Məhkəmə qərarları › İş №2(107)-705/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-705/2024

16.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-705/2024 16.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, Zaqatala Rayon Məhkəməsinin e-2(033)-537/2024 saylı mülki iş üzrə qəbul etdiyi 15 aprel 2024-cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 30 noyabr 1984-cü il tarixdə ünvan 1 ünvanında doğulmuş və yaşayan X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin(bundan sonra- Rayon Məhkəməsi) xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Ərizəçi həmin qərardaddan birinci instansiya məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ərizəni MPM-nin 152-ci maddəsini rəhbər tutaraq geri qaytarmışdır. Daha sonra isə 152.1 və 152.1.1-ci maddələrinə istinad etmişdir. MPM-nin 152.1.1-ci maddəsində qeyd olunur ki, MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilmədikdə ərizə geri qaytarılır. Məhkəmə isə qərardadında MPM-nin 149.2.3-cü maddəsinə istinad etmişdir. Ərizəçi ərizəsində MPM-nin 149-cu maddəsinin tələblərinə əməl etmişdir. Lakin məhkəmə qəsdən və bilərəkdən ərizəni geri qaytarmışdır. Belə ki, məhkəmə ərizənin geri qaytarılmasına əsas olmayan MPM-nin 318.2-ci maddəsinə istinad etmişdir. MPM-nin 318.2-ci maddəsində deyilir ki, ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Bu maddənin tələbi olaraq ərizəçi ərizəsində qeyd etmişdir ki, “oğlunun iş qabiliyyəti yoxdur. Özünə qulluq qabiliyyəti olmayan şəxsdir. Davranış pozğunluğu vardır. Kənar şəxslərin qulluğa ehtiyacı olan birinci dərəcəli əlilliyi olan şəxsdir”. Daha sonra məhkəmə Ali Məhkəmə Plenumunun xx.xx.2019-cu il tarixli 3 saylı qərarının 1.6-cı bəndinə əsaslanmışdır. Həmin qərarın həmin bəndində isə qeyd olunur ki, ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneəçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri MPMnin 152.1.1-ci maddəsinin tələblərinə əsasən geri qaytarır, məhkəmə baxışı mərhələsində olduqda isə MPM-nin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd olunan Plenum qərarını əsas götürərək ərizəni geri qaytarmışdır. Geri qaytarmanın səbəbini isə xəstənin öz hərəkətlərinin mənasını anlaya bilməməsinə dair əsas verməsinə aid sübutların məhkəməyə təqdim edilməməsi ilə əsas götürmüşdür. Lakin məhkəmə, Plenum qərarında göstərilən, eyni zamanda MPM-nin 167-ci maddəsinin tələblərinə əməl etmədən işin mahiyyti üzrə baxılmasına maneəçilik törədən nöqsanların aradan qaldırılması üçün ərizəçiyə məhkəmə tərəfindən vaxt müəyyən edilməsi tələbini həyata keçirməmişdir. Belə ki, MPM-nin 167.1.2-ci maddəsində qeyd olunur ki, məhkəmə işi baxmağa hazırlamaq üçün tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir. Həmin Məcəllənin 167.2-ci maddəsində isə qeyd olunur ki, həmin işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri də edir. Bu maddənin tələbi olaraq hakim ərizəni geri qaytarmayaraq lazım olan sənəd sübutları ərizəçidən tələb edə bilərdi. Lakin hakimin bu hərəkəti işin vaxtında həll edilməsinə yönələn hərəkətlər hesab olunacaqdır. Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlmək olur ki, hakim ərizəni geri qaytarmaqla işin düzgün və vaxtında baxılmasına süni və əsassız problemlər yaradaraq MPM-nin 2-ci maddəsində qeyd olunan mülki işlər üzrə məhkəmə icraatının vəzifələrini dolayısı yolla yerinə yetirmək istəməmişdir. Şikayətə baxmış birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və mülki iş müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ərizənin məzmunundan görünür ki, Ərizəçi övladı X3 xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşməməsi və hərəkətləri üzərində rəhbərlik edə bilməməsi səbəbindən onun fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsini məhkəmədən xahiş etmişdir. Lakin onun tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi iddia edilən şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar ərizədə kifayət qədər şərh edilməmiş, həmin şəxsdə psixi pozuntunun olmasına dəlalət edən sübutlar əlavə edilməmişdir. Baxmayaraq ki, ərizədə X3 birinci dərəcəli əlilliyinin olması qeyd edilmişdir, lakin əlilliyə səbəb olan xəstəliyin şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsinə və ya öz hərəkətlərini idarə edə bilməməsinə əsas verməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsinin bu mövqeyi səhvdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında barədə işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. MPM-nin tələbinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir (maddə 318.2). Qeyd olunan prosessual hüquq normalarının mənasından göründüyü kimi, şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs kimi tanınması barədə ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Hazırki iş üzrə ərizədə qeyd olunur ki, ərizəçinin oğlu Müşfiq Mənəfov xəstəliyi ilə əlaəqdar öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətləri üzərində rəhbərlik edə bilmir, iş qabiliyyəti yoxdur. Müşfiq Mənəfov qulluq və müalicə tələb edən “infeksion və parazitar xəstəliklərlə təzahür olunan insanın immun çatışmazlıq virusu (İİÇV) xəstəliyi, İİV-infeksiya İV kliniki mərhələ” diaqnozu ilə ciddi davranış pozuntulu, özünə qulluq qabiliyyəti olmayan, kənar şəxslərin qulluğuna ehtiyacı olan və 1-ci dərəcə əlilliyi olan şəxsdir. Müşfiq Mənəfovda yuxarıda qeyd olunan xəstəliyin və əlillik dərəcəsinin olduğunu təsdiq edən çıxarış və arayış ərizəyə əlavə edilmişdir. Göründüyü kimi ərizəçi mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət etmiş, yəni “psixi pozuntunun” nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən halları şərh etmiş və buna dair sənədləri ərizəyə əlavə etmişdir. Rayon Məhkəməsi isə şəxsdə məhz psixi pozuntunun olmasına dəlalət edən xəstəliyə dair sübutlar təqdim edilmədiyinə görə ərizəni geri qaytarmışdır. Məhkəmə qeyd edir ki, şəxsin xəstəlik vəziyyətinin psixi pozuntu ilə əlaqəli olmasını təsdiq edən sənədin “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında” ərizəyə əlavə edilməsinin imperativliyi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Eyni zamanda Məhkəmə qeyd edir ki, müzakirə olunan məsələ ilə bağlı sübutların ərizəçi tərəfindən təqdim olunmaması və ya şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumatın olmaması iddia ərizəsinin geri qaytarılması üçün deyil, gələcəkdə iddia tələbinin rədd olunması üçün əsas kimi çıxış edə bilər. Bunlardan başqa, MPM-nin 152.1.1-ci maddəsinə görə, iddia ərizəsi MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini ona əlavə olunmuş sənədləri geri qaytarır. MPM-nin iddia ərizəsinin forması və məzmununu müəyyən edən 149-cu maddəsinin mənasına görə, ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı (149.2.1); iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) (149.2.2); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb (149.2.3); müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məluma (149.2.4); “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı (maddə 149.2.4-1). MPM-in 150-ci maddəsinin mənasına görə, iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) (150.1.1); dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (150.1.2); iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) (150.1.3); bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd (150.1.4); iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri (150.1.5); müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) (150.1.6); “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd (150.1.7) iddia ərizəsinə əlavə edilməlidir. İddia ərizəsinin qaytarılmasını tənzimləyən MPM-nin 152-ci maddənin tələbinə görə, iddia ərizəsi bu MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə (152.1.1); iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda (152.1.2); əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə (152.1.3); kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə (152.1.4); müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə (152.1.5); müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə (152.1.6); “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə (152.1.6-1); bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə (152.1.7); cavabdehdən borcun alınmasına dair iddialarda, əgər bu, qanuna, digər normativ hüquqi akta və ya müqaviləyə əsasən bank və ya digər kredit təşkilatı vasitəsi ilə alınmalıdırsa, banka və ya digər kredit təşkilatına müraciət edilməsinə dair sübut təqdim edilmədikdə (152.1.8); iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda (152.1.9); kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə (152.1.10). Göründüyü kimi, qeyd edilən bu maddədə də iddia ərizəsinin (xüsusi icraat qaydasında ərizənin) Rayon Məhkəməsinin istinad etdiiyi sənədin olmaması əsası ilə qaytarılması nəzərdə tutulmamışdır. Bu baxımdan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi ərizəni yuxarıda qeyd edilən əsasla qaytarmaqda haqlı olmamışdır. Buna görə də, şikayət təmin edilməli, Rayon Məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Rayon Məhkəməsinə göndərilməlidir. Eyni zamanda MPM-in 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırki iş üzrə Zaqatala Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 aprel 2024-cü il tarixli qərardad ləğv edilsin. Mülki iş müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Zaqatala Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar