Məhkəmə qərarları › İş №2(107)-700/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-700/2021

08.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-700/2021 08.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli 2(051)-1381/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) xx xxxxxx 2020-cu il tarixli 2(051)-1381/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Cavabdeh qarşı 6000 manat kompensasiya ödəməklə Mingəçevir şəhəri V.Abdullayev küçəsi 8 saylı evin 17 saylı mənzilinə cavabdehin, 2003-cü il təvəllüdlü Namiq və 2006-cı il təvəllüdlü Lalə adlı övladları ilə birgə olan istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası rədd edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “mənzilə istifadə hüququna kompensasiya verməklə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Mingəçevir şəhəri V.Abdullayev küçəsi 8 saylı evin 17 saylı mənzilinə Cavabdeh 2003-cü il təvəllüdlü Namiq, 2006-cı il təvəllüdlü Lalə adlı övladları ilə birgə olan istifadə hüququna 4000 (dörd min) manat kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı iddia tələbinin həcmini artıraraq izahatında göstərmişdir ki, Mingəçevir şəhəri Vaqif Abdullayev küçəsi 8 saylı evin, 17 saylı mənzili xx xxxxxx 2017-ci ildən onun mülkiyyətindədir. Cavabdeh onun qardaşı Rüfət Səmədovun arvadıdır. Onlar 2002-ci ildə nikaha girib evlənmişlər. Birgə evlilikdən onların 2003-cü il təvəllüdlü Namiq, 2006-cı il təvəllüdlü Lalə adlı övladları olmuşdur. Onlar 2006-cı ildən mübahisəli mənzil olan V.Abdullayev küçəsi 8 mənzil 17-ə köçüb yaşamağa başlamışlar. İddiaçının qardaşı Rüfətlə Cavabdeh arasındakı münasibət normal olmadığından onlar faktiki ayrılmış və iddiaçının qardaşı könüllü həmin mənzildən çıxmışdır. Cavabdeh və qızı Lalə isə əvvəllər bu mənzildə yaşasalar da xx xxxx 2019-cu ildən əmlaklarını da götürüb çıxmışlar. İddiaçının anası Asya Səmədova vəfat etdikdən sonra qoca atası iddiaçının himayəsində qalmışdır. İddiaçı atası ilə birgə həmin mənzildə yaşayır. Belə ki, cavabdehlər iddiaçının atasına baxmaqdan imtina etdikləri üçün o buna məcbur qalmışdır. Hazırda iddiaçının qardaşı Rüfət Səmədov həbs olunduğundan oğlu Namiq iddiaçının himayəsindədir. Namiqə anası baxmadığından iddiaçı baxır. Mübahisəli mənzil iddiaçıya anası Asya Səmədovadan miras qalmış, atası və qardaşı hər birinə vərəsəliklə keçən 1/3 hissədə miras paylarını iddiaçıya bağışlamışlar. İddiaçı cavabdehə qarşı mənzilə istifadə hüququnun olmaması barədə iddia qaldırmışdır. İddianın təmin olunması barədə Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ləğv edilərək göstərilmişdir ki, «Kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, Cavabdeh mənzilə olan istifadə hüququ Rüfət Səmədovun mənzilin 1/3 hissəsinə mülkiyyət hüququndan törəmə olduğundan, sonuncunun öz payını xx xxxxxx 2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən bacısı İddiaçı bağışlaması, bir sözlə mənzilə istifadə hüququna xitam verilməsi üçün əsas sayıla bilməz və ya onun mənzildən istifadə hüququnun olmaması qənaətinə əsas vermir». Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020 -ci il tarixli qətnaməsi ilə iddiaçının Cavabdeh qarşı mənzilə istifadə hüququnun olmaması tələbi təmin olunmamışdır. Hazırda vəziyyət bu şəkildədir ki, mənzilində iddiaçının atası Namiq Səmədov, qardaşı Rüfət Səmədov, onun arvadı Cavabdeh və onların 2 uşağı qeydiyyatdadır. Rüfət Səmədov həbsdə, Cavabdeh qızı Lalə ilə birlikdə faktiki Yevlax rayonu Hürüuşağı kəndində yaşayır, oğlanları azyaşlı Namiq Səmədov isə iddiaçının himayəsindədir. Qətnamənin məzmunundan görünür ki, xx xxxxxx 2015-ci ildə vəfat etmiş iddiaçının anası Asya Səmədovadan miras qalmış mənzildən Rüfət Səmədovun həmin vaxtdan miras payı yarandığından Cavabdeh da istifadə hüququ həmin tarixdən yaranmışdır. xx xxxx 2019-cu ildən isə Cavabdeh həmin mənzildə yaşamır. Yevlax rayonu Hürüuşağı kəndində Cavabdeh mülkiyyətində olan torpaq sahəsində yaşamaqla təsərrüfatla məşğuldur. Hazırda Mingəçevir şəhəri V.Abdullayev küçəsi 8 saylı evin 4 otaqlı 17 saylı mənzilinin 1/3 hissəsinə Cavabdeh xx xxxxxx 2015-ci ildən yaranmış istifadə hüququna kompensasiya verilməklə xitam verilməsini istəyirlər. Ümumi razılığa gələ bilmədiklərindən hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Ona görə də iddiaçının mülkiyyətində olan Mingəçevir şəhəri V.Abdullayev küçəsi 8 saylı evin 17 saylı mənzilinə Cavabdeh 2003-cü il təvəllüdlü Namiq, 2006-cı il təvəllüdlü Lalə adlı övladları birgə olan istifadə hüququna 6000 (altı min) manat kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, 2002-ci ildə iddiaçının qardaşı X3 ilə rəsmi qaydada nikaha daxil olub ailə qurmuşdur. Toydan sonra Rüfət Səmədovun və ailəsinin yaşadığı, Mingəçevir şəhərinin V.Abdullayev küçəsində yerləşən 21 saylı evin 30 saylı mənzilinə gəlin köçmüşdür. Bütün cehiz əmlakını da həmin ünvana yerləşdirmişdir. R.Səmədov ilə arasında olan birgə nikahlarından Namiq və Lalə adlı iki uşaqları doğulmuşdur. Onun başqa yaşayış yeri yoxdur və övladları ilə birlikdə sözügedən mənzildə yaşamaqdadır. Sözügedən mənzildə onun istifadə hüququnun olmasını və onun başqa bir yaşayış yerinin olmamasını nəzərə alaraq iddianın rədd olunmasını xahiş edir. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli 2(051)- 1381/2020 nömrəli qətnaməsi qəbul edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020cu il tarixli 2(051)-1381/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Mingəçevir şəhərinin Vaqif Abdullayev küçəsindəki 8 saylı evin 17 saylı mənzili İddiaçı adına xx xxxxxx 2017-ci il tarixdə qeydə alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(051)-785/2019 saylı qətnaməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)- 2409/2019 saylı qətnaməsi və Ali Məhkəmənin 2(102)1065/2020 saylı, xx.xx.2020ci il tarixli qərarı və Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1186/2020 saylı xx xxxx 2020ci il tarixli qətnaməsindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair iddiası əsassız olduğu üçün rədd edilməsi qət edilmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil X2 apellyasiya şikayəti verərək, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətin təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan Mingəçevir şəhəri V.Abdullayev küçəsindəki 8 saylı evin 17 saylı mənzilinə istifadə hüququnun olmaması barədə tələbi əsaslı olduğu üçün təmin edilmişdir. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020- ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(051)785/2019 saylı qətnaməsi ləğv edilərək, iş apellyasiya qaydasında yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1186/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(051)- 785/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda baxılan mübahisə üzrə birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin gerçək halları ilə müəyyən edilir ki, Mingəçevir şəhəri Vaqif Abdullayev küçəsi 8 saylı evin 17 saylı mənzili mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Sözügedən mənzildə cavabdehin istifadə hüquqü vardır. Hazırda Cavabdeh öz müliyyət hüquqlarını lazımi qaydada icra edə bilmədiyi üçün cavabdehlərin sözügedən mənzildən 6000 manat kompensasiya verməklə istifadə hüquqlarına xitam verilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin maddədə sərəncam hüququnun mahiyyəti açıqlanaraq göstərilir ki, sərəncam hüququ - əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, həmçinin müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub olan əmlak üzərində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxxxx 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Konstitusiya Məhkəməsi adı çəkilən qərarında həmçinin göstərmişdir ki, kompensasiya institutu yaşayış sahəsindən istifadənin elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsində istifadə olunan «bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1., 228.2 və 228.5-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Beləliklə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında mübahisəyə baxılarkən, məhkəmə tərəfindən kompensasiyanın məbləği işin konkret xüsusiyyətləri, baxılan mübahisəni fərdiləşdirən müxtəlif meyarlar nəzərə alınmaqla müəyyən olunmalıdır. Bu meyarlar kimi məhkəmə hesab edir ki, mənzilin kimin mülkiyyətində olması, evdən istifadə hüququna malik şəxslərin sayı, cavabdehin mülkiyyətçi ilə münasibətləri, habelə qohumluq münasibəti, cavabdehin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya azyaşlı uşağı ilə birlikdə çıxması, cavabdehin istifadə hüququnun yaranma müddəti, cavabdehin kompensasiya təklif olunan vaxt hər hansı yaşayış sahəsinə və ya başqa yerdə yaşamaq üçün hüquqa malik olub-olmaması, cavabdehin mübahisəli evdə faktiki yaşadığı müddət, yaşayış evinin sahəsi, orada yaşayanlara düşən yaşayış sahəsinin həcmi, kommunal şəraiti, yaşayış sahəsinin yerləşdiyi ərazidə cavabdehin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği, tərəflərin maddi imkanları, kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri və s. çıxış edə bilər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh öz övladları ilə birgə göstərilən mənzildən başqa yaşayış yeri yoxdur. Cavabdehin himayəsində iki nəfər azyaşlı uşaqları vardır və iddia təmin ediləcəyi təqdirdə uşaqları ilə birlikdə mənzildən çıxmalıdır. Cavabdehin mülkiyyətində və ya istifadəsində başqa yaşayış sahəsi yoxdur. Cavabdehin istifadə hüquqları məhkəmə qətnaməsi ilə tanınmış və cavabdeh sözügedən mənzildən istifadə hüququna xitam verilməsinə və göstərilən məbləğə razı olmamışdır. Cavabdehə təklif olunan kompensasiyanın məbləği, Mingəçevir şəhərinin ərazisində başqa yerdə əvvəlki mənzildə olmuş şəraitlə müqayisədə ona oxşar şəraitdə yaşamaq imkanı vermir və cavabdehlərin mənzildən istifadə hüququnun itirilməsi üçün yetərli deyildir. İddiaçı tərəfindən cavabdehlərə təklif olunun 6000 manat pul isə bugünki kirayə bazar qiymətləri ilə mütənasiblik təşkil etmir. İki uşaq da olmaqla cəmi 3 nəfərdən ibarət ailə üzvünün 6000 manat müqabilində mənzildən istifadə hüququna xitam verilməsi məqsədə müvafiq deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Kollegiya iddiaçı tərəfindən cavabdehə təklif olunan 6000 manat kompensasiya məbləği ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxxx 2016-cı il tаrixli qərаrındа göstərilmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Habelə, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlmişdir: Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Baxılan mülki işin gerçək hallarını və Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin yuxarıda göstərilən qərarındakı mövqeyinə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının yaşayış sahəsindən cavabdehlərin istifadə hüququna xitam verilməsinin əvəzi kimi təklif olunan 6000 manat məbləğdə kompensasiya cavabdehin və onun uşaqlarının davamlı sürətdə və müəyyən müddət daxilində, Mingəçevir şəhərinin ərazisində başqa yerdə əvvəlki yaşayış sahəsində olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı vermir və cavabdehin evdən istifadə hüququnun itirilməsi üçün yetərli və qənaətbəxş deyildir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin əsassız olduğu qənaətinə gəlməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” İddiaçıun apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu edə bilmədiyindən, eyni zamanda iddiaçının bildirdikləri məhkəmə araşdırması vaxtı təsdiq olunmadığından əsaslı hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli 2(051)-1381/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli 2(051)-1381/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar