Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-708/2023 11.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair (Açar sözlər: Akt əsasında hesablanmış borcun silinməsi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7 qızının katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(035)-72/2023 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları:
1. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən itirilmiş qaz sərfiyyatına görə xx.xx.2022-ci il tarixli, 03566567 nömrəli akta əsasən hesablanmış 1036.80 manat pulun onun hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, onun Zərdab rayon Qaravəlli kəndində yaşadığı evinə gedən qaz xəttinin üzərində həyətdən çöldə qaz sayğacı quraşdırılmışdir. Qaz sayğacı istismar müddəti başa çatdığı üçün “Azəriqaz” İB-nin Tərtər RQİİ-nin Zərdab XS-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib edilərək kütləvi əvəzləmə səbəbindən yenisi ilə əvəzləşdirilmişdir. Həmin vaxt o, ozü orada olmuş, lakin, sayğaca hər hansı bir müdaxilənin olması müəyyən edilməmiş, bu barədə hər hansı bir akt tərtib edilməmişdir. Lakin, bir müddət sonra “Azəriqaz” X3 X6 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən sayğaca guya müdaxilə səbəbi ilə dəymiş ziyanın həcminə görə 8640 m/k qaz sərfiyyatı hesablanmış və bu səbəbdən iddiaçıdan hesablanmış sərfiyyatın pulunun ödənilməsi tələb edilmişdir. Sayğaca müdaxilə edilmiş olsaydı, bunu sayğaca hər ay baxış keçirən Qaz İdarəsinin əməkdaşı aşkar etmiş olardı. Lakin, belə bir hal aşkar olunmamış, bu barədə hər hansı bir Akt tərtib edilməmişdir. Bundan başqa məhkəmənin diqqətinə çatdırır ki, qaz sayğacı həyətindən kənarda açıq şəkildə, yəni qoruyucu örtüksüz quraşdırıldığından ona kənar mexaniki təsirin olması istisna deyildir. İstənilən kənar şəxsin müdaxiləsi mümkündür. O, heç vaxt sayğaca müdaxilə etməmişdir. Sayğaca müdaxilə olmuşdursa belə bunun hansı kənar mexaniki təsir nəticəsində yaranması ona məlum deyildir. Belə olan halda o, istehlakçı olaraq qaz paylayıcısı olan cavabdeh qarşısında məsuliyyət daşımamalıdır. Ona görə də o, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin, məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsini xahiş etmişdir.
5. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Zərdab Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(035)-72/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xx.xx.2022-ci il tarixli, 03566567 nömrəli akta əsasən İddiaçı hesablanmış 1036.80 manat məbləğində pulun onun hesabından silinməsi, cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən 30.37 manat dövlət rüsumunun tutularaq dövlət mədaxilinə ödənilməsi qət edilmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, işin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, onun təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda ona sərfiyyata görə əlavə pulun hesablanması yolverilməzdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin yuxarıda qeyd edilən hallarına əsaslanaraq, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, müdaxilə edildiyi qeyd edilən sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, istehlakçı tərəfindən sayğacın kənar müdaxilələrdən qorunması qeyri-mümkün olduğundan, iddia olunan müdaxilənin məhz istehlalkçı-hazırkı iddiaçı tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən və iddiaçının məhkəmə iclasında verdiyi izahatına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
9. Məhkəmə hesab etmişdir ki, hazırkı iddia istehlakçı hüquqlarının pozulması ilə bağlı iddia verildiyindən və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu, habelə iddiaçının silinməsini tələb etdiyi məbləğ 1000 manatdan çox olduğu üçün həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilməli olan 30,37 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə ödənilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 60,71, 72ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş (xx.xx.2016-cı il tarixli, 180 saylı Qərarla dəyişikliklər təsdiq edilmiş) “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.5, 4.6, 4.7, 4.8, 6.7-ci bəndləri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1, 560.2, 560.3 və 560.3.5.2-ci maddələri, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1, 124.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiya məhkəməsində icraat:
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnаmədən nаrаzı qаlаn cavabdeh “Azəriqaz” İstehsalat Birliyi аpellyаsiyа şikаyəti vermişdir.
12. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, ARNK-nin xx.xx.2011ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na 2 nömrəli əlavənin 2.3.4-cü bəndinə əsasən paylayıcı təqsirli hərəkətləri (hərəkətsizliyi) habelə bu Müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Lakin birinci instansiya məhkəməsi normanı düzgün tədbiq etməmişdir. Bu müqavilənin və “Qazdan İstifadə qaydalarının” tələblərinə əməl etmək istehlakçının vəzifəsidir. Göründüyü kimi istehlakçı Bu müqavilənin və “Qazdan İstifadə qaydalarının” tələblərini pozmuşdur.
13. Birinci instansiya məhkəməsi İddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Məhkəmə yalnız ekspert rəyinə əsaslanaraq iddia tələbini qismən təmin etmişdir. Nəzərə alınsa ki ekspert rəyi sırf ehtimallar əsasında tərtib edilmişdir.
14. İş materiallarından da göründüyü kimi iddiaçı cavabdeh tərəf iddia tələbinə dair etirazı ilə bağlı kifayət qədər sübutlar təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosundan göründüyü kimi iddiaçının qaz hesabına hər hansı əlavə hesabat yüklənməmiş, və mübahisələndirilən dövrlə digər illərin müvafiq dövrləri ilə müqayisə etdikdə ay ərzindəki istehlak həcmlərində kəskin dəyişikliyin olmadığını açıq görmək olur.
15. Zərdab rayonu, Qaravəlli kəndində yaşayan İddiaçı mənzilinə gedən qaz xəttinin üzərində quraşdırılmış 10357137 nömrəli qaz sayğacına baxış keçirilərkən sayğacın düzgün işləmədiyi aşkarlanmışdır. Bu səbəbdən G-4 markalı 10357137 nömrəli sayğac açılaraq dövlət yoxlamasına göndərilmişdir. Sənaye və məişət qaz sayğaclarını kalibrləmə labaratoriyasının Qaz sayğacının yoxlanılması barədə 29/1710-03598-1 saylı aktına əsasən G-4 markali 10357137 nömrəli sayğacın hesablama mexaniziminin plastmas qapağının alt hissəsi deşici alətlə deşildiyi aşkar olunmuşdur. Bu səbəbdən xx.xx.2022-ci il tarixə abonent İddiaçı 8640 m 3, yəni,(8640x0.12=1036.80) 1036.80 manat itirilmiş qaz hesablanmışdır.Lakin Zərdab rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(035)-72/2023 qətnaməsində 1036.80 manat borcun silinməsi qət edilmişdir. Məhkəmə tam araşdırma aparmadan abonent tərəfindən ödəniləsi borcu silinməsini qət etmişdir.
16. Abonent məqsədli şəkildə sayğacın hesablama mexaniziminin plastmas qapağının alt hissəsi deşici alətlə deşərək sayğacın hərəkət mexanizmini dayandırmışdır. Bu da sayğacdan keçən qazın sərfinin qeyd etməsinə mane olmuşdur.
17. Qeyd edilənlərə əsasən, Zərdab Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(035)-72/2023 saylı qətnaməsinin təmin edilmiş hissədə ləğv edib, İddiaçı iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə qəbul edərək “Azəriqaz” İstehsalat Birliyinin xeyrinə borcun və dövlət rüsumunun ödənilməsinə dair apellyаsiyа şikаyətinin təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Maddə 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır
21.“Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun; 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın; 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalı, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (“Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7 -ci bəndləri). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir(“Qazdan istifadə Qaydaları”nın 4.8 və 4.9 -cu bəndləri). 23.“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun; 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayətindən görünür ki, apellyator Zərdab Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(035)-72/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Ona görə də kollegiya Zərdab Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(035)- 72/2023 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur .
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
29. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli, 03566567 nömrəli akta əsasən Zərdab rayon Qaravəlli kəndində yaşayan İddiaçı mənzilinə gedən qaz xəttinin üzərində quraşdırılmış qaz sayğacının hesablama mexaniziminin plastmas qapağı deşildiyi üçün abonentə 8640 kub/metr, yəni 1036.80 manat itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Bundan başqa sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi müəyyən olunan sayğac iddiaçının yaşadığı evin həyətində deyil, həyətdən kənarda, yəni küçədə quraşdırılmış, sayğacın hesablama mexaniziminin plastmas qapağının alt hissəsinin abonent tərəfindən deşilməsi sübut edilməmişdir.
30. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, məhkəmə həmin aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi” qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir.
31. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, iddiaçı tərəfindən məqsədli olaraq müdaxilə edilməklə onun yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış G-4 markalı, 10357137 nömrəli sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi ilə bağlı cavabdeh tərəfindən məhkəmə kollegiyasına hər hansı mötəbər sübut təqdim edilməmişdir. Cavabdehin şikayəti o halda əsaslı sayıla bilərdi ki, cavabdeh sayğacda olan qüsurun iddiaçının hərəkətləri nəticəsində baş verdiyini sübut etsin. Lakin hazırkı vəziyyətdə belə hallar müəyyən edilmir.
32. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, aktda qeyd edilən “sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi” fikirləri özü özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsan hər iki tərəfin təqsirindən yarana bilər. Sözügedən sayğacın iddiaçının mülkiyyətində olan həyətində deyil, həyətindən kənarda quraşdırmış olmasının iddiaçının onu güdməsini çətinləşdirməsi hüquq pozuntusunun iddiaçı və onun ailə üzvləri tərəfindən törədilməsini şübhə altına alır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
33. Məhkəmə kollegiyası qeyd edir ki, mülki iş materiallarında olan abonentin saldosunda 2022-ci ilin sentyabr ayında qalıq və aktlar üzrə qaz sərfiyyatının 1036,80 manat olduğu göstərilsə də, sayğacda olan qüsurun iddiaçının hərəkətləri nəticəsində baş verdiyi sübuta yetirilmədiyindən, itirilmiş təbii qazın istehlakçının hesabına işlənməsi, ondan həmin təbii qazın dəyəri olaraq hər hansı məbləğdə borcun tələb edilməsi əsaslı deyildir.
34. Apellyatorun apellyasiya şikayətində göstərdiyi məhkəmənin yalnız ekspert rəyinə əsaslanaraq iddia tələbini qismən təmin etməsinə dair dəlilinə və yeni qətnamə qəbul edərək “Azəriqaz” İstehsalat Birliyinin xeyrinə borcun və dövlət rüsumunun ödənilməsinə dair mövqeyinə də münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə məhkəmə araşdırması dövründə ekspertiza təyin edilməmişdir. Həmçinin “Azəriqaz” X2 Xalid Əlmürsəl oğluna qarşı xeyrinə borcun və dövlət rüsumunun ödənilməsinə dair qarşılıqlı iddiası olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxlsərin verdiyi tələblər üzrə qətnamə çıxartmalı olduğundan, mübahisə predmetini təşkil etməyən bir məsələyə məhkəmənin qiymət verməsi mümkünsüzdür.
35. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Zərdab Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(035)-72/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(035)-72/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.