdim etməli olduğu halda qeyd olunanları etməmiş və iddiaçıya hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan 9072 m3, yəni 907 manat 20 qəpik hesablamışdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı qanunsuz olaraq təbii qazdan 1 ay istifadə etməyi əsas götürülməli, dəymiş ziyan 1 ay müddətinə hesablanmalıdır(907,20/3=302,40). Məhkəmə mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 4.2, 4.7, 4.8, 4.9-cu bəndlərinə, “Qaz təchizatı haqqında” Qanunun 13.8, 20, 21.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh Birlik apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq bildirilmişdir ki, təqdim edilmiş sənədlər, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Sadə bir araşdırma ilə mübahisələndirilən borc məbləğləriinin yalnız təbii qazdan qanunsuz istifadə edilməsi nəticəsində yaranmış itirilmiş təbii qaza görə aparılmış hesabatlara əsasən yaranmış borc olduğunu birinci instansiya məhkəməsi müəyyən edəcəkdi. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmini barədə qərar vermişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddia qismən təmin edilsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir hissəsinin təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Qətnamədən yalnız cavabdeh Birlik apellyasiya şikayəti vermiş və o, qətnaməni qismən-iddianın rədd olunan hissəsində mübahisələndirmişdir. Odur ki, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq, qətnamənin yalnız mübahisələndirilən hissəsinin əsaslılığını yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Maddə 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz(14 aprel 2020-ci il tarixdə qüvvədə olan). Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir(14 aprel 2020-ci il tarixdə qüvvədə olan). “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 13. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (bənd 8). Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir (bənd 9). Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işin mübahisəsiz halı kimi müəyyən olunur ki, iddiaçı, fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına qanunsuz qoşulmaqla təbii qazdan istifadə etmişdir. Belə ki, cavabdeh özü də qaz xəttinə qanunsuz qoşulmasını etiraf etmiş, lakin qanunsuz qoşulma müddətinin 90 gün deyil, az olduğunu bildirmişdir. Cavabdeh Birlik iddiaçının məhz 90 gün müddətində qaz sayğacına qanunsuz qoşmaqla təbii qazdan istifadə etdiyini iddia etsə də, bununla bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh Birlik “Qazdan istifadə Qaydaları”nın tələblərinə əsasən, istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Abonentin saldosundan görünür ki, iddiaçı tərəfindən 2019-ci ilin iyul ayında(qanunsuz qoşulma 2020-ci ilin aprel ayında aşkar edilmişdir) təbii qazdan istifadəyə görə 425,40 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, sayğacdan kənar qoşulma ilə bağlı qanunsuz istifadəyə görə borc, sayğacdan kənar qoşulmanın aşkar edildiyi vaxtdan bir ay əvvələ qədərki dövrü əhatə etməli olduğu halda, cavabdeh Birliyin əməkdaşları həmin müddəti əsassız olaraq 90 gün müəyyən etmişdir. Odur ki, birinci instansiya məhkəməsi sayğacdan kənar qoşulma nəticəsində hesablanmış sərfiyyatın müddətini 90 gün qəbul etməməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Göyçay Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 fevral 2024cü il tаrixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar