Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-705/2021 30.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlundan və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(014)-1995/2018 saylı qətnaməsindən cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(014)-1995/2018 saylı qətnаməsi ilə (hakim Rəfayel Şirinov) iddia tələbi təmin edilmiş, “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı **********03240 nömrəli abonent koduna vurulmuş 2789 kub metr təbii qazın dəyəri 557,80 manat debitor borc məbləğinin silinməsi, dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödənilmiş 91 manat məbləğinin İddiaçı qaytarılması, “Cavabdeh” İstehsalat Birliyindən 30 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə müraciət edərək cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən **********03240 nömrəli abonent koduna işlənmiş 2789 kub metr təbii qazın dəyəri 557 (beş yüz əlli yeddi) manat 80 (səksən) qəpik debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının quraşdıırlmasına görə ödənilmiş 91 (doxsan bir) manat məbləğinin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı evin qaz xəttinə qoşulmuş qaz sayğacı anası Zalikə Osmanovanın adına qeydə alınmışdır. xx xxx 2017-ci il tarixdə “Cavabdeh” İB-nin tabeçiliyində olan X5 İstismar İdarəsinin əməkdaşları tərəfindən həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilərək sayğac götürülmüş, əvəzində isə onların vəsaiti hesabına yeni sayğac quraşdırılmışdır. Sayğacın 91 manat dəyəri ödənilmişdir. Bir müddət sonra cavabdeh tərəfindən onlara bildirilmişdir ki, ******* nömrəli sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Dövlət yoxlamasından keçirilmiş və verilmiş rəydə sayğacın kənar təsir nəticəsində sayğacın plastmas qapağının yan tərəfdən əzildiyi qeyd edilmişdir. Ona görə də xx xxxx 2017-ci il tarixdə “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib olunmuş ******* nömrəli akt əsasında həmin tarixdə qərar qəbul edilərək 2789 kub metr itirilmiş təbii qaz anasının hesabına işlənmiş, həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi tələb edilmişdir. Anası xx xxxxxx 2017-ci il tarixdə vəfat etmişdir. Anası vəfat etdikdən sonra sayğacı adına rəsmiləşdirmişdir. Hazırda tələb olunan borc məbləği istehlakçı kimi iddiaçının hesabına işlənərək ondan tələb olunur. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən itirilmiş təbii qaz və dəyəri əsassız olaraq onun hesabına işlənmişdir. Qaz sayğacına heç bir müdaxilə olunmamışdır. İstifadə etdikləri təbii qazın dəyərini mütəmadi olaraq ödəmişlər. Ona görə də cavabdeh təşkilat tərəfindən onun hesabına vurulmuş 557,8 manat debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının quraşdıırlmasına görə ödənilmiş 91 manat məbləğinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı etiraz göndərərək göstərmişdir ki, xx xxx 2017-ci il tarixdə “Cavabdeh” İB-nin X5 İstismar İdarəsi İsmayıllı Xidmət Sahəsinin əməkdaşları tərəfindən iddiaçının İsmayıllı rayonun Mican kəndində yerləşən yaşayış evinin qaz xəttinə qoşulmuş qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açılaraq götürülmüşdür. Bununla bağlı həmin tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Tərtib olunmuş aktı abonent imzalamışdır. Açılmış Elster-G4 markalı ******* nömrəli qaz sayğacı yoxlamadan keçmiş və DNŞ İTRİ tərəfindən tərtib edilmiş 29/1710- 00704-1 nömrəli aktda sayğacın kənar təsir nəticəsində sayğacın plastmas qapağının yan tərəfdən əzildiyi qeyd edilmişdir. Bununla əlaqədar abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair xx xxxx 2017-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Cavabdeh” İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş aktı abonent imzalamamışdır. Akta əsasən xx xxxx 2017-ci il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə qəbul edilərək 2789 kub.metr itirilmiş qazın dəyəri 557,8 manat məbləği hesablanaraq iddiaçının abonent bazasındakı koduna vurulmuşdur. İddiaçının abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Ona görə də iddiaçının iddia tələbini əsassız hesab edərək həmin tələbin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən cavabdeh «Cavabdeh” İstehsalat Birliyi apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: İddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının mənzilindən açılmış Elster-G4 markalı ******* nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş 29/1710-00704-1 nömrəli Akta əsasən kənar təsir nəticəsində sayğacın qapağının yan tərəfdən əzildiyi aşkar edilmiş, sayğac istismara yararsız hesab edilmişdir. Abonent İddiaçı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. İddiaçı ilə bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən İstehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi),habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(014)-1995/2018 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə kollegiyasına teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6cımaddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(014)- 1995/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş İ-ИЕ 661649 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 İddiaçı oğunun anasıdır. İş materiallarına əlavə edilmiş AZ-İ 895315 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx xxxxxx 2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən xx xxx 2017ci il tarixdə iddiaçının yaşadığı İsmayıllı rayonun Mican kəndində yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. Tərtib olunmuş aktı abonent imzalamışdır. İş materiallarına əlavə edilmiş “Cavabdeh” İB-nin Qaz sayğacları üzrə texniki sənədləşdirmə və qeydiyyat şöbəsinin rəisi tərəfindən təsdiq edilmiş MSK 23/1710-00704- 1 nömrəli aktın surətindən görünür ki, iddiaçının yaşadığı evin qaz xəttinə quraşdırılmış ******* nömrəli sayğaca xx xxxx 2017-ci il tarixdə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənayə və məişət qaz sayğacların kalibrləmə laboratoriyasında baxış keçirilərkən sayğacın kənar təsir nəticəsində sayğacın plastmas qapağının yan tərəfdən əzildiyi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş “Cavabdeh” İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxx 2017-ci il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin istifadəsində 1 ədəd PQ-4 tipli qaz piltəsi və 1 ədəd həcmli su qızdırıcı vardır. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Tərtib olunmuş akt abonent tərəfindən imzalanmamışdır. İş materiallarına əlavə edilmiş “Cavabdeh” İB-nin X5 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxx 2017-ci il tarixli qərarın surətindən görünür ki, iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 2789 kub metr müəyyən edilmiş və həmçinin sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2017-ci il və xx xxxx 2018-ci il tarixli qəbzlərinin surətlərindən görünür ki, iddiaçı tərəfindən qaz sayğacının quraşdırılmasına görə “Cavabdeh” İBnin Ağsu RQİİ-nin İsmayıllı XS-nin hesabına 91 (doxsan bir) manat məbləğində vəsait ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli abonentin saldosundan görünür ki, 2019-cu ilin iyul ayının sonuna iddiaçının **********03240 nömrəli abonent koduna 557,8 manat borc vurulmuşdur. "Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təhciz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların; 6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Müəyyən olunmuşdur ki, İddiaçı yaşayış sahəsinə qoyulmuş qaz sayğacı həyət divarından çöl tərəfdə quraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Belə ki, qaz sayğacı fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməlidir və sayğaclar qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Bu baş verməmişdir. İddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış ******* nömrəli sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Hazırki işin faktiki hallarına əsasən, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanının olmadığından, habelə həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən məhkəmə hesab edir ki, sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə iddiaçı məsuliyyət daşımır. Eyni zamanda, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə qısa müddət ərzində 2789 kub metr miqdarında, yəni 557,8 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, qaz sаyğаcı iddiаçının cаvаbdehliyi sərhəddində qurаşdırılmаmışdır. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıya əsаssız olаrаq 557,8 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mübahisə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə kollegiyası hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğunu nəzərə alaraq, bu institut xüsusi əhəmiyyət kəsb edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə məhkəmənin mülki prosessual qanunvericilikdən (MPM-in 14.2 və 77.1-ci maddələri) irəli gələn statusunun hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh qaz sayğacına məhz iddiaçı tərəfindən müdaxilə olunmasını kifayətedici aydınlıqla sübut edə bilməmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdeh “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən İddiaçı hesablanmış 557,8 manat borc məbləğinin silinməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, apellyasiya qaydasında işə baxılarkən cavabdeh, məhkəmə kollegiyasına heç bir sübut növü təqdim etməmiş və apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiqini tapmamışdır. Apellyasiya şikayətinin dəlilləri ancaq mülahizələrdən ibarət olmuşdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Kassasiya şikayətinn mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(014)-1995/2018 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh «Cavabdeh” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(014)-1995/2018 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-705/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-705/2021
30.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver